Atam Bakı Dövlət Üniversitetini bitirən riyaziyyat müəllimidir. Çox uşaqlı (5 uşaq) ailə olduğumuzdan müəllim maaşı ilə dolanmaq çətin idi. Atamın xalası oğlu Əmrulla Şirvanov hüququ bitirdiyindən prokuror işləyirdi. Rüşvət almadığına görə Əmrulla əminin xətrini hamı istəyirdi və həm də yüksək vəzilfələrdə olduğu üçün dolanışığı bizdən yaxşı idi. Bir gün atama sual verdim ki sən niyə hüquqa girib xalaoğlun kimi prokuror olmadın? Ata dedi bizim vaxtımızda ən hörmətli peşə müəllimlik idi, biz nə bilək zəmanə belə dəyişər. Əmrulla əmi də baş prokurorluqda işləməsinə baxmayaraq axıra qədər rüşvətsiz işlədi, ondan soruşmuşdular niyə rüşvət almırsız, demişdi mənim atam halal zəhmətlə bizi böyüdüb, rüşvət alsam ona xəyanət etmiş olaram.
Sovet dağılandan sonra ali məktəbə tələbə hazırlamaq dövrü başladı, atanın da yanına şagirdlər gəlirdi, ata onlardan pul almırdı, deyirdi mənim müəllimim məni instituta pulsuz hazırlaşdırıb, mən şagirddən pul ala bilmərəm.
Və beləcə 20 illik pedoqoji fəailyyətinə son verdi.
Sovet dağılandan sonra müəllimlər ehtiyac ucundan müxtəlif yollara əl atmağa başladılar. Kimi repetitorluq etdi, kimi bazarda alver etdi, kimi Rusiyaya getdi. Bazar iqtisadiyyatına keçiddə oxumaq, təhsil almaq dəbdən düşdüyündən, elmə biliyə ehtiyac azaldığından müəllim peşəsi ucuzlaşdı. İndi ən hörmətli müəllimlər pullu kişilərdir.
Anam kənd qadınıdır, dünya dağılsa da münasibət bildirməz, bir gün atamla Lənkəranda bankda olublar, bank əməkdaşları hamıya müəllim deyə müraciət edirmiş, anam əsəbləşib onlara deyib siz niyə hamıya müəllim deyirsiz? Adam var adını yaza bilmir, imza çəkə bilmir, ona da müəllim deyirsiz, həqiqi müəllimə də.
Bu il məhərrəmlikdə Lənkəranda idim. Evdə mərsiyəyə qulaq asırdım, 5-ci sinifdə oxuyan bacım qızını yanıma çağırdım ki birlikdə dinləyək. Uşaq dedi müəllim icazə vermir mərsiyəyə qulaq asmağa. Dedim niyə? Nə səbəbə? Deyib imamlar ərəbdir, hakimiyyət üstündə qırıblar bir-birini, onlar bizim şəhidlər deyil.
İstədim gedim məktəbə, o müəlliməni biabır edim, sonra dedim lənət şeytana.
Комментариев нет:
Отправить комментарий