Şah İsmayıl Səfəvi Xətai - 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti - Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.
Şah İsmayıl Səfəvi Xətai - ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Bunun nəticəsidir ki, Azərbaycan dilində fars sözləri istifadə olunduğu kimi, fars dilində də türk sözləri öz yerini tapıb.
Şah İsmayıl Səfəvi Xətai - ilk dəfə türk dilində heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı gözəl şeirlər meydana gəldikdə şeiriyyata öz damğasını vurmuş fars dili ikinci plana keçdi. Məhz onun başlatdığı ənənə nəticəsində Mühəmməd Füzuli kimi dahi yetişdi.
Şah İsmayıl Səfəvi Xətai - ilk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan idi. Onun vaxtında zorxanalar, yəni güləş məşq zalları açılmışdır və Azərbaycana xas bu idman növü geniş yayılmışdır.
Şah İsmayıl Səfəvi Xətai - dahi strateq idi. Öz qoşünlarını 12 İmamın (ə) eşqinə 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malikdir. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman, güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edirdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar "Aslanovskaya podkova", yəni "Aslanov nalı" adını verəcəklər.
Şah İsmayıl Səfəvi Xətai - bir fateh idi. Tarixi Azərbaycan torpaqlarını: Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu dövlətini (Atropatena) və Qaraqoyunlu dövlətini (Anadolu) birləşdirərək, Vahid Azərbaycan dövləti olan Səfəvilər dövlətinin banisidir. Şah İsmayıl döyüşdə hücum taktikasına üstünlük versə də, heç vaxt yürüş edib qonşu dövlətlərin ərazisini zəbt və qəsb etməyib. Onun hər bir yürüşünün ya kiminsə onun dövlətinə meydan oxuması, ya da bir məzlumun imdadı nəticəsində olub. Bu da fatehlərə xasdır.
Şah İsmayıl Səfəvi Xətai - zəmanəsinin dindar lideri idi. O Bağdada daxil olarkən Bağdad əhli onu məhz belə tanıyaraq könüllü surətdə şəhərin qapılarını onun üzünə açıb onu alqışla qarşıladı. Yalnız onun qurduğu hökümət dövründə əsrlər boyu inanclarına görə təqib olunan Əhli-Beyt (ə) ardıcılları rahat nəfəs ala bildilər. O ilk dəfə olaraq Əhli-Beyt (ə) məktəbini dövlət dini kimi elan etdi. Şah İsmayılın əmri ilə dövrün fiqh aliminin risaləsi şəriət qanunu kimi təsdiq olundu. Onun dövründə bir çox Əhli-Beyt (ə) alimi yetişərək ölkədən kənarda da islamı yaymağa başladı. Məhz bunun nəticəsidir ki, indi Anadoluda, Gürcüstanda, Orta Asiyada, Kəşmirdə, Pakistanda, Hindistanda və digər ölkələrdə Əhli-Beyt (ə) ardıcılları yaşayır. Çünki bu bölgələrə İslamı həmin zamanda yetişən azərbaycanlı alimlər yayıb.
Şah İsmayıl Səfəvi Xətai - ağlasığılmaz cəsarətə malik bir bahadır idi. Başqa dövlət başçıları çadırlarından döyüşü izlərkən, hələ 14 yaşı tamam olmamış İsmayıl qoşunun önündə hücuma keçirdi. Şirvana yürüş zamanı Kür çayı daşır, qoşunun yolunu sel alır. Qoşunda tərəddüd yayıldığını görən Şah İsmayıl atıyla birgə çaya atlayır. Onun dalınca digər sərkərdələr və qoşun də çayı yararaq qarşı sahilə keçir. Çaldıran döyüşündən öncə o Sultan Səlimə meydan oxuyaraq onu döyüşə dəvət etdi. Lakin Sultan Səlim qorxaraq öz yerinə Osmanlıda yenilməz sayılan Malqoçoğlunu göndərdi. Şah İsmayılın ətrafı: "Şaha bir sərkərdə ilə vuruşmaq yaraşmaz" dedi. O isə cavab verdi - "İstəmirəm sonra döyüşə qorxub çıxmadı desinlər". Şah İsmayıl Malqoçoğluna elə bir zərbə endirdi ki, hər iki tərəf heyrətdən alqış dedi. Onun qılıncı Malqoçoğlunun dəbilqəsini, zirehini və qalxanın bir hissəsini yararaq, Malqoçoğlunu başından iki yerə bölmüşdü.
Şah İsmayıl Səfəvi Xətai - ədalətli hakim idi. Məlumdur ki, Şah İsmayıl Osmanlı dövləti ilə vuruşmaq istəmirdi. Lakin şərqində güclü qonşu istəməyən Sultan Səlim 200 minlik qoşunla Azərbaycana yürüş etməyə qərarlı idi. Buna görə də Şah İsmayıl qərara gəlir ki, Osmanlı qoşununun qarşısına çıxacaq bütün torpaqları yandırıb yararsız hala salsın. Məqsəd- düşmən qoşununun ac, susuz qalıb əldən salaraq geri qaytarmaq idi. Bunun üçün Şah İsmayıl torpaq sahiblərinin ziyanları müqabilində onları neçə illik vergidən azad etdi.
Şah İsmayıl Səfəvi Xətai - döyüşlərdə yenilməyən sərkərdə idi. "Ya Əli!" sədası ilə özündən neçə dəfə çox sayda olan qoşuna hücum edib qalib gələrdi. Buna misal kimi Şah İsmayılın 7 minlik qoşunla Ağqoyunlu Əlvəndin 30 minlik qoşununa hücum edib qalib gəlməsini, 12 minlik qoşunla Ağqoyunlu Muradın 70 minlik qoşununa hücum edib qalib gəlməsini və digərləri göstərmək olar. İstisna yalnız Çaldıran döyüşü oldu. Sultan Səlimin 200 minlik qoşunu, 300 topuna qarşı Şah İsmayıl 20 minlik süvari ordu ilə çıxmışdı. Döyüş 3 gün davam etdi. Qızılbaşlar görünməyən qəhrəmanlıq göstərərək, qalib gələ də bilərdi. Lakin Sultan Səlim Yavuz elə bir işə qol atdı ki, qalib gəldi, amma özünü rüsvay etdi. O əmr etdi ki, yerdə qalan topların lülələrini yuxarı qaldırsınlar. Bu zaman toplar döyüş meydanına atəş açdı və nəticədə hər iki tərəfin əskərləri həlak oldu. Qızılbaş ordusu süvarı olduğu üçün mərmilər onlara daha çox təsir etdi, çünki atlar partlayışdan hürkürdü. Nəticədə qızılbaş ordusu 5 min nəfər, osmanlı ordusu isə 30-40 min arası itki verdi...
Şah İsmayıl Səfəvi Xətai - İmam Əli (ə) aşiqi idi. Yuxarıda sadalanan bütün xüsusiyyətləri ilə o əslində Həzrətə (ə) borcludur. Şah İsmayıl Xətai üçün ideal nümunə İmam Əli (ə) idi. Onun bütün cəsarətinin, mərdliyinin, uğurlarının səbəbi bu eşqdə idi - Əli (ə) eşqində...
Комментариев нет:
Отправить комментарий