31.10.2018

Unudulmaz Alim və Şəxsiyyət - Boris Vsevolodovıç Müller

Hilal Məmmədov

31 oktyabr 1877-ci ildə Moskvada görkəmli ziyalı-alim ailəsində doğulmuş alman əsilli Boris Vsevolodoviç Müller Birinci Dünya Müharibəsindən sonra almanlara qarşı mövcud təqiblərə görə soyadını Miller ilə əvəzləməli olmuşdu... Bu əfsanəvi alim və şəxsiyyət barədə kifayət qədər az rəsmi məlumatlar nəşr edilsə də, bir çox xalqların, o cümlədən, Talışların dilindən heç vaxt düşməmişdir... Hətta xalq öz qəhrəmanını bir çox uydurma hekayələrlə də yaddaşlara həkk etdirmişdir... 
Görəsən, rus-alman əsilli alimə bu qədər xalq sevgisinin sirri nə idi? Sovet dövrünə qədər Rusiya İmperiyasının Türkiyə, İran və bir çox Ərəb ölkələrində səfir və konsulluq vəzifələrində çalışmış, onlarla və yüzlərlə Şərq xalqları ilə təmasda olmuş, onları tədqiq etmiş, Sovet dövründə isə Qafqaz, türk-tatar, fars, tat, osetin, tacik və s xalqların dil və etnoqrafiyasıyla məşğul olmuş dilşünas-etnoqraf-hüquqşünas alimi Talışa bağlayan nə idi?
Axı o cəmi iki dəfə- 1902-də bir ay yarım (yayda) və 1925-də cəmi bir ay (10 avqust-10 sentyabr), yəni təxminən 70-80 gün Talışda olmuşdur... Bununla belə, Talışa həsr etdiyi iki irihəcmli- “Talişskiye tekstı”(1930) və “Talışskiy yazık”(1953) elmi monoqrafiyaları yüzlərlə digər nəhəng elmi əsərlərilə müqayisədə bəlkə də onun elmi tədqiqat yaradıcılığının ən yüksək zirvəsi idi...
B.V.Miller 1929-cu ildə Azərbaycanda digər milli-etnik məktəblərlə yanaşı, talış dilli məktəblərin açılışını və talış dərsliklərinin çapını min bir sevinclə qarşılamış, dərsliklərlə bağlı bir çox elmi tövsiyyələrini də dərslik müəlliflərinə (əsasən də Zülfüqar Əhmədzadəyə) göndərmişdir...
Ömrünün son bir neçə illərində min bir çətinlik və xəstəliklərlə üzləşən Miller tələbələrinə, əsasən Liya Pireykoya Talışın tədqiqini davam etdirməyi vəsiyyət edir...
Talışın az qala hər kəndini, dağ və meşələrini, çay və sularını səyahət etmiş, dilini, tarixini, mədəniyyətini min bir sevgi və məhəbbətlə tədqiq etmiş Millerinin məzarını tapıb və ziyarət etmək uşaqlıq arzumuz idi... Şükür Allaha ki kiçik bir təsadüf (əslində isə İlahi hikmət) sayəsində onun Rusiyanın xırda Medın şəhərində dəfn edildiyini öyrənib, öz şəxsi vəsaitimizlə oraya üz tutduq... 27 iyul 2011-ci ildə, yerli şəhər rəsmilərinin, o cümlədən, “Zarya” qəzetinin baş redaktoru xanım İrina Bulkinanın köməyilə Millerin məzarıni tapdıq (bu barədə həmin qəzetdə yazı da çap olundu)... 1932-1957-ci illərdəki Medın bağ evində də olduq və o evdə 80-85 yaşlı nəvəsi professor Somik Natalya Mixaylovna və əri general-akademik Valentin Vasilyeviç Somiklə və digər yaxınlarıyla da görüşdük... Xanım Somik Natalya Mixaylovna ilə görüşərkən, onun “Nəhayət ki babamın gələcək taleyindən narahat keçirdiyi sevimli bir xalqının- Talışların canlı bir nümayəndəsini görmək səadəti mənə də nəsib oldu”- sözləri isə bizi qəhərləndirdi...
Ruhun şad olsun, əziz dost və ustadımız! Səni unutmağa haqqımız yoxdur!

Комментариев нет:

Отправить комментарий