Kraliçanın yubileyindən bir ay keçməmiş Bakıda növbəti tamaşa qurulub: ABŞ səfirliyi Müstəqillik Günü üçün yığıncaq təşkil edib.
Orda olsaydınız, elə bilərdiniz ki, imperializmin Azərbaycan üçün qurduğu teatrın az büdcəli tamaşası keçirilir. ABŞ səfiri Li Litzenbergerlə Azərbaycanın Maliyyə naziri Samir Şərifov səhnədə çıxış edirdi, müxalifətçilərin başını albalı şirəsiylə qatırdılar. Əli Kərimlidən Arif Hacılıya, Nidaçılardan feministlərə, vəkillərdən jurnalistlərə kimi istəsəniz bu maskaradda tapa bilərdiniz.
Ancaq bununla bitmir. Səfirlik yığıncağa maliyyə nazirindən və liberallardan başqa adamları da çağırıbmış. Bəylər bir də ayılıb görüblər ki, dostlarına bölmədə işgəncə verən Səbail rayon polis rəisinin müavini Orxan Axundzadə də ordadır. Əsl liberal demokratiya tamaşasıdır, elə deyilmi? Bəylər təəccüblərini gizlədə bilməsələr də, kommunistlər üçün bu mənzərədə təəccüblü heç nə yoxdur.
Məgər aktivistləri bölmədə soyundurub döyən rəis müavini ilə səfirliyin mikrofon uzatdığı nazirə maaş verən eyni hakimiyyət deyil? Sözün düzü, bəylər heç təəccüblənməyib də, cəbhəçilər, müsavatçılar bu tamaşalara öyrəncəlidirlər, bilirlər ki, pulu kim verirsə, mahnını da o sifariş edir. Ancaq tamaşaya yeni qoşulanlar, hələ 10 ilini tamamlamayanlar təəccüblərini gizlədə bilmirlər.
Ona görə təəccüblənirlər ki, bəylər illərdir bir həqiqət uydurublar və hamını ona möhkəm inandırıblar - hakimiyyətdəkilər Rusiyanın adamlarıdır, ABŞ səfirliyi isə insan haqları təşkilatıdır.
Xanımlar və cənablar, özününüzü aldatmayın. Hakimiyyətin iqtidarda qalmasının səbəbi “insan haqları təşkilatı” kimi gördüyünüz ABŞ səfirliyidir. Azərbaycanda siyasi aktivizmin hansı cığıra yönələcəyinə də onlar qərar verirlər, iqtidarın ayaqda qalıb-qalmamasına da.
Məgər ölkənin ən dəyərli sərvətini Qərb oğurlayıb aparmır? Məgər bu talanın təminatçısı Əliyev rejimi deyil? Məgər sizləri Əliyevlə sövdələşən ölkələr maliyyələşdirmir?
Teatrı quran ABŞ-dır, ona görə də bu tamaşada iştirak edən hər kəsi - maliyyə nazirini və müxalifət liderini, aktivisti və ona işgəncə verən polisi bir araya toplamaq hüququ var. Bundan daha normal nə ola bilər?
Təəccüblü olan bunun kimlərəsə təəccüblü gəlməsidir. Təəccüblü olan imperializmin demokratiya tərəfdarı olmasına inanmaqdır. Təəccüblü olan öz ölkəsində abort qadağasına icazə verənlərin Azərbaycanda qadın hüquqlarına dəstək vermələrinin səmimi olmasına inanmaqdır. Təəccüblü olan milyonlarla insanın qatili ABŞ imperializminin səfirliyinə insan haqları təşkilatı kimi yanaşmaqdır.
Ona görə də təəccüblənməyin.
Siz bu tamaşada könüllü iştirak edirsiniz, aktyorlar isə ssenariyə uyğun hərəkət etməlidir. Narazılığınızı bildirin, eybi yox, səfirlik bunu problem eləməz, ancaq ondan sonra heç nə olmamış kimi əməkdaşlığa davam edin.
Show must go on, dəyərli bəylər.
"İşçinin səsi" facebook səhifəsi
Комментариев нет:
Отправить комментарий