29.01.2014

“Qanadlandıran” içki

Lalə Mehralı

Yeni il qabağı böyük mağazalardan birində alış-veriş edirdik, aldığımızı aldıq, ehtiyacımız olanı səbətimizə topladıq üz tutduq kassaya tərəf. Di gəl ki, kassada ağız deyəni qulaq eşitmirdi, bizim kimi iş adamı olan əksər alıcı yeni il alış-verişini son günə saxlamışdı (bayramlarda elə istirahət günləri təyin edirlər ki, hazırlıq etməyə vaxt da qalmır. Bu gün işdəsən, sabah bayramdır, di gəlsin yazıq qadın, gecə səhərə kimi mətbəxdə mürgüləyə-mürgüləyə sabaha hazırlıq görsün). Nə isə, kassada növbə olduğu üçün sıraya dayandıq, möcüzəli bir şəkildə növbə mədəniyyətini heç kim pozmadı.
Bizim növbəmiz çatanda ərzaqlarımızı kassadan keçirdilər, hesablandı, ödənişimizi etdik. Torbalarımızı götürəndə bizdən sonrakı ailə diqqətimi çəkdi. Gənc ata-ana, 12-10 yaşlarında iki oğlan uşağı. Uşaqlar kassa aparatının yanındakı rəflərə düzülmüş “Redbull” içkisini göstərib atalarından almağı xahiş etdilər, ata iki kiçik ölçülü - 250 ml. qramlıq qutu götürəndə həyat yoldaşı, uşaqların anası kişini dümsüklədi: “Böyük ölçüdə olandan al, sonra doymurlar”. Kişi də götürdüyünü yerinə qoyub böyük ölçülünü götürdü.
Nə qədər istədim qarışmayım, olmadı, özümü saxlaya bilmədim, kişiyə “o içkiləri niyə içirib zəhərləyirsiniz uşaqları?” deyə sual verdim. Kassada hamı mənə tərəf çönüb humanoid görmüş kimi təəccüblə göz süzdü. Kişi çiynini çəkdi, “sudur də” dedi. “Su deyil, o nəinki uşaq, yetkin insan üçün də zəhərdir” dedim. Kişinin arvadı sözə qarışdı: “Neyləyək, istəyir uşaq, nəfsi qalar”.
Uşaqlara baxdım, onların fikri atalarının əlindəki qutularda idi. Valideynlərinə “o içkilərin zərərini bilirsinizmi? Bu içki sayəsində onların bütün həyatı üçün hesablanmış enerji bir gündə itir” dedim. Qadın yenə çiyinlərini çəkdi, “istəyirlər, neynim” dedi,  kişi isə əlindəki qutuları kassaya verib-verməməyə tərəddüd edirdi.
Uşaqlara tərəf əyilib “bu gün bu içkini içsəniz, sabah, birigün dostlarınızla oynamağa halınız, enerjiniz olmayacaq, futbolda uduzacaq, oyunlarda hamıdan geri qalacaqsınız. Bu içkilər adamı bir neçə saat güclü edir, sonra bütün gücünü alır” dedim. Əslində çox şey demək olardı, amma hamı növbə gözləyirdi, vaxt az idi.
İnanmazsınız, amma əziz nə varsa ona and olsun ki, iki uşağın ikisi də eyni anda atalarına “onu istəmirik” dedilər. Valideynləri aldıqları digər ərzaqların ödənişlərini edib "Redbull" almadan mağazadan çıxdılar. Sən uşağını başa salma, o içkinin zərərini anlatma, sonra da de ki, "istəyir axı". Uşaq istəyəcək də, reklamları ehsan olsun deyə çəkmirlər ki, insanların beynini yumaq üçün çəkirlər.
Amma təəssüf ki, energetik içkilərin çox satıldığı Avropa ölkələrində bir gündə iki şüşə energetik içki içən gənc qızın, yaşıdlarına daha güclü olduğunu sübut etmək üçün energetik içkinin qurbanına çevrilən 16 yaşlı yeniyetmənin ölməsi də bu içkilərin istehlakını azaltmadı. Daha çox gənc nəslin istehlak etdiyi bu içkilərin tərkibində “taurin” adlı maddə olur. Bu maddə isə ürək fəaliyyətini gücləndirir, gücə düşən orqan lazım olduğundan daha çox işlədiyi üçün bir müddət sonra qəfil dayanır. Energetik içkinin tərkibindəki ifrat qlükoza və kofein gənc orqanizmə olduqca zərərdır. Energetik içkilərin zərəri barədə nəinki bir qəzet səhifəsi, hətta elmi monoqrafiya belə yazmaq olar.
Qısaca qeyd edək ki, Fransa və Filippində, Norveç və Danimarka kimi ölkələrdə energetik içkinin satışına qadağa qoyulub. Çünki bu ölkələrin elmi-tədqiqat institutlarında  energetik içkilərin sonsuzluğa və allergik xəstəliklərə səbəb olması barədə tutarlı tədqiqatlara imza atılıb. Almaniyada isə ümumiyyətlə, energetik içkilərin istehsalı yasaqdır.
Məlumat üçün qeyd edirəm, hər bir yetkin insan orqanizmi gün ərzində 2400-2500 kkal enerjiyə ehtiyac duyur. Bu enerjini insan gün ərzində qəbul etdiyi qida və içkilərdən əldə edir. Energetik içkilərin hər yüz milliqramında 192 Kkal enerji olur ki, 250 millilik qablaşdırma insanın gündəlik enerji tələbatının təxminən beşdə birini versə də bədəni oyandırır və temperament verir, amma sabahı gün insanda ürəkbulanması, başağrısı, qusma-öyümə yaradır. Bunu bu içkilərdən istifadə edən istənilən insan təsdiq edir. Ağrılar yalnız yeni energetik içki içdikdə aradan qalxır. Yəni bədən artıq ona öyrəşib
Hələ energetik içkilərlərin adına bir baxın - “Qırmızı öküz”, “Akula”, “Yarasa”, “Dinamit”, “100 Kvt ”, “Yaquar”. Bu adların özü belə insanda qəribə bir hiss yaradır, insan psixologiyasına təsir edir. Hələ “qanadlandırır” adı ilə reklam edilən “Redbull”u demirəm. İçirəsən istehsalçısına, atasan bir göydələnin başından, deyəsən di uç görüm necə uçursan!
Uşaqlarınızı  (elə özünüzü də) bu “moşşenik” istehsalçılara qurban etməyin, Allah eşqinə!

bugun.az

Комментариев нет:

Отправить комментарий