09.07.2022

Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Bəyannaməsi, 9 yanvar 2001-ci il

Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti,
Azərbaycan-Rusiya münasibətlərinin vəziyyətini və perspektivini hərtərəfli müzakirə edərək;
çoxəsrlik dostluq ənənələrinə, Azərbaycan və rus xalqlarının tarixi talelərinin ümumiliyinə əsaslanaraq,
ikitərəfli münasibətlər üçün böyük əhəmiyyət kəsb edən və hər iki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoyan 3 iyul 1997-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqaviləyə əsaslanaraq,
Qafqazın bu günü və gələcəyi üçün öz məsuliyyətlərini dərk edərək,
Azərbaycan-Rusiya dostluğunun və strateji tərəfdaşlığının möhkəmləndirilməsinin regional təhlükəsizliyi və əməkdaşlığın irəliləyişində və təminində mühüm amil olduğuna inanaraq,
regionda dövlətlərin normal inkişafına, onların geniş iqtisadi və digər qarşılıqlı əlaqələrinə maneçilik törədən münaqişələrin həll olunmaması ilə əlaqədar xüsusi narahatlıq bildirərək,
hər iki dövlətin ali rəhbərləri arasında daimi və sıx əlaqələrin saxlanılmasına, ikitərəfli, regional və beynəlxalq problemlərə dair müntəzəm fikir mübadilələrinin aparılmasına hazır olduqlarından çıxış edərək,
beynəlxalq hüququn hamı tərəfindən tanınmış normalarına, BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və ATƏT-in digər sənədlərinə qəti şəkildə tərəfdar çıxaraq,
aşağıdakıları bəyan edirlər:

Azərbaycan Respublikası və Rusiya Federasiyası ikitərəfli əlaqələri, onların dövlət suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət, bərabər hüquqluq, daxili işlərə qarışmama, zor işlətməmə və ya zor işlətməklə hədələməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin sülh yolu ilə həll olunması, insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi, öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipləri, habelə beynəlxalq hüququn digər ümumtanınmış normaları əsasında yeni, daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqla qətiyyətlidirlər. Onlar iqtisadi islahatların və demokratik dəyişikliklərin həyata keçirilməsində bir-birinin səylərini dəstəkləyəcəklər. Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazı sülh, mehriban qonşuluq və tərəqqi regionuna çevirmək istiqamətində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirirlər. Ali səviyyədə Azərbaycan-Rusiya konstruktiv dialoqunun sonrakı inkişafı bu vəzifələrin yerinə yetirilməsinin mühüm zəmini olacaqdır.

I

Azərbaycan Respublikası və Rusiya Federasiyası siyasi, ticarət-iqtisadi, hərbi, humanitar, mədəniyyət, elm, təhsil, informasiya, turizm və idman sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi xəttinə tərəfdar olduqlarını təsdiq edirlər.
Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti qarşılıqlı maraq kəsb edən məsələlərə dair müxtəlif səviyyələrdə ikitərəfli xarici siyasət sahəsində məsləhətləşmələr təcrübəsini faydalı sayır və genişləndirilməsinə lüzum olduğunu hesab edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası parlamentlərarası əlaqələrin inkişafına, habelə qanun yaradıcılığı fəaliyyətində, demokratik institutların formalaşmasında və fəaliyyətində təcrübə mübadiləsinə kömək edəcəklər.
Onlar qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə mühüm əhəmiyyət verirlər və ticarət dövriyyəsinin həcminin artmasına, yanacaq-energetika kompleksi də daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində kooperasiyanın inkişafına hər cür imkan yaradacaqlar.
Azərbaycan Respublikası və Rusiya Federasiyası maliyyə və bank strukturları ilə bağlı qarşılıqlı əlaqələrin inkişafını, investisiya layihələrinin həyata keçirilməsini, birgə müəssisələrin və digər təsərrüfat birliklərinin yaradılmasını dəstəkləyəcəklər.
Onlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının subyektləri, həmçinin onların təsərrüfat subyektləri arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini faydalı sayırlar.
Hər iki dövlət Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin daha da gücləndirilməsi zəruriyyətini qeyd edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası, hər iki ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı maraqlara cavab verən, üçüncü dövlətə qarşı yönəlməyən, habelə Azərbaycan Respublikası və Rusiya Federasiyasının beynəlxalq öhdəliklərinə zidd olmayan uzun müddətli əsasda ikitərəfli hərbi və hərbi texniki əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirirlər.
Onlar Azərbaycan Respublikasında yaşayan rusları və Rusiya Federasiyasında yaşayan azərbaycanlıları Azərbaycan və Rusiya cəmiyyətinin üzvi hissəsi, xalqların yaxınlığının saxlanılmasına və aralarındakı dostluq münasibətlərinin möhkəmləndirilməsinə kömək edən amil hesab edirlər.
Hər iki dövlət mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişafının və genişləndirilməsinin, habelə hər iki ölkənin xalqları arasında ənənəvi dostluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi üçün bu sahələrdə hərtərəfli mübadilələrin əhəmiyyətini qeyd edirlər.
Onlar Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasının mühüm əhəmiyyətini vurğulayır və dövlət komissiyalarının işlərinin davam etdirilməsinin zəruriliyini təsdiq edirlər.
Prezidentlər Xəzər problemləri üzrə hər iki dövlətin yanaşmalarının yaxınlaşmasını qeyd edir, bununla əlaqədar qəbul olunmuş Azərbaycan Respublikası və Rusiya Federasiyasının Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında Birgə Bəyannaməsini alqışlayır və hər iki dövlətin müntəzəm, o cümlədən də beş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi işçi qrupu formatında əlaqələrini davam etdirməyə hazır olduqlarını bildirirlər.

II

Azərbaycan Respublikası və Rusiya Federasiyası ənənəvi siyasi, iqtisadi, elmi, mədəni-tarixi əlaqələrin və Qafqazda humanitar təmasların, millətlərarası barışığın və sülhün möhkəmləndirilməsinin inkişafına imkan yaratmaq səylərini ifadə edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda təhlükəsizliyin təmininə və əməkdaşlığın inkişafına yanaşmaların müəyyən edilməsində bu regionun dövlətlərinin əsas rol oynaması fikrindən çıxış edirlər.
Prezidentlər bununla əlaqədar Azərbaycan Respublikası, Ermənistan Respublikası, Gürcüstan və Rusiya Federasiyası tərkibində yüksək səviyyədə əlaqələrin mühüm əhəmiyyətini vurğulayırlar və onun nəticələrinin daha səmərəli olmasına nail olacaqlar.
Onlar 20 iyun 2000-ci ildə Moskva şəhərində Qafqaz dövlətləri başçılarının görüşündə əldə edilmiş razılıqları, xüsusilə də belə görüşlərin bundan sonra ildə iki dəfədən az olmayaraq keçirilməsi ilə bağlı fikri alqışlayırlar.
Hər iki dövlətin başçısı hesab edir ki, regionda etibarlı təhlükəsizliyin təmin olunmasının və çoxtərəfli əməkdaşlığın canlandırılmasının zəruri şərti lokal münaqişələrin sülh yolu ilə, ədalətli və davamlı şəkildə həll olunmasıdır. Onlar Qafqaz dövlətləri arasında sülhün, mehriban qonşuluğun bərpa edilməsi və saxlanılmasının əsası olan ərazi bütövlüyü, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə və beynəlxalq hüququn digər norma və prinsiplərinə qəti tərəfdar olduqlarını bildirirlər.
Bu konteksdə Azərbaycan Respublikası və Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin müvafiq BMT TŞ qətnamələri və ATƏT qərarları əsasında siyasi yolla həll olunmasına tərəfdar çıxırlar.
Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında yüksək səviyyədə aparılan birbaşa dialoqu alqışlayır, onun Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasına kömək edəcəyinə əmin olduğunu bildirir.
Azərbaycan Respublikası Dağlıq-Qarabağ münaqişəsinin həll olunmasında, Rusiya Federasiyasının, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətinin daha da fəallaşmasına ümid etdiyini bildirir.
Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda regionun dinc gələcəyi üçün təhlükə törədən terrorizmin, ekstremizmin və təcavüzkar separatizmin yayılması ilə əlaqədar ciddi narahat olduqlarını bildirirlər.
Bunları nəzərə alaraq, onlar özlərinin xarici siyasət, güc və hüquq-mühafizə strukturlarının səmərəli qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsini davam etdirəcəklər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazdakı münaqişələr nəticəsində qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına tezliklə, könüllü və təhlükəsiz şəkildə qayıtmalarına bundan sonra hər vasitə ilə kömək edəcəklər.
Onlar regiondakı beynəlxalq nəqliyyat əlaqələrinin tezliklə tam bərpası üçün zəruri səy göstərəcəklərini, Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə, Rusiyanın isə Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizinə qoşulmasına qarşılıqlı yardım edəcəklərinə hazır olduqlarını bəyan edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazın nadir təbiətinin qorunması, beynəlxalq turizmin inkişafı, texnogen qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələlərində hərtərəfli əməkdaşlığa xüsusi diqqət yetirəcəklər.
Onlar qeyd edirlər ki, demokratiyanın inkişafı və insan hüquqlarına və azadlıqlarına əməl edilməsi hər iki ölkənin və bütövlükdə regionun layiqli gələcəyinin əsası, Qafqaz dövlətlərinin ümumavropa və dünya strukturlarına inteqrasiyasının mühüm şərtidir.
Hər iki dövlət beynəlxalq birliyin regionda etimad mühitinin yaradılmasına və davamlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş təşəbbüslərini alqışlayır.

III

Azərbaycan Respublikası və Rusiya Federasiyası BMT, ATƏT, Avropa Şurası, MDB, digər beynəlxalq təşkilatlar və universal və regional xarakterli forumlar çərçivəsində sıx və konstruktiv qarşılıqlı fəaliyyətlərini inkişaf etdirəcəklər.
Onlar əmindirlər ki, Müstəqil Dövlətlər Birliyi formatında əməkdaşlığın dərinləşdirilməsi Tərəflərin milli maraqlarına cavab verir və ümumbəşəri tendensiyalar istiqamətində gedir.
Hər iki dövlət MDV-də çoxtərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə, xüsusən Birlikdə mükəmməl bazar infrastrukturlarının yaradılmasının zəruri şərti olan azad ticarət zonalarının yaradılmasına, gələcəkdə əmtəə, xidmət, işçi qüvvəsi və kommersiyanın azad dövriyyəsinə əsaslanan ümumi iqtisadi məkanın inkişafına böyük əhəmiyyət verirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası BMT və onun Təhlükəsizlik Şurasının beynəlxalq məsələlərdə, ilk növbədə isə çoxqütblü dünyada sülhün və təhlükəsizliyin dəstəklənməsində mərkəzi rolunun möhkəmləndirilməsinə kömək edəcəklər.
Onlar minilliyin Zirvə görüşünün siyasi nəticələrini yüksək qiymətləndirirlər, onun səmərəli həyata keçirilməsi məqsədilə öz aralarında və bütün maraqlı dövlətlərlə sıx qarşılıqlı fəaliyyət göstərmək niyyətindədirlər.
Hər iki dövlət ərazi, etnik, dinlərarası və digər münaqişələri BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qərarlarına ciddi şəkildə əməl etməklə həll olunmasına səy göstərəcəklər.
Onlar hüquq müdafiəsi və humanitar bəhanələrlə suveren dövlətlərin daxili işlərinə qarışmağa yönəlmiş hər cür hərəkətlərin və cəhdin əleyhinə qətiyyətlə çıxış edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası silahlanma və tərksilaha nəzarət sahəsində mövcud müqavilələr sisteminin saxlanılmasının, kütləvi qırğın silahlarının və onları daşıma vasitələrinin yayılmaması prosesinin irəli aparılmasının, istisnasız olaraq bütün dövlətlərin təhlükəsizlik maraqlarının təmin olunmasının tərəfdarıdırlar. Onlar 26 may 1972-ci il tarixli raket əleyhinə müdafiə sisteminin məhdudlaşdırılması haqqında Müqavilənin müasir şəraitdə strateji sabitliyin təməl daşı kimi mövcud dəyərini saxlamasına razıdırlar və bu istiqamətdə göstərilən beynəlxalq səyləri dəstəkləyirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası nüvə silahının yayılmaması haqqında Müqavilənin qüvvəsinin müzakirəsinə dair 2000-ci il Konfransının qərarlarının mühümlüyünü qeyd edirlər və atom enerjisindən dinc istifadə sahəsində bərabərhüquqlu beynəlxalq əməkdaşlığın hərtərəfli şəkildə genişləndirilməsini alqışlayırlar. Azərbaycan Respublikası və Rusiya Federasiyası AEBA-nın himayəsi altında yeniləşdirilmiş nüvə texnologiyasının və nüvə yanacağının təbii təhlükəsiz dövriyyəsinin konseptual işlənilib hazırlanmasına dair beynəlxalq layihənin təşkili haqqında təklifləri dəstəkləyirlər.
Onlar 1999-cu ilin noyabrında, İstanbulda ATƏT-in Zirvə görüşündə imzalanmış Avropada adi silahlı qüvvələrə dair Müqavilənin uyğunlaşdırılması haqqında Sazişin Avropa təhlükəsizliyinin təmini üçün əhəmiyyətini qeyd edirlər.
Rusiya Federasiyası Azərbaycan Respublikasının Avropa Şurasına daxil olmasını dəstəkləyir və alqışlayır.
Azərbaycan Respublikası və Rusiya Federasiyası əmindirlər ki, onların qarşılıqlı etimad ruhunda həm ikitərəfli münasibətlər sahəsində, həm də beynəlxalq arenada sıx və dinamik əməkdaşlığı hər iki xalqın və dövlətin maraqlarına cavab verir və özlərinin, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir.

Bakı şəhərində 9 yanvar 2001-ci ildə iki əsl nüsxədə Azərbaycan və rus dillərində tərtib edilmişdir, hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin

Комментариев нет:

Отправить комментарий