27.06.2018

“Bizi zəhərləyənlər böyük qüvvələrdir”

“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə ciddi problemlərə, maraqlı mətləblərə toxunur. Müsahibəni sizə təqdim edirik.

– Ərşad müəllim, necəsiniz? İşə çıxmadığınızı dediniz. Sizin nəslin insanlarına işləmədən çətin olur. İşə çıxmamağınız səhhətinizlə bağlıdır?
– 30 il dava-dərmanla yaşamış, 40 yaşında olanda iş qabliyyətini tamam itirib 1-ci qrup əlil kimi pensiyaya çıxan 84 yaşlı adam sizə desə ki, səhhətim əladır, inanmayın. Amma səhhətimdən gileylənməyə də haqqım yoxdur. İşə çıxmamağımın əsas səbəbi səhhətim deyil, o vaxt mənə müraciət edənlərin şəxsiyyətimə, verdiyim məsləhətlərə və sağlam həyat tərzi yaşamaq ideyasına göstərdiyi xoşagəlməz münasibətdir. Millətin gözünü açmaq cəhdlərim boşa çıxdığı üçün bezdim adamlardan və belə qərara gəldim ki, özümü boş yerə yormasam yaxşıdır. Amma o mənada tam haqlısan ki, bizim nəslin nümayəndələri işsiz dayana bilmir. Mən bir gün bekar durmuram. Yeni kitablar yazıram (bu günlərdə Xərçəng xəstəliyinin təbii üsulla müalicəsi haqda kitabım çapdan çıxdı, qidalar haqda əsər üzərində işləyirəm, paralel olaraq “Ağatlı Oğlan” adlı roman yazıram), sağlamlıq səhifəmdə və FB-da məsləhətlər verirəm, sualları cavablandırıram və s.

– Haqqınızdakı məlumatda yazılır ki, 30 il 8 ağır xəstəlikdən əziyyət çəkmisiniz, 40 yaşında əmək qabiliyyətinizi tam itirərək 1-ci qrup əlil kimi pensiyaya çıxmısınız. Xəstəlikləriniz nələr idi? Onlarla necə bacara bildiniz?
– Tamamilə doğrudur: 30 yaşdan 60 yaşadək (1965-1995) 8 “sağalmayan” (rəsmi tibb elminin təbirincə desək) xəstəlikdən əzab çəkmişəm. İlk xəstəliyim poliartrit olub. Onu Bakının və Moskvanın alimləri ən güclü dərmanlarla və ən yüksək dozalarla müalicə edirdilər. Nəticədə mədə-bağırsaq traktı sıradan çıxdı. Dərmanların sayı və dozası bir az da artdı. Bu da ürək-damar sitemini, qaraciyəri, sinir sistemini, gözlərimi sıradan çıxatdı. 8-ci xəstəliyim şəkərli diabet oldu. Gec də olsa, başa düşdüm ki, dərman zəhərdir, dərman – terapiya heç bir xəstəliyi sağalda bilmir, əksinə daxili orqanları bir-bir sıradan çıxardır, yeni xəstəliklər üçün yol açır. Rəsmi təbabət mikrob qarşısında acizdir. Başqa yol axtardım. Çoxlu oxuyurdum. Yapon alimi Katsudzo Nişinin Sağlamlıq Sistemi ilə tanış olandan sonra bunları dərk elədim: 1. Xəstə yalnız bir halda sağala bilir: – özü özünün həkimi olanda; 2. Sağalmayan xəstəlik yoxdur, sağalmayan xəstə var; 3. Bütün dərdlərin çarəsi Sağlam Həyat Tərzidir; 4. Bizi öldürən qocalıq deyil, pis vərdişlərdi.

– Sizin “Möcüzəsiz möcüzə” kitabınızı oxumuşam. Məndə çox böyük təəssürat yaradıb. İlk düşündüyüm də o oldu ki, Ərşad Əzimzadə özü bir möcüzə-insandır. Sizcə, çox ağır xəstəliklərə düçar olan insanlar nə etsinlər – möcüzə gözləsinlər, yoxsa özləri möcüzə yaratsınlar? Və necə yaratsınlar? “İnsan özü özünün həkimidir” ifadəsi hər kəsəmi aiddir?
– Əslində burda heç bir “möcüzə”-filan yoxdur və mən də “möcüzə-insan” deyiləm. Oxumağı və çətin suallara cavab axtarmağı xoşlayan adi ziyalıyam. Amma əldə elədiyim nəticə çox adama möcüzə kimi gəlir. Dərin zəkası və möhkəm iradəsi olan hər kəs o “möcüzəni” yarada bilər. “Möcüzə” yaratmaq üçün sadəcə pis vərdişlərin üstündən bir-bir xətt çəkmək lazımdır – bu həftə bir pis vərdişi tərgit, gələn həftə o birini. Dünyada yollar çoxdur, amma tale yolu ikicədir. Biri – sağlamlıq və xoşbəxtlik yolu, o biri – xəstəlik və bədbəxtlik yolu. Ona görə də müdriklər buyurub: İnsan özünə ya həkimdir, ya qənim. Çox təəssüf ki, insanların böyük əksəriyyəti xəstəlik və bədbəxtlik yolunu seçərək, özünə qənim kəsilir. Sağlam həyat tərzi yaşayan hər kəs – öz canının həkimidir.

– Siz Ümümdünya Natural Gigiyena Hərəkatı korifeylərinin əsərlərini oxuyaraq özünüzü təbii yolla müalicə etmisiniz. Hazırda təbii müalicə üsulu ilə medikamentoz üsulu arasında münaqişənin sonunu necə görürsünüz? Bir də axı indi təbii üsullarla müalicə adı altında heç də həmişə keyfiyyətli müalicə olmur. Bizim ölkədə çoxlu müalicə etkisi olan bitki var. Bunların emalı, insanlara çatdırılması düzgün qurulubmu? Burda problemlər nədir Sizcə? Zaman-zaman xaricdən də şirkətlər gəlib bu işlə məşğul olmağa çalışır.
– Təəssüf ki, korifey təbiblər unudulur. Bu iş planlı şəkildə və ardıcıl həyata keçirilir. İnsanları dərmanla və ölü qidalarla zəhərləyən Yırtıcı Biznesin arxasında çox güclü qüvvələr durub. Kitablarımın birində onlara ümumi ad vermişəm – CƏNAB KAPİTAL. Müasir səhiyyə isteminin sponsoru məhz bu CƏNABDIR. Ona görə də bu gün dərman biznesi narkobiznesi də üstələyib, silah biznesini də. Hamı bilir ki, dərman zəhərdi. Di gəl hansı aptekə getsən, görəcəksən ki, qızğın alver gedir. Çünki Cənab Kapitalın əlində güclü təbliğat maşını var – mətbuat, radio, televiziya, kompüter, mobil telefon, planşet, ədəbiyyat, incəsənət, reklam şirkətləri və s. Amma zavallı bağbanın, tərəvəzçinin, arıçının sponsoru yoxdur. Ona görə ki, insanların sağlamlığı dünya siyasətçilərini maraqlandırmır. Bütün siyasət aləminin ipi biznesmenlərin əlindədir. Biznesin yeganə məqsədi daha çox mal satıb, daha çox pul qazanmaqdır. Bu üzdən şəfa mənbəi olan meyvələr və tərəvəzlər də dönüb olur bəla mənbəyi. Natural Gigiyena hərəkatı meydandan qovulur. Qovan da bəlli – Cənab Kapital.

-Siz uzun illərdir sağlam həyat tərzi haqqında ayrıca qanun qəbul olunması üçün çalışmısınız. Hazırda qida təhlükısizliyi, əhalinin sağlamlığı ilə bağlı bir sıra qanunlar var. Hətta işləmsə də, tibbi sığorta haqqında da qanun qəbul olunub. Bu qanunlarla Sizin təklif etdiyiniz qanun layihəsi konseptual olaraq nədə fərqlənir? Sağlam həyat tərzi haqqında düşündüyünüz qanun layihəsi əlinizdə varmı? Bu təklifə münasibət necədir?
– Bayaq dedim ki, dərman biznesinin arxasında güclü qüvvə dayanıb. Qəbul olunan bütün qanunlar, o cümlədən, sağlamlıqla bağlı qanunlar yalnız Yırtıcı Biznesin maraqlarını güdür. İcazə verin bizi öldürən pis vərdişlərin bir-ikisinin adını çəkim: papiros, spirtli içkilər, narkotik maddələr, zəhər-dərmanlar, bədənimizdə mikrobları və bakteriyaları yedizdirən ölü qidalar və s. Çoxsaylı qanunlar bu düşmənləri insanların həyatından çıxartmağa heç cəhd də göstərmir, əksinə, KİV və reklam şirkətləri onları geniş təbliğ edir. Mənim təklif etdiyim qanun layihəsi isə pis vərdişləri yaradan və yaşadan hər şeyi rədd edir. Mövcud qanunlarla təklif etdiyim qanun arasında başlıca fərq bundan ibarətdir ki, məncə, dövlət elə bir mühit yaratmalıdır bütün KİV və reklam şirkətləri yalnız Sağlam Həyat Tərzini təbliğ etsinlər. Sağlam həyat tərzi haqqında qanun layihəsi əlimdə də var, kitablarımda da, ali təşkilatların arxivində də. Onu nəinki müzakirə etmirlər, hətta məktublarıma cavab da vermirlər. Dövlətin sağlamlığa münasibətinin ən parlaq göstəricisi budur.

-Ərşad müəllim, hazırda bizim insanlarımızın özəlliklə çox qorxduğu xəstəliklər var. Hətta xərçəngdən o qədər qorxurlar ki, insanlar onun adını belə dilinə gətirməkdən çəkinir: “o zəhrimar xəstəlik”, “pis xəstəlik” və sair deyirlər. Xərçəng ona yaxalananların cismini əridir, ancaq yaxalamadığı insanların da ruhunu əsir alıb. Bu aşırı xof, qorxu özü başqa xəstəliklərə yol açmırmı? Ümumiyyətlə, insan xəstəliklərdən qorxmalıdırmı?
– Bu günlərdə işıq üzü görən təzə kitabım sırf xərçəng xəstəliyi ilə bağlıdı. Orda elmi əsaslarla təsdiq edirəm ki, xərçəng xəstəlik deyil, həyat tərzidir, yəni digər xəstəliklər kimi qeyri-sağlam həyat tərzinin məhsuludur. Kitabda bir fəsil mikroblara həsr olunub. Orda deyilir ki, mikrob yalnız pinti bədəndə yaşaya və artıb-törəyə bilir, bağırsağını təmiz saxlayan adam heç bir virus daşıyıcısından qorxmamalıdır. Bu arada Xərçəngin törəməsi və müalicəsi haqqında yazdığım («БОЛЕЗНЬ ВЕКА»: миф и истина») kitab artıq satışa buraxılıb və mağazaların ünvanı FB-da və sağlamlıq səhifəmdə göstərilib.

-Ölkəmizdə insanların ölümünə ən çox səbəb olan xəstəliklərə qarşı təbiətimizin verdiklərindən necə yararlanmaq olar? O cümlədən, şəkərli diabetə, hipertoniyaya, hepatitlərə və sair qarşı.
– Bütün xəstəliklərin bir çarəsi var. Mən 8 xəstəliyi ayrı-ayrılıqda müalicə eləmədim, xəstəliyi törədən səbəbi, yəni pis vərdişləri aradan qaldırdım, xəstəliklər bizim evi tərk elədi. Tibb elminin mikrob qarşısında aciz olmasının əsas səbəbi budur ki, səbəbə (pis vərdişlər) qarşı deyil, nəticəyə (xəstəliyə) qarşı vuruşur.

-Ölkəmizdə ayrıca Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu Agentlik qidaların təmizliyinə nail ola biləcəkmi? Ümumiyyətlə, insanlar bizdə daha çox qidadan və dərmanlardan zəhərlənir. Bununla bağlı nə etmək olar? Biz tez-tez: “Filan ölkədən gələn qidalardan istifadə etməyin” kimi xəbərdarlıqlara rast gəlirik. Rəsmi verilir. Biz qidalarımızın, sularımızın, dərmanların təmizliyinə necə nail ola bilərik?
– Korrupsiya baş alıb gedən hər hansı bir ölkədə heç bir qurum təyinatı üzrə və səmərəli işləyə bilməz. Ərzaqı, havanı, suyu təmiz saxlamağın yeganə yolu – SAĞLAM HƏYAT TƏRZİ HAQQINDA mükəmməl qanun qəbul etməkdir.

-İdmana bizim ölkədə maraq var və bu maraq daha çox kommersiya marağına oxşayır. İdmana başlayan gənc mütləq maddi anlamda bunun faydasını daha çox düşünür. Bir yandan da idmanla məşğul olmağın sağlamlığa kömək etmədiyini deyən alimlər də var. Siz xüsusilə gənclərimizə ən çox nə tövsiyə edərdiniz?
– İdman sağlamlığa və xoşbəxtliyə qulluq etmir, biznesə və siyasətə qulluq edir. İdman – sağlamlığın ən qəddar düşmənidir. Gözünüzün qabağına meydançada yıxılıb ölən gənc futbolçuları, “qaydasız döyüşlərin” qurbanlarını gətirin. Öz canının qədrini bilən hər kəs idmanla deyil, BƏDƏN TƏRBİYƏSİ ilə məşqul olmalıdır.

– Maraqlı söhbət üçün çox sağ olun.

Bahəddin Həziyev, "Bizim Yol"

Комментариев нет:

Отправить комментарий