Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsinə əsasən ölkələr arasında ictimai-siyasi, mədəni və iqtisadi əməkdaşlıq yüksələn xətlə davam etdirilməlidir:
— Tərəflər bütün digər səviyyələrdə ikitərəfli təmasların dərinləşdirilməsinə, qarşılıqlı səfərlərin həyata keçirilməsinə, iki ölkənin qanunvericilik və icra hakimiyyəti orqanları arasında ikitərəfli xarici siyasət və digər məsləhətləşmələr praktikasının inkişaf etdirilməsinə, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsinə mühüm əhəmiyyət verirlər.
— Tərəflər öz ərazilərində bir-birinin dövlət suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəldilən təşkilat, qrup və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı tədbir görəcəklər.
— Tərəflərdən heç biri digər tərəfə qarşı yönəldilən hərbi, iqtisadi və maliyyə xarakterli, o cümlədən üçüncü ölkələr vasitəsilə hər hansı bir fəaliyyət və ya tədbirdə iştirak etməyəcək, habelə öz ərazisindən digər tərəfə qarşı təcavüz və ya başqa zorakı fəaliyyət məqsədilə istifadə etməyə yol verməyəcəkdir.
— Tərəflər iki dövlətin biznes və elm sahələrinin institut və təşkilatlarını Hökumətlərarası Komissiyanın əməli işinə cəlb edəcək, Azərbaycan-Rusiya biznes-forumunun yaradılmasına səy göstərəcəklər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası iki ölkənin xalqlarının tarixi və mədəni yaxınlığını nəzərə alaraq təsdiq edirlər ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar sahədə təmasların və əməkdaşlığın inkişafı möhkəm və obyektiv əsasa malikdir. Tərəflər humanitar, informasiya əməkdaşlığının müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsinə, mədəniyyət, elm, təhsil, səhiyyə və sosial təminat sahələrində qarşılıqlı fəaliyyətə yardım göstərəcəklər. Bu kimi əməkdaşlıq iki ölkənin dövlət orqanları tərəfindən dəstəklənəcəkdir; onun həm də işgüzar dairələrin müvafiq diqqətinə ehtiyacı vardır.
— Tərəflər gənclər və tələbələrin mübadiləsi, kütləvi informasiya vasitələri arasında əlaqələr yolu ilə humanitar sahədə təmasların inkişafına kömək edəcəklər, tələbə və şagirdlərin birgə təhsil proqramlarının hazırlanması, mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi, təhsil proqramlarının mübadiləsi vasitəsilə milli təhsil sistemi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər, qarşılıqlı əsasda Azərbaycan və rus dillərinin öyrənilməsinə və ədəbiyyatının yayılmasına, habelə elm, ədəbiyyat və incəsənət xadimləri arasında əlaqələrin inkişaf etdirilməsinə kömək göstərəcəklər.
— Tərəflər Azərbaycan Respublikasında yaşayan ruslar və Rusiya Federasiyasında yaşayan azərbaycanlılar üçün əlverişli şəraitin yaradılmasını məmnunluqla vurğulayır, iki dost ölkənin xalqlarının yaxınlaşmasında hər iki icmanın xüsusi rolunu qeyd edirlər.
Комментариев нет:
Отправить комментарий