19.09.2020

Türklərin gəlib bizi xilas etməsi “faktı” – son illərin siyasi sifarişidir

1990-cı illərdə mərhum türkiyəli jurnalist A.Birand türk televiziyalarının birində “qardaş ölkə” Azərbaycanda məlum çevriliş cəhdindən danışırdı. Dedi ki, H.Əliyevdən Türkiyənin səfiri A.Karamanoğlunu otağından qovmasını eşidib, belə bir hadisənin olub-olmadığını səfirin özündən soruşub. Səfir də olmadığını deyib, yəni boynuna almayıb. Birandın bu hadisəyə özünün acıqlı münasibəti isə belə oldu: “Mən başqa bir dövlətin başçısına yox, öz dövlətimin məmuruna – səfirimə inanıram! Belə hadisə baş verməyib!” Bir azərbaycanlı jurnalist belə danışa bilərmi? “Biz balacayıq, gücsüzük, yumurtadan dünən çıxmışıq”, deməyin. Bunu hamı bilir. Söhbət nəsimiçi ədadan gedir. İmperialist-nəsimiçi rus məktəbinin yetirməsi olan H.Əliyevdə bu əda vardı.
Yeni qurulmuş bir dövlətin rəhbəri kimi Ə.Elçibəyin Atatürkün mavzoleyində xatirə dəftərinə “Mən Atatürkün əsgəriyəm” yazması böyük bir yanlış idi. Dövləti – xalqın vüqarını təmsil edən bir şəxs belə danışmamalıdır.
Türklərin gəlib bizi xilas etməsi “faktı” – son illərin siyasi sifarişidir. Yeni açılan arxivlər bunun, ən azından, mübahisəli olduğunu göstərir. Soruşmaq gərək, indiki İran kimi dini bir dövlət olan Osmaniyyə (Osmanlı yox, Osmaniyyə!) bizi ümmət qardaşlığına görə xilas edirdi, ya millət qardaşlığına görə? Və yaxud, tarixdə hansısa siyasi-tarixi səbəblərdən başqasının müharibəsində iştirak etməyə məcbur olmuş dövlətlərin və xalqların hamısını təmənnasız xilaskarmı adlandırırlar? Bu imperiya nə vaxtdan xilaskar olub?
Şeyxnəsrullahlığı biryolluq anlamayan, hər dəfə yeni bir Şeyxnəsrullaha aldanacaqdır.
Türklər bizi lap xilas etmiş olsalar belə, bunu sosial şəbəkələrdə və e-mediada o formada, bir futbol komandasının azarkeşləri kimi fışqırmaq doğru deyil(di), xalqın adına ayıbdır. Bir xalq – hətta biri gəlib onu xilas etsə belə – öz vüqarını ayaq altına atıb, bunu “Onlar gəlib bizim namusumuzun qisasını alıblar!” formasında dilinə gətirməz, gətirməməlidir, əksinə, “Bu nədir tarixdə mənim başıma dönə-dönə gəlir?” deyə qara-qara düşünməyə başlamalıdır. Minnətdarlıqla öyünməzlər.
Qul olmaqdansa, yaxşılıqbilməz görünün! Mən gələcəyimiz üçün “rezerv həqiqət” (P.Sloterdijk) yaratmaq istərkən, yaxşılıqbilməz görünürəmsə, siz daha pis görünürsünüz…

Mənbə : Filosof Ağalar Məmmədovun "Xalqımızın qadınyanalığı" yazısı

Комментариев нет:

Отправить комментарий