Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin paqonlu qulyabanıları tərəfindən törədilmiş daha bir cinayətin təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, nazirliyin Baş İstintaq İdarəsinin müstəntiqi Müdafiə Nazirliyinin sifarişləri ilə tikinti işlərini həyata keçirən podratçı şirkətin rəhbərindən “cənabın”, yəni nazir Eldar Mahmudovun müəyyən etdiyi məbləği qoparmaq üçün onu “ya deyilən məbləği verib burdan düz çıxıb gedəcəksən, ya da girəcəksən zirzəmiyə” deyə təhdid edib. Bu təfərrüatları açıqlayan isə MTN-nin İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin və idarənin daha bir neçə əməkdaşının işi üzrə zərərçəkmiş Afət İsmayılovdur.
Xəbər verildiyi kimi, Şıxəliyevin və digərlərinin işi üzrə Bakı Hərbi Məhkəməsində prosesə jurnalistlər buraxılmır, nəticədə KİV nümayəndələri məhkəmənin gedişi haqda ancaq çöldə zərərçəkənlərdən və vəkillərdən nəsə öyrənməyə çalışırlar.
Afət İsmayılov ifadəsində bildirir ki, 2005-ci ildə “Kapital Tikinti” MMC-ni təsis edib, 2008-ci ildən isə şirkətin direktoru kimi fəaliyyətə başlayıb. Cəmi bir il sonra onun mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlib. Zəng vuran şəxs MTN-nin müstəntiqi olduğunu deyib və ertəsi gün nazirliyə gəlməyi tapşırıb. “Müstəntiq çağırılmağımın səbəbini demədi. Ertəsi gün MTN-nin inzibati binasına getdim. Bir nəfər əsgərin müşayiəti ilə 7-ci mərtəbəyə qalxdım. Gözləmə otağında iki saat gözlədikdən sonra Vüqar Əliyev adlı əvvəllər tanımadığım müstəntiqin otağına daxil oldum”,- zərərçəkmiş əhvalatın gerisini belə nəql edir.
O bildirir ki, müstəntiqin ilk sualı “Kiminlə işləmisən?”olub. Qəfil sualdan özünü itirib, çaş-baş qalıb: “Mənə o tərzdə sual verilirdi ki, sanki Bin Ladenlə işləmişdim. Müdafiə Nazirliyi ilə işlədiyimi dedim. Müstəntiq “Orbita-2008” və “AKM İnşaat” la bağlı suallar verdi. Həmin şirkətlərdən tikinti materialları aldığımı, pulları köçürmə yoluyla ödədiyimi dedim. Müstəntiq də həmin şirkətin işçilərinin hakerlik fəaliyyəti ilə məşğul olduqlarını, onların ofislərindən sənəd götürülən zaman mənim rəhbərlik etdiyim MMC-nin də sənədlərini tapdıqlarını bildirdi”.
A.İsmayılov deyir ki, müstəntiq ona fəaliyyəti ilə bağlı dolaşıq suallar verdikdən sonra əsl mətləbə keçib. Kağız parçasına “300 min” yazaraq onun qabağına qoyub. “Dedi burdan düz də çıxıb gedə bilərsiniz, zirzəmiyə də gedə bilərsiniz. Kağızda yazılan rəqəmlə bağlı soruşduqda müstəntiq dedi ki, bu cənabın tələbidir və verilməlidir. Günahsız yerə həbs olunacağımdan qorxdum. 300 min yazılmış kağız parçasına 30 min yazaraq müstəntiqə qaytardım. Müstəntiq “məsləhətləşim, gəlirəm” deyib otaqdan çıxdı. Yarım saatdan sonra geri qayıdıb “birincinin tapşırığıdır, 200 min manatdan aşağı yeri yoxdur” deyib əlini otaqdakı şkafın üzərində olan çərçivəyə uzatdı. Ordakı çərçivədə Eldar Mahmudovun fotoşəkli vardı. Dedi ki, bu tapşırıq onundur, ya ödəməlisən, ya “podval”a getməlisən. Müstəntiqə o qədər pulu verməyə gücüm çatmayacağını söylədim, günühımın olmadığını dedim. Cavabında “bunun mənə aidiyyatı yoxdur, birincinin tapşırığıdır, ya 200 min manatı gətirməlisən, ya da həbs olunmalısan, başqa yol yoxdur” dedi”,- A.İsmayılov ifadəsində bildirir.
Zərərçəkən deyir ki, müstəntiqin “cənab” dedikdə əvvəlcə nazir Eldar Mahmudovu nəzərdə tutduğunu zənn edib. Lakin sonradan onun rəisindən gizli birbaşa nazirlə bu məsələni həll etməsinin mümkünsüz olduğunu anlayıb: “Məbləği razılaşdırmaq adı ilə otaqdan çıxarkən nazirin deyil, öz rəisinin – Mövlam Şixəliyevin yanına getdiyini sonradan bildim. Deyirdi ki, sənin müqəddəratın mənim əlimdədir. Oğlum ali məktəbdə təhsil alırdı, onun cibinə narkotik vasitə, evimizə silah qoyub bizi tuta biləcəklərini bilirdim. Düşünürdüm ki, günahsız yerə həbs olunacağım təqdirdə tender üzrə götürdüyüm işlər yarımçıq qalacaq. Övladlarıma pislik ediləcək. Ona görə də vaxt istədim ki, 200 min manat pulu toplayıb verim. Çıxılmaz vəziyyətdə idim. Ona görə də razılaşmaq məcburiyyətində qaldım”.
Zərərçəkmiş tələb edilən məbləği toplamaq üçün müstəntiqdən 15 gün vaxt istəyib. Nazirlikdən çıxıb birbaşa ofisə gəlib. Bank hesablarında olan pulları çıxarıb: “Əlli ya da, altmış min manat nağd pulum vardı. Təxminən on gün sonra Müdafiə Nazirliyindən MMC-nin hesablaşma hesabına köçürmə yolu ilə 359 min 473 manat pul daxil oldu. Həmin pulları çek vasitəsi ilə ya “Royal Bank”ın Dostluq filialında, ya “Muğan Bank”ın Mətbuat filialında, ya da “Azərbaycan Beynəlxalq Bank”ının Nərimanov filialında olan hesabımdan çıxarmaqla 200 min manat düzəltdim. Müstəntiqə zəng vurub pulu düzəltdiyimi dedim. Dedi ki, axşam bizim idarəyə tərəf gəl”.
A.İsmayılov həmin gün axşam saatlarında iki nəfər işçisi ilə – “Kapital Tikinti” MMC-nin Təchizat şöbəsinin müdiri Bəylər Ağayev və həmin MMC-nin Tikintidə Texniki Təhlükəsizlik üzrə mütəxəssisi Hüseynağa Qafarovla birlikdə MTN-nin inzibati binasının qarşısına gəliblər. Müstəntiqə zəng vurduqda MTN-nin arxa qapısına tərəf gedib orda gözləməyi tapşırıb. “İşçilərimə hər şeyi danışmışdım. Bəylərlə Hüseynağa müstəntiqə 200 min manat verəcəyimi bilirdilər. Bir qədər sonra müstəntiq “Hyundai” markalı avtomobillə gəlib bizim avtomobilin arxasında, təxminən 6-7 metr aralıda dayandı. Maşından düşüb müstəntiqin avtomobilinə əyləşdim. İçərisində 200 min manat olan selofon torbanı ona verdim. Torbanı aldı, pulu saymayıb, çıxıb getdi”,- o bildirir.
Zərərçəkmiş deyib ki, müstəntiqə 200 min manatı verdikdən sonra işlərində ciddi maliyyə problemləri yaranmağa başlayıb. Belə ki başladığı tikinti işlərini yekunlaşdırmağa maliyyə vəsaiti çatmayıb. Buna görə də “Royal Bank”dan, “Muğanbank”dan və “Azərbaycan Beynəlxalq Bank”dan ümumilikdə 300 min manata yaxın kredit götürüb. Kreditləri ödəyə bilmədikdə isə oğluna məxsus mənzili satmalı olub.
A.İsmayılov daha sonra bildirib ki, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işinin istintaq olunduğunu öyrənib və müstəntiqə zəng edib: “Görüşmək istədiyimi dedim, razılaşdı. Lakin sonradan zənglərimə cavab vermədi. Onunla görüşüb məndən aldıqları pulları geri istəyəcəkdim. Görüşmədi, mən də gedib Baş Prokurorluğa şikayət etdim”.
Zərərçəkən sərbəst ifadəsini yekunlaşdırandan sonra tərəflərin suallarını cavablandırıb.
Dövlət ittihamçısı, hakim və təqsirləndirilən Mövlan Şıxəliyevin vəkili zərərçəkənə eyni mahiyyətli sual veriblər. Onlar Afət İsmayılovdan pulu ödəyəndən sonra şikayət edib-etməməsini öyrənmək istəyiblər.
Zərərçəkən belə cavab verib:
– O zaman onlar dövlətdə idi, dövlətdən dövlətə şikayət edəcəkdim?..
Qeyd edək ki, həmin Vüsal Əliyev MTN-nin İstintaq İdarəsinin 2-ci şöbəsinin rəis müavini olub. O, hazırda Mövlam Şıxəliyevin daxil olduğu qrupun işi üzrə fiqurantlardan biridir, amma barəsində həbs qətimkan tədbiri seçilməyib. /veteninfo.az/
Комментариев нет:
Отправить комментарий