11.09.2022

“Rayonda saqqalıma görə polis saxlayırdı” - Suriyaya gedən azərbaycanlı vahhabi

Ən böyüyü səkkiz yaşında olan dörd övladını, həyat yoldaşını qoyub Suriyaya gedən Səfa Dabaxov iddia edir ki, ona orada rahat yaşayış vəd olunmuşdu. Demişdilər ki, orada heç bir maneə olmadan dini inanclarına da əməl edə biləcək. Onun sözlərinə görə, gedəndən bir müddət sonra vədlərin doğru olmadığını görüb peşman olsa da, qayıtmaq imkanı olmayıb.
"Azadlıq radiosu" xəbər verir ki, Suriyada ayaqlarından yaralanan Dabaxov 2022-ci ilin fevralında Azərbaycana qayıdıb və təxminən bir həftə sonra həbs olunub. Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Dabaxov məhkəmə qarşısında tək deyil, bir müddət Suriyada olmuş Orxan Zərbəliyev də onunla birlikdə mühakimə olunur. Hər ikisi CM-in 283-1-3 (Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin tərkibində təlimlərdə, silahlı münaqişələrdə iştirak) maddəsi ilə ittiham olunur. Bu maddədə 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Dabaxov məhkəmədə deyib ki, Suriyada İdlibdə yaşayıb, ancaq döyüşlərdə iştirak etməyib. Amma etiraf edib ki, Suriyada onun "Kalaşnikov" avtomatı olub. "Azərbaycanda yaşadığım rayonda getdiyim yerdə saqqalıma görə məni yolda polis saxlayırdı. Mənə demişdilər ki, "Suriyada yaşamaq, dini ibadət rahat olacaq, sonra ailəni də gətirərsən". Getdim, gördüm ki, deyildiyi kimi deyilmiş...", - Dabaxov bildirib.
Onun sözlərinə görə, vəziyyətin fərqli olduğunu görəndə geri qayıtmaq istəyib. O qaçaq yolla Türkiyəyə gəlib, orda konsulluğa müraciət edərək pasportunu itirdiyini deyib. Aldığı sənədlə də Azərbaycana qayıdıb: "Mənə demişdilər ki, Bakıya çatanda səni aeroportda saxlayacaqlar, amma saxlayan olmadı. Evdə qardaşım dedi ki, məni axtarırlar. Gəldilər, izahat verdim. Sonra rayona getdim. Dörd gün qalandan sonra qardaşım dedi ki, yenə axtarıblar. Bakıya qayıdıb yenidən özüm getdim. Ondan sonra buraxmadılar. Çox peşmanam".
Zərbəliyev də ifadəsinə peşmançılığını ifadə etməklə başlayıb. İddia edib ki, öncə tanışının yanına Türkiyəyə gedib. Ərəb dili öyrənməyə həvəsi olduğuna görə sonra ordan da Suriyaya gedib. Onun sözlərinə görə, Suriyada elə bir ərazidə yaşayıb ki, orda kommunal xidmətlər də daxil olmaqla bir çox məsələlər Türkiyənin nəzarətində idi.
Zərbəliyev Suriyada olduğu dövrün bir hissəsini həbsdə keçirib: "Orda 6 ay bir, 4 ay da bir həbsdə qalmışam. "Cəbhət ən-Nusra" İŞİD-in bir qoludur. Onlara qoşulmayanları cəzalandırırdılar. Ya öldürəcəklər, ya da qoşulmalısan. Məni də cəzalandırmışdılar. Mən heç bir toplumun tərkibində olmamışam".
Amma bu təqsirləndirilən şəxs də etiraf edib ki, onda "Kalaşnikov" avtomatı vardı. Onun sözlərinə görə, Suriyada odlu silahlar açıq şəkildə mağazalarda satılır.
Zərbəliyevin dediyinə görə, həbsxanadakı şəxslərdən biri pul müqabilində ona qaçmağa yardım edib.
Suriyadakı vəziyyət bütün dünyaya məlum olduğu halda, ərəb dili öyrənmək üçün niyə məhz ora getməsi sualına isə o belə cavab verib: "Mən gedəndən orda güllə, bomba səsi olmayıb...".
Təqsirləndirilən şəxslər məhkəmədə danışanda Suriyada döyüşlərdə iştirak etmədiklərini desələr də, istintaqa ifadələri fərqli olub.
Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində təlim keçməkdə, döyüşməkdə suçlanan 50-dən artıq azərbaycanlı uzunmüddətli həbs cəzasına məhkum edilib.

Комментариев нет:

Отправить комментарий