14.03.2023

ŞƏBƏKƏNİN XÜSUSİYYƏTLƏRİ


Valeri Korovin

Bilməyimizin vacib olduğu şəbəkənin əsas əlamətləri hansılardır? İlk növbədə, şəbəkə vahid mərkəzdən idarə olunmur. Bununla yanaşı, şəbəkə müharibəsində “komandirin niyyəti” deyilən anlayış var. Şəbəkə iştirakçıları ümumi məğzi başa düşürlər və özləri baş verənlərin mənasını anlamalıdırlar. Onlar birbaşa komandalar almırlar; “ora get”, “bunu et” – bunlar modern dövrünün klassik ordularına xasdır. Şəbəkə müharibəsi özündə tam başqa cür idarəçiliyi ehtiva edir. Şəbəkə özü öz işini zənn etdiyi “komandanlığın” son niyyətinə uyğun şəkildə görür. Ümumi götürəndə komandanlığın özü isə onu adətən təsəvvür etdiyimiz formada yoxdur. Şəbəkə əməliyyatına heç kəs komandanlıq etmir. Bəli, bəzi analitik, ekspert mərkəzləri var ki, müxtəlif strategiyalar hazırlayırlar. Onların fəaliyyəti açıqdır, materiallarını isə hamı oxuya bilir və bir çox hallarda tətbiqi xarakter daşımır. Polittexnoloji mərkəzlər, piar kontoralar, ictimaiyyətlə əlaqə xidmətləri, KİV və s. – analitik ekspert strukturlarından da çoxdur. İkincilər birincilərin araşdırmalarından istifadə edirmi? Ola bilər. Məhz hansılardan və nə dərəcədə – gəl indi baş aç. Bu agentliklərin çoxu hansısa maliyyə strukturlarının qrantları hesabına yaşayır, bəziləri sadəcə bankların və ya maliyyə kompaniyalarının xidmətindədir. Bəs bu kompaniyalar ABŞ-ın hökumət strukturları ilə, Dövlət Departamenti ilə, Ağ Ev ilə, Federal Rezerv Xidməti ilə necə əlaqəlidirlər? Elə qlobal maliyyə dünyasındakı bütün kompaniyaların, bütün firmaların və bankların bir-biri ilə əlaqədə olduqları kimi. Belə şəbəkələrdə əlaqələrin sayı riyazi çoxluqda olduğu kimi artır. Con Perkins gizlətmir ki, bütün bu saysız-hesabsız qeyri-hökumət təşkilatları və analitik mərkəzləri istəsələr də, istəməsələr də birbaşa və ya dolayısı amerikan hökumətinin maraqları üçün işləyirlər: “Mən təsəvvür etməzdim ki, bütün dünyaya səpələnmiş yüzlərlə adam, qadın və kişi konsaltinq kompaniyalarına, firmalara və digər şəxsi təşkilatlara çalışırlar. Bu adamlar heç vaxt heç bir dövlət agentliyindən bircə penn də olsun dövlət maaşı almayıblar, lakin imperiyanın maraqlarına işləyirlər”.
İndi gəlin amerikanların Praqada yaratdığı elmi analitik “botanik” mərkəzinin Ukraynadakı inqilab ilə əlaqəsini sübut edin!..
Bəzi mülahizələr var ki, bu mülahizələr şəbəkə əməliyyatı mərkəzi tərəfindən səsləndirilə bilər – məsələn, KİV-də, hansısa konqreslərdə, forumlarda, simpoziumlarda. Bunlar rəsmi bəyanatlar da ola bilər, elmi mərkəzlərin məruzələri, hökumət üzvlərinin və rəsmi şəxslərin müraciətləri, polittexnoloqların müsahibələrindəki işarə vermələri, siyasətçilərin və ictimai şəxslərin fikirləri də. Bütün bunlar elə şəbəkə hesab olunur, yəni həmin mərkəzlər tərəfindən irəli sürülən, yönləndirilən, qoşulan strukturlardır. Ardınca haqqında danışdığımız strukturlar həmin səsləndirilən niyyətə uyğun, yaranmış vəziyyətdən çıxış edərək, sərbəst qərar verməklə hərəkət edirlər. Onlar komandirin niyyətini tuturlar və vəziyyətı uyğun davranırlar. Əgər əməl uğursuz alınırsa, iflasa uğrayırsa və ya ümumiyyətlə həyata keçirilmirsə, şəbəkə mərkəzi buna görə heç bir birbaşa məsuliyyət daşımır və şəbəkəni başqa şəkildə konfiqurasiya edir. Elə “mərkəz” deyilən şeyin özü də yoxdur. Elmi ekspertiza laboratoriyaları – məgər mərkəzdir? Xeyr, onlar yalnız quru teoretik hesablamalarına görə məsuliyyət daşıyırlar. Piar strukturları, KİV? Aydındır ki, onlar icraçılardır. ABŞ hökuməti? Aydındır ki, bu onların kompetensiyasında olan məsələ deyil, bütün şəbəkə əməliyyatları QHT müstəvisində aparılır. ABŞ Dövlət Departamenti? Ola bilər. Lakin sübutlar, zənglər, danışıqların yazısı varmı? Yoxdur, onlara heç Wikileaks bazasında da rast gəlinmir. Beləliklə, qərarların qəbul edilməsi “mərkəzi” ilə “icraçılar” arasında heç bir bağlılıq yoxdur, komandirin niyyəti ilə bağlı informasiya isə açıq kanallarla ötürülür.
Bununla əlaqədar şəbəkə müharibəsinin vacib anlayışı olan özünüsinxronizasiya haqqında da danışmaq lazımdır. Bu o deməkdir ki, şəbəkənin qovşaqları avtonom şəkildən, “mərkəzdən” asılı olmadan hərəkət edə bilirlər ki, başlıca strategiyanın yeridildiyi, tapşırıqların göndərildiyi və konkret əməllərin icra olunduğu mərkəzi açmaq, müəyyənləşdirmək mümkün olmasın. Şəbəkənin qovşaqları “mərkəzsiz” işləyirlər, belə ki çox hallarda mərkəzin və ya qərarların qəbul edilməsi mərkəzlərinin konkret olaraq harda yerləşdiiyi haqda anlayışları da olmur. Şəbəkə kontentə uyğun öz-özünə orientasiya olunur. Hər bir qovşaq xəbəri, tapşırığı, informasiyanı və ya sorğunu özü kimi digər qovşaqdan alır. Şəbəkə qovşaqları praktiki olaraq avtonom strukturlar da ola bilərlər ki, bir-birləri ilə horizontal şəkildə əlaqədədirlər. Eyni zamanda onlar ən ağlasığmaz yerlərdə, məsələn, düşmənin qərar qəbul etmə məkanlarında, o cümlədən KİV-lərdə, ictimai strukturlarda da yerləşə bilərlər. İşlək şəkildə bir-birləri ilə əlaqəyə çıxmaqla onlar tapşırıqların verildiyi mərkəzi bilindirmirlər, çünki onun haqda heç təsəvvürləri də yoxdur. Lakin şəbəkə strukturu qovşağının və ya “idarəetmə mərkəzinin” üzə çıxaraq açıldığı halda da onların əlaqəsi tam yox, yalnız dolayısı şəkildə sübut oluna bilər. Beləliklə, adətən belə götürülür ki, mərkəz yoxdur, komandirin niyyəti hesablanaraq müəyyənləşdirilir, şəbəkə isə tapşırıqlara və imkanlara uyğun olaraq özü-özünü nizamlayır, yəni özünüsinxronizasiya edir və dəyişən şəraitlərə adaptasiya olunur.
Şəbəkə əməliyyatının uğurlu həyata keçirilməsi üçün həm də xəbərlər paketindən ibarət olan “komandanın” verilməsinin sürəti və geriyə cavab əlaqəsinin sürəti kimi faktorlar da vacibdir. Sürət yeni informasion və texnoloji nailiyyətlərdən istifadə etməklə təmin olunur. Və kommunikasiya nə qədər sürətlidirsə, bir o qədər effektivdir, belə ki məlumatların ötürülməsi tezliyi tayminqi təmin edir. 10 dəqiqə ərzində kolossal effekt gətirən şey 4 saatdan sonra mənasını və gücünü itirir. Bəzi hallarda isə hətta saniyələrin də qiyməti olur.
Bir daha baza anlayışına qayıdaq: “Şəbəkə əməliyyatı – sülh, böhran və müharibə vəziyyətlərində neytral qüvvələrin, düşmənlərin və dostların özünü necə aparacağını formalaşdırmağa istiqamətlənmiş hərəkətlərin məcmuəsidir”. Yəni şəbəkə əməliyyatı hələ isti fazanın başlanmasına kimi həyata keçirilir. İsti faza başlanarkən gedən bütün prosesləri kurasiya etmək üçün aparılır. İsti fazanın bitməsindən sonra isə nəticələr fiksasiya edilir və əldə olunanlar möhkəmləndirilir.
Başqa sözlə, şəbəkə müharıbələri əvvəlki dövrlərin müharibələrindən fərqli olaraq daim və hamıya qarşı gedir.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий