29.01.2014

Nurçuluq

Bu gün dünyada geniş yayılmış islam cərəyanlarından biri də nurçuluqdur. Ötən əsrin əvvəllərində Türkiyədə yaranmış nurçuluq cərəyanını bəzi tədqiqatçılar təriqət, yaxud camaat adlandırırlar. Hazırda bir neçə qrupa bölünsələr də, nurçu cərəyanına məxsus qruplar, xüsusən də Fətullah Gülənin rəhbərlik etdiyi nur camaatı böyük bir dini-siyasi cərəyana çevrilib.
Nurçuluq cərəyanının banisi Səid Nursi 1873-cü ildə Türkiyənin Bitlis vilayətinin Nurs kəndində dünyaya gəlib. Qeyri-adi yaddaşa və dərin dini biliklərə sahib olan Səid Nursinin ali dini təhsil almadığı bildirilir. Bəzi məlumatlara görə, Birinci Dünya savaşında Osmanlı ordusu tərkibində iştirak edib. Döyüşlərdə yaralandığı və hətta rus ordusuna əsir düşərək Sibirdə sürgün həyatı yaşadığına dair məlumatlar var.
Osmanlı imperiyasının çökməsi və İstiqlal Savaşı dönəmində aktiv fəaliyyət göstərib. Xilafətin (Osmanlı imperiyasının) bərpasının qızğın tərəfdarı kimi çıxış edib. Bu səbəbdən də yeni qurulan Türkiyə Cümhuriyyəti rəhbərliyi ilə düşmənçilik münasibətlərində olub.
Bitlisdə ruhani fəaliyyəti olan Səid Nursi Türkiyə Cümhuriyyəti yarandıqdan sonra bir sıra siyasi fəaliyyətlərlə məşğul olur. Cümhuriyyət qurulduqdan sonra bir müddət Vanda yaşayır. Ancaq cümhuriyyət sisteminə qarşı bir sıra aksiyaları, üsyanı dəstəklədiyi üçün məhkəmə tərəfindən əvvəlcə ev dustaqlığına məhkum olunur. İspartada, Barlada, daha sonra Kastamonu və bir sıra başqa bölgələrdə ev həbsində saxlanılır. Eyni zamanda bir müddət Dənizli və Əskişəhər həbsxanalarında məhkum həyatı yaşayır. Səid Nursi 23 Mart 1960-cı ildə Urfada vəfat edir.
Səid Nursinin ən böyük əsəri və ondan sonra böyük bir məktəbin yaranmasına səbəb olan 23 il ərzində yazdığı 130 məktubdan ibarət “Nur risalələri”dir. S.Nursi tərəfindən qələmə alınmış, 20-ci əsrdə Quran təfsiri kimi qiymətləndirilən bu əsər yeni bir cərəyanın ortaya çıxmasına səbəb olur. Ancaq Səid Nursinin adı ilə bağlı cərəyan ilk dəfə özünün sağlığında (1955-57-ci illərdə) bölünür. 1960-cı ildə S.Nursi vəfat etdikdən sonra təriqət içində bölünmələr çoxalır. Türkiyə mediasında gedən məlumatlara görə, nurçuluq hərəkatı 4 müxtəlif (ən azı) qrupa parçalanıb. Ancaq onların arasında ən geniş yayılanı hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan Fətullah Gülənin rəhbərlik etdiyi və buna görə də “Fətullah Gülən” camaatı adlandırılan qrupdur.
Fətullah Gülən 1938-ci ildə Türkiyədə anadan olub. O, gəncliyində islam ruhanisi təhsili almış və bir müddət imam yardımçısı kimi çalışmışdır. Ancaq daha sonra ictimai fəaliyyətə yönələn F.Gülən yay düşərgələri yaratmış, sonrakı illərdə Türkiyənin bir sıra bölgələrində ictimai, mədəni və təhsil qurumları yaradaraq onların fəaliyyətini koordinasiya etmişdir. 1969-cu ildən etibarən nurçuluq cərəyanının hazırda öz adı ilə bağlı olan qrupuna rəhbərlik etməyə başlayıb.
Fətullah Gülən dinlərarası dialoq tərəfdarıdır. Onun dünya dinlər dialoqunun yaranmasında böyük rolu var. F.Gülən bir müsəlman ruhani kimi xristian və yəhudi dinləri ilə əməkdaşlığın böyük tərəfdarı kimi çıxış edir. F.Gülən 1971-ci ildə islamçı fəaliyyətə görə üç illik həbs olunub, 1996-cı ildə dövlətə qarşı çevrilişə təhrik etməkdə ittiham olunub, 1998-ci ildə Ordu Məhkəməsi onun barəsində cinayət işi başladıb. Ancaq həbsindən az müddət əvvəl Fətullah Gülən ABŞ-a köçərək burada yaşamağa başlayır. 2006-cı ildə məhkəmə tərəfindən bəraət almasına baxmayaraq, F.Gülən Türkiyəyə dönməyə hazırlaşmır. 2012-ci ilin yayında Türkiyədə keçirilən Gülən camaatına mənsub dünyadakı türk liseylərinin təşkilatçılığı ilə təşkil olunmuş Türkcə Uşaq Olimpiya oyunlarının bağlanış mərasimində çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni vətəninə çağırdı. Ancaq Gülən bu çağırışdan nəzakətlə imtina etdi.
Fətullah Gülənin adını daşıyan cərəyan bu gün Türkiyə və dünyanın əksər bölgələrində geniş biznes, media və təhsil şəbəkəsi qura bilib. Taylanddan ABŞ-a, Afrikaya, Avstraliyaya qədər dünyanın müxtəlif bölgələrində hərəkata məxsus orta təhsil müəssisələri – liseylər fəaliyyət göstərir. Bəzi məlumatlara görə, dünyanın müxtəlif ölkələrində 230-dan artıq lisey, 25 universitet, hazırlıq kursu, yataqxana və nəşriyyata malik olan böyük təhsil şəbəkəsi mövcuddur.
Bir qədər əvvəl ABŞ-ın CBS telekanalının F.Gülən camaatı haqda hazırladığı sənədli filmdə onun barəsində yüksək fikirlərlə yanaşı, təkcə Hyustondakı “Harmony” məktəbində 20 min şagirdin təhsil aldığı, eyni zamanda məktəbdə oxumaq istəyən 30 min tələbənin növbə gözlədiyi qeyd olunur. Həmçinin ABŞ-ın 26 ştatında Gülən camaatına məxsus 130 məktəbin olduğu qeyd olunur.
Mətbuatın məlumatında Azərbaycanda 12 liseyin, Qafqaz Universitetinin və başqa təsisatların bu cərəyana məxsus olduğu bildirilir. Gülən hərəkatı mötədil, barışcıl, sülh tərəfdarı olan bir islam cərəyanı  kimi dünyada müsbət imicə malikdir. Daha çox təhsilə önəm verən cərəyan Azərbaycanda da geniş yayılaraq özünə tərəfdarlar toplaya bilib. Fətullah Gülənin xütbə və moizələri, müsahibə və məruzələri yazılmış disklər, kitablar başqa yerlərdə olduğu kimi, Azərbaycanda da yayılır. Azərbaycanın bəzi özəl ali məktəblərində fətullahçı müəllimlər dərs deyir, onlar nurçu ədəbiyyatını yaymaqla da məşğul olurlar. Bakı ilə yanaşı, bölgələrdə, əsasən də, şimal və qərb bölgələrində (Şəki, Zaqatala, Balakən, Quba, Qazax, Ağdaş) nurçuluq təriqətinə mənsub insanlar mövcuddur.
Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanda Fətullah Gülən hərəkatı ilə yanaşı, klassik nurçuluq cərəyanına mənsub qruplar da var. Nisbətən passiv olan bu qruplar, əsasən, Bakı şəhərində evlərdə fəaliyyət göstərir. Eyni zamanda ara-sıra rəsmi məlumatlarda Bakıda və bölgələrdə həbs olunan nurçularla bağlı məlumatlar yayılır.

birlik.az

Комментариев нет:

Отправить комментарий