21.08.2018

BU, BİR GERÇƏKLİKDİR

Əfrahim Hüseynli,
həkim-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Kiminsə haqqında danışarkən ilk növbədə onu tanıdığım ilk gündən üzü bəri nə varsa beynimin süzgəcindən keçirib fikirlərimi söyləmişəm. Böyükxan Bağırlı haqqında isə danışarkən mənə nə fikirləşmək üçün, nə də fikirlərimi cilalamaq üçün vaxt gərək deyil. Bu bir gerçəklikdir. Mən onun haqqında saatlarla, hətta günlərlə danışsam bitib-tükənməz. Həmyerlim olsa da, yaşca məndən böyük olduğu üçün orta məktəb illərində onu kənardan tanıyırdım. Sonralar, yəni 1970-ci ilin əvvəllərindən yaradıcılığa başlamaq mənim onunla tez-tez ünsiyyətdə olmağıma səbəb oldu. Qəlbimdə Böyükxan müəllimə qarşı getdikcə hörmətim, məhəbbətim artmağa başladı. Artıq onu özümə doğmalar qədər yaxın bilirdim. Nə idi bu doğmalar qədər yaxınlığın səbəbi? Səmimiliyi, humanistliyi, obyektivliyi, xeyirxahlığı, şirin söhbətləri, insanlara qarşı olan təmənnasız sevgisi! Ən əsası əsl kişiyə layiq ağıryana davranışları!.. Etiraf edim ki, hətta ürəyimdə gedikcə ona bənzəmək arzusu da yaranırdı...
1970-ci ildə mərkəzi mətbuatda ilk şeirim işıq üzü görəndən sonra redaksiyalara ara-bir baş çəkməyə başladım. Tələbəliyimin ilk illərində, 1973-cü ildə "Bakı" qəzetinə göndərdiyim şeirlərin taleyi ilə maraqlanmaq üçün həmin qəzetin redaksiyasına üz tutdum. "Ədəbiyyat" şöbəsinə daxil olan kimi, şöbə müdiri Möhbəddin Səməd (Qəbri nula dolsun!) mənə baxıb gülümsədi və "sabahkı nömrədə şeirlərin çap olunacaq" dedi. Sonralar bu təbəssümün səbəbini bildim. Sən demə, Möhbəddin Səmədlə Böyükxan müəllim yaxın dost imişlər. İki gün öncə reaksiyada qonaq olan Böyükxan müəllim stolun üstündəki şeirlərin içərisində mənim də yazılarımı görüb. Elə çap olunmağıma da səbəb yaradıcılığım haqda onun söylədiyi müsbət fikirlər olub. Bu yaxşılıq yaddaşımdan ömrüm uzunu silinə bilməz. O, təkcə mənə qarşı yox, tam səmimiliyi ilə deyirəm ki, bütün yaradıcı insanlara qarşı belə idi.
Artıq institutu bitirmişdim. Doğma kənddə çalışırdım. Getdikcə bu xeyirxah insanla tez-tez görüşdük. Görüşlərimizə səbəb təkcə həkim - xəstə münasibəti yox, ən əsası ədəbi yaradıcılıqla bağlı söhbətlər idi. Böyükxan müəllimin ədəbiyyatımız haqda çox ətraflı, çox geniş, çox şirin söhbətlərinin tilsimində özümü bir həmsöhbət kimi yox, bir dinləyici kimi hiss edirdim. O, danışdıqca ədəbiyyatımızın sonu bilinməyən bir dərya olduğu qənaətim bir gerçəklik olurdu... Bütün bu söhbətlər yaradıcılığımda böyük rol oynadığı qədər də, həyata baxışımı da müsbət yönümdə dəyişdirirdi...
Böyükxan Bağırlının yaradıcılığına da bələd olmuşdum artıq. Oxucu onun əsərlərini oxuduqca hər cümlənin, hər fikrin arxasında bir pak, bir narahat ürəyin, daha açıq desək Böyükxan Bağırlı ürəyinin pıçıltılarını çox aydın şəkildə duyur, hiss edir. Oxucu sevgisi qazanmaq meyarlarından biri də müəllifin həyata özünəməxsus baxışı, fikirləri qələmə alanda özünə məxsus deyim tərzidir. Bu yönümdə də Böyükxan Bağırlının uğuru çox təqdirəlayiqdir. Böyükxan yaradıcılığında sözün qiyməti daha ucada dayanır. Ona görə ki, müəllif sözdən yerli-yerində, hər cümlənin arxasında böyük mətləbləri ifadə etmək ustalığı ilə istifadə edir. Böyükxan Bağırlı əsərlərində oxucunu özünə çəkən amillərdən bir neçəsini də sadalasam yerinə düşər. Hər bir əsərin canına-qanına hopan səmimilik, şirin lirizm, gerşəkliyi özündə əks etdirən deyim tərzi, oxucunu öz ovsununda saxlaya bilən süjet xətti...
İllər ötdü. Xəstələnmişdi. Onu sevənlər hər gün dəstə-dəstə ona dəyməyə gəlirdi. El kədər içində idi. Mənim üçün çox acı olsa da, görüşlərimizdə bizdən asılı olmadan həkim-xəstə arasında olan söhbətlər üstünlük təşkil etməyə başladı. Müvafiq tibbi yollardan istifadə etsək də, xəstəlik keçilməz dağa dönürdü. Hər dəfə sağalmağına inam yaratmaq üçün sözün zirvəsində dayanan bir insanı sağalacağına sözlə inandıra bilirdim. İnanırdı da. Arzularından, yaradıcılıq arzularından danışırdı. O, danışdıqca içimdə olan kədəri yalançı təbəssümlə itirməyə çalışırdım. Son aylarda yazdığı “Şahnişin övqatı” adlı gözəl bir şeirini mənə oxuyanda və əlyazmasını mənə verəndə çox rahatsız oldum. Şeirdəki hisslər, səmimi deyimlər mənim üçün uca olan adamı gözümdə daha da ucaltsa da, məni çox-çox uzaqlara apardı. İçimdə uzaqlıq qorxusu yarandı...
Daha sevdiyim insana, rəğbət bəslədiyim insana, ən əsası gözəl yazıçımıza bir həkim kimi ürəyimcə kömək edə bilmirdim.
İtirdik... Pak bir həyat sürən insanı! İtirdik... Əsl kişiyə xas olan ağıryana davranışları ilə yaddaşımızdan silinməz bir insanı! İtirdik... Əvəzsiz bir yazıçını!..
Neçə-neçə sevə-sevə oxuyacağımız əsərlər də yarımçıq qaldı. Təkcə bir şey yarımçıq qalmadı. Əbədiyaşar el məhəbbəti! Bu, bir gerçəklikdir!
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

Комментариев нет:

Отправить комментарий