01.01.2022

RUS İMPERİYASININ CAZİBƏSİ ÖNÜNDƏ HEÇ BİR TƏFƏKKÜRLÜ, YARADICI VƏ HİSSİYYATLI İNSAN DAYANA BİLMƏZ


Valeri Korovin

Gələcəkdə yaranacaq Rusiya İmperiyasında idarəetmə sisteminin necə olacağına aydınlıq gətirmək istəyirəm.
Gələcəkdə Rusiya imperiyaçılığı strateji və mədəni-məişət səviyyəsi olmaqla 2 növ idarəetmə səviyyəsini nəzərdə tutur. Strateji səviyyədə idarəetmə odur ki, imperiyanın mərkəzləşdirilməsini, birliyini və təhlükəsizliyini təmin edən ciddi nəzarət olunan vertikal qurulur. Lakin imperiya elitalarının nəzarətində yalnız o sahələr olacaq ki, bunlar müdafiə qabiliyyəti, təhlükəsizlik, ərazi bütövlüyü, makroiqtisadiyyat, infrastruktur məsələləri və imperiyanın informasiya siyasəti ilə bağlıdır – yəni strateji sahələr. Bütün qalan məsələlər isə yerlərdə həll olunacaq, yəni mədəni-məişət səviyyəsinə aid ediləcək. Xalqlar, etnoslar, mədəni avtonomiyalar və icmalar öz yaşayış parametrlərini özləri müəyyənləşdirəcək, öz varlıqlarının məişət, iqtisadi və hətta hüquqi formalarını plüral şəkildə özləri realizasiya edəcəklər. Burda bir şeyi qeyd etmək vacibdir. Hansısa siyasi atributlara və siyasi özünütəyinetməyə eyham da ola bilməz, belə ki siyasət, hakimiyyət məsələsi, siyasi təşkilatlanma tam imperiya elitalarının kompetensiyasında olacaq. Onlar da öz növbəsində imperiyanın etnoslarının, xalqlarının, avtonomiyalarının və icmalarının məişət həyatına, yaşam tərzinə, mədəni və dini xüsusiyyətlərinin nizamlanmasına qarışmayacaqlar. Müdaxilə yalnız o zaman olacaq ki, təhlükəsizliyə, ərazi bütövlüyünə, imperiya infrastrukturuna hansısa təhdid ortalığa çıxacaq və yaxud imperiya subyektləri arasında hansısa böyük konflikt baş verəcək. Beləliklə, bizim yanaşmada mədəni, etnik, dini, dil, hətta hüquqi rəngarənglik formaları imperiya çərçivəsində - normaldır. Hər xırda detalına kimi bütün məsələlərə müdaxilə edən, məişət işlərinə kimi bütün işləri reqlamentasiya və nizamlamaqla məşğul olan, hamıya eyni yanaşmalar tətbiq edən milli dövlətçilikdən fərqli olaraq bizim imperiya mədəni-məişət məsələlərinə qarışmayacaq. Bizim imperiya – rəngarəngliyin strateji birliyidir, onun vəhdətinin, stabilliyinin və davamlılığının qarantı da bundadır.
Keçmişdə olduğu kimi gələcəkdə də rus xalqı imperiya yaradan xalq kimi mərkəzdə duracaq. Orqanik, kollektiv, etnosların üstündə dayanan icma kimi rus xalqı şərqi slavyanların, fin-uqorların və türklərin vahid birliyini özündə ehtiva edir. Bu xalqların mütəşəkkil sosial birliyi tarixə rus xalqı adı ilə düşüb. Nəticədə çoxsaylı dialektlərdən və ləhcələrdən ümumi dil yaranıb, kontinental imperiya dövlətçiyini quran vahid mədəni mühit formalaşıb.
Gələcəkdə bu cür yeni Rus İmperiyasının qurulması – özü özlüyündə çox maraqlı, kreativ və intellektual prosesdir. Bu imperiyanın təcəssümü, həyata keçirilməsi, realizasiyası və yaradılması – həddən artıq həyacanverici, riqqətəgətirən və valehedicidir. Bizim önümüzdə böyük Rus İmperiyası dünyası durur ki, onun cazibəli və möhtəşəm manifestasiyası qarşısında heç bir təfəkkürlü, yaradıcı və hissiyyatlı insan dayana bilməz.

Комментариев нет:

Отправить комментарий