12.01.2014

Heydər Əliyevin məxfi danışıqları

Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlmək üçün işlətdiyi planlar barədə yerli və xarici mətbuatda çoxlu yazılar, təhlillər verilib. Ən müxtəlif yazılarda göstərilirdi ki, Heydər Əliyevin 1993-cü ilin mayında işlətdiyi “mən gəlmək istəmirdim, məni xalq çağırdı” ifadəsinin əslində heç bir əsası yoxdur və cənab Əliyev Naxçıvanda Ali Məclisin sədri seçiləndən dərhal sonra Azərbaycanda hakimiyyəti ələ keçirmək planları üzərində işləməyə başlayıb.
Bu günlərdə “Realnıy Azerbaydjan” qəzetində bu sıradan olan daha bir yazı dərc edilir. Bu, ATƏT-in Minsk qrupunun Rusiya tərəfdən ilk həmsədri Vladimir Kazimirovun "Ermənistanla məxfi saziş" adlı məqaləsidir. 

Bu yazıya qədər də bəlli idi ki, Heydər Əliyev hakimiyyətə gəlmək üçün Iranla, Türkiyə ilə, Rusiya və ABŞ-la hansısa danışıqlar aparıb. O da bəlli idi ki, 1992-ci ilin payızında, ermənilərlə Dağlıq Qarabağ uğrunda qızğın döyüşlərin getdiyi zamanda Heydər Əliyev Ermənistan prezidenti Levon Ter Petrosyanla məxfi danışıqlar aparıb. Bu danışıqlarda Naxçıvan MR və Ermənistan arasında “atəşkəs” barədə, daha dəqiqi “hücum etməmək” barədə məxfi saziş əldə edilib. Bu separatçılıq onunla nəticələnmişdi ki, Ermənistan rəhbərliyi Naxçıvan tərəfdə hərbi əməliyyatların olmayacağına əmin olaraq özünün bütün arsenalını Dağlıq Qarabağ ətrafında cəmləşdirmişdi. (Hətta buna baxmayaraq da Azərbaycan Silahlı Qüvvələri uğurlu hərbi əməliyyatlar apararaq Xankəndinin bir neçə kilometrliyinə qədər gedib çıxmışdı). Məhz, bu ərəfədə Heydər Əliyev özünün sülhpərvər imicini formalaşdırmaq və Azərbaycanın coğrafiyasında geosiyasi maraqları olan beynəlxalq güclərə özünü təqdim etmək üçün “pencəyimi çiynimə ataraq Dağlıq Qarabağ gedərəm” bəyanatını vermişdi.
Ruslarla ilk məxfi görüş nə üçün alınmadı? Rusiya Xarici Işlər nazirinin müavini Vladimir Kazimirov həmin dövrün hadisələrini bir iştirakçı oldaraq xatırlayır.
V. Kazimirov qeyd edir ki, o, Xarici Işlər nazirinin birinci müavini Sergey Adamişinin adından nazirə bir raport hazırlayıb. Raportda Heydər Əliyevin Rusiyanın planlarına yararlı adam olduğunu qeyd edirb “H.Əliyevin xüsusi çəkisini nəzərə alaraq onu Rusiyanın yüksək rütbəli məmurlarından biri- vitse-prezident Rutskoy, Xarici Işlər naziri Kozırev, Sergey Şaxray və ya Arkadi Volski qəbul etməlidir. Bu adam Ermənistanla nisbətən normal əlaqələr saxlayır və Ermənistan rəhbərliyi ilə gizli danışıqlar aparır, bəzən bu əlaqələr bizim vasitəmizlə baş tutur. H. Əliyevin artıq Yeni Azərbaycan partiyası var və bu partiya parlament seçkilərində çoxluq qazana bilər. Bütün bunlara görə, H. Əliyevin Rusiya rəhbərlərindən hər hansı biri ilə konfidensial (məxfi) görüşü təşkil edilməlidir”. 
Kazimirov öz yazısında qeyd edir ki, Əliyev ona ilk dəfə 1993-cü ilin əvvəllərində zəng edərək Naxçıvanın ağır sosial- iqtisadi durumundan şikayətlənib. “Naxçıvan 9 aydır blokadadır, un və mazut tükənmək üzrədlir. Irandan az miqdarda yardım ala bilirik”.
***
Heydər Əliyevin ruslardan bu konfidensial görüşü nə üçün istədiyini dərk etmək elə də çətin deyil. Təqribən bir il sonra Ankarada Kazimirovla görüşən Heydər Əliyev ona belə bir söz deyir: “Mən siyasətdə yeni adam deyiləm və bütün bunların mənasını başa düşürəm”. Siyasətdə yeni adam olmayan Heydər Əliyevin Azərbaycanla müharibə aparan Ermənistan rəhbərləri ilə, ermənilərə hərbi yardım göstərən ruslarla “konfidensial” görüşləri qətiyyən təsadüfi deyildi. O, nəyin bahasına olursa- olsun, hakimiyyətə gəlmək istəyirdi və bütün planlarını, aşağılı- yuxarılı intriqalarını da bunun üzərində qurmuşdu.
***
Kazimirov nazir Kozırevə ünvanladığı raportda qeyd edir: “Türkiyənin Naxçıvana ayırdığı kredit tükənmək üzrədir. Heydər Əliyev Klintona məktub yazaraq ondan yardım istəyib. Bəlkə elə buna görədir ki, Bakıdakı səfir Riçard Mayls Naxçıvana gedərək Əliyevlə görüşüb”.
Türkiyənin Naxçıvana ayırdığı 100 milyon dollarlıq kreditin hansı səbəbdən cəmi bir neçə ayın ərzində tükənməsi həm türk mətbuatında, həm də “Azadlıq”ın o zamankı saylarında şərh edilmişdi. Bu kredit tamamilə anlaşılmaz korrupsiya məqsədləri ucbatından “Matsan Dış” adlı bir şirkətin (rəhbəri Ibrahim Aydın adlı bir təsadüfi biznesmen) sərəncamına verilmişdi.
***
Bu raportdakı əsaslandırmalara baxmayaraq, RF Xarici Işlər naziri Andrey Kozırev Heydər Əliyevlə görüşməkdən imtina edir və onun RF-nin hər hansı yüksək ranqlı siyasətçisi ilə görüşünü də məqbul saymır.
Kozırevin Heydər Əliyevə nifrəti isə təsadüfi deyildi və RF prezidenti Boris Yeltsinin nifrətindən qaynaqlanırdı. Yeltsin Qorbaçova məşhur müraciətində yazırdı: “Çoxlu sayda irili-xırdalı inqriqalara bulaşmış bu adamı Siyasi Büroda saxlamaq sadəcə olaraq, mümkün deyil”. (Boris Yeltsin, “Ispoved na zadannuyu temu” (“Nəzərdə tutulan missiya üzrə ibadət” kimi tərcümə edilə bilər)). B. Yeltsin “Ispoved na zadannuyu temu” adlı kitabçasında qeyd edir ki, o, xüsusi qovluqla Qorbaçovun yanına girərək ondan tələb edib: “Siyasi Büroda bu adamla yanaşı oturmaq, sadəcə olaraq, ayıbdır”. Yalnız bundan sonra Mixail Qorbaçov hərəkətə gəlir və Əliyevi fəxri təqaüdə göndərirlər. Yeltsin elə həmin mənbədə anlaşılmazlıqla qeyd edir ki, Qorbaçovun bu adamla haqq-hesabı çürütmək üçün bu qədər ləng tərpənməsini heç cür başa düşə bilmir.
Kozırev də Yeltsinin bu davranışını əsas götürür və Əliyevlə nə özü görüşmək istəyir, nə də kimsəni görüşdürmək. Kazimirov qərara gəlir ki, Əliyevlə tək görüşsün. Kozırev ona təkbətək görüşməyi belə qadağan edir. Buna görə də Kazimirov Əliyevə telefonla bildirməli olur ki, onunla hətta məxfi görüşü belə baş tutmur.
Kazimirovun Əliyevlə görüşü 1993-cü ilin aprelin 22-də Özalın dəfn mərasimində Ankarada baş tutur. “Rusiya adından iştirak etdiyim bu mərasim zamanı qəsdən Heydər Əliyevlə yanaşı addımladım və istədim onu ötən dəfə görüşümüzün baş tutmamasını izah etməyə çalışım. O isə mənim sözümü yarıda kəsərək dedi ki, mən siyasətdə birinci ildir deyiləm, hər şeyi başa düşürəm”.
Siyasətdə birinci ilini keçirməyən Heydər Əliyev ruslarla və regionda marağı olan başqa güclərlə belə məxfi danışıqları uğurla başa çatdırdı. Bu “uğur”dan Azərbaycanın hansı zərərləri çəkdiyini isə azərbaycanlılar on ildən artıqdır ki, görürlər.

"Azadlıq" qəzeti, 24.01.2007

Комментариев нет:

Отправить комментарий