04.10.2014

Hacı Şahinin “nida”sı

Həmid Herisçi

Yaşadığımız həyat, təkcə elə  daşlaşmış məntiq qanunlarına tabe deyil. Məntiqdən kənar hadisələr də mövcuddur həyatımızda. İzahsız hadisələr, olaylar cəmiyyətdə, insanlar tərəfindən əlbəttə ki, birmənalı şəkildə qarşılanmır. ANS kanalında 1 il davam edən “Gizli Azərbaycan” layihəsini hazırlayarkən, belə hadisələrlə dəfələrlə üzləşdim. Misal üçün, Bakının Göradil kəndində biz, bina içində gizlədilmiş bir pir aşkarlayıb başladıq çəkilişə. Kimsə dedi ki, 37-ci ildə görədillilər bu fəndə əl ataraq piri sökülməkdən xilas ediblər. Digərləri israr etdi ki, bəs bu, pirlərin pozulmaz qanunudur- guya, pirlər bəzən özləri qeybə, yoxluğa çəkilir, sonra bir mömün bəndənin yuxusuna girib orda öz dəqiq ünvanlarını pıçıldayırlar. Burda növbə artıq gəlib çatır bel-külünglərə. Kəndlilər tökülüşüb torpağı qazır, piri ağır qum qatları altından üzə çıxarırlar. Qeybin yolunu bələdləmiş bu cür məbədlərdə sonradan xalq kütlələri özlərinə həm şəfa axtarar, həm qeybdən xəbər gözləyər, adətən. Göradildəki həmin pirdə biz divarlara hörülmüş doqquz saxsı küp də aşkarlamışdıq. Küplərin təyinatı barədə söhbət başlayanda hərə bir söz dedi. Alimlər israr edirdilər ki, küplər pirdə səs akustikası yaradır. Kəndlilərin fikri fərqliydi- qeybdən gələn səsləri gücləndirib eşidilən hala salırmış guya həmin doqquz küp. Nəysə... Həqiqət mübahisələrdə aşkar olar, deyirlər. Odur ki, fikirlər nə qədər çox və müxtəlif olsa, bu, yalnız “X fayl”ların çözülməsinə, dərkinə bizi yaxınlaşdıra bilər. Yeni “MÜƏMMA” layihəmizdə biz, sizinlə birgə bu çətin suallara cavab tapmaq niyyətindəyik.
HACI ŞAHİNİN “NİDA”SI. Son zamanlar ölkəmizdəki “kəşfü-kəramət”lərin sayı durmadan artır. Reytinq arxasınca qaçan telekanallarımız üçün bu göydəndüşmə bir mövzudur. Teleşirkətlər bu fenomenlərə düzgün, elmli izah verməkdənsə, mövzu ətrafında ucuz şoulara geniş meydan açaraq, tamaşaçıları aldadırlar, özləri bəzi “möcüzə”ləri icad edib qondarırlar. “Möcüzə”, əvvəlcədən hazırlanmış xüsusi ssenari vasitəsiylə ekranlara çıxarılır, sonra da başlanır ən adi “başaldatma”.
Mətbuat səhifələrində indi start verdiyimiz “MÜƏMMA” layihəmizdə biz oxşar fenomenləri başqa baxış bucağından izah etməyə səy göstərəcəyik. Həyatında bircə dəfə də olsa belə MÜƏMMA ilə rastlaşan insanlara söz verəcəyik. Mütəxəssisləri də dəvət edəcəyik söhbətlərimizə. İlk qonağımızı yaxşı tanıyırsız. Bu şəxs, hamının ilahiyyatçı kimi tanıdığı məşhur Hacı Şahindir. Ölkəmizdə ən böyük dini icmaya malik Məşədi Dadaş məscidinin axundudur. Mövzu ilə əlaqədar ilk sualımızı ona ünvanlayırıq.
- Hacı Şahin, Azərbaycanda durmadan sayı artan möcüzələr barədə qısa da olsa nə deyə bilərdiz?
-Siz bu fenomenlərin elmi adlarını bilirsiniz. Məsələnin bu tərəfi ilə kifayət qədər ciddi məşğul olan mərkəzlər, elmi şəbəkələr var dünyada. Misal üçün, Amerikanın “The John E. Mack Institute (JEMI)” kimi. 
Mənsə  bunlar barədə  dini yanaşmanı sərgiləyə bilərəm yalnız.
SEYİD MƏLƏK. Mehriban, gülərüz Hacı Şahinlə biz yanvar ayının lap soyuq vaxtları, necə deyərlər, qışın oğlan çağında görüşdük. Hacı Şahin soyuqdan üşüsə də, salamlaşdığımız an onun ovcunun  istiliyini hiss edib, qeyri ixtiyari, düşündüm: “Görəsən söhbətimizin canında da bu istiliyi saxlamağı bacaracağıqmı?” Söhbətimizi onun soyuq ofisində davam etdiririk. Həmsöhbətimi diqqətlə nəzərdən keçirirəm. Saqqallı deyil, belə deyək, üzü tüklüdür, o. Dindar cameənin hərəkətlərində, sifətlərində, söhbətlərində rast gəldiyimiz yeknəsənglik  Hacıya yaddır. Təhsilini mədrsələrdə deyil, ev şaraitində alması ilə bağlıdır məncə onun bu özəlliyi...
-Nənəm Seyid Mələk kimi tanınırdı. Aşura günləri qolumdan yapışıb məni məscidə aparmağı yaddaşıma əbədi həkk olunub. Barmaqlarının istisini, izini hələ də əllərimdə hiss etməkdəyəm. Göyçayın Alpaud kəndində dini mərasimlər, sovet vaxtlarında belə xüsusi təntənə, izdihamla müşaiət olunardı. Bu izdihamlı kütlənin ən kiçik zərrəsi o vaxt görünür bir məndim, bir də mehriban, inanclı, ağzıdualı nənəm. Alpaud məscidində baş yarıb qanına qəltan olan ağ kəfənli mərasim iştirakçılarını ilk dəfə görərkən, yadımdadı, nənəmin əl dırnaqları bədənimə azca sancılıb orda öz əbədi izini qoydu. İndi də ən çətin vaxtlarımda elə bilərəm ki, nənəm yanımdadır, əlimi sıxır, dırnaqları ətimə sancılır. Bax bu lap möcüzədir- hərdən bu dırnaqların izi əllərimdə lap aydın peyda olur elə bil. Anidən baş verir bu... qəfildən. Nə bilim, bəlkə çox aldadıcı bir hissdir bu...
Şahinin bu uşaqlıq xatirələrinə kinorejissor gözüylə baxmağa çalışıram. Təsəvvür edin- sovet dövrü... kənd məscidi... Aşura mərasimi. Yumru papaqlı milislər, mərasim iştirakçılarını üzük kimi mühasirəyə alıblar. Hər dəfə qılınc-qəmələr saf, ağ-appaq alınları tən ortadan yaranda, Seyid Mələyin dırnaqları balaca Şahinin totuş əlinə sancılır. Sinxron baş verir hər dəfə bu. Dəfələrlə təkrarlanır. Qəmələr alınlara sancılır, nənələrin iti dırnaqları nəvələrinin əllərinə... Uşaqlar diksinib uşaqlıqdan ayılırlar. Böyüklərin ağrısını az da olsa, ilk dəfə öz bədənlərində hiss edirlər... Mükəmməl kinokadrlardır. Qəşəng bir adsız filmin ilk kadrları kimi görürəm indi mən bu təsirli səhnəni.
-Gəlin bunu Seyid Mələk xanımın kəraməti bilək. Ruhu tək buraxmır da sizi. Əlamətlərini, rəmzlərini göndərir sizə- deyib, Hacının cavabını gözləyirəm. Deyəsən, istədiyimə çatmışam. Hacı Şahin, həyatda üzləşdiyi ilk “müəmma” barədə öz canlı, təsirli söhbətini danışır, şükür, indi bizə.
O, tez-tez sükuta qapanıb öz daxili aləminə çəkilənlərdəndi. Söhbətimizin bu incə məqamında, nöqtəsində həmin “özünə qapanma”yla ilk dəfə tanış olmaq imkanı qazanıram. Söhbətimiz əsnasında o, özü də bilmədən bir neçə dəfə oxşar “sükut fasilələri” yaşayıb, mənə onu kənardan müşahidə etmək şəraiti yaradacaq. Buyurun baxın, bu da Hacı Şahin portretinin ilk ştrixləri- gözlərinin zilləndiyi səmtdən elə biləsən ki, qeyb aləmi başlayır. Az danışandı deyə dodaqları heç nəylə özünü büruzə vermir. Mükəmməl nitqi, tələffüz qaydaları çox təsirlidir. Dinləyicilərini biganə saxlamır. Uzun əlləri söhbət zamanı bəzən hərəkətə keçib dinləyicilərinə xüsusi işarələr ötürür elə bil. Göz qapaqlarını tez-tez açıb qapamağı, daxili narahatlığının göstəricisidir. Zaman keçdikcə, təcrübəsi artdıqca bu xasiyyətini itirəcək o. Gözlərini az açıb qapayacaq. Bunun üçün onun həyatında bir müəmmalı hadisənin baş verməyi gözlənilir. Qaçılmazdı bu.
Deyərdim ki,  labüddü.
Sonrakı müəmmalı hadisə isə onun həyatında əskərlik günlərində, düşmənlə təmas xəttində, səngərdəykən baş verib.
SİLAHLI KÖLGƏ. -Əsgərliyimi Tərtərdə, ön cəbhə xəttində keçirdiyim adi günlərdən biriydi. Yorulmuşdum azca. Hava çox bürküydü nədi bilmirəm, ancaq qəfildən əlimdə sıxdığım silahıma söykəndim. Göz qapaqlarım başladı titrəməyə. Bir dəfə dəf etdim bunu, iki dəfə... Düşmən tərəf bizə lap yaxın idi, aramızdakı qısa məsafə iki yüz addım ola-olmaya... Alaqaranlıq gözlərimi qamaşdırırdı. Qarşımda bir əşya, bir mənzərə, ot, ağac da yox idi ki, onlara baxıb gerçəklik hissini itirməyim. Gürub vaxtıydı. Batan günəşin son şüaları, silahlı kölgəmi düşmən səngərlərinə qədər uzatdı qəfil. Bu kölgəm, təkcə mənim öz hərəkətlərimi təkrarlamırdı elə bil. Özbaşına da bəzən hərəkətlər edirdi...
-Nə oldu sonra?- Şahini tələsdirməyə çalışıram. O da bunu hiss edərək nitqinin surətini artırır.
-Bu vaxt mənim üzümə elə bil lal, sözsüz bir qəti hökm oxundu. Qeybdən gəldi həmin hökm. Telepatik mesaj idi sanki. Eşitdim ki, gələn il bu vaxt Məkkədə, müqəddəs hərəmin ərazisində olacam.
-Sonra? – mövzu məni tutub. Sualımı qısa edirəm ki, Hacıya mane olmayam.
-Sonra heç nə... qəfilədən bərk xəstələndim. Xəstəliyimə görə ordudan tərxis olundum. O telepatik mesajı, silahlı kölgəmi artıq unutmuşdum tamam. Məişət qayğılarından başımı lap itirmişdim. Bir də eşitdim ki, kimsə məni Həcc səfərinə göndərir. 1997-ci il idi. O vaxtlar Həcc səfərlərinə gedənlərin siyahısı çox məhduddu. Nəysə... Əvvəlcə Kərbəlanı ziyarət etdim. Gəldik Məkkəyə. Müqəddəs Hərəmin ərazisinə elə təzəcə qədəmlərimi qorxa-qorxa basırdım ki, qəfil səksənib diksindim. O mesajı ikinci dəfə öz daxilimdən eşidib şaşırdım. Ətrafımda o silahlı kölgəmi axtardım bir an. Gözlərim yaşardı, yadımdadı. Xeyli ağladım.
-İslamda Allahdan bəndəyə “bəyinat, nida, vəhy, ilham” kimi halların gəlməsi şərtdi. Sizcə bu nəydi?- astaca öz sualımı pıçıldayıram.
Hacı tələffüzümü göydə tutur. Eyni ahənglə cavab qaytarır mənə:
-Bu... bu... bu bilirəm nəydi. Bu, nidaydı...
-Nədir özəlliyi nidanın?- təmkinimi pozmadan mövzunun ardını, davamını tələsdirirəm.
-Nida qəfil gəlir. Qəti hökm kimi. Onu eşidib unudursan. Hökm həyata keçdiyi an qəfil o nida yenidən, sonuncu dəfə daxilində səslənir.
-Bu vaxt daxilinizdə doğan suallarınızı siz qeyb aləminə yad səslə ünvanlayıb, aldığınız cavabları öz səsinizin ifasında dinləyirdiz, eləmi?
-Təxminən. Bunu hardan bildiz?- Hacı cürətlənib səsinin qalınlığını artırır.
-Bu sahədə təcrübəm var. Oxşar lal nidaları mən də eşitmişəm.
-Belə de... -Hacının susqun, ifadəsiz tüklü sifəti sanki bu an dirilib nurlanır. –Görünür, təsadüfən görüşməmişik bu gün biz.
-Cürət edib, ətrafımıza yaxşı baxsaq, o silahlı kölgənin zəif əksini də bəlkə divarlarda görərik –söhbətimizin sirli ovqatını sanki artırmaq istəyirəm.
Hacı Şahin:
-O heç vaxt bizdən uzaqda gəzmir ki – deyib, azca gülümsəyir. Amma təmkinini itirmir. 
Elə, ciddiliyini də.
***
Bundan sonra keçirəm söhbətimizin əsas mövzusuna. Son zamanlar haqqında eşitdiyim qeyri-adi hadisələr, Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan paranormallıqlar barədə söz açıram... 
...Qanlı-qadalı, tufanlı 30-cu illər qədim Quba mahalı üçün çox ağrılı-əzablı keçir. Həbslər, tuthatutlarların ardı-arası kəsilmir. Qazamatlar dustaqlarla dolub daşır. Ancaq həbslər təkcə elə adi insanlarla kifayətlənmir. Həbs edilənlər arasında qədim kitablar da var. Bir də...
Bir də pir-ziyarətgahlarda rastlanan qədim müalicəvi “özüyeriyən” daşlar.
Məhbəslərdə çürüyənlər, yaxınlarının gözlərini ağlar qoyaraq bir daha geri dönməsələr də, eyni sözləri həmin bu möcüzəli “özüyeriyən daşlar” barədə söyləmək olmaz. Dustaqlardan fərqli olaraq, bu daşlar tezliklə əvvəlki yerlərinə bir təhər qayıtmağı bacarırlar. Cabbar əfəndinin, Cənnətməkan əfəndinin çiləxanalarında qeydə alınan bu möcüzə, tezliklə bütün Azərbaycana yayılır. Partiya-hökumət nümayəndələrinin canına vicvicə düşür. Mircəfər elə bərk əsəbləşir ki, eynəyinin yumru şüşələri tərləyir.
“Özüyeriyən daşlar” təkcə Azərbaycanda rastlanmır. Oxşar nadir təbiət nümunələrini Amerikanın məşhur “Ölüm vadisi”ndə, qurumuş Reystrek-Playya gölünün dibində də görmək mümkündür. Asrtofiziklər “özüyeriyən” daşları Ayda da aşkarlayıblar. Teleskoplar vasitəsiylə çəkilmiş şəkillərdə bu möcüzəli daşların Ay səthi üzərindəki hərəkət trayektoriyası, cızdıqları dərin izlər aydın görünməkdədir. Məşhəddə, İmam Rzanın məzarı həndəvərlərində də, eşitdiyimə görə oxşar fenomen, ta qədimlərdən mömünləri təəccübləndirir.
Bu cür möcüzələr, 1930-cu illərdəki kimi, Azərbaycanda yenidən geniş vüsət almaqdadır. Paranormal ərazilərdəki möcüzəli “özüyeriyən” daşlar yenidən hərəkətə keçiblər. Lənkəran-Astara yolunun 18-ci kilometrində dağ uçqunu nəticəsində torpağın dərinliklərindən on ədədə yaxın daşlaşmış nəhəng “uçan boşqab” aşkarlanıb. Bəzi ucqar dağ  kəndlərində nadir “litoboliya” fenomeni, yəni göydən yerə daş yağışı müşahidə edilib. Son vaxtlar Şəkinin “Babaratma” pirinə sklerotiklərin, psixiki xəstələin axını tükənmir.Tam möcüzədir- xəstələr burda öz yaddaşlarını bərpa etməyə müəssər olurlar...
...Daha bir möcüzə: anabiozdur. Soruşacaqsız, nədir belə bu “anabioz”? Cavabımı gecikdirmirəm- mərhumların cəsədi çürüməyəndə, bədənlərində dirilik izləri qalanda, buna elmdə “anabioz” deyərlər. Xalq isə bu elmi termini tanımır, bu cür möcüzəli cəsədlərə, mumiyalara “Diri baba” adıyla xitab edir. Belə çürüməyən nəşlər siyahısında Buryatiyadakı rahib İtiqelovun, Livandakı keşiş Şamvelin cəsədləri lap məşhurdur. Bu cür mumiyaların gözündən hərdən yaş axır, sir-sifəti tərləyir. O dünya ilə bu dünya arasında qalmış həmin mumiyalar vasitəsiylə zəvvarlar qeyb aləmiylə əlaqə qurmağı bacarırlar. Azərbaycanda bu cür “dirilər”ə, mumiyalara Nərdarandakı Rəhiməxanım ziyarətgahında, Bibi-Heybətdə, Mərəzənin Diribaba, Cəlilabadın “Üç kimsənə” ocaqlarında rast gəlmək mümkündür. Oxşar 7 mumiya vaxtiylə Naxçıvanın məşhur “Əshabü-kəhf” mağarasında da mövcudmuş. Quranın 18-ci “əl-Kəhf” surəsində bu mağaranın dəqiq coğrafi koordianatları göstərilib, ordakı 7 mumiyanın 300 il sonra ayılıb həyata dönüşü çox təsirli şəkildə təsvir edilib. Qeyd edək ki, ziyarətgahın ətəyindəki məşhur bulaq məhz 18 dəqiqədən bir dolub daşır. “Əshabü-kəhf” barədə məlumatların, Quranın 18-ci surəsində yer alması isə görünür aqillərə, mömünlərə ünvanlanmış xüsusi gizli işarədir...
Xülasə, möcüzələr barədə sualımın cavabını Hacı Şahindən səbirsizliklə gözləyirəm.
-Müəmməlar qeyb aləmi ilə əlaqədardır. Kəşfü-kəramətlər, tarix isbat edir, dini yasaqlar zamanı şiddətlənir. Peyğəmbərlər möcüzəsiz olmur. Deyilənə görə, onların bəzisinin kölgəsi də mövcud deyilmiş. Məhəmməd peyğəmbərin “şəqqül-qəmər” möcüzəsi məşhurdur. Peyğəmbərimiz barmağının bircə hərəkəti ilə göydəki ayı iki bölüb, sonra əvvəlki vəziyətinə qaytarıb. Əgər bu gün Azərbaycanda möcüzələr artıbsa, bu ilk növbədə bir məsələyə işarədir- biz, tariximizin yeni, həlledici pilləsini yaşayırıq. Belə zamanlarda kütləvi mətbuat, televiziya mövzuya bəsit, bayağı yanaşma sərgiləməməli, əksinə alimlərimizi, din xadimlərimizi müzakirələrə qatmalıdır. –Hacı Şahin, təəssüflə başını yelləyir. Axırda “Yeddi oğul istərəm” filmindəki Bəxtiyarın harayını bir başqa cür təkrarlayır.
-Bu kəndə bir kişi, bir alim, dövlət var, ya yoxxxxxx?
Mən də razıyam. Əks halda qaragürüh, şou-biznes dəllalları, naşı teleaparıcılar bu mövzularla xalqı cəhalətə sürükləyəcək. Nimdaş ateistlərə isə sanki elə bu lazımdı. Qondarma “tele-möcüzələri” əllərində bayraq edib keçəcəklər xalqımızın dini, mistik hisslərinin təhqirinə.
Azərbaycansa dünyada bəlkə yeganə yerdir ki, orda nə ciddi ufologiya elmi var, nə də ki, kosmoenergetik tədqiqat mərkəzləri. Parapsixologiya da elə sıfır səviyyəsindədir. Yəni sahəyə uyğun olan mütəxəssislər yoxdusa mövzu keçəcək qaraguruhun əlinə... 

qaynar.info

Комментариев нет:

Отправить комментарий