20.01.2020

PKK-nın kommunist üst düzeni, üyeleri öldürüldü

Həmid Herisçi

Atamın bütün ümidləri mənə doğru yönəlmişdi…
Bu əhvalatın bütün çalarlarını indi qeyd etsəm, mənə xeyli vaxt tələb olunar - Məshəti türklərinin cəmiyyəti, ordakı Sürəyya xanım, onun mənlə tanışlığı, türk turistlərini onun evində gizləməyim… Sonra Türkiyəyə səfərim, qardaşım Əli, İrandakı əhvalatlar… Yox, bu barədə daha geniş bir yazıya ehtiyac var, hələlik onu qeyd edim ki, həmin «turist» dəstəsi «İmproteks» şirkətinin yoluyla ikinci dəfə 1992-də Bakıya gəlib üz tutdu Turana, Orta Asiyaya sarı. «ANS» şirkətinin sahibi Vahid Naxışla biz onları bütün Turanda müşayiət etdik. Xocalı olayları da o vaxt baş verdi.
* * *
Allah bizi həmin «turist»lərin üçüncü səfərindən qorusun…
Mən- sonuncu kommunistin xatirələri deyəsən, çox qədimlərdən başladı, indi həmin hadisələrin şahidləri azdı, söhbətlərimə yenidən can vermək, diqqətinizi təzələmək üçün gəlin sizə ən yeni xatirələrimi danışım.
Stokholmda 2006-da keçirilmiş növbəti Dünya Azərbaycanlıları Konqresi zamanı mən Sabir Rüstəmxanlının qonağı kimi bir çox qəribə əhvalatların şahidi oldum. Sizinçün bu mövzuda bilirsinizmi nə maraqlı olar? İndi Türkiyədə həbsə atılmış general Vəli Küçük paşayla görüşlərim. Danışımmı onları sizlərə, həə? Görün, sonuncu kommunist orda belə, necə öz amallarına sadiq qalıb.
* * *
KQB generalı Şebarşinin adı İranla əlaqədar olaraq çox çəkilib - islam inqilabını yüksək qiymətləndirərək onun Oktyabr alovundan törədiyini daim vurğulayan bu peşəkar kəşfiyyatçı bir vaxt hətta İmam Xomeyni ilə də görüşüb. Özü də bilirsinizmi nə təəccübləndirib həmin vaxt onu? Çay içdikləri vaxt Xomeyninin Nikolaydanqalma rus şəkərini, Məşədi İbadın kəllə qəndini tərifləməsi! Şabarşin imamın bu ehkamına xüsusi fikir verib, bilib ki, Xomeyni bütün iranlılar kimi qatı simvolistik dildə qonuşduğundan, həə, bu xatirələr arxasında böyük hikmətlər yatıb - ingilis mallarına, şəkərinə İran mollaları, o cümlədən, Xomeyninin atası 20-ci illərdə yasaq qoymuşdular ki, son nəticədə Britaniya şirinin pəncələrini İrandan qoparsınlar… Həə, demək bu vaxt Xomeyni ailəsi rus şəkərinə üstünlük veribsə, lap yaxşı, o bizim adamımız da ola bilər…
Vəli Küçük Paşayla Stokholmun «Skandik İnterneyşnl» otelində qapıbir qonşuydum. Bir də gördüm Sabir Rüstəmxanlı içəri daxil oldu, əlində bir torba «Makdonalds» naz-neməti- hamburqerlər, daha bilmirəm nə. Həə, bir də rus arağı. Rusiya arağı, üstəgəl amerikan çipsləri, hamburqerləri masam üzərində görüşüb qəribə bir mənzərə yaratdı. Dadları qətiyyən uyuşmurdu onların. Ancaq bu da bizim taleyimizdi- ruslarla amerikalıların ortasında qalmaq!
Az sonra Vəli Küçük də qoşuldu bizlərə.
- General, SSRİ-ni dağıda-dağıda biz tərəflərə çox gedib-gəldiniz, hamınız rus arağını sevdiniz… Xarici sovetoloqların bax belə xəstəliyi var, paşam, rus arağını ruslardan çox içmələri bəzən ziyanlarına işləyir -özlərini aşkar edirlər oturduqları Avropa, Amerika barlarında…
- Sabir, arxadaşın zeki birisi, tanışdır onu bir benlə. Əvət, mən öncə viski içərdim… Sovetlə uğraşmağımız beni rus arağına öyrətdi azca.
- Demək öncələr Amerikada yaşamısınız.
- Əvət, bən Amerikada tahsil aldım, viskini də orda içdim ilk kez… Sabir, arxadaşın benim həyat yolumu gör nerelərdən okuyor…
Söz gəldi çıxdı Abdullah Öcalanın həbsinə.
- Öcalan rus adamı, təşkilatlarını KQB qurmuş, şimdi ruslar bu dəstəni amerikalılara satmaq istiyor. Öcalanı gərəksiz, araya əngəl qatan birisi kimi Keniyadan götürüb Aydın Doğanın «özəl uçağında» , -cümləsinin bu yerində Paşa azca susdu,- biz heriflere ikram etdiler. PKK-nı isə ruslardan satın alıb da kendi çıkarıları üçün istifadə edəcəklər, bu kez onlar Amerika cocuqları olacaq İrana, türkə qarşı. Bu daha kötü. Türkiye ile keçirecekleri birgə antiterror emeliyyatlarında PKK-nın kommunist üst düzeni, üyeleri öldürülecek, ad çıkaracaklar ki, Amerika türklere yardım yapdı PKK işinde. Orqanazisyon tam amerikalıların ovcunda kalacak. Kaçakçılıq girecek araya, kontroband mallar, siqara alveri.
- İtaliyada «Qırmızı briqada»çıların da başına gəldi bu iş, - deyə mən mövzu dairəsini bir azacıq genişləndirdim.
- Onların kaçırdıqları general Douzeri ben şaxsen tanıyordum.
Azca ehtiyatlanaraq Paşaya dedim:
- Çokmu kommunist katla yetirdiniz? Sakın ehtiyatlı olun, amelleriniz kendinize karşı da döne bilir…

Комментариев нет:

Отправить комментарий