29.02.2020

Nə Stalin, nə Xruşov, nə də Brejnev Qarabağın ermənilərə verilməsinə razılıq vermədi, sonradan... — KQB GENERALINDAN ŞOK ETİRAFLAR

“Hələ Stalin dövründə Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsini Moskvadan istəsək də, buna razılıq verilmədi. Nə Stalin, nə Xruşov, nə də Brejnev heç cür bu məsələ ilə razılaşmadı. Ancaq Mixail Qorbaçov SSRİ Mərkəzi Komitəsinin Baş katibi seçildikdən və 1985-ci ildə ABŞ-a səfəri zamanı arvadı Raisa Qorbaçovaya erməni diasporu ilə görüşündən sonra məsələyə müsbət cavab verildi”.
olke.az xəbər verir ki, bu fikirlər 1983-cü ilin iyun ayından 1988-ci ilin mart ayına qədər Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) Dağlıq Qarabağ Muxtar Vilayəti bölməsinə rəhbərlik etmiş general-mayor Georgi Septaya məxsusdur.
Bunu “Azeri.Today”-ə müsahibəsində Georgi Septa  erməni millətçilərinin separatçı fəaliyyəti və Kremlin Qarabağ münaqişəsində oynadığı rolla bağlı bəzi faktları açıqlayıb.
“Mixail Qorbaçova ABŞ-da səfərdə olarkən erməni diasporu onun arvadı Raisa Qorbaçovaya bahalı brilyant üzük hədiyyə ediblər və əvəzində o da zamanında Stalinin, Xruşovun və Brejnevin ermənilərə rədd cavabının əksinə olaraq Qarabağ məsələsinin onların xeyrinə həll olunmasına razılıq verib. R.Qorbaçova ABŞ-da olarkən erməni diasporuna cavabı bu olub: Qarabağ məsələsi tezliklə həll olunacaq”.
Özü haqqında danışan general-mayor G. Septa bildirib ki, 1939-cu ildə Naxçıvanda anadan olub və atası xüsusi xidmət orqanlaıında çalışıb: “Ona görə də əminliklə deyə bilərəm ki, mən naxçıvanlıyam! Çünki mənim atam Naxçıvanda çalışıb və xidməti vəzifəsini yerinə yetirərkən orada ölüb. Onu Naxçıvanda dəfn ediblər”- G. Septa deyib.
Onun sözlərinə görə, atası 1939-cu ildə öləndən sonra anası ilə Bakıya köçüblər və burada məktəbdə çalışıb.  Anası Ali Partiya məktəbini bitirdiyindən indiki Yasamal rayonu ərazisindəki 211 saylı məktəbin direktoru işləyib.
Azərbaycan Pedoqoji İnstitutunu bitirdikdən sonra  komsomolda müxtəlif vəzifələrdə çalışdığını deyən  Septa bildirib ki, 1968-ci ildə Mərkəzi Komsomol Komitəsinin Plenumunda çıxış etdim və çıxışımın bir hissəsi Azərbaycan dilində oldu. Bu çıxışımı  Azərbaycan KQB-sinin rəhbəri Heydər Əliyevin gördüyünü və yanına çağırdığını deyən Septa bildirib ki, H.Əliyev ondan xüsusi xidmət orqanlarına çalışmaq istəyib-istəmədiyini soruşub. “Mən  bu təklifə hazır olmadığım üçün özümü itirdim və dedim ki, anamla məsləhətləşim. H.Əliyev məni sakitləşdirərək dedi ki, anan etiraz etməyəcək. Növbəti gün gələrək KQB-də işləmək istədiyimi dedim. Əliyev mənə baş leytenant rütbəsi verərək Birinci şöbənin 5-ci bölməsinə rəis müavini təyin etdi. Sonra mən İkinci  bölmənin 5-ci şöbəsinin rəisi işlədim. Daha sonra isə  Azərbaycan KQB-nin kadrlar şöbəsinin rəisi işlədim. Mənim Bakıda “Ermənikənd”də böyüdüyümü və bacarğımı bildiklərindən 1983-cü ildə Azərbaycanın o zamankı Birinci katibi Kamran Bağırov məni Azərbaycan KQB-nin Dağlıq Qarabağ Muxtar Viləyəti üzrə bölməsinə rəis göndərdi.
Septa deyir ki, əvvəlcə orada sakitlik idi. “Erməni gənclər əsasən Ermənistandakı ali məktəblərdə oxuyub  Qarabağa qayıdırdılar.  Özü də ideoloji hazırlıqlı vəziyyətdə... Təbii ki, mənə müəyyən məlumatlar çatırdı.  Mən də öz növbəmdə təcili olaraq bütün bu məsələləri əvvəlcə Bakı ilə bölüşürdüm, sonra isə Moskvaya və  SSRİ KQB-nin mərkəzi aparatına xəbər verirdim. Mənim həyəcanlı siqnallarıma isə  hər hansı reaksiya verilmirdi”- G.Septa vurğulayıb.
Septa onu da əlavə edib ki, o Xankəndində Dağlıq qarabağ Muxtar Vilayət Partiya Komitəsinin rəhbəri Boris Gevorkovla qonşu olub: “Onun arvadı azərbaycanlı idi. Onu da deyim ki, Bakıdan Xankəndinə köçən ermənilər yerli ermənilərdən fərqli olaraq azərbaycanlılara qarşı daha loyal idi”. 
Septanının arvadı Xankəndində Pedoqoji İnstitutda müəllimə işləyib və o da bu hadisələrin birbaşa içində olub: “Erməni tələbə qızlar evdə olan bütün söhbətləri ona danışıb, o da öz növbəsində mənə danışırdı.1985-ci ildə Mixail Qorbaçov SSRİ-nin Baş katibi seçiləndə ermənilərin sevincinin həddi-hüdudu olmayıb. Onların sözlərinə görə, zamanında Stalin, Xruşov, Brejnev dövründə Qarabağın Ermənistana verilməsi reallaşmadı, ancaq indi bu olacaq. Tələbələr bunu yoldaşıma deyiblər”.
Septanın sözlərinə görə, ermənilər deyirmiş ki, Qorbaçov bizə kömək edəcək: “Xüsusən də Raisa Qorbaçova. O, Qarabağ məsələsində onların dayağı və müdafiəçisi olacaq. O zaman hesab edirdim ki, bu, mənasız söhbətdir. Ancaq sonrakı proseslər göstərdi ki, bu boş söhbət deyilmiş”.
Bir KQB işçisi kimi erməni separatizmi ilə mübarizə aparmaq məsələsinə gəldikdə isə G. Septa deyib ki, hadisələr qarışanda, artıq mübarizə aparmaq gec idi: “Mən o zaman nə Azərbaycan, nə də SSRİ KQB-si tərəfindən ciddi addımların atıldığının şahidi olmadım. Onlar görüntü yaradırdılar ki, guya işləyirlər. Mən bir dəfə İrəvana Zori Balayanla görüşə getdim. Səmimi olaraq deyəcəyəm. Xankəndində əsas “mutilşik” Zori Balayan idi. Görüşdə mənə açıqca dedi ki, o “dənizdən dənizə” Ermənistan yaratmaq arzusundadır və Bakını da erməni şəhəri hesab edir. O psixi cəhətdən xəstə adam idi. Onun xəstəliyi “Böyük Ermənistan”yaratmaq idi”.
Onun fikrincə, 80-ci illərdə Dağlıq Qarabağda azərbaycanlıların sayı ermənilərə nisbətə azalırdı: “Təkcə Şuşa və Xocalıda azərbaycanlılar böyük əksəriyyət təşkil edirdi. Ona görə də  bu vəziyyətin yaranmaması üşün azərbaycanlıların demoqrafik vəziyyətinə diqqət yetirmək və bunu dəyişmək lazım idi. Orada yaşayn azərbaycanlıların sayı mütləq artırılmalı idi”.
Ermənilərə qarşı ayrı-seçkilik məsləsinə gəldikdə G.Septa bildirib ki, Azərbaycanda ermənilərə qarşı hər hansı ayrı-seçkilik və yaxud təzyiqlər yox idi: “Elə götürək Bakı ermənilərini... Bakıda bəzi rayon partiya komitələrinin katibi  ermənilər idi. Ermənilər Bakıda yaxşı vəzifədə çalışırdı. Hətta indi də Bakı ermələri Azərbaycan haqqında xoş xatirələrini danışırlar”.

Комментариев нет:

Отправить комментарий