24.04.2021

AVRASİYA BİRLİYİ BİZƏ NİYƏ LAZIMDIR?

Nadir Qocabəyli

Həyat nəhəng və uzun bir prosesdir, insan da onun kiçik bir zərrəsi, əvvəli və sonu görünməyən sonsuz zəncirin kiçik bir halqası... 
Odur ki, "bu işlərin axırı necə olacaq, filan şey nə zaman olacaq?" kimi suallarla özümüzü yorub, narahat olmamalıyıq. Bir tamaşada deyildiyi kimi, o şey ki olmalıdır, mütləq olacaq... Kimin nə deməsindən asılı olmayaraq...
İnsan sadəcə öz kiçik dünyasında baş verəcək şeylərə hazır olmağa çalışmalıdır. Yəni qışa hazırlaşdığımız kimi, bizi gözləyən ictimai-siyasi, geosiyasi hadisələrə də hazırlaşmalıyıq ki, qəfil yaxalanmayaq...
Bir də ki, həyatımızda bizdən kənarda baş verənlərdən daha çox içimizdə gedən prosesin böyük rolu var. Azərbaycan SSRİ-nin tərkibində də Belorusdan, Litvadan, lap elə Gürcüstandan fərqli yaşayırdı, müstəqil olanda da fərqli yaşayır. Demək istəyirəm ki, kənardan bizə xoşbəxtlik gəlməyəcək, ancaq xoşbəxt ola bilməyimiz üçün minimal şərait formalaşa bilər. Bu da özümüzdən asılıdır. 
Avrasiya İqtisadi Birliyində olmaq sadə azərbaycanlıya ən çox ona görə sərfəlidir ki, Rusiya və digər keçmiş Sovet respublikaları arasındakı gömrük rəzaləti aradan qalxa, azad iqtisadi məkan, bazar yarana bilər. SSRİ vaxtında olduğu kimi. Azərbaycan kəndlisi öz məhsulunu aparıb Rusiyada, Belarusda sata, oralardan da lazım olanı alıb gətirə biləcək. Yadımdadır, mən uşaq ikən qonşumuzun böyük oğlu Yeni İl bayramına yaxın təyyarə ilə Murmansk şəhərinə iki çamadan nar apardı. Nar öz bağçalarının məhsulu idi. Mənimlə oynayan balaca  qardaşları deyirdi ki, xeyli pulla qayıdıb. Yeni il axşamı ruslar narın birinə 300 rubl verirlərmiş. O vaxt 300 rubl böyük pul idi. Əgər oğlan 100 ədəd nar satmışdısa, 30 min pul qazanmışdı. O vaxt o pula 6 ədəd Jiquli almaq olardı. Bəlkə də, uşaqlar bir az şişirdirdilər, amma olmasın 300, olsun 100 rubl, lap 50 rubl. Hər halda iki çamadan nara bir Jiqulinin pulunu qazanmaq əla idi. Qonşuların vəziyyəti həqiqətən bir dövr yaxşı oldu, bunu hiss etməmək mümkün deyildi...
Amma indi gömrükdən 10 kilo nar keçirmək olmur... Pyatiqorskda bir dost yaşayır, mənə dedi ki, qışda burada əncir mürəbbəsi uçur. Götür gəl, kasıbçılığın daşını at. Bizdə də əncir yerə tökülür vallah, təkcə həyətimizin məhsulundan bişirdiyimizin çoxunu ona-buna pay veririk. Ancaq beşcə balon keçirə bilməzsən o tərəfə, elə qiymət oxuyacaqlar, Samur çayına tökməkdən başqa çarən qalmayacaq... Belə misallar çoxdur.
Azərbaycan aqrar ölkədir və camaatımız da əsasən bu işlərə yatqındır. Bir dövr bu işlərlə məşğul olub varlansaq, yavaş-yavaş digər sahələrə də keçəcəyik. Zatən elə belə də olur. Birdən birə İT istehsalına başlaya bilməzsən...
İkincisi, Rusiya hakimiyyəti Qafqazı NATO-ya təslim etməmək üçün ermənilərdən bizə qarşı istifadə etmək siyasətini dayandıra bilər. Bunun nəticəsində bizdəki bu erməni ritorikası da dayanar. Bu siyasət bilirsiniz bizə nə qədər ziyan vurur? Belimizi qırır. 
Üçüncüsü, Avrasiya Birliyi həm də Ermənistandakı və Azərbaycandakı müharibə partiyalarını taxtdan sala, regionumuza əbədi sülh gələ bilər. Erməniləri susdurmağın ən yaxşı yolu orada hakimiyyətə Azərbaycan və Türkiyə ilə dostluğu təbliğ edən anti-daşnakların gətirilməsidir. Orada belə qüvvələr var, sadəcə zəifdirlər. Biz fəaliyyətimizi onları gücləndirmək yönündə qurmalıyıq. Yoxsa burdan ora söyüş göndərməklə heç nəyə nail ola bilməyəcəyik. Ədavət daha da qızışacaq və müharibə partiyaları kef-damaqlarını sürdürməyə davam edəcəklər. Avrasiya Birliyi bu işdə bizə dəstək verə bilər, əminəm ki, verəcək də. Ancaq yenə deyirəm, çox şey özümüzdən asılıdır...
Vətənpərvərliyimizi, millətçilik duyğulamızı içimizdə saxlamalı,  yerdi gəldi-gəlmədi istismar etməməliyik. Ağıllı millətlər məhz belə edir. Siyasətində xalqının maraqlarından zərrə qədər kənara çıxmadığı halda, sözdə humanizmdən, sülhdən, beynəlmiləlçilikdən danışır. Əliəyrilər isə daha çox millətdən və vətəndən danışır, əməldə millətin anasını ağladırlar. Siz heç ingilisin ingilisçilikdən, almanın germançılıqdan, rusların slavyan birliyindən, çinlilərin çinçilikdən, yəhudinin cühudçuluqdan danışdığını eşitdiniz? Xeyr, onlar bu haqda danışmırlar, amma hər şeyi öz millətləri, dövlətləri üçün edirlər. Bizsə yalnız şüar söyləyir, buna qarşı çıxanın ağzını yumur, öz millətimizi dilənçi gününə qoyuruq... Ölkədə elə bir vəhşi durum yaradılıb ki, Məmməd Araz demişkən, "yal davası, qəpik davası, çəpik davası" gedir...
Bu siyasətə alət olmamaq, boyun əyməmək də öz əlimizdədir. Özümüzdə təpər olmasa, heç bir Putin, heç bir Bayden, heç bir Avropa Birliyi, Avrasiya Birliyi bizə kömək etməyəcək. Onların öz maraqları var... 
Amma Avrasiya Birliyi bizim üçün öz problemlərimizi həll etməkdə açar rolunu oynaya bilər. Proses mürəkkəb və uzundur. Əsas hədəfi müəyyən etmək və ağılla, tədbirlə ona doğru getməkdir...

Комментариев нет:

Отправить комментарий