Suriyanın Raqqa şəhərində İŞİD terrorçularının həyat yoldaşları təslim olmağa başlayıb. Qaçqın düşərgəsində Meyr Hismə adlı İŞİD terrorçusunun həyat yoldaşı dəhşətli açıqlamalar verib. O, bildirib ki, məcbur qaldığı üçün bir İŞİD üzvü ilə evlənib. Meyr Hismə "Fransa vətəndaşlığından çıxarıldıq, gedəcəyimiz başqa yer yox idi", -deyə söyləyib.
Suriyanın şimalındakı Raqqa və Deyr əz-Zor şəhərlərində ağır itkilər verərək geri çəkilmək məcburiyyətində qalan İŞİD terrorçularından həyatda qalanlar ailələri ilə birlikdə təslim olur. Həmin terrorçuların həyat yoldaşları günahsız olduqları təqdirdə sərbəst buraxılırlar. Azad olunan İŞİD terrorçularının həyat yoldaşları və uşaqları gedəcək yerləri olmadıqda çadır şəhərciyində yerləşdirilir. Düşərgədə hazırda 18 İŞİD üzvünün həyat yoldaşı var. Onlar arasında Türkiyə, Fransa, İngiltərə, Tunis və Misir vətəndaşları da var.
Qadınların çoxu danışmaqdan qorxduğu üçün suallara cavab verməyiblər. Düşərgədə əslən Mərakeşdən olan Fransa vətəndaşı İŞİD terrorçusu Bilal bin Muğdatın 30 yaşlı həyat yoldaşı Meyr Hisme, Raqqadakı həyatından, həyat yoldaşının təşkilata qoşulma prosesindən və təslim olduqdan sonra gördüklərindən danışıb. Meyr Hisme başına gələnləri danışıb: "Dəməşqdə yaşayırdım. İlk həyat yoldaşım Azad Suriya Ordusunun üzvü idi. Suriya qüvvələrinin hava hücumu zamanı öldü. Anam və atam müharibə başlayanda Türkiyəyə qaçmışdılar. Həyat yoldaşım öləndə ailəm mənə pul göndərib Raqqadan Türkiyəyə gəlməyimi istədi. Türkiyəyə qaçmaq üçün Raqqaya getdim. Orada bir qadın dostum, "Türkiyəyə gedənə qədər evimdə qalarsan" -dedi. Mən də Raqqanın vəziyyətini o qədər də bilmədiyim üçün Raqqada qaldım. Türkiyəyə qaçmaq istəyərkən İŞİD üzvləri məni saxladılar. Onlar "Bir qadın tək başına gəzməz. Türkiyə kafir ölkəsidir, ora getmək olmaz" -dedilər. İcazə verməyəndən sonra mən də məcburən Raqqada qalıb ev kirayələdim. İcarəyə götürdüyüm evə yaxın yerdə bir qonşumla tanış oldum. Adı Bilal bin Əli Muğdat idi. Raqqada İŞİD üzvü kimi Əbu Ömər kod adını istifadə edirdi. Əslən mərakeşli idi və Fransa vətəndaşı idi. Mənə evlənmək təklif etdi. Evlənsək, Mərakeşə gedəcəkdik. Tək qaldığım üçün üçün məcburən evləndim".
30 yaşlı Hisme evləndikdən sonra həyat yoldaşı ilə birlikdə qaçmaq üçün insan qaçaqmalçılarına müraciət etdiklərini, ancaq qaçaqmalçıların istədiyi pula sahib olmadıqları üçün qaçmadığını və məcburən Raqqada qalmağa davam etdiklərini söyləyib: "Mərakeşə qaçmaq istədik, ancaq qaçaqmalçılar bizdən 10 min dollar istədi. Pulumuz olmadığına görə qaça bilmədik. Sonra isə bir uşağımız oldu. Sonra öyrəndim ki, bizi pulla qaçırmaq istəyənlər qaçaqmalçı deyilmiş, İŞİD terrorçuları imiş. Biz əgər Raqqadan qaçsaydıq, qaçaqmalçı görünüşündəki İŞİD terrorçuları bizim başımızı kəsərdilər. Həyat yoldaşım İŞİD-dən ayrılmışdı, amma təşkilat onu yenidən öz cərgələrinə qatmaq üçün çalışırdı. Həyat yoldaşımın əmisi oğlu da İŞİD üzvü idi. Həyat yoldaşıma başkəsmə videoları göndərirdi. O həyat yoldaşımı İŞİD cərgələrinə qoşmaq üçün çalışırdı. Həyat yoldaşım ona aldanıb təşkilata qoşulmuşdu. İŞİD-in qeyri-insani işgəncələri və öldürmə üsullarını, şəxsən həyat yoldaşından eşitmişəm. Həyat yoldaşım mənə: "İordaniyalı pilotu biz yandırdıq, amma çox peşmanam" dedi. Demokratik Suriya Qüvvələr (DSQ) Raqqaya yaxınlaşanda biz Cizrə kəndinə qaçdıq ki, DSQ qüvvələrinə daha yaxın olub təslim olaq. Həyat yoldaşımla ağ bayraq qaldıraraq Raqqa yaxınlığındakı Həva sərhəd-keçid məntəqəsinə gedib DSQ-yə təslim olduq. DSQ bizi Kobaniyə apardı. Orda 3 gün qaldıq. Malayziyalı İŞİD üzvlərinin ailələri də var idi. Orada bizi qadın və kişilərə ayırdılar. İŞİD üzvlərini Kobanidəki zindana saldılar. Biz qadınları isə qaçqın düşərgəsinə gətirib yerləşdirdilər. 1 aydır ki, buradayam. Həyat yoldaşımla bağlı ən son aldığım məlumata görə indi Hasəkədə həbsxanada saxlanıldığıdır".
sputnik.az
Комментариев нет:
Отправить комментарий