Azərbaycan Aİİ tərəfdaşlarının öz tranzit potensialından istifadə edə bilməsi üçün bundan sonra da hər cür şərait yaratmağa hazırdır. Bəs tərəfdaşlığın gələcək inkişafı necə görünür və Azərbaycanın bu quruma daxil olması mümkündürmü?
Azərbaycan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Bu dövlətlər həm də MDB-də təmsil olunur və Bakı onların əksəriyyəti ilə sıx ikitərəfli əməkdaşlıq qurub. Bu baxımdan, Azərbaycanın baş naziri Əli Əsədovun Avrasiya Hökumətlərarası Şurasının iclasına dəvət olunması ekspertlərə Azərbaycanın bu quruma mümkün daxil olması barədə düşünmək üçün əsas verir.
Rusiyalı iqtisadçı Aleksandr Karavayevin fikrincə, Bakı Aİİ ilə qarşılıqlı əlaqəsinin rəsmiləşdirilməsini sürətləndirməyəcək, lakin makroməkandakı reallıqlar özünü göstərir. Azərbaycan Aİİ-yə və Rusiyaya istiqamətlənmiş ticari-iqtisadi vektorların qovşağında yerləşir. O qeyd edib ki, Rusiya ilə Türkiyə arasında rekord səviyyədə inkişaf edən ticarət əlaqələri hətta qərbdəki rəqiblərini - Aİ və ABŞ-ı narahat edir.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Türkiyənin Azərbaycan və Qazaxıstanla ticarəti də MDB/Aİİ-nin iqtisadi məkanını genişləndirir və gücləndirir. Eyni vəziyyət Rusiya-İran istiqamətinə də aiddir.
Ekspert hesab edir ki, cari və ortamüddətli gündəm müstəvisində AİB ilə aşağıdakı mövzular üzrə təmaslar Azərbaycan hökuməti üçün vacibdir:
logistikanın inkişafı: çatdırılmaların təkrar sığortası imkanları, elektron gömrük sənədlərindən istifadə, Şimal-Cənub və Qərb-Şərq marşrutlarının cütləşdirilməsi məsələləri;
taxıl, ərzaq məhsulları, enerji daşıyıcılarının ümumi bazarlarında vəziyyətin təhlili. Hər ay AİB-in "özəkləri" olan Rusiya və Qazaxıstanla bu məsələlər üzrə kommunikasiyanın zəruriliyi aktuallaşır;
regionun qarşılıqlı ticarətinin rubla və milli valyutalara köçürülməsi, milli ödəniş sistemlərinin qarşılıqlı əlaqəsi;
elektrik enerjisi bazarında koordinasiya perspektivlərinin təhlili. Bakı qarşısına ən azı regional səviyyədə "yaşıl" elektrik enerjisinin ixracatçısı olmaq kimi kifayət qədər iddialı vəzifə qoyub. Qara dənizin dibi ilə Rumıniyaya elektrik kabelinin çəkilməsi layihəsi var. Macarıstan buna maraq göstərib, bu isə o deməkdir ki, layihəyə ümumavropa statusu veriləcək. Və burda qiymət oyunu ehtimalı gəlir. Bakı ixrac üçün öz istehsalı ilə yanaşı, gələcəkdə Rusiya Federasiyasında inanılmaz qiymət pikləri ilə üzləşən Aİ ölkələrinə daha ucuz elektrik enerjisi çatıdırlması üçün tranzit ölkəyə çevrilə bilər.
"Bütün bu məsələləri birbaşa Avrasiya Komissiyası ilə qarşılıqlı əlaqədə olmaqla, müşahidəçi statusu almaqla təhlil etmək və iştirak etmək olar. Bu statusun özü nə reputasiya, nə də başqa mülahizələr baxımından heç nəyə məcbur etmir. Eyni zamanda, Azərbaycan AİB-ə formal olaraq yaxınlaşmadan belə, qonşularının getdikcə artan gəlirli layihələri ilə bu sahəyə cəlb olunur", - deyə Karavayev bildirib.
Azərbaycanlı ekspert Elşən Manafov hesab edir ki, bu birliyə qoşulacağı təqdirdə Azərbaycan sahibkarları iqtisadi və gömrük sahəsində imtiyazlar hesabına əlavə gəlir əldə edəcəklər. Bundan əlavə, bu, ölkədə orta təbəqənin formalaşmasına töhfə verəcək. Birlik daxilində miqrasiya siyasəti əmək bazarında sərbəst işçi axını yaradacaq ki, bu da azərbaycanlı miqrantlara əlavə gəlir gətirə bilər.
Ancaq bu, heç bir halda birtərəfli yol olmayacaq. "AİB ölkələri, ilk növbədə Rusiya və Qazaxıstan Azərbaycanın təmin edə bildiyi logistika imkanlarına görə böyük dividendlər əldə edə bilər. Bu isə təkcə avtomobil və dəmir yollarından deyil, həm də Azərbaycan ərazisindən keçən neft və qaz kəmərlərindən istifadəni nəzərdə tutur", - deyə Manafov sözünə davam edib.
Azərbaycanın coğrafi mövqeyi onun Şimal-Cənub və Şərq-Qərb marşrutlarının mərkəzində yerləşən logistika qovşağına çevrilməsi üçün imkanlar yaradır. Ölkə rəhbərliyi bu layihələrin həyata keçirilməsinə böyük sərmayələr qoyur. Azərbaycan, İran və Rusiyanın Rəşt-Astara dəmir yolunun tikintisinə birgə sərmayə qoymaq niyyətləri isə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasına uyğundur və bu, bütün tərəflərin bu layihələrin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyir. Bu inteqrasiya prosesinin əleyhdarları əsasən hələ də sülh razılaşmasının imzalanmadığı Ermənistanın AİB-də təmsil olunduğunu göstərirlər.
Bu məsələni şərh edən Manafov xatırladıb ki, Azərbaycan və Ermənistan MDB-də təmsil olunurlar və bu, onların həm bütövlükdə təşkilat çərçivəsində, həm də bu ittifaqın digər üzvləri ilə əməkdaşlığına heç cür mane olmur: "Bundan başqa, Qarabağ münaqişəsi keçmişdə qalıb və prezident İlham Əliyev beş əsas prinsip irəli sürüb ki, bu prinsiplər əsasında sülh sazişi imzalana bilər. Bu şərtlər beynəlxalq hüququn tələblərinə tam cavab verir və erməni xalqının hüquqlarını heç bir şəkildə pozmur. Ona görə də güman etmək olar ki, yaxın gələcəkdə sülh sazişi imzalanacaq və Ermənistan da logistika sahəsində əməkdaşlığın təmin etdiyi üstünlüklərdən yararlana biləcək".
Hələlik isə, Azərbaycan rəhbərliyi tədricən yaxınlaşma siyasəti yürüdür ki, bu da özünü lazımsız öhdəliklərlə yükləmədən AİB üzvləri ilə əməkdaşlığı genişləndirməyə imkan verir.
Nadir Şəfiyev sputnik.az
Комментариев нет:
Отправить комментарий