Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı politoloq və filosof Aleksandr Duqinin caliber.az-a müsahibəsini sizə təqdim edirik.
- Aleksandr Qelyeviç, bu yaxınlarda “Çarqrad” telekanalına verdiyiniz müsahibədə Qazaxıstanda baş verən son hadisələrlə bağlı son dərəcə sərt danışdınız və bildirdiniz ki, “postsovet məkanının bütün dövlətlərinin ərazi bütövlüyü Rusiyadan asılıdır” və onların hamısı zərbə altında qalmamaq üçün Rusiyadan kömək istəməlidir. Siz keçmiş Sovet İttifaqı ölkələrinə öz suverenliklərindən imtina etməyi təklif edirsiniz, elə deyilmi?
- Siz suverenlikdən imtina etməyə bilərsiniz, lakin o zaman ərazi bütövlüyündən imtina etməli olacaqsınız. Hesab edirəm ki, suverenlik məsələsi bizim dövrümüzdə yeni məna kəsb edir. Müasir dünyamızda suverenlik böyük nüvə silahı arsenalına, nəhəng demoqrafik və təbii ehtiyatlara, geniş ərazilərə malik olan dövlətlərə məxsusdur. Digər, daha kiçik oyunçuların suverenliyi isə onların sübut oluna bilən tam hüquqlu, fundamental, real suverenliyə malik qütblərlə münasibətlərindən asılıdır. Müasir dünyada yalnız üç suveren qütb var. Bunlar ABŞ və NATO ölkələri – Qərb bloku, maliyyə qüdrətinə görə Çin və hərbi qüdrətinə hesabına Rusiyadır. İran, Pakistan, Hindistan və bu sıradan olan bir sıra başqa ölkələr suverenliyə, daha doğrusu müstəqilliyə can atırlar, lakin indiyə qədər bu ölkələrin heç biri tam mənasında qütb ola bilməmişlər. Ona görə də postsovet məkanı məsələsi indi çox kəskin şəkildə aktualdır. İndi və ya heç vaxt - bu, bütün postsovet respublikaları üçün prinsipial “həqiqət anı”dır. Onların əksəriyyəti uğursuz, baş tutmayan dövlətlərdir. Açıq danışaq - onlar Sovet İttifaqı dağılan zaman onun qalıqları üzərində yaranmış dövlətlərdir. Bu dövlətlər bütün baş verənlərə rəğmən Qərb sivilizasiyasının əsas geosiyasi rəqibi olaraq qalan Rusiya ilə mübarizə üçün Qərb tərəfindən dəstəklənirdi. Və ona görə də bu postsovet dövlətləri ikivektorlu siyasət yürüdürlər. Yəni qismən Rusiyaya, qismən də Qərbə tərəf baxırlar.
- Konkret hansı dövlətləri nəzərdə tutursunuz?
- Mən elə konkretləşdirmək istəyirəm, sözümü kəsməyin! Bu dövlətlərin çoxu məsələn, GUAM təşkilatında olanlardır. Onlar daha çox qərbyönlü orientasiyaya malikdirlər. Bu dövlətlər Gürcüstan, Ukrayna, Moldova, müəyyən vaxtlar, GUAM yaradılarkən Özbəkistandır. Lakin sonra vəziyyət dəyişdi, GUAM zəifləməyə başladı və AİB-KTMT ölkələri Qərblə əlaqələri davam etdirməklə daha çox Rusiyaya meylləndilər və məhz bu xüsusiyyət çoxvektorlu vəziyyət yaradıb ki, bu vəziyyət də artıq dalana dirənib. Və indi sual ondan ibarətdir ki, postsovet məkanının ölkələri kiminlə, daha doğrusu, üç qütbdən hansı ilə birlikdə olacaqlar? Çin Rusiyanın alternativi deyil. Çünki Rusiya ilə Çin elə bir strateji tərəfdaşlıq səviyyəsindədirlər ki, bu tərəfdaşlıq Qərbin hegemoniyasının zəiflədilməsinə yönəlib. Daha doğrusu, Rusiya ilə Çin iki anti-qərb qütbləridirlər. Ona görə də Çin və Rusiya, ya da Qərb arasında seçim etmək lazımdır. Bu seçim hər bir dövlətin qarşısında durur. Çoxqütblü dünyanı – Rusiya və Çini seçən dövlətlərə həmin qütblər ətrafında daha sıx birləşmək və bu iki qütb arasında seçim etməyi dayandırmaq təklif olunur. Daha doğrusu, elə qütbləri seçmək lazımdır ki, dövlət ona bağlanaraq suverenliyini itirməsin. İndi isə sizin sualınıza cavab verirəm. Ukrayna və Gürcüstan Qərbə doğru baxdılar və böyük ərazi itkiləri verdilər.
- Bəs son 30 ildə Rusiya bizi niyə dəstəkləmədi? Axı bizim torpaqlarımız bu müddət ərzində Ermənistanın işğalı altında qalıb və beynəlxalq hüquq pozmaqla ərazi bütövlüyümüzə qəsd edilib?
- Bu sualın aqressivliyini çox da bəyənmirəm, amma yenə də cavab verəcəm. Ermənistan Qərbə doğru hərəkət etmək istəyəndə Qarabağ üzərində nəzarəti itirdi. Çünki Rusiya Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına xeyir-dua verdi, lap elə müəyyən mənada dəstək verdi. Baxın, biz Bakı ilə dostuq, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək etmişik, dəstəkləmişik. Bu illər ərzində çox şey dəyişib. 90-cı illərdə Rusiyada Yeltsin qruplaşması hakimiyyətdə idi. Bu qruplaşmanın hakimiyyəti işğal rejimi idi. Putin hakimiyyətə gəldikdə tədricən özündə güc hiss etdikdən sonra Rusiyanın maraqlarına uyğun davranmağa başladı. Dostları dəstəkləməyə, rəqibləri cəzalandırmağa başladı. Məhz dostların dəstəklənməsi özünü Azərbaycanın ərazi bütövlüyünün bərpasının dəstəklənməsində göstərdi. Tərəddüd edənlərin cəzalandırılması da Paşinyanın timsalında özünü göstərdi. Gürcüstanın cəzası 2008-ci ildə, Ukraynanınki isə 2014-cü ildə verildi. İndi isə Qazaxıstandakı dostların dəstəklənməsi ordakı asayişi və siyasi legitimliyi qorumaq üçün KTMT-nin xilasedici qoşunlarının göndərilməsində təcəssüm olunur. İndi hər şey kəskinləşib - əsl vacib məsələ budur. Tonu dəyişmək lazımdır. Başa düşmək lazımdır ki, Putin indi elə bir vəziyyətdədir ki, yarımçıq hərəkətlərə dözə bilməz. O bu barədə həm Lukaşenkoya, həm də Tokayevə deyib ki, “dostsunuzsa, bu tərəfə keçin, yox əgər qərar verməmisinizsə açıq deyin - əgər kimin yanında olmaq barədə qəti qərar qəbul etməmisinizsə, onda başqa bir statusunuz olacaq”. Mən postsovet ölkələrindən danışıram. Əgər siz düşmənsinizsə, NATO tərəfdarısınızsa, Qərbə inteqrasiyaya can atırsınızsa, Qərb oyunçularını iqtisadiyyatınıza buraxıb britanlarla, anqlosakslarla flört edirsinizsə, bunun əvəzini ödəyəcəksiniz. Yəni biz təxminən belə bir durumdayıq. Eyni zamanda demək istəyirəm ki, Azərbaycan bizim üçün mühüm strateji müttəfiqdir, məhz Əliyevlə Putin arasında yaxşı münasibətlər getdikcə daha da inkişaf edib deyə, ölkələrimiz arasındakı münasibətlər yaxşı vəziyyətdədir. İndi Bakı üçün vacib olan yeganə şey Azərbaycanın postsovet məkanındakı inteqrasiya proseslərinə daha da yaxından qoşulmasının vaxtının çatmasıdır. Və mənə elə gəlir ki, Bakı artıq seçimini edib. Bu mənim şəxsi fikrimdir.
- Gəlin açıq danışaq. Moskva Azərbaycanı AİB və KTMT-yə israrla dəvət edir?
- Bəli. Bu barədə danışıqlar çoxdan gedir. Bunun baş tutmasına əngəl Rusiya-Azərbaycan sammitlərində də dəfələrlə qeyd olunduğu kimi, Qarabağ problemi idi. İndi bu problem həll olunub və gələcək yaxınlaşma prosesinin nə vaxt və hansı formada, hansı zaman intervalında, hansı şəraitdə baş verəcəyini rəhbərlərimiz özləri müəyyən etməlidirlər. Çoxları, o cümlədən, biz və yəqin ki Azərbaycan da Ermənistanın bu işə mane olacağından çəkinirdi. Amma indi ermənilər, məncə, Qarabağla bağlı ibrətamiz hadisədən sonra hər şeyi başa düşüblər. Başa düşdülər ki, Rusiya sadəcə itaət olunmayacaq ölkə deyil. Rusiyaya qulaq asmamaq – ağır nəticələrə səbəb olur. Paşinyan bundan nəticə çıxarıb və ona görə də rasional hərəkət edəcək, xüsusən ona görə ki heç kimin - nə Rusiya, nə Azərbaycan, nə də Türkiyənin Ermənistana qarşı heç bir pis tələbi yoxdur. Əgər Ermənistan düzgün davransa, bu, həm sizin, həm də bizim maraqlarımıza cavab verir.
- Sizin son fikriniz sovet dövrünün “Hər şey bütün dünyada sülh naminə” şüarını xatırlatdı.
- Heç də belə deyil. Biz bütün dünyada sülh naminə çalışmırıq. Bu şüar nədənsə həddindən artıq mücərrəddir. Bu sözlərə hansı mənanı istəsən yükləmək olar. Biz konkret olaraq postsovet məkanında sülh naminə çalışırıq və Rusiya bu dünyaya cavabdehdir.
- Belə olan halda bir məqamı izah edin, zəhmət olmasa. Siz daim Amerika siyasətini, ABŞ hegemonluğunu və s. tənqid edirsiniz, lakin bütün bunlarla bərabər Qazaxıstan kontekstində dediniz ki, “əgər Qazaxıstan rəhbərliyi Avrasiya xəttinə sədaqətini qarantiləyə bilməsə, vəziyyət daha da pisləşəcək və Qazaxıstanın ərazi bütövlüyünün taleyi sual altında olacaq”. Bu, təhdid etmək cəhdi deyilmi? Yoxsa sizcə, bu “dostluq xəbərdarlığı”dır?
- Bu, təkcə postsovet məkanına aid deyil. Hesab edirəm ki, Rusiyanın ərazi bütövlüyü bir maraq qütbüdür. Rusiya ona meydan oxuyanları cəzalandıra bilər, ya da əksinə, dostcasına dəstək verə bilər. İstənilən qütb belə edir. Biz bütün bu illər ərzində hər şeyin ABŞ-dan asılı olduğu birqütblü dünyada yaşamağa öyrəşmişik. İndi biz çoxqütblü dünyada yaşayırıq. Ona görə də ABŞ-ın təsiri və hegemonluğu kəskin şəkildə azalıb. Hardasa yenə də o həlledici qüvvədir. Məsələn, Suriyada, Yaxın Şərqdə amerikalılar ərazi bütövlüyünə “yox” dedi, Rusiya isə “hə” dedi və dağıdıcı prosesləri dayandırdı. Yəni bizə lazım olanda ölkəni dağılmaqdan xilas edirik, lazım olmayanda isə onun dağılmasına mane olmuruq. Və yadda saxlamaq lazımdır ki, istənilən cəmiyyətdə kifayət qədər xaos, tənəzzül meylləri var.
- Ermənistanda olduğu kimi?
- O cümlədən. Yəni, qeyd etdiyim kimi, hər üç qütbü nəzərə alıb “soyuq strategiya” qəbul etmək lazımdır. Çin Rusiyaya getdikcə yaxınlaşır, daim uyğunlaşır ki, bu da tamamilə məntiqli və rasional davranışdır. Ona görə də yaxşı olar ki, yalnız birqütblü dünyaya qarşı duran və öz mövcudluğu ilə birqütblü dünyanı ləğv edən Rusiya-Çin qoşa qütbü haqqında danışılsın.
- Sizcə, Rusiya Çinlə birlikdə ABŞ və NATO ölkələrinə meydan oxuya bilərmi?
- Bütün bunlar artıq baş verir. Suriyada türklər bizim təyyarəmizi vuranda məsələ demək olar ki, hərbi münaqişə astanasında idi. Üstəlik Türkiyənin ərazi bütövlüyü və kürd əhalisinin səfərbər olunması məsələsi də gündəmdə idi. Axı onlardan amerikalılar da Ərdoğana qarşı çevriliş cəhdi təşkil edərkən istifadə etmişdilər. Rusiya Ərdoğanı dəstəklədi və daha sonra Şimali İraq, Suriya və Türkiyənin özündə kürd separatçı hərəkatlarının səfərbərliyi izləndi. Türkiyə ərazisinin yarısında kürdlər yaşayır və bu, Türkiyənin ərazi bütövlüyünü təhdid edən amildir. Nə qədər ki Ankara Moskva ilə dostdur, türkləri heç nə təhdid etmir. Amerikanın Türkiyədəki separatizmi dəstəkləmək layihələrinə birlikdə qarşı çıxa bilərik. Amma Ankara Rusiyaya meydan oxusa vəziyyət dəyişə bilər. Rusiya ərazisinə az-çox bitişik olan hər bir dövlət üçün bu belə olacaq.
- Sirr deyil ki, Rusiya Türkiyəni AİB-də görmək istərdi. Amma əsas sual budur ki, Türkiyə özü bunda nə dərəcədə maraqlıdır?
- Əlbəttə. Mən Türkiyə rəhbərliyi ilə sıx əlaqə saxlayıram, onlar bu variantları düşünürlər. Ərdoğan, fikrimcə, artıq Qərblə körpüləri yandırıb. O çox gözəl anlayır ki, Qərb ölümcül təhlükədir, özü can verməkdə olan və hegemonluğunu itirmiş zəhərli qütbdür. Ona görə də mənə elə gəlir ki, hər şey türk dünyası üçün mümkün qədər əlverişli şəkildə inkişaf edir.
- Gəlin Qazaxıstana qayıdaq. Siz dediniz ki, “əgər Qazaxıstan rəhbərliyi inteqrasiya prosesinin davam etdirilməsinə və Avrasiya xəttinə sədaqətinə qarantya verə bilməsə, vəziyyət daha da pisləşəcək, yəni Qazaxıstanın ərazi bütövlüyü məsələsi sual altında qalacaq”. Bu xəbərdarlıqdır, yoxsa ultimatum?
- Baxır kiminçün necə. Yaxşı, istəyirsiniz xəbərdarlıq olsun. Məsələn, mən Nursultan Abişeviç Nazarbayevi şəxsən yaxşı tanıyıram, hətta onun haqqında kitab da yazmışam. O, uzun müddət Avrasiya modelinə sadiq oldu və çox yaxşı başa düşürdü ki, Rusiya və Çinə istiqamətlənmə Qazaxıstanın suverenliyinin əsas şərtidir. Amma təəssüf ki son on ildə dostum Serqey Qlazyevin də dəfələrlə dediyi kimi Nazarbayev və xüsusilə onun klanı bu modeldən uzaqlaşaraq getdikcə daha çox anqlo-sakson, britaniyalıların layihələrində iştirak etməyə başladılar, rus dilini ingilis dili ilə əvəzlədilər, iqtisadi inteqrasiyanı sabotaj etməyə başladılar. Ona görə də məhz Nazarbayevin Avrasiya oriyentasiyasından, Rusiyadan, vahid slavyan-türk blokunun yaradılmasından geri çəkilməsi indi yaranmış krizisə gətirib çıxartdı. Gələcəkdə bunun qarşısını almaq üçün orda Britaniyanın mövcudluğu minimuma endirilməli, inteqrasiya layihələrinin hakimiyyət tərəfindən sabotaj edilməsi dayandırılmalıdır.
- Qazaxıstan prezidenti Tokayev bütün bunlara hazırdırmı?
- Tokayev buna hazır olmalıdır. Çünki Qazaxıstan üçün yeganə yolunun seçimin bu olduğunu anlayaraq, əvvəlcə Nazarbayevin seçimini etdi. Korrupsioner qərbyönlü elita isə Qərbin dəstəyi ilə ifrat ssenariyə - sabitliyin pozulmasına getdi. Ona görə də hazırda Qazaxıstanda çoxvektorlu siyasətə qarşı heç bir reaksiya yoxdur. Və bu, doğrudan da ultimatumdur, amma nə mənim, nə də Rusiyanın deyil, siyasi məntiqin özünün ultimatumudur. Mən təəccübləndirən odur ki, Nazarbayev geosiyasət, böyük oyun, çoxqütblülüyün qanunlarını postsovet məkanının digər dövlət başçılarından, hətta Putindən də yaxşı başa düşür, bunu öz məqalələrində, söhbətlərində, çıxışlarında çox aydın şəkildə təsvir edirdi. Son on ildə nə baş verib bilmirəm. Güman edə bilərəm ki, nədənsə, ola bilsin, korrupsiya mühiti, Amerika, Britaniya və ya Avropanın Qazaxıstandakı nüfuz agentləri və ya klanlar üzərində hansısa kompromatlar vasitəsilə postsovet məkanının inteqrasiyası ilə bağlı bu Avrasiya xətti ləngidi və təxirə salındı. İndi Qazaxıstan bütün bunların bəhrəsini görür. Sadəcə güman edə bilərəm ki, nədənsə, ola bilsin ki, korrupsioner ətrafı, Amerika, Britaniya və ya Avropanın Qazaxıstandakı təsir agentləri və ya klanlar üzərində hansısa kompromatlar vasitəsilə Avrasiya xətti tormozlanmağa başlanıldı və təxirə salındı. Qazaxıstan indi bütün bunların bəhrəsini görür.
- Yəni başqa seçim yoxdur? Rusiyanın dəstəyini qazanmaq üçün bütün Qərb tərəfdaşlarını Qazaxıstandan qovmaq, xarici layihələrdən imtina etmək lazımdır?
- Söhbət Qərbin Qazaxıstanın strategiyasına həlledici təsir göstərə bilməməsindən gedir. Rus dilinin ingilisdilli proqramlar tərəfindən bütün təhsil layihələrindən çıxarılması Rusiyaya meydan oxumaqdır. Buna son qoyulmalıdır. İngilislərin əlində olan ən mühüm resursları və aktivləri Qazaxıstan milli idarəetməsinə qaytarmaq lazımdır. Məsələ burasındadır ki, eyni zamanda iki stulda oturmaq mümkün deyil. Bunu Ukrayna hadisələri, Poroşenkonun timsalında göstərdi və bu, bütün postsovet ölkələrinin liderlərinə aiddir. Stul seçin. Əgər Rusiya stulunu seçirsinizsə, o zaman bizə yaxınlaşın, bizimlə qaydalar çərçivəsində oynayın, yaxşı dost olun, biz də sizə eyni şəkildə cavab verəcəyik. Qazaxıstandakı iğtişaşları biz təşkil etsəydik, başqa məsələ olardı. Orda hər şey bizsiz başladı. Biz ora dost kimi gəlmişik, lakin bütün bu hadisələrin arxasında kimin dayandığını anlamaq lazımdır.
- Bəs siz bilirsiniz?
- Təbii ki, mərkəzdə Nazarbayevin ölkəyə buraxdığı qərb şəbəkələri dayanır. Və burda xatırlatmaq yerinə düşər ki, Aktauda kütləvi nümayişlərə səbəb olan maye qazın qiymətinin 100%-ə qədər artıran Britaniya şirkətləri idi. Bu, sırf təxribat idi. Yəni qiymətləri qaldıran hökumət yox, Nazarbayevin satdığı şirkətlərin ingilis sahibləri oldu. Lakin sonradan xalq etirazları silahlı üsyana çevrildi və muzdlular orataya çıxdı və s. Onlardan biri Ablyazov idi - bizim Xodorkovski və ya Berezovski kimi qaçaq oliqarx - bir neçə milyard dollar oğurlayan oğru. Eyni zamanda Ərdoğanın rəqibi olan, Qazaxıstanda kök salmış gülənçi şəbəkələr idi ki, onlar Nazarbayev tərəfindən təmizlənməmişdi. Prezident Tokayevin dediyi kimi, islam fundamentalistləri və hər cür muzdlular var idi. Əgər qiyamçıların arxasında Avrasiya inteqrasiyasına qoşulmaq istəməyən, korrupsioner elitanın bir hissəsini təşkil edən elita qrupu olmasaydı, bütün bunlar baş verməzdi. Məsələn, Məsimov. Bilirik ki, o Hunter və Co Baydenlə sıx əlaqə idi. İndi o dövlətə xəyanətə görə həbs olunub. Bütün bu izlər ABŞ, Mərkəzi Kəşfiyyat İdarəsi, bir sıra birbaşa və ya dolayısı ilə proxy qərbyönlü strukturlara və Nazarbayevə yaxın korrupsiyaya bulaşmış klanlara aparır. Tokayevin Rusiya ilə yaxınlaşması onların sıralarında çaxnaşma yaradıb. Prinsipcə bu Qazaxıstan prezidentinin də dediyi kimi əslində dövlət çevrilişinə cəhd idi.
- Sizə elə gəlmirmi ki, Nazarbayev Rusiyanın maraqlarına uyğun gəlməyi dayandırdıqdan sonra onu böyük siyasətdən uzaqlaşdırdılar?
- Son on ildə o özü Avrasiya inkişaf modelindən uzaqlaşıb. Bu, strateji prioritetlərin dəyişməsidir. O üç qüvvə ilə oyuna əsaslanaraq Qazaxıstandan Sinqapur yaratmaq qərarına gəlmişdi. Maliyyə sferasının əhəmiyyətli bir hissəsinin tədricən keçdiyi Çin, layihənin ideoloji kurasiyası həvalə edilmiş Qərbi təmsil edən Britaniya və Qazaxıstana o qədər də lazım olmayan güc faktoru olan Rusiya arasında oyun oynayırdı. Yəni, sadəcə olaraq geosiyasi hesablama səhv idi. Qəribə olan budur ki, Nazarbayev başa düşürdü ki, bunu etmək olmaz. O başa düşürdü ki, çoxqütblülük bir taledir, birqütblü hegemoniya ilə flört etmək olmaz. Buna baxmayaraq etməli olmadığını etdi. Bu, keçmiş prezidentin böyük strateji səhvi idi. Bilirsiniz mənə nə söz vermişdi? O mənə demişdi ki, prezidentlikdən gedib Avrasiya Beynəlxalq Hərəkatının rəhbəri olacağam, çünki bu, Avrasiyanın taleyidir, bu, tarixi faktdır. Bu arada o tarixə düşə bilərdi. Amma yox. Qərbə stavka etmək hətta Nazarbayev kimi gözəl insan üçün də dağıdıcı, məhvedicidir.
- Nazarbayevin taleyi haqqında nə bilirsiniz?
- İndi çox söz-söhbətlər gəzir. Onun uzun müddətdir ki, vəziyyətinin pis olduğu məlumdur. Ona görə də onun sağ olub-olmadığını, sərbəst şəkildə hərəkət edə bilib-bilmədiyini söyləmək çətindir. Hazırda bununla bağlı çoxlu dezinformasiyalar yayılıb. İndi bunun prinsipial əhəmiyyəti yoxdur. Əsl subyektiv lider isə Tokayevdir. O hakimiyyətin güc bloku üzərində idarəetmə strukturunu tamamilə dəyişdirdi. Ona görə də biz indi Tokayevlə danışırıq. Əgər o hələ də mentalitetini qoruyub saxlayırsa, o zaman səhvləri barəsində yenidən düşünmək və onları Qazaxıstan xalqı qarşısında vicdanla etiraf etmək imkanı var. Tokayevin mövqeləri xilas edilib. Lakin liderin kim olacağına qazax xalqı özü qərar verməlidir. Tokayev Qazaxıstanın Suriya ssenarisinə, vətəndaş müharibəsinə doğru yuvarlanmasının qarşısını praktiki olaraq aldı və o yalnız indi real güc və subyektivlik sınağından keçdi. Ona görə də onun mövqeyi möhkəmlənəcək. Əgər o nəticə çıxarıb sələfinin səhvləri üzərində işləsə, yəni qərbyönümlü korrupsioner elitanı, müxtəlif klanları Qazaxıstandan təmizləsə, o zaman onun postsovet məkanının yeni siyasi ulduzu olmaq şansı var. Deməli, Qazaxıstanı Avrasiya çoxqütblü paradiqması çərçivəsində, Rusiya və Çinlə dostluq şəraitində suverenliyini möhkəmlədəcək bir siyasi kursla aparacaq lider olacaq.
- Siz AİB abbreviaturasından “iqtisadi” sözünün çıxarılmasını təklif edəndə nəyi nəzərdə tuturdunuz?
- Sizə belə deyim də. Hələ 90-cı illərdə Nazarbayev “iqtisadi” sözü olmayan Avrasiya Birliyinin yaradılması ideyasını irəli sürmüşdü. Hətta sonralar onunla bu barədə bir neçə dəfə danışmışıq. O postsovet məkanının KTMT-nin vahid hərbi-strateji strukturu kimi çıxış etdiyi, avrasiyaçılıq ideologiyasının hakim olduğu vahid ideoloji vektora malik, Rusiyanın mərkəz rol oynadığı bir növ vahid konfederativ birlikdə birləşməsinin tərəfdarı idi. Amma eyni zamanda Nazarbayev bildirirdi ki, türk faktoru və islam dünyası olmadan belə Birlik tam ola bilməz. Və o Qazaxıstanı islam və türk xalqlarının İttifaq daxilindəki təmsilçisi rolunda görürdü. Lakin sonradan Putin buna razılıq verəndə elə həmin qazaxlar “yox” dedilər, və bildirdilər ki, Avrasiya Birliyini yaratmağın vaxtı deyil, gəlin yalnız iqtisadiyyatdan danışaq. Məhz onlar “iqtisadi” sözünü əlavə etdilər və AİB-ni bir növ axsaq struktura çevirdilər. Əslində Nazarbayevin nəzərdə tutduğu Avrasiya Birliyi yaratmaq lazımdır, çünki bu, gözəl ideyadır.
- Avropa İttifaqı ilə mübarizə aparmaq üçün?
- Belə daha başa düşülən və proqnozlaşdırılan olduğu üçün.
- Söhbətin sonunda məndə belə bir təəssürat yarandı ki, siz “SSRİ 2.0”-nin yenidən reanimasiya edilməsi ideyasının tərəfdarısınız.
- SSRİ kommunist ideologiyasına əsaslanan bir ideoloji kostruksiya idi. Ona görə də kommunist ideologiyası olmadan SSRİ-ni bərpa etmək mümkün deyil. Mən bu ideyanın tərəfdarı deyiləm, üstəlik mən bunun mümkün olacağına əmin deyiləm. SSRİ-nin yerləşdiyi bu əraziləri isə 1917 və ya 1922-ci illərdə nə kommunistlər, nə də bolşeviklər birləşdirməmişdi. Bu ərazilər Rusiya İmperiyasının əraziləri idi. İmperiya bu əraziləri və xalqları öz elitası ilə birlikdə öz bayrağı altında cəmləşdirmişdi və onlarla birlikdə imperiyaya çevrildi. Onları nə qula, nə koloniyaya deyil, sadəcə başqa xalqların məskunlaşdığı əyalətə çevirdi. Rusiya İmperiyası heç vaxt etnik qurum olmayıb və hesab edirəm ki, bizim yaşadığımız indiki şəraitdə SSRİ-ni bərpa etmək aktual deyil. Ortaq tariximizə əsaslanan, lakin yeni üfüqlərə, yeni formalara, ideoloji-siyasi hədəflərə çatmağa yönəlmiş gələcəyin dövlətini, böyük məkanı - Avrasiya Birliyini yaratmaq lazımdır. Köhnədən nəsə qalmalıdır, amma biz irəliyə doğru getməliyik. Avrasiya Birliyinin əsas özəlliklərindən biri odur ki, burda türklər üstünlük təşkil edirlər. Türklərin üstünlük təşkil etdiyi bütün təşkilatlar gözəldir və bizim üçün ilham mənbəyi olmalıdır.
Hazırlayan: Mətanət Nəsibova caliber.az Tərcümə: Cəmil Şirvanov
Комментариев нет:
Отправить комментарий