17.02.2022

Yaqub Eyyubovun Avropadan Amerikaya qədər uzanan biznesi

2003-cü ildən bəri hökumət başçısının birinci müavini portfelini daşıyan Yaqub Eyyubovun ailə biznesinə həm də Bakıda işgüzar, səyahət və s. məqsədlər üçün istifadə olunan çamadan ticarəti də daxildir. Amma bu ailənin biznesinin bir hissəsi müxtəlif yollarla, o cümlədən ofşor şirkətlər vasitəsilə ölkədən kənara daşınıb. Bunun üçün çamadandan istifadə etmək heç də şərt deyil.
Orxan Eyyubov – Yaqub Eyyubovun kiçik oğlu – 10 il bundan öncə 27 yaşında ikən Londonda biznesə başlayarkən, şirkətə simvolik olaraq 1 funt yatırmışdı. İndi isə Dumanlı Albionun daşınmaz əmlak bazarında çalışan həmin şirkətin başgicəlləndirən məbləğdə kapitalı var.
“Unifood Liqors (UK) Limited” şirkəti 2009-cu ilin iyunun 9-da Londonda 55 Princes Gate Exhibition Road ünvanında qida və içki sənayesi sahələrində məsləhət xidmətləri göstərmək məqsədilə yaradılıb.
Hesabatlarda məsləhət xidmətlərinin kimə və harada göstərildiyi əks olunmasa da, şirkət öz direktoruna fəaliyyət başladığı elə ilk vaxtdan dövriyyəsi ilə müqayisədə yüksək hesab oluna biləcək məbləğlərdə mükafat və dividendlər qazandırıb. Birinci iki ildə orta hesabla illik 30 min funt gəlir götürən şirkət Orxan Eyyubova 19 800 funt mükafat və 9 500 funt dividend ödəyib.
2012-ci il şirkət üçün dönüş ili olub. Sentyabrda onun həm adı və ünvanı, həm də fəaliyyət sferası dəyişdirilib. “New Canada Capital Ltd” adı altında işini daşınmaz əmlak əməliyyatları sahəsində davam etdirən şirkət Londondan Ridinq (Reading) şəhərinə köçüb. Bura (One Forbury Square the Forbury) həm də Orxanın qeydiyyat ünvanı olur.
Sənədlərə görə, bu zaman Orxan Eyyubov artıq Britaniyada yaşamaq hüququ əldə etmişdi. Orxan özü isə bu şəhərə 2018-ci ilin aprelində köçüb. 2012-ci ilin oktyabrın 1-də o şirkətdəki payların 50%-i Günay Bayramovaya satır. Elə şirkətin sürətli inkişafı da bu tarixdən başlayır. Şirkət daşınmaz əmlaka 6 514 728 funt sərmayə yatırır. Hansı mənbədən – bu barədə sənədlərdə bir soz deyilmir.
30 iyun 2013-cü il tarixinə şirkət 132 290 funt mənfəət götürdüyünü elan edir. Növbəti maliyyə ilində (iyun 2013-iyun 2014) investisiyalar 8 244 489 funta, mənfəət isə 433 726 funta (2015 - 453 114 funt) qalxır. 2014-cü ilin aprelində Günay və Orxan bütün səhmləri 3 satış əməliyyatı ilə “Princeton Management Limited” şirkətinə ötürürlər. Mənşəyi məlum olmayan bu ofşor şirkət 2017-ci ilin mayınadək onun yeganə səhmdarı idi. Şirkət böyüməkdə davam edir: 2016-cı ilin iyununda “New Canada Capital Ltd” şirkətinin kapitalı qazanılmış mənfəət hesabına 500 000 funta çatdırılır. Şirkətin investisiya əmlakının dəyəri isə artıq 12 408 698 funt idi. 2016-cı ilnin dekabrın Orxan Eyyubov Kanada vətəndaşlığı əldə edir. Onun bu ölkədəki ünvanı sənədlərdə “Ontario, Oakville, Cornwall Road, 1300, mənzil 201” kimi təqdim olunur. Amma Orxan indiyədək Azərbaycan vətəndaşlığını da qoruyub saxlayır. 2017-ci ilin aprelində şirkətin kapitalına yenidən 250 000 funt yatırılır. Bir ay sonra isə şirkət Kanada əsilli iki şəxs: 31 yaşlı Klaudia Yanqın (Claudia Young), 59 yaşlı Con Makdonaldın (Cohn McDonald) və Orxan Eyyubovun birgə nəzarətinə keçir. Bu ölkədə Con Makdonald və Orxan eyni hüquqi ünvanda (50 Burnhamthorpe Road West, Suite 900, Mississauga, Ontario) qeydiyyatdadırlar. Az sonra Klaudia şirkəti tərk edir və iyun ayından Orxan Eyyubov “New Canada Capital Ltd” şirkətinin 75%-dək səhmlərinə nəzarəti əldə edir. Hazırda onun biznes ortağı Con Makdonalddır. 2018-ci ilin martında “New Canada Capital Ltd” şirkəti yeni ünvana, indi məskunlaşdığı Thames Tower Biznes Mərkəzinə köçüb. O vaxtdan şirkət “saatlarını” Miladi təqvimə (01 yanvar-31 dekabr) uyğunlaşdırıb. 2018-ci ilin iyul ayında şirkət kapitalını 12.484.534 furt – təxminən investisiya əmlakının dəyəri həcmində artırıb və hazırda o, 13.234.534 Britaniya funtu və ya təxminən 28,5 milyon manat təşkil edir.
Bu ilin may ayında Orxan Eyyubov şirkətdəki direktoru vəzifəsini Maykl Vitbi Smitə (Michael Whitby Smith) ötürüb. Orxanın atası Yaqub Eyyubovla həmyaşıd olan Maykl Birtaniyada daşınmaz əmlak bazarında 50 illik təcrübəyə malikdir və “Whitby Smith” şirkətinin idarəedici partnyorudur.
“Bizim əsas fəaliyyətimiz Böyük Britaniyanın bütün ərazisində daşınmaz əmlaka birbaşa investisiyaları idarə etməkdir. İntizamlı strategiyamız, Britaniyanın daşınmaz əmlak bazarının və ingilis hüququnun Avropanın qalan hissəsindən ənənəvi üstünlüyü sayəsində güclü və hər zövqə cavab verən bir özəl şirkət olmaq yolundayıq. Bu yolda istənilən iqtisadi tsikldə zamanın sınaqlarına tab gətirəcəyimizə əminik”.
Şirkətin korporativ saytında bu ambisiyalı məramnamədən başqa heç bir məlumat yoxdur.
Orxan Eyyubov Kanadada 2014-cü ilin avqustunda yaradılan “Canada Ltd” şirkətinin direktorlarından biridir. Bundan başqa, Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun üstünü açdığı “Panama sənədləri”nə görə, o həm də 2012-ci ilin iyununda Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş “Ellisfield Development Ltd” şirkətinin mülkiyyətçisi olub. Həmin şirkətin hüquqi ünvanı İsveçrənin Cenevrə şəhəri olub və 2017-ci ilin fevralında “Mossack Fonseca Co (Jeneva) S.A.” şirkəti onun könüllü ləğvinə başlandığını elan edib.
“Azərbaycan paltaryuyanı” adını alan və 2012-2014-cü illərdə 2,9 milyard ABŞ dolları məbləğində ölçülən vəsaitin Azərbaycandan çıxarılması, Avropa siyasətçilərinin ələ alınması və digər məqsədlər üçün istifadə edilməsindən bəhs edən beynəlxalq jurnalist araşdırmasında Orxan Eyyubovun sahib olduğu başqa bir ofşor şirkətdən istifadə olunduğundan da bəhs edilir.
Jurnalistlərin “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi” (OCCRP) 2017-ci ildə dərc etdiyi hay-küylü və ifşaedici araşdırmaya görə, “Metastar LLP” – pul yuyulmasında iştirak edən 4 əsas şirkətdən biri – Virgin adalarında (Britaniya) yaradılan “Velasco İnternational İNC” şirkətinə 2012-ci ilin iyulundan 2013-cü ilin may ayınadək 9 milyon dollardan çox pul ötürüb. Pullar şirkətin Macarıstandakı və Kiprdəki bank hesablarına hissələrlə köçürülüb. Şirkətsə Orxan Eyyubova məxsus imiş. Sızan onminlərlə sənəd arasında bunu da təsdiq edən sənəd var.
“Panama sənədləri”nə görə, “Velasco İnternational INC” şirkəti Macarıstanda ofşor şirkətlərin yaradılması sahəsində ixtisaslaşan “Levaco” hüquq agentliyinin sifarişi ilə Britaniyanın Virgin adalarında yaradılıb. Şirkətin yaradılması üçün Baham adalarında 2007-ci ilin noyabr ayında qurulan “Nottingham Holding Limited” şirkətindən istifadə olunub.
Beynəlxalq mediada “Panama Papers” kimi məşhurlaşan sənədlərinə görə, bu şirkətin yeganə sahibi Orxan Eyyubovdur. Üstündən illər keçsə də Orxanın Londondakı “New Canada Capital Ltd” şirkətinin 2012-ci ilin ortalarında birdən-birə “parlamasında” ofşor hesablardan axan pulların iştirakı araşdırılmayıb. Hərçənd Macarıstan mediası Orxan Eyyubovun ofşor şirkətlərinə yönələn pulları bir aspektdən – həmin illərdə bu ölkədə həbsdə olan azərbaycanlı hərbçi Ramil Səfərovun Azərbaycana ekstradisiyası üçün qeyri-qanuni yollarla istifadə olunması ehtimalı üzərində araşdırıb.
“Atlasco” qəzetinin təhqiqatı ilə müəyyən olunub ki, “Velasco İnternational İNC” şirkəti bu ölkəyə investisiya edib: “Biopalmitin Tejtermék Gyártó és Kereskedelmi Kft” şirkətinin səhmlərinin müəyyən hissəsini əldə edib. Süd emalı ilə məşğul olan bu şirkətdəki payını Orxan 2011-ci ilin oktyabrında Kamran Eyyubova – əmisi oğluna satıb. Əmioğullarının Macarıstana gedib çıxan biznes ortaqlığının bir ucu Bakıdadır. Onların Müşahidə Şurasında təmsil olunduqları “İlrem” MMC 2009-cu ilin sentyabr ayında yaradılıb. Şirkətin təsisçiləri “İlkin Ko. Ltd” Məhdud Məsuliyyətli Müəssisəsi (Azərbaycan), “Ceu-Rem ZRT” (Macarıstan) və “Karakos Group S.A.” (Panama) şirkətləri olub. Müşahidə Surasının sədri Orxan Eyyubovdur. Şurada Kamran Eyyubov və iki Macarıstan vətəndaşı da təmsil olunur.
Macar jurnalistləri “İlrem” MMC-nin həmin ölkədəki biznes fəaliyyətini aşkara çıxara bilməyiblər. Elə Azərbaycanda da onun nə işlə məşğulduğu bəlli deyil. Bakıda, Murtuza Muxtarov küçəsi, 13 nömrəli evdəki mənzillərdən birində “İlrem” MMC ilə yanaşı, “İlkin Ko. Ltd” MMM (iyun, 2009), “Çeşmə-1” MMC (may, 1998) və “Səda 1992” MMC (iyul, 1998) təsis olunub.
“İlkin Ko. Ltd” və “Çeşmə” şirkətlərinə Yusif Əyyubov – Baş nazirin birinci müavini Yaqub Eyyubovun kiçik qardaşı – rəhbərlik edir. Baş nazirin birinci müavini həyat yoldaşı Mina Məcid qızı ilə birlikdə Bakıda Fəvvarələr Meydanının yaxınlığında yaşayır. Zeynalabdin Tağıyev küçəsindəki həmin binanın bir başqa mənzilində onların oğlu Orxan da qeydiyyatdadır. “Aspekt-Co” MMC atanın mülkiyyətində olan mənzildə 2003-cü ildə, Yaqub Eyyubov Baş nazirin müavini vəzifəsindən Baş nazirin “sağ əli” postuna gətirilən il, oktyabrın 29-da – doğum gününü qeyd edəndən 5 gün sonra dövlət qeydiyyatına alınıb. Şirkət “Park Bulvar” alış-veriş mərkəzi 2013-cü ildə istifadəyə verilən vaxtdan orda kiçik mağaza açıb. Mağaza Avropa istehsalı olan çanta və turist arabalarının satışı ilə məşğuldur. “Aspekt-Co” MMC “Samsonite” ticarət nişanı altında buraxılan məhsulların Azərbaycanda rəsmi satış təmsilçisidir. “Samsonite International S.A.” şirkəti ABŞ-da yaradılıb, amma əsas ofislərindən biri Lüksemburqda yerləşir.
Maraqlıdır ki, Emin Eyyubov – Yaqub Eyyubovun digər oğlu – Belçika Krallığında fövqəladə və səlahiyyətli səfir olmaqla yanaşı, 2007-ci ilin mayında həm də Lüksemburq Böyük Hersoqluğuna da səfir təyin edilib. Çanta, sakvoyaj və yol arabalarının Bakıda ticarətinin təşkil olunmasına onun “diplomatik fəaliyyətinin” rolu haqda sualı vermək üçün mağazada olduq. Burda telefon nömrəsini götürsələr də, cavab veriləcəyinə söz versələr də, əlaqə saxlamadılar.
Emin Eyyubov 2018-ci ilin oktyabrında Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Bir ay keçər-keçməz o Bakıda 10 000 manat kapitalı olan “Dipcon” MMC yaradıb. Ailənin ortancılı, 44 yaşlı Fərhad Eyyubov hüquq-mühafzə orqanlarında çalışır. 2015-ci ilin noyabr ayından bəri o Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsini daşıyır.
Yaqub Eyyubovun qardaşı Yusif də Azərbaycanda yüksək vəzifələrdə olub. Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının idarə edilməsi və istehsalın təşkili departamentinin direktoru işləyib, nazirliyin kollegiyasında təmsil olunub. 2001-ci ildə Xorvatiyada “Montevideo D.o.o” şirkətini yaradıb. Şirkətin mülkiyyətində Zaqrebdə Rijeçka küçəsi 10 ünvanında yerləşən zirzəmi nəzərə alınmaqla üçmərtbəli VITA Fitness SPA mərkəzi var. Burda voleybol da daxil olmaqla bir çox idman növü ilə qrup və fərdi şəkildə məşğul olmaq hər cür şərait var. Sauna, hovuz, kafe-bar da ki öz yerində. Yusif Eyyubov burda 10-da çox iş yeri açıb. Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin apardığı təhqiqat müəyyən edib ki, şirkətin təsisçisi onun yaradılımasına 19,9 milyon xorvat kunüsi (təxminən 3 milyon ABŞ dolları) yatırıb. Y.Eyyubov Azərbaycanla əlaqələrini də itirmir. 2017-ci ildə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası onu Xorvatiyada özünün nümayəndəsi təyin edib.
Yusif Eyyubov əsasən xaricdə yaşasa da, Azərbaycan vətəndaşlığını və burda şəxsi biznes maraqlarını qoruyub saxlayır. Bunu onun həyat yoldaşı Qənirə Ramis qızı Eyyubova ilə birlikdə iddiaçı qismində iştirak etdiyi bir neçə məhkəmə çəkişmələri də təsdiq edir. 2017-ci ildə onlar “Bakı Yükavtonəqliyyat” ASC-də üzərində mülkiyyət hüququ üğrunda “El Holding” şirkətləri qrupunun prezidenti Elçin Cəmşid oğlu Muradovla məhkəməyə çıxmaqdan də çəkinməyiblər. Lakin onların iddiasını məhkəmə təmin etməyib.
Yusif Eyyubovun oğlu Kamran həm elmi-pedaqoji, həm də geniş biznes fəaliyyəti ilə məşğuldur. O Azərbaycanda və Birtaniyada ali təhsil alıb, elmlər namizədidir. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin İqtisadiyyat və idarəetmə kafedrasının dosenti işləyib. Eyni zamanda Dövlət Gömrük Akademiyasının iqtisadiyyat və təbiət fənləri kafedrasının müdiri olub. Bununla bərabər o menecer və sahibkardır. Bakıda “Səbət” və “Fresco” pərakəndə ticarət obyektlərinin sahibi olan “Azeri Retail” MMC-nin baş icraçı direktoru işləyib.
Ötən ilin yanvarında “RDC” MMC-ni yaradıb. Şirkət biznes idarəetmə sahəsində məsləhət xidmətləri ilə bərabər ictimai iaşə, ticarət, anbar təsərrüfatı, logistika sahələrində fəaliyyət göstərir. “RDC” şirkəti ilə eyni ünvanda Badamdar qəsəbəsindəki mülklərdən birində 2018-ci ilin martında “İnspire Pilates Studio” MMC təsis olunub. Bu şirkət Bakıda Aşıq Alı küçəsindəki salonda fitnes xidmətləri təqdim edir. Yusif Eyyubovun Xorvatiyadakı obyekti kimi.
Baş Nazirin birinci müavini Yaqub Eyyubov oğlunun Böyük Britaniyadakı biznesinə şəxsi kapitalı hesabına yardım etməsi barədə Nazirlər Kabinetinin mətbuat xidməti vasitəsilə ünvanlaşmış suala cavabdan yayınıb.
Kamran Eyyubov da ilkin kapitalında atasının payının olub-olmaması, “Azeri Retail” MMC-də mülkiyyətçi kimi iştirakı, Macarıstandakı süd zavodundakı səhm payı və digər bu kimi yazılı suallara cavab verməyib.

Hafiz Babalı                   meydan.tv

Комментариев нет:

Отправить комментарий