03.08.2022

Aqressiyanı götürən dindir


Dinə münasibətimi bilirsiniz. Mən Allahı sufi-panteist baxımdan dərk edirəm. Bunu Nəsimidən, Füzulidən, Xətaidən öyrənmişəm. Nəinki məzhəblər, hətta dinlərə böyük fərq qoymuram. Mənə görə vicdanlı xristianla insaflı müsəlman arasında fərq yoxdur. Eləcə də sünni ilə şiə arasında. Əsas odur ki, Allahın yolunda olsun, yəni düz, doğru yolda. Amma təbii ki hər bir dinin və məzhəbin müəyyən özəllikləri, məziyyətləri ola bilər və var.
Ənənəvi olaraq mən də şiə sayılıram və təbii olaraq istər-istəməz bu məzhəbin müəyyən xüsusiyyətlərini daşıyıram. Əlbəttə Aşurada başa xəncər vurmaq, zəncirlə özünü döymək, hazırda geniş təbliğ olunan bir videodakı kimi, başa-gözə döymək, çoxlu ağlamaq, başqalarını da ağlatmaq kimi ənənələri təqdir etmirəm.
Ancaq hərdən düşünürəm ki, bəlkə azərbaycanlıların digər millətlərə nisbətən daha ürəyiyumşaq, mülayim, ailəyə, qadınlara, qocalara qarşı daha anlayışlı, hörmətcil münasibətinin əsasında mənsub olduğumuz məzhəbin rolu var? Sizə açığını deyim ki, biz dünyada və Qafqazda ən az aqressiyaya malik toplumuq. Gürcülər, ermənilər, dağıstanlılar, çeçenlər, elə türklər bizə nisbətən daha aqressivdirlər.
90-cı illərdə İmişliyə dağıstanlı TIR sürücüləri gəlmiş, maşınlarını stəkan-nəlbəki çayxanasının yanında saxlamışdılar. O vaxt Moskvaya pomidor aparmaq üçün onlardan birini kirayələdim. Milləti kümık, adı Şarapuddin idi. Evimizə gətirdim, süfrə açdım, atamla-anamla tanış etdim. Gecəni bizdə qaldı, ən yaxşı otağımızda, ən rahat yataqda yatdı. Özünü quzu kimi aparırdı.  
Ancaq Azərbaycan sərhədindən Dağıstana keçən kimi bir anda dəyişdi və başladı mənə xox gəlməyə. Bu da məni evinə apardı. Yanımda aravadı ilə şit zarafatlar etdi. Pomidorların xarab olacağını desəm də, bir gecə qaldı. Amma belə danışmamışdıq.
Moskvada da mənə problem yaratdı, malın yarısının xarab olmasına görə məsuliyyətdən boyun qaçırdı, özünü yaxşı aparmasını məsləhət görəndə gedib yerlilərini üstümə gətirdi.
Belə şeylər çox olub. Demək istəyirəm ki, ədəb-ərkanda, qonağa hörmətdə, anlayışda bizə çatan yoxdur. Bəlkə də bunun Məhərrəm ayındakı, Aşuradakı ayinlərlə ciddi əlaqəsi var. Çünki şiələr bu ayda və gündə İmam Hüseynə yas saxlamaq, onun haqq yolunda dinc mübarizəsinə sadəqətlərini göstərməklə yanaşı həm də aqressiyadan qurtulurlar. Canlarındakı ağrıdan, stresdən, qəzəbdən, aqressiyadan ağlamaqla, özlərin döyməklə, öz qanlarını tökməklə xilas olurlar.
Yenə 90-cı illərin əvvəlində Ərdəbildən gələn iki nəfər qonağım oldu. Baxdım ki, ilahi, bunlar nə qədər mülayim, şirindil adamlardır. Bir şey verən kimi, dərhal "əlün ağrımasın" deyirlər. Adamın birinə dedim ki, siz qonaqsız, amma bizi əlimizi cibimizə salmağa qoymursuz. Dedi, baba, sən tələbəsən axı. Zarafata dedim ki, burda pul xərcləyirsiniz ki, İrana gələndə də biz xərcləyək?)) Bilirsiniz nə cavab verdi: "Baba, sən İrana gəl, mən sənə gözümü xaşdaram..."
Bu cümlə hər yadıma düşəndə kövrəlirəm...
Duqin çox ağıllı, dərin və bilikli adamdır. O boş yerə heç bir söz deməz. Bu sözləri də yazdığım və yazmadığım bir çox səbəblərdən deyib. Məncə, o haqlıdır. Yezidlərə lənət olsun!


Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий