19.12.2022

Türk filmlərindən tərbiyə alan gəncliyin işi asan olmayacaq


Nadir Qocabəyli

Nizami Kino Mərkəzində geniş ekranda baxdığımız "Aşkın ömrü" adlı film, açığı, ləzzət eləmədi. 
Əvvəla, oradakı durumdan narazı qaldım. Yox, kinoteatrın şəraiti, oturacaqlar, filmin keyfiyyəti, səs-filan yerindəydi. Ancaq "ödənişsiz" filmə baxmağa gələnlərin davranışı mənə daha başa gəldi. Kaş film pullu olaydı, ancaq orada bu qədər əli fənərli gənc psixopat olmayaydı. Filmin əvvəlindən axırınacan telefonlarının gur işığını gözlərimə salıb, əsəblərimin pozulmasına, başımın ağrımasına səbəb olan gənc degeneratların nə axtardığını hələ də anlamış deyiləm. Fənərlə nəsə axtarmayanlar da itirdiklərini telefonlarının ekranlarında axtarırdılar. Yəqin bunu qaranlıqda etmək daha yaxşıdır, mən qocaldığım üçün başa düşmürəm. 
Elə filmdəkilər də tamaşaçılara oxşayırdılar. Çoxlu "empati" deməklərindən başa düşdüm ki, son zamanlar feysbukda bu sözün geniş yayılma səbəbi nə imiş. 
Türklər mənim 90-larda gördüyümdən bəri heç dəyişməyiblər. Avropanı düşük şəkildə yamsılamaqda israrlıdırlar. 
Deməli, gənc aktrisa qadın işdən sonra "hocam" dediyi rejissoru ilə çay içməyə çıxır. Hocası buna deyir ki, özəl söhbəti var, ancaq öz aramızda qalsın. Bu başdanxarab da zəng vuran ərinə deyir ki, işdəyəm. Halbuki buna sürpriz etmək istəyən əri iş yerinə gəlmiş və sevimli arvadını orda görmədikdən sonra zəng vurmuşdu. Əri arvadının onu aldatdığına əmin olaraq küçəyə çıxanda daha dəhşətli mənzərə ilə üzləşir. Arvadı ilə rejissor kafedə çay içirlər və rejissor qadının əllərini öpüb-oxşayır...
Mədəni-xoşqeyrət ər evə gedib şərab içməyə başlayır. Arvadı gələndə ondan hesabat istəməsiylə günahkar olur. Sən demə, hər şey onun gördüyü kimi deyilmiş. Onlar səmimi arkadaşdırlar, aralarındakı münasibət dostluqdan o yana keçmir, ərinə də sonra hər şeyi izah edəcəkmiş, sadəcə dostuna söz verdiyi üçün yalan söyləyib. Ərinin onu haqsız yerə qısqanması isə gerilik əlamətidir, yəni bizim indiki gəncliyin təbiriylə desək, qıjılıq. 
Bərəkallah! Bu cür tərbiyə ilə işimiz asan olmayacaq. Gərək oğullarımıza deyək ki, gələcəkdə arvadlarınızı çayxanada, kafedə yad kişilərlə tumarlaşan, qucaqlaşan görəndə dərhal qərar verməyin. Çünki hər şey gördüyünüz kimi olmaya bilər. Ola bilər ki, bunu dostcasına edirlər. Təki başqası ilə yatağa girməsinlər. Yox, bir yerdə dostcasına yata da bilərlər. Təki əsas məsələni etməmiş olsunlar. Yorğanın altında isə bunu dəqiqləşdirmək mümkün deyil. Ona görə qərar verməyə tələsməyin. Gözləyin, uşaq olandan sonra, onlar demişkən, DNA testi verərsiniz...
Məni qınamayın, çox düşük bir film, səydəş bir yanaşmadır, eyni zamanda, ağlı havalarda olan çoxlu gəncin başını xarab etmək üçün əla virusdur...
Odur ki belə şeylərə qarşı vaksin olaraq radikal islam seçilir. Normal, ənənəvi orta yol, normal insan, qadın-kişi, ər-arvad münasibətləri gedir işinin dalınca. Ya lüt-üryan olmalı, hamıya qucaqlaşıb-tumarlaşmalı, ya da tək gözlərimizi açıq saxlayıb qalan yerlərimizi qapamalı, tərkibində spirt olan odekolona belə düşmən gözüylə baxmalıyıq... 
Normal adamların zamanı getdi...

Комментариев нет:

Отправить комментарий