23.11.2019

MÜHACİR BİZNESİNİN ŞOK GİZLİNLƏRİ – “Prezidentə qarşı sərt sözlər yazdırıb, sonra şantaj edirdilər…”

Almaniyada mühacirlərin qanunsuz yollarla ölkəyə gətirilməsi ilə bağlı aparılan həbslər Azərbaycanda böyük rezonans doğurub. Yayılan məlumatlarda ölkədə tanınmış şəxslərin, ictimai fiqurların, Müsavat Partiyası üzvlərinin adlarının bu qalmaqalda hallanması gündəmi zəbt edib.
azpolitika.info xəbər verir ki, mühacir alveri ilə məşğul olduğu bildirilən bu şəbəkə Azərbaycandan vətəndaşları aldadaraq pul müqabilində onlara saxta sənədlər, arayışlar verib, habelə onların Almaniyaya səfərini təşkil edib, orada yerləşdirib və s. xidmətlər göstərib. Uzun illər ərzində minlərlə insan bu şəbəkənin xidmətindən istifadə edib, onların əksəriyyəti külli miqdarda vəsait xərcləməsinə baxmayaraq, oturum ala bilməyib və ölkədən deport edilib.
Bəs bu şəbəkənin fəaliyyəti necə qurulub, insanlar necə cəlb olunub, onlardan pul vəsaitləri hansı adlarla alınıb, qurbanların Almaniyadakı güzəranı, sonrakı taleləri necə olur?
azpolitika.infonun əməkdaşı bu suallara aydınlıq gətirmək üçün tanınmış jurnalist, “Azadlıq” qəzetinin yazarı olmuş Xəqani Əliyevlə söhbətləşib. O uzun müddət mühacir alverini araşdırıb, Almaniyanın müxtəlif şəhərlərində qaçqın düşərgələrinə baş çəkib, həmçinin bu biznesi idarə edən şəxslərlə, onların qurbanları ilə təmasda olub.
X.Əliyev bildirib ki, ümumiyyətlə mühacirət məsələsi, onun ətrafında yaranmış qalmaqal çox ağrılı məsələdir, nə hökumətə, nə də müxalifətə başucalığı gətirmir: “Çünki ölkədən mühacirət edənlərin əksəriyyəti siyasi fəaliyyətlə məşğul olmamış insanlardır. Hətta belə müqayisə aparardım ki, Avropa ölkələrində oturum almış hər min nəfərdən iki-üçü siyasi mühacir adını daşımağa layiqdir. Sosial şəbəkələrdə onların paylaşımlarından da sifətlərini, həyat tərzlərini görürük. Mən, müxalifət qəzetinin yazarı, müxalifətə yaxın bir insan kimi onları görəndə çox təəccüblənirdim. Müxalif partiyaların minlərlə üzvünü üzdən tanıdığıma baxmayaraq xaricə mühacirət edib siyasi qaçqın statusu almış həmvətənlərimizi tanıya bilmirdim. Ona görə də bu məsələ maraq dairəmdə idi, “Azadlıq” qəzetində bu barədə bir neçə yazılarım olmuşdu. Hər dəfə yazılarıma mühacirlərdən böyük təpkilər olurdu, deyirdilər, düz yazmırsan…”
Jurnalist bildirir ki, Avropaya gedərkən ilk baş çəkdiyi yerlərdən biri Almaniyadakı qaçqın düşərgələri olub: “Mən heyrətə gəlmişdim, Triyer şəhərində yerləşən üç kampda 100-dən çox azərbaycanlı ailə vardı. Təsəvvür edirsinizmi, mən bu ailələrin birini də tanımadım. Orada jurnalist olduğumu gizlətmişdim. Mühacirlərin içində bir jurnalist də vardı, oturum da almışdı. İnanılmazdır, amma o rəhmətlik eks-prezident Əbülfəz Elçibəylə Qənimət Zahidi dəyişik salırdı. Buna baxmayaraq ölkədə tanınmış bir nəşrin əməkdaşı kimi oturum almişdı və hazırda Almaniyada yaşayır”.
Xəqani Əliyev deyir ki, bu mənzərəni gördükdən sonra insanların Almaniyaya necə gəlib çıxdıqları ilə maraqlanmağa başlayıb: “Məlum oldu ki, bu gəlirli biznesdir və onunla çox böyük şəbəkə məşğul olur. Xaricdə yaşamaq, işləmək istəyən insanlara müəyyən məbləğ qarşılığında viza xidməti göstərib Macarıstana, Çexiyaya və s. Avropa ölkələrinə gətirsələr də, birbaşa Almaniyaya aparmırlar. Orada bir müddət saxladıqdan sonra müxtəlif yollarla Almaniyaya daşıyırdılar. Bir ailəni, tutaq ki, Macarıstandan Almaniyaya aparmaq üçün ortalama min avro alırdılar. Bu gün həbs olunanlar da bu nəhəng şəbəkənin üzvləri idilər. Onların təşkilatlarındakı ştatlarını desəm, heyrətə gələrsiz. Sadəcə bunu deyim: bir şəbəkə üzvünün əlinin altında Azərbaycandan gələn insanları qarşılamaq üçün 10 nəfər vardı. Onlar bu işə görə maaş, fazi alırdılar və bir günləri belə boş olmurdu, hər gün hava limanına gedirdilər”.
Jurnalist bildirir ki, şəbəkənin Almaniyaya gətirdikləri ailələri əsasən türklərin otellərinə yerləşdirirdilər və otel rəhbərliyindən bu işə görə haqq alırdılar: “Sonra gələnlərə yazılı, hazır sənədlər təqdim olunurdu. Məsələn, istənilən rayon məhkəməsindən, yaxud polis şöbəsindən bir arayış 150 avroya satılırdı. Səhiyyə Nazirliyindən “kəllə-beyin travması” arayışı isə 100 avro idi. Mühacirlər üçün siyasi intervü əvvəldən hazırlanırdı. Hazır mətni azca dəyişib mühacirlərə paylayırdılar. Qiyməti 350 avro idi. Həmin intervüdə gələn şəxsin adı, soyadı, qohumlarının adları, Azərbaycandakı guya siyasi fəaliyyətləri, üzləşdikləri təzyiqlər əks olunurdu. Bundan sonra proses başlayırdı. Azərbaycandan gəlmiş ailələrə vəkil tuturdular və bu işə görə də vəkillərdən də faiz alırdılar. Beləliklə, bir ailənin Almaniyaya gəlişi haradasa 12-13 min avroya başa gəlirdi”.
X.Əliyevin sözlərinə görə, bu prosesdən keçən ailələrin əksəriyyəti Almaniya Miqrasiya Xidmətinin tələblərinə cavab vermirdi və məhkəmələr onlara oturum verməkdən imtina edirdi. “Əsl həngamə bu zaman başlayırdı. Təbii ki, oturum ala bilməyən şəxslər onları Almaniyaya gətirən şəxslərdən pullarını geri qaytarmağı tələb edirdilər. Şəbəkə üzlərinin bu təhlükəni neytrallaşdırmaq üçün hazırladığı “mükəmməl” sistem vardı. Pulunu geri istəyən şəxsə bildirirdilər ki, sənin buradakı məhkəmə çıxışının, intervülərinin bir sürəti də bizim əlimizdədir, onlara imza atıbsan. Səndən qabaq biz onu Azərbaycan hökumətinə göndərəcəyik, sosial şəbəkələrdə yayacağıq, deport olunandan sonra hava limanındaca səni həbs edəcəklər. Haşiyə çıxaraq qeyd edim ki, şəbəkə üzlərinin onlar üçün hazırladıqları intervülərdə ölkə prezidenti, hakimiyyət rəhbərliyndə olan başqa rəsmi şəxslər haqqında kəskin ifadələr işlədilirdi və bu sənəd mühacirlərə imzalatdırılırdı ki, sonradan oturum ala bilmədikdə pulunu geri istəyən şəxslərə qarşı şantaj kimi istifadə olunsun”.
Jurnalsit daha sonra ona müraciət etmiş qurbanlardan birinin başına gətirilənləri açıqladı: “Bir neçə il əvvəl bir vətəndaş sosial şəbəkə üzərindən məndən kömək istədi. Onun hekayəsi çox ilginc idi, 14 min avroya qədər pul xərcləyib 6-7 ay Almaniyanın qaçqın düşərgələrində dolaşdıqdan sonra Bakıya gəlmişdi. Mən ona dərhal hüquq-mühafizə orqanlarına şikayət etməsini məsləhət gördüm. Əfsuslar olsun ki, dövlət qurumları bu işə barmaqarası baxdılar, hətta onun özünü qorxutmuşdular ki, bu işi qurdalamasın, yaxşısı budur ölkəni tərk etsin. Həmin şəxs deyir ki, əvvəlcə onu Bakıda bir miqrasiya mərkəzinə aparıblar. Orada bildiriblər ki, bütün sənədlər veriləcək və Almaniyaya gedib orada oturum alacaq. Ona verilən sənədlərə baxdım, məsələn, miqrasiya mərkəzindən verilən arayışda göstərilirdi ki, guya o üç gün mərkəzdə reabilitasiya kursu keçib. Buna qədər də bir prosedur vardı. O yerli polis idarəsinə məlumat verməli idi ki, guya həyat yoldaşı yoxa çıxıb. Polis orqanları da təbii ki, onun vəkilinə cavab yazırdılar: bu ad, soyadda adam bizim idarəyə gətirilməyib. Sonra ikinci hekayə başlayıb, guya onu oğurlayıblar, incidiblər. Guya ölkədə rüşvətə, korrupsiyaya qarşı çıxıb, prezidentə dəfələrlə teleqramlar vurub. Həqiqətən də ölkə başçısına bir neçə teleqramlar vurdurulub qəbzini saxlamışdılar. Bundan sonra ondan pul alıb, sənədləri verib Almaniyaya yola salmışdılar. Orada onu qarşılamaq, otelə yerləşdirmək üçün də haqq aldıqdan sonra Almaniyadakı ofislərinə gətiriblər. Ofisdə onu guya konsultasiya ediblər, bu işin üçün də də150 avro alıblar. Beləliklə, adam 6-7 ay qaçqın düşərgələrində sərgərdan olduqdan sonra oturum ala bilməyib. Onu aparanlardan pulunu tələb etsə də yuxarıda qeyd etdiyimiz formada şantajla üzləşib”.
X. Əliyev bir maraqlı nüansa diqqət çəkir: “Şəbəkə üzvləri proses zamanı insanlara elə təlqin edirdilər, psixoloji basqılar qururdular ki, sanki mühacirət etməklə dövlətə qarşı ağır cinayət işlədiblər. Onları qorxu, iztirab içində saxlayırdılar. Məqsəd o idi ki, heç kim onlara qayıdıb bir söz deyə, pulunu tələb edə bilməsin. Miqrant alverçilərinin rahat qazancını təmin edən məhz bu amil idi”.
Jurnalisitin sözlərinə görə, hazırda Almaniyada və başqa Avropa ölkələrində on minlərlə azərbaycanlı mühacir var ki, hər an deport ediləcəklərini gözləyirlər: “Deport isə qəfil olurdu. Səhərə yaxın miqrasiya xidmətinin işçiləri polisin müşayiəti ilə qapını döyüb yuxudan qaldırırdılar. Evdən birbaşa hava limanına aparıb təyyarəyə mindirib ölkəyə göndərirdilər”.
Bəs mühacirətə gedənlər, aparılanlar daha çox hansı siyasi təşkilatların adlarından, arayışlarından istifadə edirdilər? X.Əliyev bunları deyir: “Mən qaçqın düşərgələrində ən çox NİDA təşkilatının adından gələn şəxsləri gördüm. Sonradan məlum oldu ki, şəbəkədə bu təşkilatın saxta möhürü var. Gəncləri miqrasiya xidmətinə əsasən NİDA-çı kimi təqdim edirdilər. Siyasi partiyalardan isə ən çox rast gəldiyim Vətəndaş Həmrəyliyi (VHP) və Müsavat partiyalarının adları idi. Hətta VHP-nin adından o qədər müraciət vardı ki, Almaniya Miqrasiya Xidmətinin əməkdaşları bu partiyanı Azərbaycanda ən çox basqılara məruz qalan siyasi təşkilat hesab edirdilər. Müraciət edənlərin bəziləri piketlərdə, mitinqlərdə fotolar çəkdirmişdilər. Çox polis əməkdaşları ilə təmas halında olan fotolara üstünlük verirdilər. Amma sonralar artıq Almaniya miqrasiya idarələrində buna əhəmiyyət vermirdilər”.
Həmsöhbətimiz deyir ki, Almaniyada təxminən 35 nəfər jurnalist siyasi sığınacaq alıb: “Mən onların adını oxuyanda cəmi 3 nəfəri tanıya bildim. Qalanlarının adlarını birinci dəfə eşidirdim. Hər halda təqibə məruz qalsaydılar, bizim də xəbərimiz olardı”.
Jurnalistin dediyinə görə, miqrant alverçilərinin qurbanlarını rayonda yaşayan, mediadan, siyasətdən ümumiyyətlə xəbəri olmayan ailələrdən seçməsi çox dəhşətli idi: “Onlar intervülərdə bir suala belə cavab verə bilmirlər, hətta elələri vardı ki, Azərbaycan prezidentinin adını belə doğru-dürüst deyə bilməmişdilər. Bu çox iyrənc əməl idi, insanda hiddət doğururdu”.
X.Əliyev sonda onu vurğuladı ki, Almaniyada on minlərlə azərbaycanlı mühacir var ki, onların böyük əksəriyyəti deport olunacaqlar və bu işlə məşğul olanların həbsləri davam edəcək: “Şübhə etmirəm ki, istintaq çərçivəsində Almaniya Miqrasiya Xidmətinin çoxsaylı əməkdaşları da məsuliyyətə cəlb olunacaqlar. Onlar bu “biznesin” çiçəklənməsində fəal işitrak edib, külli miqdarda pul qazanıblar”.

Комментариев нет:

Отправить комментарий