28.01.2020

Günel Həsənova - Yol hekayələri

YAXŞILIQ

Bu gün avtobusla dərsdən çıxıb evə gəlirdim. Avtobusa minəndə iki boş yer gördüm. Onun birinə çantamı qoydum, digərində isə özüm oturdum. Bu zaman avtobusa qoca baba və nənə girdilər. Baba çəlik ilə gəzirdi. Avtobusda boş yer yox idi. Mən ayağa qalxdım və qocaları yer verdim.
Yolboyu aya qüstə qalsam da, ürəyim çox rahat idi.
Avtobus dayandı və mən düşəndə ətrafa baxmağa başladım. Evimiz yolun o biri üzündə idi. Məndən bir az aralıda qoca bir nənə dayanmışdı. Bu nənəyə yerimək çətin idi. Həm də yol çox enli olduğundan keçərkən yubanacaqdı. Nənəyə kömək etmək qərarına gəldim. Ona yaxınlaşdım və yolun o biri üzünə keçməkdə kömək etdim. Biz yolu keçəndən sonra nənə məni qucaqlayıb üzümdən öpdü.
Evə çatanda bütün bunları atama və anama danışdım. Onlar mənim hərəkətlərimi alqışladılar. Ancaq bir problem var idi; qıçım bərk ağrıyırdı. Buna baxmayaraq mən sevinə-sevinə deyirdim: “Eybi yoxdur, bu xeyirxah işləri görmüşəmsə, demək qıçımın ağrısına dözərəm”.

QONAQLIQ

Bir dəfə Elşad atası ilə uzaq bir ölkəyə getmək məcburiyyətində qaldı. O dostlarını uzun müddət görməyəcəyini düşünüb qonaqlıq vermək fikrinə düşdü və iki nəfər sinif yoldaşını evinə dəvət etdi.
Onlar oturub söhbətləşdikdən sonra Elşad dostlarını bağa gətirdi. Bağda nar, armud, gilas, gavalı, heyva və başqa cür meyvə ağacları var idi. Elşad müxtəlif meyvələr dərib qaba yığdı, suda yudu və qarağacın altındakı taxta mizin üstünə qoydu.
Dostlar meyvə yeyə-yeyə maraqlı söhbət edirdilər. Elşad xırda hekayələr yazırdı. Dostları məktəbdə Elşadın hekayələrini oxumuşdular. Onlar bu hekayələr barədə danışırdılar. Elşad dostlarına təklif etdi ki, onlar da başlarına gələn hadisələr barədə hekayələr yazsınlar, sonda bu hekayələri bir yerə toplayıb birgə hekayələr kitabı nəşr etdirsinlər. Elşadın təklifi dostlarının xoşuna gəldi. Bundan sonra Elşad vərəqə yazdığı gülməli hekayələrindən birini gətirdi, oxumağa başladı. Dostlar hekayədəki mövzunu müzakirə edərək bir xeyli güldülər.
Elşad atası ilə bazardan aldığı səfər çemodanını gətirib dostlarına göstərdi. O söz verdi ki, səfərdən qayıdanda dostlarına konfetlər və cürbəcür şirin şeylər gətirəcək. Dostlar xahiş etdilər ki, Elşad gəzdikləri maraqlı yerlərin şəkillərini də çəkib onlara göstərsin. Sonda onlar qucaqlaşdılar və ayrıldılar.

VƏLİ BABA VƏ NURGÜL NƏNƏ

Biri var idi, biri yox idi. Bir kənddə Vəli baba və Nurgül nənə adlı ailə yaşayırdı. Onlar çox xeyirxah, mehriban və zəhmətkeş insanlar idilər.
Onların Ədalət adlı bir oğlu vardı. Ədalət şəhərə işləməyə getmişdi. O uzun müddət idi ki şəhərdə həyat yoldaşı və iki oğlu ilə şəhərdə qalırdı. Vəli baba oğlundan sarı darıxırdı və onun haqqında xəbər eşidəndə çox sevinirdi.
Bir dəfə Ədalət zəng edib Vəli babaya bazar günü ailəsi ilə kəndə gələcəyini bildirdi. Vəli baba sevincək gedib bu xəbəri Nurgül nənəyə dedi. Nurgül nənə də sevincindən bilmədi nə etsin.
Bazar günü onlar hər şeyi hazır etmişdilər. Vəli baba bazarlıq etmişdi, Nurgül nənə isə dadlı yemək bişirmişdi.
Artıq günorta olmuşdu. Birdən qapı döyüldü. Vəli baba tez gedib qapını açdı. Bu Ədalət və onun ailəsi idi.
Vəli baba onlarla görüşüb içəri dəvət etdi. Nurgül nənə səsi eşidib həyətə çıxdı, oğlunu və onun ailəsini görən kimi az qaldı sevincindən uçsun. Nurgül nənə onları qucaqlayıb o ki var öpdü.
Süfrə başında deyib gülərək söhbət edirdilər. Yeməkdən sonra Vəli baba və Ədalət həyətə düşdülər. Rüfət və Elnur da babalarının ardınca düşüb gəldilər. Nurgül nənə və gəlini Gülnar isə uşaqların əşyalarını yerbəyer etməyə başladılar.
Nurgül nənə uşaqların əşyaları yığılmış çantada bəzəkli bir kitab gördü və onu götürüb vərəqləməyə başladı. Amma Nurgül nənə oxuya bilmədiyi üçün Gülnardan soruşdu:
- Qızım, Gülnar, bu kitab nə barədədir?
Gülnar gülümsəyərək dedi:
- Bu nağıl kitabıdır. Mən hər gecə Elnur üçün nağıllar oxuyuram. Elnurun 5 yaşı var, oxuya bilmir, amma nağıl kitablarına qulaq asmağı çox sevir. Heç görməmişəm ki, bircə gecəsini nağılsız buraxsın.
Bu zaman Rüfət içəri daxil olaraq dedi:
- Nənə, mən şəhərdə sizdən sarı darıxıram. Mən ora qayıtmaq istəmirəm, mən burda qalmaq istəyirəm.
Nurgül nənə gülüb onu qucaqladı.
Artıq gecə olmuşdu. Hər kəs yatmağa hazırlaşırdı. Ədalət isə stulda oturub nəsə fikirləşirdi. Vəli baba buna dözməyib dedi:
-Oğlum, sənə nə olub? Yaman fikirlisən.
Ədalət dedi:
- Ata, mən istəyirəm şəhərə bir yerdə gedək. Siz də bizimlə ora gedəsiniz, birgə orda yaşayaq.
Vəli baba bir müddət susduqdan sonra dedi:
- Oğlum, sən nə danışırsan? Mənim ən şirin, ən acı günlərim bu evdə olub. Mənim bütün taleyim bu evlə bağlıdır. Özümü burdan başqa heç yerdə rahat hiss etmirəm.
Nurgül nənə isə dedi:
- Sən bizə görə narahat olma, oğlum, bizə elə burda da yaxşıdır.
Səhəri gün axşamçağı onlar əşyalarını yığıb şəhərə qayıtmaq istəyəndə Vəli baba gülümsəməyə çalışsa da, Nurgül nənənin sifəti kədərə qərq olmuşdu. Maşına minmək istəyəndə Elnur ağlamağa başladı. O deyirdi:
- Bəs demişdiniz nənə də bizimlə gedəcək?
Anası və nənəsi onu bir cür bir təhər sakitləşdirdikdən sonra maşına oturtdular. Nənə maşının dalıyca su atdı və siqaret çəkən baba üçün çay gətirməyə getdi.
Ədalət və ailəsi ildə iki-üç dəfə kəndə gəlirlər. Lakin Vəli baba hesab edir ki, bu düz deyil, onlar tez-tez, heç olmasa ayda bir dəfə kəndə qayıtmalıdırlar.

Комментариев нет:

Отправить комментарий