18.10.2014

İbrahim Sel: Yeganə xilas yolumuz Rusiyadır!

Yazıçı-jurnalist, Avrasiya Hərəkatı – Azərbaycan təşkilatının rəhbəri İbrahim Sel ilə müsahibə

“Azərbaycan Rusiyadan ayrı şəkildə yaşayıb inkişaf edə bilməz”

-Jurnalistikaya ilk gəlişiniz barədə nə deyə bilərsiniz?
-İlk əvvəl xırda, amma gündəlik 800-1000 nəfər girişi olan bloqlar işlədirdik. Yadımdadır azerblog sistemindəki materiallarımızı populyar nəşrlər tez-tez öz saytlarına yerləşdirirdilər və məqalələrimizi gənc debütantlar öz adlarından müxtəlif qəzetlərdə dərc edirdilər, çünki bizim bloqların üstündə həmişə yazılırdı ki, materiallarımızı plagiat edərək öz adınızdan qəzetlərdə dərc edə bilərsiniz. Bizimçün əsas ideyaların yayılması idi, şan-şöhrət yox. Müasir jurnalistlər kimi heç vaxt fərdi brendimin formalaşmasının qayğısına qalmamışam. Professional təhsil alsam da, mənə fərdi onlayn-bloq müəllifi kimi auditoriyanı öz akkauntuna cəlb etmək yollarını heç kəs öyrətməyib. Sadəcə illər boyu oxumuşuq, maraqlı və qapalı materialları, hansı ki biz onları germetik adlandırırıq, mütaliə etmişik, Azərbaycan auditoriyasına çıxanda isə görmüşük ki, həmin informasiyalardan yerli oxucu ya yetərincə, ya da ümumiyyətlə məlumatlı deyil. Sizə onu deyim, mənim əsas işim informasiyanın kompilyasiyası olub. Orijinal mətnlərdən seçilmiş hissələri birləşdirirdim, hər hansı tema ətrafında abzasları bir yerə toplayırdım, vəssalam. Yadımdadır nurçuların qızğın vaxtında bu yolla “Nurçuluq təriqət deyil, sektadır” adlı yazı hazırlamışdım. Bu yazı onlara necə təsir etmişdisə bloqu virusla doldurmuşdular. Onda böyük həvəs vardı, gecə-gündüz staxanovçular kimi işləyirdim, yorulmurdum. Desəm ki jurnalist-aqreqator olmuşam, biz az mübaliğəli çıxar, amma məhz bizim əməyimiz sayəsində xalq ondan gizli saxlanılan bir çox məsələlərdən hali oldu, bir çox nəsnələrdən məlumatlanaraq baxış bucağı dəyişdi. Sonra isə sosial şəbəkələr meydana çıxdı.

-Sosial şəbəkələrdəki fəaliyyətiniz sizə nə verdi?
-Sosial şəbəkələr bütün dünyada müasir jurnalistikaya ciddi təsir göstərir. Onlar öz auditoriyanı formalaşdırma vasitəsi kimi böyük təsir gücünə malikdir. Mənim və təmsil olunduğum avrasiyaçılar qurumunun sosial şəbəkələrdə fəaliyyətimiz əsas, məhz əsas hadisələr barəsində cəmiyyətə maksimum dəqiq və operativ məlumat çatdırmaq, 6-cı dərəcəli informasiyaların miqdarını sıfıra endirməkdən ibarətdir. Çünki indi yayılan informasiyaların 90 faizi dezi və 3-cü dərəcəli məsələlərdir. Bizim belə fəaliyyətimiz istifadəçiləri və tərəfdarlarımızı məlumatlı olmaqdan anlamağa aparan yola yönəldir. Bizim saytlarda ənənəçiliklə avrasiyaçılığın sintezinə dair elmi işlərə, o cümlədən aktual geopolitik və fəlsəfi analizlərə rast gələ bilərsiniz. Əlbəttə maddi vəsaitdən çox şey asılıdır. Kriptokürd saytları kimi maliyyəmiz olsa, daha böyük işlər görə bilərdik. Məxsusi olaraq sosial media vasitəsilə yayılmaq üçün materiallar yaradan, kifayət qədər yüksək səviyyədə multimedia reportajı hazırlayıb təqdim etməyi bacaran ştatlı əməkdaşlar tutardıq. Ən əsası isə tərcümə məsələsidir. Çox istərdik ki, maaş verərək peşəkar tərcüməçiləri işə cəlb edək. Bu bizim uğurumuzu 90 faiz irəli aparardı. Xalqın tam informasiya blokadasına alındığı indiki şəraitdə əsas vəzifəmiz daha etibarlı və faktlara əsaslanan məlumat və xəbər yaymaqdır. Fikir versəz görərsiz ki, kriptokürd saytların auditoriyası aydan aya, ildən ilə azalırsa, bizim auditoriyamız əksinə get-gedə genişlənir. Çünki xalq bunların iç üzünü artıq tanıyıb. Nəinki informasiya müharibəsi ekspertləri, həm də cəmiyyət özü artıq başa düşür ki, Qərb dəyərləri bizə lazım deyil, liberalizm xalqı 20 ildir barmağına fırladıb. Demokratiya və azadlıq kimi cəfəng nəzəriyyələrin hesabına nəinki minilliklərin kökündən qaynaqlanan sivil kodumuz, həm də genetik sağlamlığımız zədələnib. 

-Avrasiya Hərəkatı – Azərbaycan təşkilatının meydana çıxmasına hansı meyarlar səbəb oldu?
-Bu təşkilatın ərsəyə gəlməsində, bu insanların meydana çıxmasında mən, eləcə də mənim komandam öz qəlbimizin və beynimizin hissəciklərini qoymuşuq, nə gedib taleyimizdən gedib, ömrümüzdən gedib. İndi ortada yüzlərlə aktiv adamımız və minlərlə hər şeyə hazır tərəfdarlarımız var. Onların hərəsi bir tankdır. Xalq həmişə Rusiyanın tərəfində olub, çünki həmişə çörəyi ordan çıxıb, bundan başqa şanlı Sovet keçmişimiz var, yüz illərdədir sıx tellər bizi Rusiya ilə bağlayır. Tərəfdarlarımız günü-gündən çoxalır. Azərbaycan ağrısını, Azərbaycan kədərini xalqa çatdırmışıq, yalançı stereotiplərdən xalqı uzaq tutmuşuq, diqqəti üçüncü dərəcəli məsələlərin yox, məhz əsas məsələlərin üstünə cəmləmişik. Azərbaycan xalqının qəzəbi və ümidləri məhz bizim Avrasiyaçılıq platforması üzərində formalaşıb. Xalqı uydurmuşdular, xalq meydana çıxanda da “azadlıq və demokratiya”dan başqa heç nə istəmirdi, halbuki hələ də nə olduğu dəqiq bilinməyən “azadlıq və demokratiya” elə qlobal hakimiyətin və onun yerli marionetkalarının işinə yarıyırdı. Əsl Azərbaycan inamı, əsl Azərbaycan sevgisi məhz bizim Avrasiyaçılıq kontekstində formalaşdı. Ona görə də bizim təşkilatın gələcəyinə mənim ümidlərim böyükdür. Bizim son məqsədimiz Arzuların Ölkəsini yaratmaq, Müqəddəs İmperiyanı bərpa etmək və şanlı ölkəmizi rusların təhlükəsizlik çətiri altında görməkdir. Biz cəmiyyəti bir daha düşünməyə, götür-qoy etməyə, saf-çürük edərək nəticələr çıxarmağa çağırırıq. Haqq bizimlədir! Satanist nağıllara aldanmayaq!

-Sizcə keçmiş Sovet İttifaqının yenidən bərpa olunmasını üçün hansı əsaslar var?
-Son 25 ildə ABŞ və onun ağası İsrailin siyasəti ona yönəlib ki, keçmiş Sovet respublikalarını bir-birindən ayrı salsın, düşmənçilik toxumunu daha sıx səpərək nifaqı dərinləşdirsin. Məhz bununçün Pridnestrovyedə, Osetiyada, Tacikistanda, Çeçenistanda silahlı toqquşmalar yaradıldı, möhtəşəm Sovet dövlətinin dağıdılmasına yol açıldı. Bizdə də Qarabağda kürdlərinin əli ilə süni konflikt alovlandırıldı. Keçmiş müttəfiq respublikaların bir-birindən və əsasən də Rusiyadan ayrı düşməsi üçün uzaqvuran planlar hazırlandı. Postsovet məkanı amerikan maraqlarına uyğun olaraq yenidən format olundu. Rusiya və İran kimi antiqlobalist mahiyyətli dövlətlərə cəbhə açılması üçün külli miqdarda pullar sərf olundu. Sovet İttifaqı dağılandandan sonra ölkəmizə çoxlu qərbli valantyorlar və diplomatik missiya nümayəndələri doluşdu. Nəticədə Azərbaycanda Rusiya və İrana qənim kəsilən, “Qərb dəyərləri” adlı mifik xəstəliyə yoluxmuş yeni nəsil yetişdirildi. Həmin nəsil “Qərb dəyərləri” anlayışını dumanlı şəkildə qavrayır, başa düşmür ki, hətta ən pozitiv tərəfini götürəndə belə həmin dəyərlər azərbaycanlı üçün yaramır və onu fəlakətə sürükləyir. Ölkəmizə Qərb dəyərlərini tətbiq edənlər azərbaycanlının yaşayış səviyyəsinin yüksəlməsi üçün çalışmırlar, əksinə onlar bizim məhv olub sonumuz çatacağı günü səbirsizliklə gözləyirlər. Araşdırsaq görərik ki, Avropa gəncliyinin özü kəskin problemlər içində üzür və gündəlik qayğılar məngənəsində boğulur. Təhlükə get-gedə böyüyür və daha ciddi şəkil alır. Yeganə xilas yolumuz Rusiyadır. Azərbaycan Rusiyadan ayrı şəkildə yaşayıb inkişaf edə bilməz. Kimin xoşuna gəlsə də belədi, gəlməsə də! Müstəqillik elə ingilis və İsrail koloniyası olmaq deməkdir. 
 Biz Rusiya ilə qarşılıqlı şəkildə bir-birimizə bağlıyıq. Əhalinin çörəyi həmişə Rusiyadan çıxıb. İqtisadi, loqistik, maddi-mənəvi əlaqələrimiz yüz illərdir davam edir. Bu əlaqələrin obyektiv analizi göstərir ki, Azərbaycanın Rusiyadan ayrı düşməsi xalq üçün faciə ilə nəticələnəcək. Xalq onsuz da indi faciəli durumdadır. Bank borcu olmayan ev yoxdur, maaşlar və pensiyalar normal qidalanmağa belə çatmır, xəstəliklər və depressiya havası baş alıb gedir. Boşboğazlığı və pasfoslu danışığı bir kənara qoyub düşdüyümüz ağır vəziyyəti real qiymətləndirmək lazımdır. Son sammitlər, BRİKS formatında olan görüşlər, Rusiyanın aparıcılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı çərçivəsində olan müqavilələr işin xeyrinədir və nəticədə ölkəmiz də daxil olmaqla Amerikanın köləsi olmağa namizəd dövlətləri bir yumruq altında birləşdirəcək. Zaman göstərdi ki, beynəlxalq aləmdə bizim Türkiyə kimi ac, ABŞ kimi yırtıcı, İsrail kimi mürtəce, İngiltərə kimi sümürücü dövlətlərdənsə, Koreya, Hindistan, Braziliya, İran, Venesuela kimi xalqçı dövlətlərlə əməkdaşlıq etməyimiz xeyir gətirər. Gələcək strategiyamızda məhz bu dövlətlərlə əlaqələrin qurulmasına üstünlük verəcəyik. 

-Lakin bu gün cəmiyyətimizdə kifayət qədər qloballaşma tərəfdarı da var...
-Təbliğatın nəticəsidir. Dünyada bütün iqtisadi fəaliyyətlər qlobal bir sistem halına gələrsə, bunun bütün insanlar üçün və ayrı-ayrı millətlər üçün nə gətirəcəyini qloballaşma tərəfdarlarının özləri də dəqiq bilmirlər. Onlar bu oyunların pərdəarxasını bilmirlər. Giddensin göstərdiyi kimi, qloballaşma tərəfsiz bir şəkildə getmir və nəticələri baxımından xeyirli bir hadisə deyil. Xüsusilə bizim kimi üçünci dərəcəli ölkələrdə getdikcə böyüyən natarazlıq və dünya istehsal qaynaqlarından getdikcə daha az pay almaları narazılıqları artırmaqdadır. Dünya iqtisadiyyatını ələ keçirmək istiqamətində böyük məsafə qət edərək gələn transmilli korporasiyalar, lokal və kiçik istehsal sahələrinin böyüməsini əngəllədikləri kimi fürsət tapdıqca həmin sahələri ələ keçirməyə də çalışırlar. Onlar get-gedə, Marşal Makluenin göstərdiyi kimi, qlobal kənd yaratmaq istəyirlər. O kənddə ki, qoy xalqları, yəni yəhudi olmayanları mal-heyvan sürüsü kimi otaracaqlar. Dünyadakı hər paytaxt şəhəri getdikcə diqərinə oxşamaqda, haradasa hamısı Makluenin təsvir etdiyi həmin o qlobal kəndə çevrilməkdədir. Spesifik xüsusiyyəti bütün şəhərlərdə mason piramidaları şəklində binaların tikilməsi və daşın yerinə plastmasa üstünlük verilməsidir. Hakim tərz isə Qərbi təlqin etmək, qərbli olmaqdır. Dünyanın getdikcə maviliyin rəmzi olan göy rəngə bürünməsi, xalqların geniş fərqliliklər atmosferinin daralması və yerli motivlərlə bəzənmiş modellərin getdikcə ortadan qalxması narahatlıq yaradır. Biz buna imkan verməməliyik. Avrasiyaçılıq Hərəkatının meydana çıxmasının əsas səbəbi də məhz mövcudluğumuzun təhdid olunmasıdır. Bu yaranmış vəziyyətə qarşı özünümüdafiə instinktidir. Satanaya qarşı dirənişdir. Əslində qloballaşmanı durdurulması mümkün olmayan bir alın yazısı kimi göstərmək, iudey mediasının yaratdığı populist qənaət manipulyasiyasından başqa bir şey deyil. Yaxından maraqlandıqda görürük ki, qloballaşma adını verdiyimiz bu sosial bəla get-gedə mütləqliyini itirməkdədir.

-Qərbin özündə yeni yaranan və şaxələnən Avrasiyaçılıq ideologiyasına münasibət necədir?
-Qərbin özündə BRİKS istiqamətində əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verən Pepe Eskobar kimi siyasi analitiklər, ABŞ hegemonluğuna qarşı çıxışları ilə gündəmdə olan kanadalı Erik Uolberq kimi dəyərli publisistlər var. Məşhur belçikalı nasionalist, “İmperiya” kitabının müəllifi Jan Tiriarın tələbəsi Klaudio Mutti indi avrasiyaçılara qoşulub, öz hərəkatını formalaşdırır. Daha sonra Antiqlobalist Cəbhənin sıralarında ispan naşiri Xuan Antonio Aqilar, Polşa parlamentinin keçmiş deputatı Mateuş Piskorski, almaniyalı baş redaktor Manuel Oxzenrayter, İrana qarşı nüvə oyununun pərdəarxasını açan amerikalı tarixşünas Qaret Porter, xristianlığın içinə sızmış sionizmdən bəhs edən evangelist Stefan Sayzer kimi məşhur simaların adlarını çəkmək olar. Amma biz onların səsini eşitmirik, çünki yəhudilərin əlində olan mətbuat onlara yer vermir. Vaşinqton-Sion konsensusunun hegemonluğunun genişlənməsinə qarşı alyans günü-gündən güclənir. Əvvəl-axır Panamerikan neoliberal nizamı çökəcək, belə davam edə bilməz. Vacibdir ki, Amerikanın özündə olan tərəqqipərvər qüvvələrlə əlaqə saxlanılsın, onlarla hərtərəfli iş aparılsın, dəstək verilsin. Onlar sistemin içində mürtəce hakimiyyətə qarşı mübarizə aparır, onun zəif yerlərini yaxşı bilirlər. Di gəl ki bütün dünyadan demokratiya tələb edən ABŞ-ın özündə repressiya maşını tam qüvvəsi ilə işləyir, yadfikirlilərə qarşı tam dözümsüzlük nümayiş olunur. Beynəlxalq tədbirlərə qatılan amerikalı bloggerlər, aktivistlər və jurnalistlər öz ölkələrinə qayıdarkən notbukları götürülür, izahatları alınır, heç nədən həbs olunurlar. Bu da ona dəlalət edir ki, totalitar demokratiyanın atası olan ABŞ artıq səksəkə içindədir.

Hazırladı: Vüqar Məmmədov

Комментариев нет:

Отправить комментарий