BU ŞƏHƏR GÖZÜMDƏN DÜŞDÜ BİR AZCA
(Tələbə yoldaşlarıma)
İlahi, sadəlövh olmuşuq necə,-
Sevirdik günləri qaralı-ağlı.
Ya da başımızda qalıbmış hələ
Üşaq düşüncəsi, uşaq ağılı.
Mən elə bilirdim bu illər bitməz,
Sevgi də, sevinc də yerli-yerində!
Gəlməyə yol tapmaz payız da, qış da,-
Daha qar-sazağı olmaz Yerin də.
Elə bilirdik ki, şəhər bizimdi,-
Küçəsi, dalanı, səkisinədək.
Gecələr gündüzçün darıxırdıq da...
Bahar nəfəsliydi hər əsən külək.
...Bu şəhər gözümdən düşdü bir azca,-
Gördük sona çatır sonuncu kurs da.
Dumana büründü günlər birbəbir,
Yollar da ayrıldı sonuncu kursda.
Bəlkə də qaralır hər gün göy üzü,
Yağır o şəhərə, yağır hər gecə.
Bilən yox, hələ də yuxularında
Gəzir küçələri biri gizlicə...
Dünyanı bəzəsə yaz şirinliyi,
Nə sirrdi, adamın könlünə yatmır.
Daha o illərə uzanan əlim
Birinə çatsa da, birinə çatmır.
PAYIZIN DA ÜZÜ DÖNÜB DEYƏSƏN
Payızın da üzü dönüb deyəsən-
Nə varsa, nə varsa... gümansız qalır.
Buludda yox olub Ay ışığı da,-
Adam yol axtarır, ünvansız qalır.
Keçdiyin yolda da azıb qalırsan,-
Gecənin içində vaxt da ötüşmür.
Yazdığım kəlmələr, yazdığım söz də
Yağan yağış kimi yerinə düşmür.
Adam ha qınayır göyün üzünü,-
Qına, ya qınama nə gəlir ələ?
Üz-üzə qalırsan bir sazaq ilə
Hər günü, hər ayı yaz bilə-bilə.
Hamı səndən küsüb, ya sən hamıdan?-
Gözə görünən də yoxdu görürsən.
Günlərin bir günü kimsəsizliyin
Xəbərsiz qarşına çıxdı, görürsən.
Doğma da, yaxın da gözündən düşür,
Üzünü isladan gözyaşı kimi.
Günlər daşa dönür, ay daşa dönür,-
Dayanır qarşında başdaşı kimi.
...Yağış elə yağa, yuya dünyanı,-
Görəsən, daşın da... sonuna çıxdı.
Sonra da deyəsən, eh... səhv etmişəm,
Mənim adamlardan gileyim yoxdu.
GÖRƏSƏN DÜNYANIN GECƏSİ YOXDU...
Bu ömrün yolunda bu imiş qorxu,-
Umasan, umduğun ola bir yuxu.
Qaranlıq düşməmiş yol azır çoxu,-
Gözümdə dostların neçəsi yoxdu.
Başın daşdan-daşa hey dəyə-dəyə,-
Öyünmək də olmur "dostum var" deyə.
Sonra da görürsən adam sevməyə
Adamın bir azca həvəsi yoxdu.
...Uzanır gecələr, bilinmir sonu
Bir günah yüz sorğu-suala dönür.
İşıq bildiklərin... yox olur, sönür
Görürsən nə varsa, nəfəsi yoxdu.
Zülmətin içində azıb qalırsan...
Gecəni yüz yerə yozub qalırsan.
Ömrü gümanlardan asıb qalırsan,-
Elə bil adamın kimsəsi yoxdu.
Bir ömrü yüz yerə bölürsən belə
Ölürsən... ölürsən... bax, bilə-bilə...
...Qapını açasan, baxasan çolə,
Görəsən dünyanın gecəsi yoxdu.
Комментариев нет:
Отправить комментарий