16.12.2018

Kasıblar müharibəni sevməz

Rizvan Şıxızadə

Mən hərbi xidmətə gedəndə qabaqcadan pul verib harasa saldırmadığım üçün döyüş bölgəsinə düşdüm.
Andiçmə mərasimində valideynlərim gəlib bizim halımızı görəndən sonra 300 dollar verib, məni ön xəttə göndərməməyi qərara almışdılar. Bir gizir var idi adı Şirvan (yaxşı kabab çəkirdi, ona görə həmişə hərbi hissə komandirinin yanında olurdu)- pulu ona vermişdilər. O da pulu yemişdi, məni göndərdilər ön xəttə.
Ön xəttə xidmət çəkən əsgərlər ümümi əsgərlərin uzağı 5%-ni təşkil edir. İndi fikirləşin, pul verib hərbi bilet alan nə qədərdir, pul verib şəhərlərdə xidmət çəkən nə qədərdir, pul verib döyüş bölgəsinin arxa cəbhəsində qalanlar nə qədərdir? Erməni ilə üzbəüz qalanlar ya tamam kasıb olanlar, ya da mənim kimi pulunu kimsə yeyənlər idi... 
Müharibə də elədir... Vətən kasıbların vətənidir, lazım olduqda onlar canından keçməlidir. Ona görə kasıblar müharibəni sevməz!
İnternetdə şəhidlikdən, müqəddəslikdən dəm vuranlar heç döyüş bölgəsində bir gün adicə hərbi xidmət keçməyənlərdir, qaldı ki müharibə...
Bizim sevgimiz də saxtadır, nifrətimiz də, hörmətimiz də, münasibətimiz də... Bu ölkədə öz sözünü deyən ziyalı təbəqəsi yoxa çıxıb, tək-tük haqqı demək istəyən insan var onlar da kütlənin təzyiqindən qorxub susmağa üstünlük verir...
Belə cəmiyyətlər çox təhlükəlidir.
Gec-tez Qarabaq məsələsi həll olunacaq, bu iki xalq yenə bir yerdə yaşamağa məhkum olacaq. Bunu yazan kimi bir sürü internet qəhrəmanı düşür adamın üstünə ki, biz onlarla heç vaxt dost ola bilmərik, əbədi düşmənlərik.
Sual verirəm necə olur ki sərhəddi keçən kimi erməni ilə alver edirsən, şərikli biznes qurursan, qızı ilə sevgili ola bilirsən, ad günündə mehriban dostluqdan tost deyə bilirsən.
Bakıya qayıdan kimi Xocalı yada düşür?!

Комментариев нет:

Отправить комментарий