28.11.2019

"Rusiya universitetlərində 11 mindən çox azərbaycanlı təhsil alır" - Rusiya XİN rəsmisi

"2019-cu ildə Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirildi. 2020-ci ildə isə Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi planlaşdırılır". "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O, Bakıda Rusiyanın aparıcı universitetlərinin - Moskva Dövlət Universiteti və Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının fəaliyyət göstərdiyini vurğulayaraq Rusiya universitetlərində, ümumilikdə, 11 mindən çox azərbaycanlı tələbənin təhsil aldığını, bunun da mindən çoxunun ödənişsiz əsaslarla oxuduğunu qeyd edib.
M.Zaxarovanın sözlərinə görə, Rusiya-Azərbaycan tərəfdaşlığının mütərəqqi inkişafı, əsasən, ən yüksək səviyyədə intensiv siyasi dialoqla təmin olunur: "Belə ki, 2019-cu ildə ölkələrimizin prezidentləri arasında iki görüş baş tutub: aprelin 26-da Pekində "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində və oktyabrın 3-də Soçidə Valday Forumunda. Noyabrın 20-25-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfəri baş tutub".
XİN rəsmisi Rusiya ilə Azərbaycan arasında hökumətlər, parlamentlər, ictimai təşkilatlar səviyyəsində sıx əməkdaşlıq qurulduğunu söyləyib: "Qarşılıqlı ticarət dövriyyəsi artır. 2018-ci ilin yekununa əsasən, ticarət dövriyyəsi, təxminən, 14% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib. Yanvar-sentyabr aylarında dövriyyə ötən ilin analoji dövrü ilə müqayisədə 26% artaraq 2,2 milyard dollardan çox olub. İkitərəfli əməkdaşlığın əsas sahələri üzrə 2024-cü ilə qədər olan yol xəritələri uğurla icra olunur", - M.Zaxarova bildirib.
O, bu gün Azərbaycanda 700-dən çox ortaq şirkətin, o cümlədən 100% Rusiya kapitalı ilə 200 şirkətin fəaliyyət göstərdiyini vurğulayıb: "İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya səmərəli işləyir. Onun növbəti iclasının dekabrın 9-da Bakıda keçirilməsi planlaşdırılır", - M.Zaxarova deyib.

Комментариев нет:

Отправить комментарий