23.09.2020

Döyüş alnımıza yazılıb (Vətən naminə)

Azər Elşadoğlu

Dünən oğlum Mustafa Kərəmi həkimə aparmışdım. İki aydı dünyaya gəlib. Hər dəfə yoxlanışa gedəndə və ya nəsə narahatlıq olanda 40 manat ora, 50 manat bura, 100 manat dərmana, bir də baxırsan rahat 200 manat çıxdı.
Məsələn, 20 günlük körpə idi, qrip infeksiyası düşmüşdü, şükür sağaldı, 15 günlük müalicə dövründə hesabladım gördüm ki, təkcə həmin periodda 560 manat xərcləmişəm. İndi bunun üstünə uşağın digər xərclərini gəlin. Hələ ipoteka, kommunal xərclər, aylıq yemək-içmək və s. İndi mən çatdırıb edirəm, bəs ailəsində iki-üç uşaq olanlar, çatdıra bilməyənlər?!
Oğlum düz on ildən sonra dünyaya gəlib. Bu on ildə həkimlərə rahat 25-30 min manatdan çox pul xərcləmişik. And ola Allaha, bu rəqəmi sıxmışam hələ. Dişimizlə, dırnağımızla qazanmışıq bu pulu. Zərrə qədər də olsa, gənc ailə kimi nə dövlətin, nə də Vətənin diqqət və qayğısını hiss etməmişik.
Gecə olub yorğunluqdan, ayaqlarımın ağrısından yata bilməmişəm. Yoldaşım səhərdən-axşama kompüterin qarşısında maliyyə hesabatları, buxalteriya işləri ilə gözünü kor edəndə və axşam göz ağrılarından yata bilməyəndə, ailəmlə saatlarla avtobuslarda tıxacda qalıb evə 10-un yarısı gəlib çıxanda mən bilməmişəm dövlət və Vətən hardadır. İkimiz də qırmızı diplomla universitet bitirmişik. İkimiz də yazı-pozu adamıyıq, bundan zövq alırıq. Amma tamam ayrı sferada işləmişik və işləyirik uzun illər.
Hazırda öz işimi qurmuşam, hər şey qanuna uyğun və rəsmidir. Vergi ödəyicisiyəm. Stomotologiya sahəsində çox köklü və sanballı bir alman şirkəti ilə əməkdaşlıq edirik. Çindən də əməkdaşlıq etdiyimiz dünya səviyyəli bir şirkət var. İmkan olsa, çox böyük işlər görmək mümkündür. Bu işi quran zaman, külli miqdarda risk edib borc və xərcə girəndə fikirdən, heç bir şeyin zəmanətli olmamasından yuxularım ərşə çəkiləndə, and ola Allaha, mən bilməmişəm dövlət və Vətən hardadır. Əksinə, səhv etməyim deyə hər şeydə ürkəklik, amansız qanun keşikçilərinin vahiməli nəzərlərini “domokl qılıncı” kimi ənsəmdə hiss etmişəm.
Məsələ şikayət etmək deyil.
Adi bir misal. Dərdə baxın.
Deməli, bizim əməkdaşlıq etdiyimiz alman şirkəti müəyyən sifarişlərin sayından asılı olaraq bizə “invoice” dəyəri 0 olan və ya hədiyyə kimi məhsul göndərir, mən onu ölkəyə idxal edə bilmirəm. Çünki mənim Vətənimdə, dövlətində gömrük şəxsi əhval-ruhiyyə ilə işləyir, hədiyyə və ya 0-la yazılan məhsulu buraxmır. Biz də almanlara deyirik ki, bu hədiyyələrə də simvolik rəqəm yazın. Haqlı olaraq adamlar bizi başa düşmür, biz də başa sala bilmirik, Vətəndir axı. Təsəvvür edin, alman bizə hədiyyə verir, mənim ölkəmdə qəbul etmirlər, deyirlər qiymətləndirmək lazımdır, nəticədə hədiyyə üçün idxal rüsumu və ƏDV ödəyirəm.
Bir qədər öncə, anam üçün şəkər dərmanı aldım. Dərmanın təkcə birinin qiyməti 68.80 manat idi. Yollar açıq olanda İrandan bu pula 10 qutu dərman alırdıq.
Səmimi olaq da, mənim kimi milyonlarıq bu ölkədə. Əlbəttə, bu şərtlərlə dolanan insanın övladı şəhid olanda adamın başı gedər də. Axı bu Vətən, Dövlət insanlar min bir çilədən keçib övlad böyüdəndə harda idi?!
Vətən? O haradır?!
Əgər kasıbın evinin kandarıdırsa, mən o torpağa səcdə edib namaz qılaram.
Yox, əgər zəngin və harınların öz sərvətlərini qorumaq naminə əllərində mexanizmdirsə, mən bu sayaq avantürist və populist ideyalara bilmərrə yoxam.

Комментариев нет:

Отправить комментарий