15.01.2020

“Gilan”-a aid tikinti obyektində insident: Türkiyəli menecerlər Azərbaycanı təhqir etdilər, dava düşdü

Azərbaycanlıların ən çox istismara və təzyiqə məruz qaldığı ölkə Azərbaycandır. Əcnəbilərin ən yaxşı yerlərdə işlədiyi, sərvətlərimizin qaymağını yediyi ölkəmizdə öz vətəndaşlarımıza qara işlərdə çalışmaq qismət olur.
Bu da azmış kimi, öz ölkəsində ən ağır işləri görən sadə vətəndaşlarımız əcnəbilərdən dəfələrlə az maaş alması bir tərəfə, həm də xarici patronları tərəfindən aşağılanırlar. Bir zamanlar Xəzər dənizində xarici şirkətlərdən birinə məxsus gəmidə Azərbaycan bayrağının təhqir olunması, yəqin ki, bir çoxlarımızın yaddaşından silinməyib. Amma deyəsən bizi öz ölkəmizdə təkcə ingilislər təhqir etmirlər. Qanı qanımızdan olan, “bir millət, iki dövlət” deyərək öyündüyümüz türk patronlar da öz ölkəmizdə qara qul kimi işlətdikdikləri azərbaycanlıllara ingilisdən fərqli yanaşmırlar.
Ovqat.com-un etibarlı mənbələrdən aldığı məlumata görə, dünən “Crescent development project”ə aid tikinti obyektlərindən birində də bənzər hadisə yaşanıb.
Bildirilir ki, iş saatını qanunsuz olaraq 1 saat artıran türk mühəndislərə yerli işçilərimiz bunun səbəbini soruşublar. Əvəzində isə ağır cavab alıblar. Onur Acıyel və Oğuz adlı menecerlər azərbaycanlı fəhlələrə “siz qudurğan millətsiniz” deyiblər. Bundan qəzəblənən fəhlələr ağzının danışığını bilməyən türk menecerləri bərk döyüblər. İnşaata rəhbərlik edən digər türkiyəlilər də öz yerlilərinin köməyinə gəliblər. Beləcə, insident döyüyüb. 3-4 nəfərin ağır xəsarət aldığı dava Onur Acıyelin üzr istəməsi ilə səngiyib. Məlumata görə, menecer öz üzrxahlığını səsgücləndirici vasitəsilə edib.
Qeyd edək ki, insident Dəniz Vağzalının yanında inşa edilən Aypara şəhərciyində baş verib. Şəhərcik Azərbaycanın ən iri tikinti layihələrindəndir. 2013-ci ildə tikintisinə başlanılan bu şəhərçikdə “Aypara Sarayı” (Crescent Palace), “Aypara şəhərciyi” (Crescent City) və “Aypara oteli”indən (Crescent Otel) ibarət iri komplekslər inşa olunur. Layihədə  həmin ərazidə yaşayış kompleksi, Azərbaycanın ən hündür mərtəbəli oteli və iri ticarət mərkəzinin inşasını nəzərdə tutulur.
Maraqlıdır ki, 2013-cü ildə inşasına başlanılan bu tikintilərin icazəsi 6 ildən sonra  - 2019-cu ildə alınıb. 26 iyul 2019-cu il tarixində Nazirlər Kabineti tərəfindən verilən icazə kağızında göstərilib ki, həmin ərazidə 41 mərtəbəli (43 201 kv. m.) ofis binası, 6 mərtəbəli alış-veriş mərkəzi, 32 mərtəbəli yaşayış binası və 29 mərtəbəli otel inşa olunacaq. Layihənin “Gilan Holding”ə aid olduğu vurğulanır. Belə görünür ki, “Gilan Holding” arxasında dayanan iri məmurların himayəsilə əvvəl tikib sonra sənəd alırmış. Bir növ işi, türklər demişkən, “oldu-bitdi”yə gətirirmişlər.
Layihə ilə bağlı verilən məlumatlara görə, şəhərçikdə inşa olunan «Aypara Sarayı»nın hündürlüyü 57,2 metr təşkil edəcək. Bu bina 32 mərtəbədən ibarət olacaq və burada 128 modern yaşayış mənzili yerləşəcək. “Aypara oteli”nin hündürlüyü isə 166,6 metr olacaq. Otel binasının 36 mərtəbəli olması nəzərdə tutulub. Bu layihədə ən yüksək mərtəbəli bina isə «Aypara şəhərciyi» olacaq - 203,8 metr. Bina 41 mərtəbəli olacaq və burada yalnız ofislər yerləşəcək. Tikintilərdə artıq son tamamlama işləri görülür.
Görünür, layihənin sahibləri bir an öncə qazanc götürmək məqsədilə işi tezləşdirməyə çalışırlar. Bunun üçün isə binəva azərbaycanlı fəhləsinə alın tərinin belə haqqını vermək istəmirlər.
Məlumatlı mənbənin dediyinə görə, Aypara şəhərçiyində əcnəbi hegemonluğu ən yüksək səviyyədədir. Şəhərçiyin bütün inşa işləri Türkiyə şirkəti olan “İlk İnşaat Taah. San. ve Tic. A.Ş”-yə verilib. O da ən yağlı işlərə Türkiyə vətəndaşlarını və şirkətlərini cəlb edib. Azərbaycan vətəndaşlarına düşən isə “qara-qura” işlərdir. Üstəlik, binəva azərbaycanlılar normal iş vaxtından daha artıq işlədilir və bunun müqabilində hər hansı ödəniş də ala bilmirlər.
Ötən gün şirkətdə baş verən insident də məhz bu səbəbdən çıxıb. Bu gün isə müftə əlavə iş vaxtı ləğv olunub.
Şəkildə: Azərbaycanın puluyla bəslənib azərbaycanlıları “qudurğan” adlandıran Onur Acıyel. /ovqat.com/

Комментариев нет:

Отправить комментарий