15.02.2022

Ramiz Mehdiyevin hazırda vəzifədə olan qohumlarının SİYAHISI – Kimlər hansı vəzifədədir?

Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən istefa verdikdən sonra belə bu yöndəki müzakirələr səngiməyib. Xatırladaq ki, sabiq AMEA prezidenti qurumun Rəyasət Heyətinin iclasında istefasının son günlər Akademiya və şəxsən onun özü haqda yayılan məlumatların heç bir təsiri olmadığını, postunu yaşı ilə əlaqədar tərk etdiyini bildirib.
Maraq doğuran məqam isə həm də odur ki, yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk edən Ramiz Mehdiyev hələ də digər müxtəlif vəzifələr tutur.
Sfera.az xatırladır ki, Mehdiyev hələ də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. Onun digər postlarından biri isə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası ilə bağlıdır. O sözügedən qurumun rəhbəri vəzifəsini icra edir.
Eyni zamanda Ramiz Mehdiyevə bağlı olan xeyli sayda məmurlar da iş başındadır. Bundan başqa, onun vəzifə sahibi olan qohumlarının da sayı az deyil.
Kimdir onlar? 
Bu siyahıda ilk ağla gələn şəxs sabiq AMEA rəhbərinin oğlu Teymur Mehdiyevdir. Belə ki o 5 may 2014-cü il tarixindən Fövqəladə Hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi daşıyır.
İndi isə cənab Mehdiyevin digər vəzifəli qohumları ilə tanış olaq.
Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. Uzun müddətdir Dövlət Gömrük Komitəsində çalışıb. O, 2017-ci ildə bu sahədə fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O Ramiz Mehdiyevin qardaşı oğludur.
Mehdiyev Nəriman Hüseynqulu oğlu – Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və R.Mehdiyevin qardaşı oğludur.
Mehdiyev Mərdan Hüseynqulu oğlu – Bakı Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri.
Mehdiyev Elvin Xanlar oğlu – Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, rəis.
Mehdiyev Zahid Arif oğlu – Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri.
Həmçinin son məlumatlara görə, Ramiz Mehdiyev AMEA-da olduğu müddətdə kürəkəninin qardaşına da vəzifə vermişdi. O ötən il kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin etmişdi.
Mehdiyevin kürəkəninin xalası oğlu Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini təyin edilib.
Ramiz Mehdiyevin yaxın qohumu-baldızı oğlu, polis polkovniki Levan Qurskayanın Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilməsi haqda məlumat yayılsa da, hazırda işinin başında olduğu deyilir.
Eyni zamanda Ramiz Mehdiyevin hüquq-mühafizə orqanlarına yerləşdirdiyi və sayı bilinməyən qohumları da az olmadığı haqqında məlumatlar var.

Комментариев нет:

Отправить комментарий