09.06.2018

Araz Əlizadə Sərdar Cəlaloğlunun Londonda və Bakıdakı əmlaklarının adlarını açıqladı — ŞOK FAKTLAR

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə bağlı yeni faktlar irəli sürüb. Deputat olke.az-a açıqlamasında bildirib ki, hazırda Sərdar Cəlaloğlunun bütün ailə üzvləri Avropada yaşayır: “Bu adam 30 ildir ki, müxalifətdədir və 30 ildir heç bir yerdə işləmir. Bəziləri deyir ki, mən o pulu deputat olanda yığmışam və sairə. Heç bu adam deputat da olmayıb. Sərdar Cəlaloğlunun Tural adlı oğlu Norveçdə, digər oğlu Cəlal isə İngiltərədə yaşayır. Sərdar Cəlaloğlunun nəvəsi, qızı və həyat yoldaşı da Londonda yaşayır. Sərdar Cəlaloğlunun oğlunun Londonda evi, özünün isə Bakıda bahalı evi və avtomobili var. İndi bu adamın ailəsi Londonda, özü isə Bakıda yaşayır. Adama sual olunur ki, sən Azərbaycandan pul almırsansa, bəs burada nə gəzirsən? Bu qədər malı-mülkü hansı pulla almısan? Mən ona bu barədə sualı prezident seçkiləri ilə bağlı keçirilən debatda da vermişəm. O, bu suala cavab verməkdən yayındı”.
A.Əlizadə qeyd edib ki, vaxtilə Sərdar Cəlaloğlu Milli Məclisin sabiq sədri Rəsul Quliyevdən də xeyli miqdarda pul vəsaiti oğurlayıb: “Mən bunu Sərdar Cəlaloğluna deyəndə o mənə bildirdi ki, indi də Rəsulu müdafiə edirsən? Ancaq mən Rəsul Quliyevi müdafiə etmirəm. Çünki oğrudan oğruya halaldır. Bilirsiniz ki, London bahalı yerdir, orada mənzilin kvadrtaı çox bahadır. Mən Sərdar Cəlaloğluna sual vermişdim ki, Londondakı evi Rəsul Quliyevdən oğurladığın pullarla almısan, yoxsa əlavə pul da gəlir? O buna əsaslı cavab verə bilməmişdi. Bəzən oğru elə danışır ki, doğrunun bağrı çartlayır. İndi Sərdar Cəlaloğlu da elə danışır ki, guya özü kimdənsə pul almır”.
Partiya sədri vurğulayıb ki, əgər Sərdar Cəlaloğlu təmiz adam olsaydı, ilk növbədə Rəsul Quliyevə qoşulmazdı: “Mən deputat olana qədər heç bir imkanım olmayıb. Hətta mənzilim də yox idi. Deputat olandan sonra özümə kreditlə mənzil almışam. Sürdüyüm avtomobil də “Nissan X-trail” avtomobilidir. Onu da kreditlə almışam. Bəzən mənə sual verirlər ki, özün kreditə yaşayan insansan, amma kreditlərdən danışırsan. Yəni demək istəyirəm ki, müxalifətdə olub pulsuz fəaliyyət göstərmək inandırıcı deyil. Əgər müxalifətdə olub deyirsən ki, mən heç yerdən pul almıram, bu gülünc çıxar. Mən Sərdar Cəlaloğluna sual vermişdim ki, ya sən xarici ölkədən qrant vəsaiti alırsan, ya da sənə hakimiyyətdən pul verilir, yaxud da kimdənsə oğurlamısan. Bunun ayrı yolu yoxdur. Əgər mənim maaşım, gəlir yerim yoxdursa, mən necə Londonda ev ala bilərəm? Heç Bakıda almaq olmur. İndi Sərdar Cəlaloğluna sual olunur, səndə bu pul hardandır?”.
A.Əlizadə deputat həmkarı Qüdrət Həsənquliyevlə Sərdar Cəlaloğlu arasında yaranmış qarşıdurmaya da münasibət bildirib. Deputat deyib ki, Sərdar Cəlaloğlu pul almaq barəsində Qüdrət Həsənquliyevə heç bir nöqsan tuta bilməz: “Çünki Qüdrət Həsənquliyevə qardaşından biznesi qalıb. Doğrudur, hazırda Qüdrət Həsənquliyev bizneslə məşğul olmur. Sadəcə olaraq onu idarə edirlər. Yəni, ailənin buradan gəliri var. Məndə isə ailənin heç bir gəliri yox idi”.
A.Əlizadə bildirib ki, 1988-ci ilin meydanlarına çıxanlar tez-tez öz şüarlarını dəyişdirib: “Meydana çıxanlar əvvəl “Qarabağ” şüarını qışqırırdı, indi bu şüar məndən savayı müxalifətin yadından çıxıb. Sonra hamısı “müstəqillik” və “azadlıq” şüarları qışqırmağa başladılar. Ən gülməlisi isə odur ki, indi həmin qüvvələr Azərbaycanın Türkiyənin bir əyalətinə çevrilməsini arzulayır. Prezident seçkilərində namizədlərdən yalnız iki nəfər – mən və cənab prezident Azərbaycan xalqına ümidimizi bağlayırdıq. Amma digər namizədlərdən biri Pakistana, biri Rusiyaya, biri Türk dövlətlərinin vahid ordusuna, biri isə Azərbaycanın öz müstəqilliyini itirərək Türkiyə tərkibinə daxil olmasına ümid edirdi. Yəni müxalifətdə olan namizədlərdən hərəsi bir xarici amilə ümid bağlamışdı. Yalnız mən və cənab İlham Əliyev Azərbaycan xalqına və ordusuna inanırdıq. Ona görə də bəzən mənə deyirlər ki, siz prezidentlə eyni cür mövqe nümayiş etdirsiniz. İndi mən nə edim, deyim ki, Azərbaycan ordusuna inamım yoxdur? Böyük dövlətin qoltuğu altından çıxıb yenidən kiçik ölkənin qoltuğu altına girməliyik? Heç bir ölkənin qoltuğu altına girmək fikrim yoxdur. İnanın ki, mən hər hansı xarici ölkəyə getmək istəsəydim, mənə sığınacaq da, vətəndaşlıq da verərdilər. Amma Azərbaycandan savayı ayrı Vətən və ya dövlət barəsində düşünməmişəm. Mən Azərbaycan xalqının övladıyam. Mən və övladlarım Azərbaycan xalqı üçün ölməyə hazıram. Vaxtilə mənim oğlum ali məktəbi bitirəndən sonra ona yaxşı imkan yaranmışdı ki, gedib xarici ölkədə çalışsın. Ancaq oğlum xaricə getmədi. Dedi ki, gedib əvvəlcə Milli Orduda xidmət etməliyəm. Amma Sərdar Cəlaloğlunun oğulları əsgərliyə getməyib, İngiltərədə yaşayırlar, onların hansı əsgər gedəcək? Bəlkə Azərbaycan vətəndaşlığından da çoxdan çıxıblar. Ona görə də hər zaman oğru elə qışqırır ki, doğrunun bağrı çartlasın.

Комментариев нет:

Отправить комментарий