22.12.2018

Palma yağlarının ziyanı barədə

Bahadur Seyidov

2018-ci ildə Avropa Birliyi tərkibində palma yağı olan qidaların etiketində bu barədə açıq yazılması barədə qanun çıxardıb. Bunun ardınca, “Ferrero” şirkətinin dünyaca məşhur “Nutella” markası kimi  tərkibində palma yağı olan məhsullar rəflərdən yığışdırılıb. Bir çox şirkətlər Avropa bazarı üçün istehsal olunan məhsullarda palma yağından istifadə etməmək öhdəliyini öz üzərinə götürüb. Avropa Ərzaq Standartları agentliyi (EFSA) 200 dərəcədən yüksək temperaturda qızdırılan palma yağının təhlükəli olduğunu açıqlayıb. Tədqiqatçıların 90%-i də bu fikirdədir; onlar palma yağının müxtəlif xəstəliklərin baiskarı olduğundan əmindir. 
Türkiyəli professor Canan Karatay deyir ki, palma yağlarından istifadə zamanı trans yağlar yaranır və  bunlar da xərçəng riskini 50 dəfə artırır. Trans yağların ən qorxunc xarakteri öz təsirini birbaşa və sürətlə deyil, yavaş-yavaş, dolayı yollarla göstərməyindədir. Professor Karatay palma yağının sahib olduğu trans yağların daha bir təhlükəsinin səbəbini də açıqlayıb. O, bu yağlarda  yüksək doymuşluq qabiliyyətini xüsusi qeyd edir. Doymuş yağlar isə öz növbəsində qanda təzyiqin yüksəlməsinə, infarkta, iflicə, şizofreniyaya, daxili orqanların xərçənginə və qaraciyərin yağlanmasına aparan ən rahat və ən sürətli yoldur... 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) başda olmaqla bir çox sağlıq qurumları dəfələrlə palma yağının insan orqanizmi üçün yaratdığı risklərə diqqət çəkib. Lakin dünya iqtisadiyyatının nəhəngləri palma yağının işlədilməsinə dair heç bir məhdudiyyət tətbiq etməyib. Əksinə, ilbəil açıqlanan statistikalar göstərir ki, palma yağı hazırda dünyanın ən çox istehlak edilən bitki yağıdır. Dünya üzrə bu göstərici bir ildə 50 milyon ton civarındadır. Məlumat üçün bildirək ki, palma yağı marqarin, şirniyyat məhsulları, hazır yeməklər, şokolad və bir sıra kosmetik vasitələrin istehsalında istifadə olunur. 
Azərbaycan da palma yağından geniş istifadə edən ölkələr siyahısındadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana 2016-cı ildə 58 min ton, 2017-ci ildə isə 53,1 min ton xam palma yağı idxal olunub. Ancaq maraqlıdır ki, bu miqdarda yağın hansı məqsədlər üçün istifadə edildiyi açıqlanmır. Yağ və şirniyyat məhsulları istehsalçıları qətiyyətlə palma yağından istifadə etmədiklərini vurğulayır. O zaman belə bir sual ortaya çıxır: ölkəyə idxal olunan bu qədər palma yağı hara gedir, və ya hansı məqsədlə istifadə olunur? 
İkinci maraqlı məqam odur ki, Azərbaycana palma yağı idxalı 2015-ci ildən sürətlə artmağa başlayıb. Belə ki, 2014-cü ildə rəqəmlər 47,6 min tonu göstərirdisə, bir il sonra qarşımıza 58 min ton palma yağı idxalı çıxır... Və diqqət yetiriləsi ikinci bir paralellik 2015-ci ildə kərə yağlarının qiymətindəki qəfil artım idi... 
Palma yağının ərimə temperaturu bədən temperaturundan yüksək olduğundan orqanizm tərəfindən mənimsənilmir və tullantı şəklində toplanır. Nəticədə müxtəlif bədxassəli şişlərin yaranmasına gətirib çıxarır. Ola bilər ki, Azərbaycanda son illərdə müşahidə edilən həzm sistemi və daxili orqanların xərçəngi xəstəliklərinin artımı məhz palma yağı ilə bağlıdır.
Supermarketlərdə rəflərə düzülən məhsulların ən az 70%-ində bu yağ vardır. Söhbət təkcə qida və ya şirniyyat məhsullarından getmir, təmizləyici və yuyucu vasitələrin də tərkibi palma yağından kasad deyil. Bu məlumat beynəlxalq qurum olan "Greenpeace"in açıqlamalarında da yer alır. Uşaqların sevimlisi olan çipsi, suxarı və şokoladların istehsalında palma yağı ana maddədir.
Palma yağının istehsalı üzrə ən yüksək göstərici İndoneziya və Malayziyaya məxsusdur. Palma ağaclarının tarixi vətəni Qərbi Afrika sayılsa da, hazırkı iqtisadi durum onların Asiya, Cənubi Amerika və Şimali Amerikada yetişdirilməsinə səbəb olub.
BMT-nin nəzdində fəaliyyət göstərən “Ümumdünya Təbiəti Qoruma Vəqfi” tərkibindəki palma yağının miqdarına görə dondurmaların, xörək bişirmək üçün istifadə edilən yağların, qəlyanaltı üçün nəzərdə tutulan əksər hazır yeməklərin öndə gəldiyini vurğulayır. 
Palma yağının öz təbii rəngi qırmızıdır. Kəskin qoxuya malikdir. Onun rəngini dəyişmək və malik olduğu qoxunu yox etmək üçün yüksək temperaturda rafinə edilir.  Beləcə, palma yağı özü bir yana qalsın, onun istehsal prosesi də təbiətə ziyan vurur; istehsal müəssisəsi yerləşən ərazilərdə iqlim dəyişikliyi yaranır, hava kirlənir, torpaq erroziyaya uğrayır.

Комментариев нет:

Отправить комментарий