Qərbin adamı olan Əli Kərimlinin sahib olduğu az-maz siyasi nüfuz və reytinq İlham Əliyevin sərt tənqidi üzərində qurulub. Amma fikir vermisinizsə, hakimiyyəti Qərbə, ofşorlara pul daşımaqda suçlayan Kərimli heç vaxt qarşı tərəfdən, yəni Qərbdə bizim hakimiyyətə lobbiçilik, himayədarlıq edənlərdən kimsənin adını çəkmir. Elə bilirsiniz bilmir, bal kimi də bilir. Onda xoruz səsi eşitməyən məlumatlar var...
Məsələn, Rusiya ilə ticarət dövriyyəsinin cəmi 6 faiz artdığını ağzı köpüklənə-köpüklənə tənqid edən Əli, nədənsə İngiltərə kraliçasına bağışlanan Qarabağ atı haqqında "mıqq" eləmədi. Halbuki ikincinin nə anlama gəldiyi, xalqa hansı faydasının olduğu kimsəyə bəlli deyil. Yəni Rusiya ilə ticarət dövriyyəsi artırsa, ən azından kiminsə pomidoru gedib satılır və ən azından o pomidoru toplayan fəhlə maaşını vaxtında alır. Amma Yelizavetaya at göndərilməsinin şəxsən mənə nə xeyri olduğunu anlamaqda acizəm. Hə, İngiltərə Ermənistan-Azərbaycan münaqişəsində bizə tərəf baxa bilər. Bir at şəklində verilmiş rüşvət müqabilindəmi? Nə isə, bu başqa mövzudur...
Qayıdaq Əliyə. Qərbin adamı olan Əlinin bu ölkədə ən nüfuzlu müxalifət olması hakimiyyətin özünə sərf edir. O mənada ki baxın, misterlər, sizin adamınızı ana müxalifət etmişik. Daha nə istəyirsiniz? Son zamanlar hətta geylərin şüar qaldırdığı aksiyalarına da icazə verdik, məhbusları da buraxdıq. Əli Kərimlinin düz 2 ay durmadan təbliğ etdiyi Saleh Rüstəmli də həbsdən çıxan kimi cinsi azlığın nümayəndəsi ilə şəkil çəkdirib paylaşdı, daha nə istəyirsiniz? Bundan artıq nə edək sizin üçün? Onlar da "ol rayt" deyib, razılıqla başlarını tərpədirlər.
Baxın, nə hakimiyyətin öz müxalifəti - Fazil Mustafa, Qüdrət Həsənquliyev, nə Türkiyəyə yaxın müxalifət (Tural Abbaslı), nə İranyönlü müxalifət (İslam partiyası), nə də Rusiyayönlü müxalifət (kommunistlər, avrasiyaçılar) xalq arasında Əli Kərimli qədər nüfuzlu deyil. Yalnız ona görə ki, Əli daha ütülü danışır? Xeyr, ona görə ki, onun İlham Əliyevi tənqid etmək icazəsi var. Amma qalanlarının yoxdur. Ona görə ki, Əli daha cəsarətlidir? Yox! Əksinə, Əli ən qorxağıdır. Bunu aksiyada hamı gördü. Baxın, Əli Əliyev onun "bazarına" girən kimi, qulaqburması verdilər yerini bil. Sənə olmaz! Bu ölkədə siyasi situasiya tam olaraq hakimiyyətin nəzarətindədir. Bütün siyasi qüvvələr, siyasi təfəkkürlü hər kəs ciddi nəzarət altındadır, kimin harda olmasına yüksək səviyyədə qərar verilir və təmin olunur.
Bu situasiyada kiməsə müxalifət demək, kiminsə hakimiyyətə gələcəyinə ümid etmək axmaqlıqdır. Biz hələ ki bir toplum, xalq olaraq o situasiyanı, şəraiti yaratmamışıq. Bizdə hakimiyyət xalqa yox, bir qrupa məxsusdur. Mən heç də ƏIi Kərimli kimi bu situasiyanı yaratmağı hakimiyyətdən ummur və gözləmirəm. Onlar bunu heç vaxt yaratmazlar. Ancaq məcbur ola bilərlər. Bunun üçün cəmiyyətlə hesablaşmalıdırlar. Cəmiyyətimizdə isə yetərli siyasi şüur, təpər yoxdur.
Əslində Əli də bunu bilir. Ancaq camaatı aldadır və əbləhlər də ona inanır. Malik olduğu status, təminat Əlini tam qane edir. Ona hakimiyyət lazım deyil. Bunun ağır yük olduğunu bilir. Tutaq ki İlham Əliyev hakimiyyəti atasının tövsiyəsi ilə götürdü. Heydər Əliyev ona demişdi ki, götürməsən, nəslimizi yer üzündən silərlər. Əli niyə götürsün, niyə başını cəncələ salsın? Gül kimi yaşayır da özüyçün, hər gün də lider rolu oynayaraq, özünü qəhrəman olduğuna müvəqqəti inandırır...
Geopolitik proseslər də Azərbaycan xalqına yaxşı nəsə vəd etmir. Dünyada gedən proseslər nəticəsində Azərbaycanda baş verə biləcək dəyişikliklərdən ancaq hansısa məhdud qrup faydalana bilər. Tutaq ki Əliyevləri Vəliyevlər əvəz edər. Ancaq mahiyyət dəyişməz. Mahiyyətin dəyişməsi üçün cəmiyyətdə keyfiyyət dəyişiklikləri olmalıdır. İnsanımızn dünyagörüşündə, şüurunda dəyişiklik olmalıdır. O düşünməyi öyrənməlidir. Yoxsa bir-birinin ağzına baxıb Məmmədçilik, Əliçilik, Vəliçilik etməməlidir. Bir yandan erməni faşizmini lənətləyib, o biri yandan alman faşistləri ilə əməkdaşlıq edəni "ulu öndər" adlandıranlar bu ölkəni dəyişə bilməzlər...
Комментариев нет:
Отправить комментарий