23.09.2020

"Beşinci kolonun" əsas maliyyə dayağı – Soros Fondu

Ərəstü Həbibbəyli,
iqtisad elmləri üzrə fəlsəfə doktoru

II Dünya Müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində xarici siyasətin metod və taktikalarında ciddi dəyişikliklər baş vermişdir. Uzun əsrlər müstəmləkəçilik siyasəti üzərində qurulan siyasi kursun mahiyyəti dəyişməsə də, yeni metodlar tətbiq olunmağa başlanmışdır. Keçmiş imperialistlərin maraqlarını artıq rəsmi dairələrdən daha çox qeyri-hökumət təşkilatları, fondlar, beyin mərkəzləri, media-holdinqlər qoruyurlar. Bütün bu qurumlar Qərbin xarici siyasətinin yeni silahlarıdır.
Taktiki dəyişiklik olaraq isə artıq birbaşa işğal deyil, hədəfdə olan ölkələrin daxilində öz əlaltıları – “beşinci kolon” vasitəsilə hərəkət nəzərdə tutulur. Bu mənada Qərb ölkələri sanki səbəbkarı olduqları dünya müharibələrini, keçmiş müstəmləkəçilik ənənələrini bir gündə yaddan çıxardıblar. Əvəzində onların "demokratiya və insan haqlarını” bəhanə etməklə bütün dünya üzərində təsir mexanizmi yaratmaq istəkləri müşahidə olunur.
Qərbin yeni dünya siyasəti ölkələr və regionlar üçün fərqli alətlərlə aparılır. Bu yeni dünya nizamı Əfqanıstan və İraq kimi ölkələrdə birbaşa hərbi müdaxilə hesabınadırsa, bəzi ölkələrdə, xüsusilə də post-sovet məkanında vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə həyata keçirilir. Cəmiyyətin transformasiyası layihələri adı altında sapı özündən baltalar öz cəmiyyətlərinə hərbi müdaxilədən də ağır zərbələr vura bilirlər.
ABŞ başda olmaqla Qərb ölkələri “demokratiya və insan haqlarına” əsaslanan dünya sisteminin qurulmasını əsas məqsədləri elan etdikdən sonra yeni mənzərə yaranmışdır. ABŞ üçün demokratiya hansı metodla olursa olsun, ixrac edilməli olan bir məhsul kimi baxılır. Bu zaman isə hədəfdəki ölkələrin milli xüsusiyyətləri, yerli şərait və digər arqumentlər nəzərə alınmır. Nəticədə “demokratiya” adlandırdıqları prinsiplər belə demokratik olmayan metodla - zorla yayılmağa çalışılır. Bu istiqamətdə milli maraqların müdafiəçisi olan dövlətlər Qərbin planlarına uyğun gəlmir. Ona görə də Qərb fondları, beyin mərkəzləri, siyasi partiyaları, bələdiyyələr və qeyri-hökumət təşkilatları yerli tərəfdaşları ilə qurduqları birbaşa əlaqə hesabına dövlətin kənarda qalmasını istəyirlər. Təhsil, mədəniyyət, incəsənət sahələrinə ayrılan qrantlar hesabına cəmiyyətin milli təfəkkürünü yox edərək, kosmopolit dəyərlər aşılamağa çalışılır. Bütün bu anti-milli fəaliyyətdə isə onların əsas ümidləri müxtəlif vasitələrlə ələ aldıqları “beşinci kolon” nümayəndələrinədir.
Beynəlxalq müstəvidə “beşinci kolon” Qərbin müxtəlif fondları tərəfindən maliyyələşdirilir. Belə maliyyə dayaqlarının ən mühümlərindən biri də Soros fondlarıdır. Biznesdən tutmuş missionerliyə qədər müxtəlif sahələri əhatə edən bu fondların başında Corc Soros dayanır. “Forbes” jurnalının 2012-ci il məlumatına əsasən, o 20 milyard dollarlıq sərvətə malik olmaqla ABŞ-ın ən varlı 7-ci milyarderidir.
Corc Sorosun “xeyriyyəçilik” missiyası 1979-cu ildə təsis edilmiş Açıq Cəmiyyət İnstitutu ilə başlamışdır. Hazırda bu qurum dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. 2009-cu ildə Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu dünya üzrə bütün proqramlara 683 milyon dollar (OSİ Report 2009) xərcləmişdir. Corc Sorosun yaratdığı bu fondlar “demokratiya və insan haqlarını” əldə bayraq tutan onlarla təşkilatı maliyyələşdirir. Xüsusən Varşava Müqaviləsi Paktı dağıldıqdan sonra bütün inqilab və çevrilişlərdə Sorosun adı hallanır. Gül inqilablarında Soros əsas aktorlardan biridir. ABŞ-ın hökumət olaraq nüfuzunun zəif olduğu əksər regionlarda (İslam ölkələri, post-sovet, sosialist, Cənub-Şərqi Asiya) bu fond ən aktiv rol oynayır.
Ümumilikdə dünyada Corc Sorosun adı daha çox müxtəlif maliyyə fırıldaqlarında hallanır. O Londonda təhsil alarkən məşhur filosof Karl Popperdən təsirlənərək həyat kredosu olaraq müəyyənləşdirdiyi “açıq cəmiyyət” quruculuğu ideyasını bu fırıldaqları ört-basdır etmək üçün məharətlə istifadə edir. Onun görünməyən himayədarları isə “demokratiya və insan haqları” ruporu olmağı müqabilində Sorosun bütün maliyyə möhtəkirliklərinə şərait yaradırlar.
Sorosun qlobal miqyasda açıq cəmiyyət yaratmaq təşəbbüsü heç də birmənalı qarşılanmır. Onun bu ideyalar altında ölkədaxili təzyiq qrupları yaratmaq niyyəti daha çox vətəndaş cəmiyyətini satın almaq planı kimi qiymətləndirilir.
ABŞ-da belə Sorosun maliyyə imperiyası daim tənqid hədəfindədir. Belə ki, bu məşhur “xeyriyyəçi” ölkədə varlılar üçün daha ağır vergi yükü və fəaliyyətlərinə ciddi nəzarət mexanizmi tələb etdiyi halda, özü daim nəzarətdən yayınmağa çalışır. Onun əsas qazancını təşkil edən şirkətlər ofşorlardır. Corc Soros maliyyə əməliyyatlarını 1969-cu ildə yaratdığı “Quantum Fund NV” vasitəsilə həyata keçirir. Rəsmi olaraq bu şirkət Holland Antil adalarında qeydiyyatdadır və Corc Soros idarə heyətində təmsil olunmur, yalnız investisiya məsləhətçisidir. Bu tip fondlarda səhmdarlar açıqlanmır. “Quantum Fund”un adı dünyanın bütün yerlərində qaranlıq maliyyə əməliyyatlarında hallanır. Qəribə bir paradoks yaranır: “ABŞ-da varlılar üçün daha ağır şərtlər tələb edən birisi müxtəlif yollarla vergidən yayınır və hətta ölkədə vergi qeydiyyatında deyil”.
Sorosun maliyyə imperiyası fəaliyyətinə nəzarət güclü olmayan investisiya bankları, ofşor investisiya fondları, hedge fondlar və bu kimi qurumlar üzərində qurulub. Hazırkı qlobal iqtisadi böhranda bu təsisatların müstəsna rolu var və hazırda ekspertlər onlara nəzarətlə bağlı yeni mexanizmləri ciddi müzakirə edirlər. ABŞ-da maliyyə bazarının sabitliyinə nəzarətlə bağlı 2010-cu ildə yeni qanun qəbul olunmuşdur (qanun onu hazırlayan konqresmenlər Kris Dodd - Barni Frankın adı ilə adlanır). Maraqlıdır ki, 2012-ci ilin avqust ayından etibarən Dodd-Frank qanununun qüvvəyə minməsini nəzərə alaraq Soros Fondu dərhal öz fəaliyyətində taktiki dəyişiklik etmişdir. Belə ki, Corc Soros bildirmişdir ki, onun hedge fondu “Soros Fund Management LLC” dövriyyəsində yalnız özünə və ailəsinə məxsus vəsaitləri saxlayacaq, digər şəxslərin sərmayələri isə özlərinə qaytarılacaq. Çünki bu qanuna əsasən həmin tarixdən etibarən ABŞ-da şirkətlər dövriyyədə üçüncü şəxslərin vəsaitini saxlamaqda davam edərsə, ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyasında (SEC) qeydiyyatdan keçməli və konfidensial məlumatlar da daxil olmaqla mütəmadi olaraq federal hökumət qarşısında hesabat verməlidirlər. Corc Soros isə bunu istəmədi. “Açıq cəmiyyət” qurucusunun şəffaflıqdan çəkinməsi dünyada ədalət çarçılarını – nə rəsmi, nə də qeyri hökumət təşkilatlarını bir azca da olsa narahat etmədi. Çünki bu dairələrin əsas maliyyə mənbəyi və idarəedəni elə Soros və onun havadarlarıdır.
Soros Fondunun əsas fəaliyyət mexanizmi iqtisadi asılılıq üzərində qurulub. Hədəfdə olan ölkələrdə sabitliyi pozmaqla iqtisadiyyatda inkişafın qarşısı alınır. Yaranan durğunluq şəraitində isə istehsal azalır, işsizlik artır, ölkənin maliyyə resurslarına tələbatı artır. Bu zaman beynəlxalq maliyyə institutları, Qərbin maliyyə möhtərkirləri – investisiya fondları, hedge fondlar dərhal hərəkətə keçərək milli dövlətlərin borclanmasına və asılı duruma düşməsinə səbəb olurlar.
Təsadüfi deyil ki, bütün iqtisadi tərəddüd və böhranlarda Sorosun “Quantum Fond”unun adı hallanır. Sonrakı proseslərin təhlili göstərir ki, Sorosun fondları maliyyə bazarına süni müdaxilələrlə qısa müddətli durğunluq yarada bilir və bu müddətdən istifadə edərək dərhal müxtəlif əməliyyatlar apararaq milyonlarla dollar qazanc əldə edir. 1997-ci il Şərqi Asiya iqtisadi böhranında, 1998-ci il Rusiya iqtisadi böhranında Soros fondlarının əməyi var. Maraqlıdır ki, Soros hətta İngiltərəyə belə rəhm etməmişdir.
Sorosun maliyyə möhtəkirliyi bütün dünyaya məlumdur. Ona görə də avrobondların reallaşdırılması ilə bağlı onun təkliflərinə iqtisadçılar şübhə ilə yanaşırlar. Corc Soros birjada avroya qarşı oynamayacağını bildirsə də heç kəs ona inanmır. Dünya 1992-ci ildə Sorosun funt-sterlinqlə bağlı spekulyasiyada bir gündə 1 milyard dollar qazanmasını hələ unutmayıb. 1992-ci ilin sentyabr ayının 16-sı İngiltərə tarixində “Qara çərşənbə” kimi yadda qalmışdır. Sorosun keçirdiyi maliyyə əməliyyatları nəticəsində funt-sterlinqin dəyəri birdən-birə 12 % aşağı düşür ki, bu da Sorosun bir gecədə 1,1 milyard dollardan çox gəlir qazanmasına səbəb olur. Bundan sonra tanınmış missioneri “İngiltərə bankını dağıdan şəxs” adlandırmağa başlayırlar. Soros özü isə həmin çərşənbəni “Ağ çərşənbə” adlandırır.
Asiya bazarlarındakı möhtəkirliklərdə də Soros əsas iştirakçıdır. Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamad bildirmişdir ki, 1997-ci il Şərqi Asiya bazarlarının çökməsinə görə “Quantum Fond” da məsuliyyət daşıyır. Onun fikrincə, böhrana qədərki 3 ildə Soros fondu Şərqi Asiya fond bazarına və daşınmaz əmlakına qısamüddətli spekulyativ investisiya qoymuşdur. Sonra isə valyutanın ilkin devalvasiya ehtimalında dərhal sataraq bazarda spekulyasiya üçün şərait yaratmışdır.
Dünyanın bir sıra ölkələrində Soros fondlarının fəaliyyəti dayandırılıb və ya  məhkəməyə verilib. 2002-ci ildə Paris məhkəməsi Corc Sorosu “Societe Generale” bankı haqqında məxfi məlumatları bilməsindən sui-istifadə edərək onun səhmlərinin alqı-satqısından böyük qazanc götürdüyü üçün 2,2 milyon avro məbləğində cərimələmişdir.
2009-cu ildə Macarıstanın ən böyük bankı “OTP Bank Nyrt”-ın səhmlərinin məqsədli şəkildə dəyərdən düşməsi haqqında spekulyasiya yaradaraq bundan faydalandığı üçün “Soros Fund Management” 2,2 mln. dollar cərimələnmişdir.
Rusiyada da birjada Sorosun möhtəkirliyi ilə bağlı məsələ qalxmışdır. Rus kəşfiyyatı müəyyən etmişdir ki, Soros İsveç və Danimarka derivativləri vasitəsilə Rusiya Fond bazarına hücum etmək niyyətindədir. Məhz bundan sonra Rusiyada qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul olundu və Açıq Cəmiyyət İnstitutunun fəaliyyəti məhdudlaşdırıldı.
Belarusda, Özbəkistanda, Türkmənistada da Açıq Cəmiyyət İnstitutunun fəaliyyəti qadağan olunub.
Təcrübə göstərir ki, Soros hər dəfə birjada hansısa valyutanın məzənnəsinə təsir etmək üçün əvvəlcə kütləvi informasiya vasitələri və analitik nəşrlər tərəfindən informasiya hücumu təşkil edir. Məhz bu səbəbdən də Soros fondları bir çox məşhur media qurumlarını və nəşrlərini, beyin mərkəzlərini maliyyələşdirir. Sorosun hədəfə aldığı ölkəyə ilk hücumu informasiya məkanında olur və dünya ictimaiyyətində həmin ölkə haqqında mənfi obraz yaratmağa yönəlir. “Huffungton Post” qəzeti, “Eurasianet” internet nəşri birbaşa Corc Sorosa məxsusdur.
Açıq Cəmiyyət İnstututu fəaliyyət göstərdiyi ölkələrdə jurnalistlər birliklərini, alimləri, hüquqşünasları, radioları, insan haqları dərnəklərini maliyyələşdirir və ya bu qurumlar üçün mükafatlar təsis edir. Soros qrantının aludəçilərinə çevrilən bu mükafatçılar isə “beşinci kolon”un əsas bazasını təşkil edirlər.
Soros Fondu bir sıra beyin mərkəzlərinin maliyyələşdirilməsində də iştirak edir. Bu beyin mərkəzlərinin arasında Brookings İnstitutu, Amerikanın Gələcəyi Naminə İnstitut (İnstitute for America’s Future), Siyasi Tədqiqatlar İnstitutu (Institute for Policy Studies), Xarici Əlaqələr üzrə Avropa Şurasının (European Council on Foreign Relations) adını çəkmək kifayətdir ki, Sorosun təsir imkanlarını qiymətləndirə biləsən. Qeyd etməyə dəyər ki, təkcə Xarici Əlaqələr üzrə Avropa Şurasının Məsləhətçilər Şurasına Corc Sorosla yanaşı Avropa dövlətlərinin 4 keçmiş prezidenti, 12 keçmiş baş nazir, 7 hazırkı və 17 keçmiş xarici işlər nazirləri, Avropa İttifaqının 5 keçmiş komissarı, NATO-nun 3 keçmiş baş katibi daxildir.
Corc Soros Bilderberq klubunun aktiv iştirakçılarındandır. Məlum olduğu kimi, ictimaiyyət üçün bağlı olan bu klubda iştirakçıların üçdə biri hökumət və siyasətçilər, qalanı isə maliyyə, sənaye, təhsil, aparıcı media-holdinqlərin nüfuzlu şəxsləri arasından dəvət olunur. Bilderberq klubunun daimi üzvlüyü mövcud deyil. Hər il idarəedici komitə iclasa yüzə yaxın insan dəvət edir, onlardan hər biri sirri qorumaq ilə bağlı öhdəlik götürür. Bu klubu bəzən gizli dünya idarəetmə sisteminin əsas mərkəzi hesab edirlər. Corc Soros bu mistik klub vasitəsilə pərdəarxası siyasi proseslərdə iştirak edir, dünyanın siyasi fikrinə təsir edə biləcək təşkilatları dəstəkləyir. Özünün həyat fəlsəfəsini açıq cəmiyyət quruculuğu elan edən birinin qapalı təşkilatlarda fəaliyyəti isə olduqca təzadlı görünür.
Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq QHT-lərin də əsas maliyyə dayağıdır. “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, Beynəlxalq Böhran Qrupu əsas benefisiarlardır.
Açıq Cəmiyyət İnstitutu “Human Rights Watch” təşkilatının birbaşa donorudur. 2011-ci ildə təşkilatın 128 milyon dollarlıq qrant layihələrinin 100 milyonu Soros Fondu tərəfindən maliyyələşdirilmişdir.
Corc Soros Beynəlxalq Böhran Qrupunun İcraedici Komitəsinin 8 üzvündən biridir.
“Freedom House” təşkilatının 80% xərclərini ABŞ rəsmi orqanları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və ABŞ İnformasiya Agentliyi (USİA) maliyyələşdirir. Digər mühüm donorlardan biri də “Soros Foundations”dir. “Sərhədsiz Reportyorlar” təşkilatının maliyyələşməsində də Açıq Cəmiyyət İnstitutunun payı var. Ərəb oyanışı prosesində Misirdə, Tunisdə  “Freedom House”, “Sərhədsiz Reportyorlar” və Açıq Cəmiyyət İnstitutu aparıcı rol oynamışlar.
Beləliklə, maraqlı mənzərə müşahidə olunur. Aydın olur ki, bütün bu qondarma insan haqqları müdafiəçiləri bir mərkəzdən idarə olunur. “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanın əleyhinə qara piar aparan “Amnesty International”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatların Azərbaycana qarşı dezinformasiyalarının başlıca məqsədi Qərbin neoimperialist məqsədlərinə xidmət etməkdir. Corc Soros kimi öz biznes maraqlarını hər şeydən uca tutan birinin havadarlıq etdiyi təşkilatların ədalətsiz mövqeyinin həqiqiliyi isə inandırıcı deyil.
Ümumiyyətlə, Azərbaycanda Açıq Cəmiyyət İnstitutu başda olmaqla xarici donorların qrant ayırdığı layihələr insanda belə təəssürat yaradır ki, bu qrantlar sadəcə qrant vermək xatirinə verilir. Çünki layihələrin əksəriyyəti formaldır, real problemləri əhatə etmir. Azərbaycanda vətənpərvər, hərbi yönümlü QHT-lərin layihələrinə ABŞ və Avropadakı fondların, institutların bir dəfə olsun belə maliyyə ayırmamaları da danılmaz faktdır.
Heç bir mənəvi dəyərlərə hörmət etməyən Sorosun dünyada insan haqları müdafiəçi təşkilatlarına havadarlıq etməsinin arxasında isə başqa səbəblər dayanır. Corc Soros ABŞ daxilində belə öz maraqları çərçivəsində çıxış edir. Belə ki, o, marixuananın leqallaşdırılması təklifi ilə çıxış edir. CNN-in məlumatlarına görə, milyarder Kaliforniyada marixuananın leqallaşdırılması üçün referendum keçirilməsinə milyonlarla dollar pul xərcləyib. Onun fantaziyasına görə, marixuananın leqallaşması və bu sahəyə nəzarət marixuananın yayılması və satışına qarşı aparılan mübarizədə xərclənən böyük həcmdə maliyyə vəsaitinə qənaət etməyə imkan verəcək. San Fransiskoda “Tayds Fondu” Soros Fondundan narkomanlara pulsuz şpris paylanması üçün 1 milyon vəsait ala bilib. Narkotiklərin qanuniləşdirilməsi tərəfdarı olan güclü təsir edici dərman vasitələri sahəsində siyasət fonduna (DPF) 15 milyon dollar ayırıb. Sorosun dəstəklədiyi “Human Rights Watch” təşkilatı ABŞ-ın narkotik maddələr istehsalı bəhanəsi ilə Kolumbiyanın daxili işlərinə qarışmasına qarşı çıxış edir. Göründüyü kimi insan haqları yalnız lazım olanda yada düşür. Narkotika kimi bəşəriyyətin bəlasını müdafiə edənlər dünyaya azadlıq dərsi keçməyə cəhd edirlər.
Əslində Sorosun bu narkotika sevdasının qərəzini Azərbaycan da öz üzərində görmüşdür. Belə ki, ABŞ Dövlət Departamentinin 2010-cu il hesabatında Azərbaycanda 33 000 narkoman tələbə olması ilə bağlı yanlış məlumatda Açıq Cəmiyyət İnstitutunun əməyi var. Bu hesabat “beşinci kolon” nümayəndələrinin aldığı qrant qarşılığında yalan məlumatlarına əsaslanmışdır. Açıq Cəmiyyət İnstitutunun Azərbaycanda reproduktiv sağlamlığın təbliği adı altında maliyyələşdirdiyi layihələr kağızda narkomaniya, HİV, AİDS-ə yoluxmuş insanlarla iş nəzərdə tutur. Reallıqda isə ayrılan qrantın əvəzini vermək üçün narkomanların sayının şişirdilməsindən başqa bir mahiyyət daşımır. Bu layihənin benefisiarı olan yerli QHT sədrlərindən birinin Azərbaycanda 33 000 narkoman tələbə və bunlardan çoxunun qız olmasını bildirməsi Dövlət Departamentinin hesabatında statistik göstərici kimi qeydə alınıb. Beləliklə, demokratiya və insan haqları bayraqdarları olan beynəlxalq QHT-lər, onların havadarları və qranta görə bütün milli-mənəvi dəyərləri ayaq altına salmağa hazır olan “beşinci kolon” nümayəndələrinin Azərbaycan əleyhinə işbirliyi müstəqil siyasətə və milli dəyərlərə qarşı yönəlmişdir. Bu üçlüyü tamamlayan digər bir halqa isə erməni diasporudur. Sorosun tərəfdaşlarının timsalında bu fakt açıq-aydın görünür.
Qərbin müxtəlif fondlarının insan haqları bəhanəsi ilə Azərbaycana hücumunda erməni izləri də dərhal görünür. Məlumdur ki, Soros Fondu onunla eyni mərkəzdən idarə olunan digər beynəlxalq QHT-lər, fondlar, beyin mərkəzləri ilə sıx əməkdaşlıq edir. Bu həmin qurumların daxil olduqları ölkədə manevr imkanlarını genişləndirir. Belə ki, milli dövlətlərin etirazı ilə qarşılaşdıqda bu təşkilatlar dərhal öz funksiyasını digərinə təhvil verir, özü həmin ölkədə arxa plana keçsə də vahid məqsəd istiqamətində aparılan işlər davam etdirilir. Ölkədə bütün xarici havadarlar dəstəsinə qarşı şübhələr səsləndikdə isə bunu demokratik prinsiplərin pozulması kimi dünya ictimaiyyətinə təqdim edirlər.
Açıq Cəmiyyət İnstitutunun əsas tərəfdaşlarından biri də “Karnegi Korporasiyası”dır. Bu iki təşkilat bir çox sahələrdə, xüsusilə xarici ölkələrdə demokratik islahat tələbləri sahəsində əməkdaşlıq edir. Onların əməkdaşlığının əyani təsdiqi Açıq Cəmiyyət İnstitutu və “Karnegi Korporasiyası”nın Beynəlxalq Böhran Qrupunun iki ən mühüm donoru olmasında görünür. Karnegi Korporasiyasının Prezidenti isə İran ermənisi Vartan Gregoriandır. Təbrizdə doğulan bu erməni Fransanın Təbrizdə həmin dövr vitse-konsulu olan Edgar Maloyan tərəfindən 1948-ci ildə Livanda təhsil almaq üçün Beyruta göndərilmişdir. Maraqlıdır ki, Wikipediya məlumatlarına əsasən Vartan Gregorian Livana göndəriləndə fransız konsul ona 3 məktub vermişdi: biri Livan Daxili Təhlükəsizlik Agentliyinə, biri erməni kollecinə və üçüncüsü qalacağı otelə. Livanda “Erməni Yardım Cəmiyyəti” onun yaşamasını və təhsilini öz üzərinə götürmüş və diasporun xeyir-duası ilə ABŞ-a yollanmışdır. Bu işdə onun əsas himayədarı Ermənistan Demokratik Respublikasının baş naziri (1920-ci ildə) olmuş daşnak Simon Vraçyan olmuşdur. Vartan Gregorian hazırda ABŞ-da erməni diasporunun ən aktiv üzvlərindən biridir. ABŞ Prezidentləri Bill Klinton (National Humanities Medal) və Corc Buş (Presidential Medal of Freedom) onu medalla təltif etmişlər.
Karnegi Korporasiyasının İdarə Heyətində təmsil olunan digər bir erməni isə Edward P.Djerejiandır. ABŞ-ın İsrail (1993-1994) və Suriyada (1988-1991) səfiri, Dövlət Katibinin Yaxın Şərq və Cənubi Asiya məsələləri üzrə köməkçisi (1991-1993) olmuş bu şəxs isə erməni diasporunun Dövlət Departamentində maraqlarını qoruyanlardandır.
Beləliklə, Livanda daşnak mühitində tərbiyə edilən, xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və ABŞ rəsmilərinə yol tapan erməni diaspor nümayəndələrinin müxtəlif təşkilatlar vasitəsilə Azərbaycanda “beşinci kolon” nümayəndələri ilə eyni məqsədlərə xidmət edirlər.
Sorosun milli-mənəvi dəyərlərə düşmən olmasını Qərb mətbuatı da təsdiq edir. 2010-cu ildə “Washington Post” qəzetində iddia edilmişdir ki, Sorosun fikrincə din, milli maraqlar, ailə relikt institutlardır və onları aradan qaldırmaq lazımdır. Bu baxımdan da Sorosun insan haqları təşkilatlarının əsas hədəfi milli mentalitetə yönəlmişdir. Fikrimizcə, ailə dəyərlərinin son illər dəyişikliyə məruz qalmasında da Qərbdə maraqlı qüvvələr var və onlar daha çox televiziya və internet vasitəsilə sadə insanlara təsir imkanlarına malikdirlər. Azərbaycanın milli teleməkanda xarici serialların dayandırılmasına qarşı çıxanlar da bu dəyirmana su tökənlərdir.
Qərbin bəzi dairələrinin Azərbaycan cəmiyyətinə türk serialları vasitəsilə təsir etmək planları isə heç kəsə sirr deyil. Sorosun maliyyə dəstəyi ilə yaradılan Türk İqtisadi və Sosial Tədqiqatlar Fondu (TESEV) və Avrasiya Əməkdaşlıq Fondunun 2012-ci ilin mart ayında Tiflisdə keçirdiyi tədbirdə türk seriallarının Azərbaycana təsir etmək planları müzakirə olunmuşdur. Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi, ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kenneth Yalovitz, Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzerin qatıldığı tədbirdə türk seriallarının Azərbaycan-Ermənistan münasibətlərində Azərbaycanı sülhə yönləndirmək üçün istifadə edilə biləcəyi bir tələb olaraq ortaya qoyulmuşdur.
Ümumiyyətlə Soros Fondu Türkiyədə “beşinci kolon”un yaradılmasında daha mütəşəkkil hərəkət edir. Maraqlıdır ki, hətta Türkiyədə belə Soros uşaqlarının əsas hədəflərindən biri yenə də Azərbaycandır. Soros Fondu Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılmasının əsas havadarlarından biridir. Sorosun maliyyə dəstəyi ilə yaradılan TESEV vasitəsilə türk cəmiyyətinə “demokratik açılım” adı ilə türk-erməni, türk-kürd münasibətləri ilə bağlı milli maraqlara uyğun gəlməyən təşəbbüslər təqdim edilir.
Sorosun Türkiyədəki “beşinci kolonu” ilə bağlı xüsusi bir məqam da diqqətimizi cəlb etmişdir. Qərbin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Azərbaycanın bu prosesdən kənar tutulması Açıq Cəmiyyət İnstitutunun birbaşa maliyyələşdirdiyi TESEV və müxtəlif qrantlar yedirtdiyi Türkiyə İqtisadi Siyasət Tədqiqatları Vəqfi (TEPAV) tərəfindən aparılır. Bu qurumlar irəli sürdükləri müxtəlif layihələrlə Azərbaycan cəmiyyətinin qeyd olunan prosesə sərt reaksiyasını yumşaltmağa çalışırlar.
Corc Soros Türkiyə-Ermənistan yaxınlaşmasına şəxsi töhfəsini verməyə də çalışmışdır. Sorosun maliyyələşdirdiyi Avropa Tələbələr Forumu (AEGEE)  9-14 oktyabr 2009-cu ildə Türkiyədəki yeganə erməni kəndində (Vakıflı, Hatay) erməni və türk tələbələrin lageri təşkil etmiş və bu tələbələri Türkiyə-Ermənistan arasında futbol oyununa yollamışdır.
Sorosun Türkiyə planları milli maraqlara zərbə üzərindən qurulub. Açıq Cəmiyyət İnstitutu “TESEV”, “Açık Radyo”, “Tarix Vəqfi”,  “Helsinki Vətəndaş Assambleyası”, “İnsan Haqları Dərnəyi”, “Avropa Hərəkatı” kimi təşkilatlara maliyyə dəstəyi verir. Bilgi, Boğaziçi, Sabancı Universitetləri də bu siyahıdadır.
Corc Sorosun təhsil müəssisələrinə nə qədər əhəmiyyət verdiyi onun Sabancı Universitetinin açılışı ilə əlaqədar söylədiyi bu sözlər təsdiq edir: “Mərkəzi Avropa Universiteti Şərq blokunun dağılmasında mühüm rol oynadı. Türkiyədə də köklü dəyişikliklər və islahatlar üçün bu universitetə çox iş düşəcək”.
Aparılan müşahidələr göstərir ki, Türkiyədə erməni təəssübkeşləri eyni bir dairənin üzvlərinin təsiri altında formalaşırlar. Sorosun Türkiyədəki “beşinci kolon”unun üzvləri olan yuxarıda adı çəkilən təşkilatların nümayəndələri eyni zamanda “Ermənilərdən üzr istəyirik” kompaniyasının iştirakçılarıdır, Xocalı ilə bağlı “Taksim yürüşü”nün əleyhinə çıxanlardır. Türkiyə demokratik açılım adı altında ölkənin bölünməsinə çalışanlar, Türkiyə-Ermənistan yaxınlaşması uğrunda əsas aktorlar da məhz bu qüvvələrdir. Lakin Corc Soros və onun hamiləri Türkiyədəki “beşinci kolon” vasitəsilə Azərbaycanla bağlı planlar qurarkən nəzərə almayıblar ki, Azərbaycan və Türkiyə “bir millət iki dövlətdir”. Heç bir xarici qüvvə bu prinsipi pozmaq iqtidarında deyil.
Beləliklə, regionda müstəqil xarici siyasət yeridən Azərbaycan Qərbin müxtəlif siyasi fondlarının, beynəlxalq QHT-lərin, onların “beşinci kolon”unun nümayəndələrinin və erməni diasporunun birgə anti-təbliğatı ilə üz-üzədir. Əlverişli geosiyasi mövqeyi, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin üzərində yerləşməsi, müxtəlif sivilizasiyalar və dinlər arasında körpü rolunu oynaması, enerji bazarının mühüm iştirakçısı olması Azərbaycanı müxtəlif maraqların toqquşduğu bir məkana çevirir. Müstəqil xarici siyasət və uğurlu inkişaf strategiyası isə regionda maraqlı olan bir çox qüvvələrin planlarına uyğun gəlmir. Bu qüvvələr həm xaricdən müxtəlif fondlar, QHT-lər, mətbuat orqanları vasitəsilə, həm də daxildən qrantlar hesabına formalaşdırdıqları “beşinci kolon” vasitəsilə Azərbaycana təzyiq etməyə çalışırlar. Lakin hər keçən gün daha da güclənən Azərbaycanın inkişafı və dünyada qazandığı siyasi mövqe bu təxribatçılara qarşı ən tutarlı cavabdır. /newtimes.az/

Комментариев нет:

Отправить комментарий