1921-ci ildə cəbhədəki ağır vəziyyət və ölkədəki maliyyə böhranı ilə əlaqədar Türkiyə özünün olduqca ümidsiz və çətin dövrünü yaşayırdı. Həmin dövrdə Rusiya hökuməti Türkiyəyə taleyüklü yardımlar edərək onu çətin vəziyyətdən çıxarır. Tanınmış sərkərdə Mixail Frunze Türkiyəyə səfir göndərilir və Moskva onun vasitəsilə Ankaraya həm diplomatik, həm də hərbi və maliyyə yardımını daha da gücləndirir. Bununla da Sovet Rusiyası yeni yaranmaqda olan Türkiyə Respublikasını faktik olaraq məhv olmaqdan xilas edir. 1922-ci ildə Türkiyəyə səfir göndərilən Semyon Aralovun qarşısında dövlət belə bir tapşırıq qoyur: “Türklər öz milli azadlıqları uğrunda mücadilə edirlər, odur ki, Mərkəzi Komitə sizi oraya hərb işini bilən birisi kimi təhkim edir”. 1922-ci ilin mart-aprel aylarında türk qoşunları ingilis və yunan işğalçıları ilə döyüşə girərkən Mustafa Kamalın dəvəti ilə Semyon Aralov, hərbi attaşe Konstantin Zvonaryov və digər sovet nümayəndələri türk ordusu hissələrinə baş çəkirlər. Rus zabitləri piyada və süvari diviziyalarında, 2 ordu və 2 korpusun qərargahında olur, Konyada hərbi istehkamları nəzərdən keçirir və milli ordunun ad gününün qeyd olunmasında iştirak edirlər. Sovet nümayəndələri mitinqdən sonra əsgərlərə üzərində “Türk əsgərinə Sovet Rusiyasından” sözəri yazılmış hədiyyələr paylayırlar. Rus ordusu Novorossiysk, Tuapse və Batumi limanlarından Türkiyəyə gəmilərlə silah-sursat, o cümlədən külçə qızıllar göndərir. Məhz rusların hərbi köməyi sayəsində 1923-cü ilin 29 oktyabrında Böyük Millət Məclisi Türkiyəni Respublika elan edir, Mustafa Kamal isə prezident seçilir. 2 gün sonra isə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin (MİK) sədri Mixail Kalinin ona təbrik teleqramı göndərir.
Комментариев нет:
Отправить комментарий