Zaman-zaman ədəbiyyatımızda öz sözünü deyən həkim-yazarlarımız az olmayıb. Əlibəy Hüseyzadədən tutmuş Nəriman Nərimanova qədər, Abbas Səhhətdən tutmuş Tağı Şahbazi Simurğa qədər, Xanımana Əlibəylidən tutmuş Tamilla Şəfəqə qədər... Və, çağdaş ədəbiyyatımızda neçə-neçə yazara kimi. Rəfiqə Abbasova da ixtisasca həkimdir.
Yaradıcılığına bələd olan bir söz adamı kimi onun şeirləri haqda fikilərimi qələmə almaq niyyətim hələ çoxdan var idi. İndi onun şeirləri ilə söz-söz, misra-misra baş-başayam. Rəfiqənin şeirlərində məni özünə çəkən nədir? Düşündüklərimizdən gördüklərimizə kimi, olub-olanlardan arzularımıza kimi nə varsa, çox səmimi şəkildə poetik ifadə etmək tərzi. Mövzu rəngarəngliyi, mövzu əlvanlığı. Bu mövzu əlvanlığının arxasında Vətən sevgisinin, torpaq müqəddəsliyinin ən ucada dayanması!
Rəfiqənin şeirlərini oxuduqca hər misranın arxasında bir gerçəkliyin, dumduru sular kimi bir paklığın səsini eşidirik. Elə bir səs ki, bu səsin sehri içində açılmaz sirri qalmayan şirin duyğular aləminə düşürük. Özünün dediyi kimi:
Dilinin söyləyə bilmədiyini,
Sakitcə kağıza yaza bilirsən...
Bəli, sakitcə. Həm də oxucu da bu şeirləri sakitcə-sakitcə oxuquqca, sanki öz arzularını, öz demədiklərini tapır...
Rəfiqə şeirlərində elimizin oğullarının igidliyindən də, yurd uğrunda olan itgilərimizin ağrı-acısından da yan keçə bilmir. Şəhidlərimizi doğmadan-doğma, şəhid ata-analarının dərdini isə öz böyük dərdi bilir. “Şəhid atası” şeirində olduğu kimi:
Oğlunu vətənə qurban vermisən,
Sənin qurbanına mən qurban olum...
Rəfiqə şeirlərində, başımızın üstündə “qara buludlar” kimi bizi addım-addım izləyən kədəri qovmaq arzusunu da misra-misra, çox səlis şəkildə ifadə etməyi unutmur:
Bilmirəm nə üçün, niyə bu gün mən
Bulud tək dolmuşam, yağmaq istərəm?-
Qara buludları göylərdən qovub,
Səhərə günəş tək doğmaq istərəm...
Ata-ana böyüklüyü, ata-ana sevgisi də Rəfiqə Abbasovanın ən çox müraciət etdiyi mövzulardandır. Ülvi bir ata məhəbbəti, pak ana sevgisi onun bu yönümdə yazdığı şeirlərin ətinə, qanına hopub. Bu şeirlər təkcə valideyn haqqının həmişə çiynimizdə olması kimi deyil, həm də oxucunu yaxşı ata, yaxşı ana olmağa çağırış kimi səslənir.
“Atalar yanında ayağa durdum...” Təkcə bu misranın da yer aldığı şeir söz-söz bizi müəllifin "mən"inin iç dünyasına aparır. Elə bir dünyaya ki, bu aliliyin paklığına qibtə edirik. Əlbəttə, bu qibtə müəllifin əvəzsiz uğuru deməkdir!
"Anam mənim", "Ananın gözü yolda", "Atam", "Şəhid atası" da bu mövzuda qələmə alınan uğurlu şeirlərdəndir.
Rəfiqə hansı mövzuya müraciət edirsə, pafosdan uzaq olan ülvi duyğuların, səmimi hisslərin, yerinə düşən etirafların şirinliyi ilə üz-üzə qalmış oluruq. Hər şeiri beynimizin süzgəcindən keçirtdikcə bu şirinliyin tilsimindən uzun müddət çıxa bilmirik.
Xətainin bir sözü var; "Məhəbbətdən keçən haqdan da keçər". Bəli, Rəfiqənin yazılarında da məhəbbət keçillməzliyinin, məhəbbət müqəddəsliyinin tərənnümünün də şahidi oluruq. "Adını ziyarət qoydum görüşün", "Sənsən ümid yerim", "Həsrət", "Alqış bu sevgiyə" və s. şeirlərində müəllifin əsas qayəsi elə bu keçilməzlik, bu müqəddəslikdir...
Rəfiqə Abbasovanın şeirləri haqqında uzun-uzadı danışmaq olar. Dəyərli oxucular, bu gün Rəfiqə öz şeirləri ilə görüşünüzə gəlib. Əlbəttə, şeirlərin qiymətini siz oxucular verəcəksiniz. Əminəm ki, sizlər üçün bu bir ərməğan olacaq...
Mən isə Rəfiqə Abbasovaya yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Комментариев нет:
Отправить комментарий