Bəzi facebook dostlarım, elə real həyatda da tanıdıqlarım arasında, xüsusilə də miqrasiya nədir, onun axınının necə baş verdiyini bilməyənlər, miqrasiya haqqında düşüncələri Almaniyada və ya ABŞ-da yaşayan, pizza daşımaqdan başqa bir işə yaramayan dostunun ya qohumunun söylədikləri əsasında formalaşan şəxslər Rusiya haqqında danışanda deyirlər ki, bəs Rusiyada vəziyyət belə yaxşıdırsa niyə hamı ordan kütləvi köç edir?
Bu sualdan da görünür ki, sual verən şəxsin konkret ölkə, ümumilikdə isə dünyanın miqrasiya prosesindən anladığı şeylərin səviyyəsi plintusdan aşağıdır.
Ümumilikdə bir şeyi bilmək lazımdır ki, dünyanın istənilən ölkəsindən xaricə köçənlərin sayı onun əhalisinin 1%-ni təşkil etmir. Yəni, əhalinin 99 %-i öz ölkəsində yaşamağı və ölməyi seçir.
Gələk Rusiyaya. Belə bir qəbul edilmiş informasiya var: “Hər il yüz minlərlə adam Rusiyadan bezib çıxıb gedir daha yaxşı yaşayışı olan ölkələrə. Əsasən də Qərb ölkələrinə”.
Rusiyadan çıxıb gedənlərin statistikasına baxsaq görərik ki, 2019-cu ildə (2020-ci ilin statistikasından sitat gətirmək koronavirusla bağlı karantin rejiminə görə doğru olmaz) Rusiyadan çıxıb gedənlərin sayı 416 131 nəfər təşkil etmişdir. Bu böyük rəqəmdir. Xüsusilə də 10 il bundan əvvəlki rəqəmlərə nisbətdə 10 dəfədən çoxdur.
Bəs Rusiyaya müvəqqəti və daimi əsaslarla yaşamağa gələn xarici ölkə vətəndaşlarının sayı nə qədərdir? Gedənlərdən daha çox: 701 234 nəfər. Deyə bilərsiz ki, bu rəqəmə daxil olanlar Orta Asiya, Ukrayna, Cənubi Qafqaz ölkələrindən gələnlərdir. Buradan da belə bir fikir ortaya çıxır ki, ruslar çıxıb gedir, yerinə qeyri-ruslar gəlir. Bu Rusiya üçün faciədir filan. İlk baxışda hər şey doğrudur. Amma ilk baxışdan.
Gəlin Rusiya vətəndaşlarının hansı ölkələrə “qaçdıqlarını” araşdıraq. Məsələn, 2019-cu ildə ölkədən gedən 416 131 nəfərdən 361 997 nəfəri MDB ölkələrinə getmişdir. Qeyd edim ki, bu ölkələrin arasında 17 614 nəfər Azərbaycan Respublikasına gəlib.
Məlum məsələdir ki, bu statistikada göstərilənlər heç də Rusiyadan bezib qaçan ruslar deyil. Sovetlərin süqutundan sonra MDB ölkələrindən Rusiyaya və əks istiqamətə gedən kütlənin statistikasına fikir versək görürük ki, gedib-gələnlər təqribən eyni adamlardır. Yəni, azərbaycanlı gedib Rusiya vətəndaşlığını alır, ordan artıq rus miqrantı kimi çıxır. Geri dönəndə də eyni cür qarışıqlıq yaradır. Həm öz vətəninin statistikasında, həm də sonradan vətəndaşlığını aldığı Rusiyanın statistikasında.
MDB ölkələrinə gedən və gələnləri kənara qoysaq görərik ki, hər il 50-60 min arası Rusiya vətəndaşı ölkəsini 1 aydan çox müddətə tərk edir. Əgər nəzərə alsaq ki, bu statistikaya həm də keçmiş Sovet ölkələri olan Latviya, Litva, Estoniya və Gürcüstan da daxildir, onda məlum olur ki, Rusiyadan daha uzaqlara köçən vətəndaşların sayı 45 000 nəfəri keçmir.
Bəs Rusiyaya gələnlərin vətənləri haradır? Yuxarıdakı statistika ilə müəyyən etdik ki, Rusiyaya 1 aydan artıq müddətə gələn xarici ölkə vətəndaşlarının demək olar yarısı keçmiş Sovet ölkələrindən olanlardır. Bəs qalan yarısı hardan gəlir? Əlbəttə ki, Avropadan və digər ölkələrdən.
Məsələn, hər il bir aydan çox müddətə Rusiyaya daxil olan Almaniya, ABŞ və İngiltərə vətəndaşlarının sayı aşağı-yuxarı 400 000 civarındadır.
Hələ Rusiyadan qaçıb gedən, terrorizmlə əlqaəli olan şəxslərin xaricdə yaşaması da bu statistikaya düşür. Yəni, məsuliyyətdən yayınmaq üçün qaçanlar da bura daxildir.
Məsələnin başqa tərəfi də var. Rusiyadan Avropa Birliyinə gedənlərin statistikası aparılır və burda da Rusiyanı yıxıb-sürüyürlər. Baltikyanı ölkələrdə Sovet dövründən bəri ruslar yaşayır ki, onlar hələ də Rusiya vətəndaşlığını daşıyırlar. Yerli hökumətlər onlara vətəndaşlıq vermək istəmir, onlar da buna heç həvəsli deyillər. Rusiya pasportu daşıyırlar, amma orada yaşayırlar- çünki onların yurdları oradır. Orada doğulub orada yaşayıblar. Baxmayaraq ki, “demokratik” Avropada olan belə diskriminasiya dünyanın heç yerində yoxdur. Bu şəxslər də Avropa Birliyinə köçüb yaşayan Rusiya vətəndaşları statistikasına daxil edilir. Əslində isə onlar heç yerə köç etməyiblər- orda doğulublar, orda da yaşayırlar. Bu statistikadan 180 000 nəfər Baltikyanı ölkələrdə yaşayan Rusiya vətəndaşlarını çıxsaq demək olar ki, ortalıqda heç nə qalmır.
Bu hələ hamısı deyil. Hər iki tərəfə gedənlərin getmə səbəbi adi məişət səbəbləri də var. Məsələn, xarici ölkə vətəndaşları ilə evlilik. Rusiya vətəndaşı olan qızların xarici ölkə vətəndaşlarına ərə gedərək əri ilə onun vətəninə köçmə halları da minlərlərlədir.
Sözümün canı odur ki, heç də sizin dediyiniz kimi Rusiyadan kütləvi şəkildə qaçan yoxdur, əzizlərim.
Комментариев нет:
Отправить комментарий