Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti,
Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasının rəsmi səfəri zamanı ikitərəfli münasibətlərin vəziyyətini və perspektivlərini, habelə qarşılıqlı maraq doğuran regional və universal məsələləri müzakirə edərək,
Azərbaycan və Rusiya xalqlarının qarşılıqlı yaxınlaşmasına yönəldilmiş ənənəvi məramdan çıxış edərək,
Azərbaycan-Rusiya strateji tərəfdaşlığının əsasını qoyan 3 iyul 1997-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqaviləyə, 9 yanvar 2001-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Bəyannaməsinə, 25 yanvar 2002-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti H. Ə. Əliyevin və Rusiya Federasiyasının Prezidenti V. V. Putinin Birgə Bəyanatına əsaslanaraq, hərtərəfli əməkdaşlıq, qarşılıqlı etimad və bir-birinin mənafelərinə hörmət əsasında dostluq əlaqələrinin inkişafına əlavə təkan verməyə hazır olduqlarını ifadə edərək,
Azərbaycan-Rusiya əlaqələrinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini dərk edərək,
regionda ölkələrin normal inkişafına, onların tam miqyaslı iqtisadi və digər qarşılıqlı fəaliyyətlərinə maneçilik törədən münaqişələrin həllini tapmaması ilə əlaqədar xüsusi narahatlıq bildirərək,
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və suveren bərabərliyinə hörmət edilməsi, zor işlətməmək və ya zorla hədələməmək daxil olmaqla, hamılıqla tanınmış beynəlxalq hüququn normalarına tərəfdar olduqlarını təsdiq edərək,
hər iki dövlətdə demokratik institutların, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının yaradılmasında əldə edilmiş müsbət nəticələri nəzərə alaraq və bu proseslərin dönməzliyinə əmin olaraq,
bununla bəyan edirlər:
I
Azərbaycan Respublikası və Rusiya Federasiyası siyasi təmasları bundan sonra da səmərəli şəkildə inkişaf etdirəcək və strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəklər.
Tərəflər ikitərəfli əlaqələrə dinamizmin və konstruktiv təmayül verən yüksək səviyyədə Azərbaycan-Rusiya müntəzəm siyasi dialoqunun xüsusi rolunu qeyd edirlər.
Tərəflər bütün digər səviyyələrdə ikitərəfli təmasların dərinləşdirilməsinə, qarşılıqlı səfərlərin həyata keçirilməsinə, iki ölkənin qanunvericilik və icra hakimiyyəti orqanları arasında ikitərəfli xarici siyasət və digər məsləhətləşmələr praktikasının inkişaf etdirilməsinə, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsinə mühüm əhəmiyyət verirlər.
İnkişaf etdirilən müqavilə-hüquq bazası Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əlaqələrin hərtərəfli inkişafının təminatı üçün etibarlı əsasdır.
Tərəflər yeni qlobal çağırış və təhlükələrə, hər şeydən əvvəl beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri və silahların qanunsuz ticarətinə qarşı fəaliyyət göstərmək məqsədilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın səmərəliliyini artıracaqlar.
Tərəflər sərhəd sahəsində əməkdaşlığı inkişaf etdirəcək və öz ərazilərində bir-birinin dövlət suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəldilən təşkilat, qrup və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı tədbir görəcəklər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin elimitasiyasının başa çatdırılması üzrə fəal iş davam etdiriləcəkdir.
Azərbaycan Respublikası və Rusiya Federasiyası, hər iki ölkənin təhlükəsizliyinin təmini maraqlarına cavab verən, üçüncü ölkələrə qarşı yönəlməyən, habelə Azərbaycan Respublikası və Rusiya Federasiyasının beynəlxalq öhdəliklərinə zidd olmayan ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığı möhkəmləndirəcəklər.
Tərəflərdən heç biri digər tərəfə qarşı yönəldilən hərbi, iqtisadi və maliyyə xarakterli, o cümlədən üçüncü ölkələr vasitəsilə hər hansı bir fəaliyyət və ya tədbirdə iştirak etməyəcək, habelə öz ərazisindən digər tərəfə qarşı təcavüz və ya başqa zorakı fəaliyyət məqsədilə istifadə etməyə yol verməyəcəkdir.
II
Azərbaycan Respublikası və Rusiya Federasiyası iki dövlət arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq səviyyəsinin onların dinamik surətdə yüksələn bazar iqtisadiyyatının potensial və imkanlarına tam şəkildə cavab verməsi üçün əlavə tədbirlər həyata keçirəcəklər.
Tərəflər:
daimi fəaliyyət göstərən orqan kimi, qarşılıqlı iqtisadi ikitərəfli fəaliyyətin inkişafı məsələlərinin kompleksli və təcrübəli şəkildə müzakirə edilməsində vacib rol oynayan Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın təşəbbüskar fəaliyyətini təşviq edəcəklər;
iki dövlətin biznes və elm sahələrinin institut və təşkilatlarını Hökumətlərarası Komissiyanın əməli işinə cəlb edəcək, Azərbaycan-Rusiya biznes-forumunun yaradılmasına səy göstərəcəklər;
qarşılıqlı ticarətin həcminin artırılmasına, o cümlədən onun artımının, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və sığorta edilməsi, gömrük prosedurlarının nizama salınması və s. sahələrdə əməkdaşlığın qarşısını alan maneələrin aradan qaldırılması yolu ilə yardım göstərəcəklər;
iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə yanacaq-energetika sektorunda, əlvan metallurgiya, kimya və yüngül sənayedə, maşınqayırma sahələrində, aqrosənaye kompleksində, nəqliyyat və nəqliyyat infrastrukturunda geniş kooperasiyaya səy göstərəcəklər;
maliyyə və bank strukturlarının qarşılıqlı fəaliyyətinin inkişafına, hər iki dövlətin ərazisində onların nümayəndəliklərinin açılmasına, birgə sərmayə layihələrinin həyata keçirilməsinə, yeni beynəlxalq standartlara və iqtisadi reallıqlara uyğun olaraq birgə maliyyə-sənaye qrupları, müəssisələr və digər təşkilati-təsərrüfat strukturlarının formalaşdırılmasına kömək edəcəklər;
Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri və onların təsərrüfat strukturları arasında birbaşa əlaqələrin inkişaf etdirilməsini təşviq edəcəklər;
nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsində səmərəli qarşılıqlı fəaliyyətə yardım göstərəcəklər;
ikitərəfli, regional və qlobal səviyyələrdə ətraf mühitin mühafizəsi məsələləri üzrə qarşılıqlı fəaliyyəti artıracaqlar;
onların iqtisadi əlaqələrinin müqavilə-hüquq bazasının mütəmadi şəkildə təkmilləşdirilməsinə xüsusi diqqət yetirəcəklər.
Tərəflər iki ölkənin iqtisadi inkişafı üçün energetika sahəsində həyata keçirilən tammiqyaslı əməkdaşlığın müsbət rolunu qeyd edirlər və bu istiqamətdə birgə səylərin davam etdirilməsində maraqlı olduqlarını təsdiq edirlər.
Tərəflər Rusiya Federasiyasının ərazisindən Azərbaycan neftinin nəqli və Rusiya Federasiyasından Azərbaycan Respublikasına təbii qazın təchizi sahələrində hüquqi əsasda uzunmüddətli ikitərəfli qarşılıqlı fəaliyyətdə maraqlı olduqlarını təsdiq etdilər.
Rusiya Federasiyası Azərbaycan Respublikasına "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında Sazişə qoşulması ilə əlaqədar dəstək verəcəkdir.
III
Azərbaycan Respublikası və Rusiya Federasiyası iki ölkənin xalqlarının tarixi və mədəni yaxınlığını, Azərbaycan və Rusiya müvafiq surətdə böyük Azərbaycan və Rusiya diasporlarının mövcudluğunu nəzərə alaraq təsdiq edirlər ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar sahədə təmasların və əməkdaşlığın inkişafı möhkəm və obyektiv əsasa malikdir.
Tərəflər humanitar, informasiya əməkdaşlığının müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsinə, mədəniyyət, elm, təhsil, səhiyyə və sosial təminat sahələrində qarşılıqlı fəaliyyətə yardım göstərəcəklər.
Bu kimi əməkdaşlıq iki ölkənin dövlət orqanları tərəfindən dəstəklənəcəkdir; onun həm də işgüzar dairələrin müvafiq diqqətinə ehtiyacı vardır.
Tərəflər:
gənclər və tələbələrin mübadiləsi, kütləvi informasiya vasitələri arasında əlaqələr yolu ilə humanitar sahədə təmasların inkişafına kömək edəcəklər;
tələbə və şagirdlərin birgə təhsil proqramlarının hazırlanması, mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi, təhsil proqramlarının mübadiləsi vasitəsilə milli təhsil sistemi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər;
qarşılıqlı əsasda Azərbaycan və rus dillərinin öyrənilməsinə və ədəbiyyatının yayılmasına, habelə elm, ədəbiyyat və incəsənət xadimləri arasında əlaqələrin inkişaf etdirilməsinə kömək göstərəcəklər;
milli azlıqların əmik, dil, mədəni və dini xüsusiyyətlərinin qorunması və inkişaf etdirilməsi üçün əlverişli şəraitin təmin edilməsinə kömək edəcəklər;
Azərbaycan Mədəniyyət Mərkəzinin Moskvada və Rusiya Mədəniyyət Mərkəzinin Bakıda fəaliyyət göstərməyə başlaması üçün zəruri şərait yaradacaq, Bakı Slavyan Universitetinin fəaliyyətini hərtərəfli dəstəkləyəcəklər;
faşizm üzərində Qələbənin 60 illiyinin bayram edilməsinə həsr olunmuş tədbirlərin həyata keçirilməsinə, Böyük Vətən müharibəsi veteranlarının dəstəklənməsinə kömək edəcəklər.
Azərbaycan İlinin Rusiyada və Rusiya İlinin Azərbaycanda keçirilməsinin müddəti və qaydası müəyyən ediləcəkdir.
Tərəflər Azərbaycan Respublikasında yaşayan ruslar və Rusiya Federasiyasında yaşayan azərbaycanlılar üçün əlverişli şəraitin yaradılmasını məmnunluqla vurğulayır, iki dost ölkənin xalqlarının yaxınlaşmasında hər iki icmanın xüsusi rolunu qeyd edirlər.
Rusiya Federasiyasının Prezidenti rus dilinin Azərbaycan Respublikasında dəstəklənməsi tədbirlərini müsbət qiymətləndirdi. Azərbaycan Respublikasının Prezidenti öz növbəsində Rusiyada Azərbaycan diasporunun ehtiyaclarına Rusiya tərəfinin diqqətini məmnunluqla qeyd etdi.
IV
Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda təhlükəsizliyin təmini və münaqişələrin həll edilməsi, regionun davamlı inkişafı üçün şəraitin yaradılması məqsədilə bütün zəruri tədbirləri görəcəklər.
Onlar regional problemlərin müzakirə edilməsi üçün Azərbaycan Respublikası, Ermənistan Respublikası, Gürcüstan və Rusiya Federasiyasının rəhbərlərinin müntəzəm görüşlərinin keçirilməsinə tərəfdar olduqlarını bildirirlər.
Tərəflər əvvəlki kimi eyni fikirdədirlər ki, Qafqazda təhlükəsizliyin təmininə və əməkdaşlığın inkişafına yanaşmaların müəyyən edilməsində əsas rolu bu regionun dövlətləri oynayır.
Tərəflər Qafqaz dövlətləri arasında bir-birinin suverenliyinə, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və riayət edilməsinə əsaslanan qarşılıqlı etimadın yaradılmasının müstəsna əhəmiyyətini qeyd edirlər.
Tərəflər, bundan çıxış edərək regionda etibarlı təhlükəsizliyin təmini və çoxtərəfli əməkdaşlığın təşkil edilməsi üçün mövcud münaqişələrin tezliklə həll edilməsinin zəruriliyini təsdiq edirlər.
Bu kontekstdə Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və müvafiq BMT Təhlükəsizlik Şurası qətnamələrinin və ATƏT qərarlarının yerinə yetirilməsinə qəti şəkildə tərəfdar olduqlarını bildirirlər.
Rusiya Federasiyası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə yönəlmiş yüksək səviyyəli birbaşa dialoqu alqışlayır.
Azərbaycan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrləri, o cümlədən Rusiya Federasiyası tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə kömək məqsədilə bundan sonra da səylər göstərilməsinin zəruriliyini qeyd edir.
Tərəflər Qafqazdakı münaqişələr nəticəsində qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına tezliklə könüllü və təhlükəsiz şəkildə qayıtmalarına hər vasitə ilə kömək etməyə hazır olduqlarını bəyan edirlər.
V
Azərbaycan Respublikası və Rusiya Federasiyası Xəzər regionunun sülh, sabitlik, mehriban qonşuluq və Əməkdaşlıq zonası olmasına hərtərəfli kömək edəcəklər.
Tərəflər son illərdə Azərbaycan, Rusiya və Qazaxıstan arasında dəniz dibinin istifadəsi məqsədilə Xəzər dənizinin dibinin bölünməsi üzrə ikitərəfli və çoxtərəfli sazişlərin, 0 cümlədən 23 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Sazişin və 4 may 2003-cü il tarixli Azərbaycan Respublikası, Rusiya Federasiyası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Sazişin imzalanmasına müstəsna əhəmiyyət verir, bu sazişlərin Xəzər dənizinin yeni hüquqi statusunun müəyyən edilməsinə fundamental töhfə olduğunu hesab edir və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə tərəfdar olduqlarını bildirirlər.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması və tezliklə bağlanmasında, ilk növbədə dənizin dibindən istifadə edilməsi, ekologiya, balıqçılıq və gəmiçilik məsələlərinin tənzimlənməsi ilə status probleminin konsensus əsasında həllinin mərhələli irəliləyişində Əməkdaşlıq davam etdiriləcəkdir. Bununla əlaqədar olaraq Tərəflər Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun fəaliyyətini müsbət qiymətləndirirlər.
Tərəflər 2003-cü ilin noyabrında Tehranda Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasını bütün Xəzəryanı dövlətlərin imzalanmasını alqışlayırlar.
Xəzəryanı dövlətlərin prezidentlərinin görüşlərinə müntəzəmlik xarakterinin verilməsi haqqında Aşqabad razılaşmasına əməl edərək Tərəflər ikinci Xəzər Zirvə Görüşünün hazırlanmasına başlamağı və bu məqsədlə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşünün keçirilməsini zəruri sayırlar.
VI
Azərbaycan Respublikası və Rusiya Federasiyası bütün dövlətlərin suveren bərabərliyinə, ərazi bütövlüyünə və onların daxili işlərinə müdaxilə edilməməsi, zor işlətməyin və ya zorla hədələməyin yolverilməzliyi, habelə beynəlxalq hüququn hamılıqla tanınmış digər normalarına əsaslanan beynəlxalq siyasi, iqtisadi və hüquqi qaydanın möhkəmləndirilməsi məqsədilə beynəlxalq arenada sıx qarşılıqlı fəaliyyəti davam etdirəcəklər.
Tərəflər çoxqütblü dünyada sülhün və təhlükəsizliyin dəstəklənməsində yeganə universal mexanizm kimi BMT-nin mərkəzi rolunun möhkəmləndirilməsinə, bu təşkilatın bütövlüyünün, təsirliliyinin və səmərəliliyinin möhkəmləndirilməsinə hərtərəfli kömək edəcəklər.
Tərəflər Müstəqil Dövlətlər Birliyində qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə, iştirakçı dövlətlər qarşısında duran aktual ümumi problem və məsələlərin həll edilməsi instrumenti kimi MDB-nin səmərəliliyinin artırılmasına fəal yardım etməyə hazırdırlar.
Tərəflər təsdiq edirlər ki, MDB formatında əməkdaşlığın möhkəmləndirilməsi onların milli maraqlarına cavab verir və ümumdünyəvi tendensiyalar istiqamətində gedir.
Tərəflər universal və regional xarakterli təşkilatlar və forumlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyəti artırmaq qabiliyyətini təsdiq edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası əmin olduqlarını ifadə edirlər ki, bu Bəyannamə Azərbaycan-Rusiya strateji tərəfdaşlığına əlavə təkan verəcək və regional və qlobal tendensiyaların müsbət istiqamətdə inkişafına kömək edəcəkdir.
Moskva şəhərində 6 fevral 2004-cü ildə iki əsl nüsxədə Azərbaycan və rus dillərində tərtib edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
Комментариев нет:
Отправить комментарий