Показаны сообщения с ярлыком Ədəbi tənqid. Показать все сообщения
Показаны сообщения с ярлыком Ədəbi tənqid. Показать все сообщения

15.10.2011

“YARIMÇIQ ƏLYAZMA” - TAM BİABIRÇILIQ

Bextiyar HidayetBəxtiyar Hidayət



Axır ki “Nəsimi” milli ədəbiyyat müsabiqəsinin nəticələri bəlli oldu. Mən digər nominasiyalarda qalib çıxan əsərlər, kitablar haqda danışmayacağam bu yazıda- yalnız baş mükafat “son on ilin ən yaxşı əsəri” ödülünü almış “Yarımçıq Əlyazma” haqda öz bitkin fikirlərimi qeyd edəcəm. Və məncə sübut edə biləcəm ki əgər belə bir əsər ən baş mükafata layiq görülmüşsə demək o müsabiqədə iştirak edənlərin ədəbiyyat deyiləndən başları çıxmır. Başları sepdən zaddan çıxır.

14.12.2010

Şeirlə dolu zəhər


İbrahim Sel
Professional Oxucu Liqası



 Bizdən inciməyə haqqı olmayan şair Əlizadə Nuriyə


Dərdi-hicran belini qatdadı, ay Əlzada,
Doğmadı gün, bağırın çatdadı, ay Əlzada.
Girmiş idin bağa sübhdən, sulıyırdun baği,
Bir də gördün şlanq əlündə partdadı, ay Əlzada.


 Şanına həsr etdiyim son poemadan bir parçadı. Qəribəliyinə fikir vermə, əruz vəznindədi. Necədi? Redaktorun razılıq versə, gələn nömrələrdən birində bütöv verərdik gedərdi. Oxucularımız da oxuyub feyziyab olardı. Nə qədər camaatı ağlatmaq olar, bir az gülək də. Özümə ləzzət eləyir, sizi bilmirəm.
 Nə isə... Görürəm ki, mətləbə keçsəm daha yaxşı olar. Səninlə tanışlığımın çox az tarixi var. Tək əlin barmaqla sayılası illəri ola, ya olmaya. Tanışlığımızın ilk günlərindən hiss etmişəm ki, qadir Allah sənə qeyri-adi istedad verib. Bulaq kimi coşqun təbin, pafoslu danışığın adamı ilk baxışdan valeh edir. Ancaq…
 Onu da qeyd edim ki, arada əyalət qəzetlərində dərc etdirdiyin şeirlərindən bəzi parçaları da kolleksiya etməyə başlamışdım. Kolleksiyam dolu idi sənin plagiat üçlüklərinlə. Lakin son şeir kitabından sonra onları da arxivimdən rədd elədim getdi.
 Məndə olan məlumatlara görə şeir yazmağa məktəb illərindən girişmisən. İlk şeirlərin “Yeni gün” qəzetində Qasid Nağıoğlunun redaktəsi ilə dərc olunurmuş. Eşitdiyimə görə, rəhmətlik şair Abbasağa Azərtürk təkcə kitabına verdiyin uğursuz ada görə səni məclisdən də qovub: “Tanrı, gəl tanış olaq”. Bu nə addı seçmisən?! Abbasağa müəllim əsəbiləşib, deyib ki, sən kimsən Tanrı səninlə tanış olsun? Doğrudan da, sən bir ədaya bax! Gör hələ gənc yaşlarından nə qədər yüksək təkəbbürə, özün haqda yüksək fikrə malik imişsən ki, Tanrı ilə söhbət etmək iddasına da düşübmüşsən... Vay vay vay! Ötən yazılarımızda dediyimiz kimi, əsl psixologiya materialı!
 Bütün yazdıqlarımıza görə sənin bizdən inciməyə qətiyyən haqqın yoxdur. Əksinə haqlı tənqiddən nəticə çıxarmalı, öz yaradıcılığına fikir verməli və yeni ampluada çıxış etməyə çalışmalısan. İndi uğur qazanmış bir çox imzalar tənqidə qulaq verə-verə püxtələşməyə başlayıb. Gəl boynumuza alaq ki, yaradıcılığının ilk dövrlərindən beyninə gələn bütün qafiyəli fikirlərin şeir olduğuna inanaraq, müasir (eləcə də əsl) şeirin nə cür yazılmasını, xarakterini, texnikasını bilməmisən; nəinki mahiyyətinə varmısan, heç cəhd də göstərməmisən. Bulaq kimi qaynayan enerjin, yazıb-yaratmaq həvəsin səni irəliyə doğru itələsə də, sənin bir “tənbəllik” xəstəliyin var. Bu tənbəlliyin adı oxumamaqdır. Özü də folklor, yabanı ədəbiyyat yox, müasir mətnlər, doğlun, bitkin informasiya verəcək əsərlər oxumaq gərəkdir. Yaşadığın ərazidə, Allaha şükür, Qasid Nağıoğlu, Böyükxan Bağırlı, Ədalət Salman kimi respublika səviyyəsində tanınmış kifayət qədər sanballı ədəbiyyatşünaslar var. Bildiyimizə görə, nə səbəbəsə onlarla söhbətlərdən də qaçırsan, yoxsa heç olmasa onların ədəbi məclislərində iştirak edərək nəsə öyrənə bilərdin. Eqoizmin, özündən başqa şair tanımamağın bir psixologiya elementi kimi öz yerində, özünə qarşı biganəliyin bəlkə də yaradıcılığının irəli getməsinə mane olan birinci xüsusiyyətdir. Yaradıcılığının ilk dövründə yazdığın standart sevgi şeirlərinin təsirindən hələ də çıxa bilmirsən. Üstündən uzun illər keçməsinə baxmayaraq, indiki şeirlərini də ilk illərdə olduğu kimi, bəsit söz yığını şəklində yazırsan. Belə olmaz! Şeir kitabın ilə tanış olan oxucuda ilk növbədə belə təəssürat yaranır ki, sən nəinki müasir, ümumiyyətlə heç bir ədəbi məktəblə tanış deyilsən. Əlbəttə, bütün bunlar mütaliənin azlığının nəticəsidir.
 Tək sən deyilsən. Ədəbi aləm diletantlarla dolub. Son yazılarımda hamının vurhavur kitab çıxaran vaxtında oxuculara kömək üçün bir kompas-siyahı da düzəltmişdim. Dost-tanışdan geri qalmamaq, gündəmə gəlmək xatirinə sandıqçadakı köhnə şeir dəftərinin tozunu silərək qoltuğuna vurub mətbəəyə yollananlar var. Bu qəbildən olanlar oxucu üçün dəhşətli təhlükə daşımadığına görə keçək başqalarına. Əlinə düşən kitabların hərəsindən bir bənd oğurlayıb nə olursa-olsun, ildə bir kitab çıxarmağı həyat prinsipinə çevirənlər gördüm. Kitabı əlində hamıdan şirinlik gözləyən, verməyənləri ona qarşı düşmənçilikdə, ədəbiyyatı qanmamaqda günahlandıran, dərzidə belinin ölçüsünü ölçdürüb kitabı o qalınlıqda zakaz verən tiplər N qədərdir. Ən maraqlı tiplərdən biri də bilirsən hansıdır? Adam var 50 ildir evlidir, nəvə-nəticəsi var, hətta bu yaxınlarda kötükcəsi də əmələ gələcək, amma hələ də nakam şeirlər yazıb o sevgini unutmadığını aləmə bəyan etməklə məşğuldur. AYB-də 45-55 yaşlarında bir dəstə arvad var ki, özünü tərk edilmiş Merilin Monro kimi apararaq arada erotikası bol şeir kitabları çıxarırlar ortaya. Qohum-əqraba yanında hörmətli oğlan olmaq, hansısa idarədə sənədə pulsuz qol çəkdirib blat qazanmaq üçün vətən həsrəti, torpaq nisgili ilə dolu, içində Qarabağın şəkilləri bol şeir kitabının müəlliflərini hamı tanıyır. Ağır taxtalı, qalstuklu, toyun ən deyib-gülən yerində qaçqın həyatı ilə bağlı kədərli şeir deyən kolleqalarımız bəs qədərdir. Vəzifəlilərdən, deputatlardan, bir sözlə yaxşı pulu olanlardan portret kitab yazmağa meyilli olanlar hər zamanda olub. Belələri kitabları qoltuğunda qapı-qapı gəzməsə də, kitabını konkret yerə göndərib pulunu götürməklə ədəbiyyatı köşənə döndərirlər. Əynində İbrahim Tatlısəsin pencəyi olan, barmağının ucunu çənəsinə dirəyib Babaxanlıdakı dağlara baxan qıymaqaş kişi şəkilləri arxa və qabaq səhifələrinə həkk edilmiş kitablar qışda odun peçində yandırmaqdan başqa nəyə yarayır ki?! Oxucu sayı ilə deyil, kitabların sayı ilə fəxr edən, həmişə yanında imzalı kitab saxlayan, istəməsən də kitab hədiyyə edən yazıqlara gör cəmiyyət necə baxır? Belə bir xaosda mən necə susum, sən özün de! Mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa?!.. Səhv etmirəmsə, sənin sevimli şairin Nazim Hikmət deyib.
 Özümə ustad seçdiyim Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov... tənqidimizin azman dayaqları idilər. Məgər onların vaxtında indiki kimi zəif əsərlər, cızmaqaraçılar olmayıb? Ədəbi təfəkkürü nol, istedaddan, bədii düşüncədən məhrum insanlar öz mənəvi kasadlıqlarını dərk etmədikləri üçün, bəzi halda da (bəzən elə əsas şərt bu olur!) lazımi tənqidin azlığından əhlikefliyə qurşanırlar- ağıllarına nə gəlir yazırlar, ya da ordan-burdan kopyalayırlar. Ədəbiyyat nəhəng bir dəryadır. Dalğalar, ləpələr heç zaman o yad, yabançı çör-çöpləri öz bağrına çəkməz, mütləq sahilə atar. Özünü tanımayan özgənin iradından nə anlayacaq? Belələrinin qənimi zaman özüdür. Bir də adam öz abrına qısılır. Tutaq ki tək İbrahim Sel yazdı. O birilər, məsələn, Qasid Nağıoğlu əgər belə “əsərlər” haqqında susursa, nəsə demirsə, yazmırsa, deməli, bu, onun ən kəskin etirazıdır. Mənim yazı-pozu dünyamda isə belə “qələmçilər” üçün heç zaman qırmızı işıq yanmır. Halbuki ədəbiyyatda, mətbuatda diqqət çəkən ən kiçik hekayə və bir misralıq şeir belə mənim düşüncələrimdən izsiz keçmir. Mütləq ədəbi prosesin işıqlı cəhətlərini göstərməyi çalışıram. İşıq da ki qaranlığın qənimidir. Onun parlaqlığında bütün fəsadlar, qüsurlar aydın görünür. Mühüm şərt odur ki, insan birinci növbədə özünü görməyi bacarsın.
 Hökmən bilməlisən ki, şeir bəsit, hansısa sönüb gedəsi, sonu torpaq olası və bəlkə də bir müddət sonra iyrənc bir hala düşəsi məcazi eşqə ünvanlanmır, şeirin əsas qayəsi insanın içindəki Ruhani kodları oyandırmaqdır. Amma sən bu kodları oyandırarkən əllaməçilik də eləməməlisən. Eləsən, bir gün oyanıb görürsən ki, yaratdığın şeir öz başına corab hörüb. Bu hörgünün çertyojlarını çəkən başqası olsa da...
 Qaç, şair, qaç. “Dərdi gicgahına çaxıb qalma”, qaç. Qaç ki, özünə çatasan. “Qarış-qarış gəzmə bu qəmi”, “Özünü asmağa ip də arama”. “Ölüm dincəlmək də deyil ömürdən”. “Sinəmiz də heç dağlar ölkəsi-zad deyil”. “Hərə bir ölümə qoşulub” getsə, day məmləkətdə kim qalar, düşmənlə kim döyüşər? “Ən yaxşı ölüm də çəkmir adamın şəklini”, yalan deyirsən. “Dağ çayı yıxılıb dağdan ölmür”, əksinə daha gur yaşayır. Şairə də ki nəzir qutusu olmaq yaraşmaz, şair dilənçi-zad deyil ki! Ürəyini niyə quşa atırsan, sənin ürəyin nə boydadı ki? “Çəkdiyin ahları nəqarət eyləmə”, şair, qaç ki özünə çatasan, qaç. “Bənövşənin də yanında boynubükük qalma”, qaaaaç uzaq ol belə şeylərdən, boynubükük düşmənin olsun. “Ölümdən qonaq olmaz”, o dünyadan əl çək, çıx bu qaranlıq tuneldən. “Özgə bir qəmə də nişanlanma”, yaşın o yaş deyil sənin. “Göyə çöp daşıyan bir quş-zad da olma”, ədəbiyyat quşçuluq ferması-zad deyil sənə. Qaç belə-belə bezdarnı söhbətlərin əlindən, Əlzada. Bircə özündən qaçma, onsuz da insan öz mənindən heç yana qaça bilmir. Bu yazıları da elə-belə, bir oxucu kimi yazıram ki, bir bAlaca da düşünəsən. Sən böyük yolun yolçususan. Ədəbiyyat bizim ərazimizdir. Əgər bizim əraziyə giribsənsə, bir az sentimentallıqdan uzaqlaşmalısan. Bu dəfəki kitabında göz yaşı yağış kimi yağırdı, elə deyil? Gələn dəfəki kitabında yəqin ki gün çıxar. İnşallah, yağışdan sonra gül bitər. Bizim çöllərdə qanqal bitməz. Çünki biz Gülün gerçək aşiqləriyik. Danışdıq? Əlzada can, yəqin ki mütaliəni artıracaqsan. Söz? Bizi də başa düş, baxıb görürük ki, potensial məhv olub gedir- heyfslənirik. Sən öz istedadını boş-boşuna sərf edənlərdənsən. Nə bilim acı taleyim belə gəldi, göz yaşlarım elə getdi... Pulemyot kimi üyüdüb tökürsən. Qurtar bu ağlaşmanı. Sənətə gəl, sənətə! Sənin öz istedadının yolunu kəsməyə haqqın yoxdur. Bu çətin və şərəfli yolçuluqda sənə uğurlar və bol şanslar arzulayıram.
 Tanrı üzünü güldürsün!
 Fikirlərimi öz atəşin şeirləri ilə sənin kimilərə örnək ola biləcək gənc şair Raul Məsumun aşağıdakı misraları ilə bitirmək istəyirəm:



A dostlar, həsrəti qovun ürəkdən,
Kim deyir ki, aha gedən yoldayıq?
Siz dəstə bağlayın güldən-çiçəkdən,
Sevgi adlı şaha gedən yoldayıq.

Qalxaq arzuların zirvəsinə biz,
Ellərə səs salsın qoy sevincimiz.
Neçə cığırlara salmamışıq iz,
Bu gün xoş sabaha gedən yoldayıq.

16.11.2010

"ÖLÜM ZİRVƏSİ" ROMANINDA DİQQƏTÇƏKƏN MƏQAMLAR

Cəlil Cavanşir Yurdsevən

Yazmağa çalışdığım bu yazıda zamanın fövqündə duran bir şəxsiyyət haqqında yazılmış tarixi və qiymətli bir romana güzgü tutmağa çalışacam.
 Etiraf edim ki, “Meydan” hərəkatından yaddaşıma siyasi lider imicində həkk olan Sabir Rüstəmxanlının yaradıcılığı məni cəlb edirdi. Sabir bəyi daha çox siyasi lider kimi tanıyırdım və izləyirdim. Çocuqkən oxuduğum “Ömür kitabı” mənə Azərbaycanı qarış-qarış tanıtmış, türk kimliyimi dərk etdirmişdi. Uşaq olarkən əzbərlədiyim “Vətən” şeiri indi də yaddaşımın bir köşəsindədir:


Bir əlçim buluddu, 
Bir ömür umuddu, 
Bir içim sudu. 
Yandıqca odlanan ocaqdı, 
Daddıqca dadlanan arzudu, 
Bir dərə bahar leysanıdı, 
21 Azərin qanıdı, 
Cavad xanın qətl yeridi, 
Sabirin «Fəxriyyə» şeiridi, 
Dağları dumanda itən – 
Vətən…Vətən!


 Çox sonralar dərk elədim ki, Sabir Rüstəmxanlının “Ömür kitabı” vətənpərvərlik publisistikamız qarşısında geniş üfüqlər açıb. Ümumiyyətlə, Sabir Rüstəmxanlının poeziyası da publisistik poeziyamızın ən gözəl nümunələrindəndir.
 Sabir Rüstəmxanlı “Meydan” dönəmində də, indi də xalqla birgə olan şəxsiyyətdir. Məqsədim Sabir Rüstəmxanlının şəxsiyyətinə işıq tutmaq deyil, əgər böyük qələm sahibləri məzur tutarsa Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı haqqında bir neçə kəlmə fikirlərimi bölüşəcəyəm.
 Öncə onu deyim ki, roman Sabir Rüstəmxanlı yaradıcılığının məntiqi davamıdır. Daha doğrusu Sabir bəydən gözlənilən bir romandır. Tarixi tam əks etdirməyə çalışan Sabir bəy dövrün hadisələrini, şəxsiyyətlərini öz yaradıcı süzgəcindən keçirərək təqdim edir. Əsərdə diqqətimi cəlb edən maraqlı məqamlar var ki, hərəsi haqqında ayrıca yazmağa çalışacam.

  Nadir Şah məqamı

 Romanın birinci hisəsi “Muğan qurultayı və ya sonun başlanğıcı” Nadir şah Əfşarın bir hökmdar kimi uğurlarını və qüsurlarını, strateji səhvlərini, qisasçılığını oxucuya aydın dillə izah edir. Nadir xanın şahlığı ələ keçirmək üçün seçdiyi taktika, min illərdir haqqı olmayanı ələ keçirən şahların sınanılmış taktikasıdır. Dildə “müharibələrdən bezdiyini, ibadətlə məşğul olmaq istədiyini” deyən Nadir xan əslində, dəli bir ehtirasla hakimiyyəti tam şəkildə ələ keçirmək istəyir. “Xalqın yalvarışıyla və dövləti bəladan qurtarmaq üçün” hakimiyyəti ələ keçirmək əslində çağımızda da dəbdə olan bir siyasətdir. Özünə Təhmasibqulu adını götürən Nadirin əsas məqsədi Səfəvi xanədanı yıxmaqla daha güclü bir türk dövləti yaratmaqdır. Nadirin tarixi şəxsiyyət kimi faciəsi də məhz burdan başlanır. Əsərdə bir o qədər də nəzərə çarpmayan Nadir şah diktatorluğu çağımızın diktatorları ilə Nadir şah arasında gizli bir bağlılıq yaradır. Nadir şahın saxta zarafatçıllığı da əslində tərəfdaşlarının simasını açmaqda ona yardımçıdır. Yenə də çağımızın siyasi liderlərinin yalançı zarafatçıllıq obrazı göz önünə gəlir. Ümumiyyətlə, Sabir Rüstəmxanlının yaratdığı Nadir şah obarazı bütövlükdə dövrümüzlə səsləşən bir obrazdır.
 Öz siyasi xəttində Osmanlı dövlətinə yaxınlaşmaq istəyən Nadir şah, öz fikirləri ilə Turançılıq ideolojisinin labüdlüyünü və gerçəkliyini dilə gətirir. “Mən Osmanlı padşahına da məktub yazacağam, başa salacağam ki, biz dil tapmalıyıq.”
 Sabir Rüstəxanlı bu məqamda bəlkə də bu böyük birlik ideyalarını Nadirin dili ilə cəmiyyətə idealizə edir. Nadirin qələmə alınmış məhz bu xüsusiyyəti onu türk oxucusuna sevdirir, həm də əsərə ikinci bir ruh gətirir.
Nadir şahın müsbət tərəflərini qələmə alan müəllif ustalıqla onun səhvlərini də oxucuya çatdırmağa çalışır. Öz şəxsi mühafizəsində həlak olan bir gürcü knyazına görə Azərbaycanın böyük bir hissəsini Baqrationlara hədiyyə verən Nadir şah, öz gücünə olan əminlikdən, zamanın çarxının türklərin xeyrinə fırlanmadığını dərk etmir. Hansısa bir qadına görə tarixi torpaqları pay vermək, qisasçılıqdan doğan qurbanvermə siyasəti Nadir şahın səhvlərinin çağımızda necə böyük bəlalara səbəb olduğunu göz önünə çəkir. Qadına və şəxsi sədaqətə görə elin qurban verilməsi tariximizdə sağalmaz bir yaraya çevrilib. Nə Nadir şah, nə də varisləri bu faciəni dərk etmək iqtidarında deyildilər. Nadir şahın Ziyadxanoğullarından qisas almaq üçün atdığı bu addım, bəlkə də Nadir şahın yenə də türk özünəəminliyindən yaranıb. 
 Nadir şah surəti Sabir Rüstəmxanlının bu romanda yaratdığı ən rəngarəng surətlərdəndir. Nadir türkdür və bu türklüyündən qürur duyan bir sərkərdədir. Həm folklora, həm tarixi mənbələrə istinadən yaradılmış Nadir şah surəti çağımızla səsləşən, üzərində düşünməyə dəyən bir hökmdar surətidir.

 “Gəncə Amazonkaları” və ya əsərdəki Azərbaycan qadını məqamı

 Sabir Rüstəmxanlının uğurlarından biri də ondadır ki, Azərbaycan qadınını sevir və ona qiymət verməkdə xəsislik eləmir. Əsərdəki Azərbaycan qadınlarının obrazı o qədər maraqlıdır ki, bu barədə yazmaq da yerinə düşərdi. Şükufə xanım, Mələknisə xanım, bacısı Tutibikə, Şeyx Yusifin qızı Afaq, çoban qızı, xalçaçı Gülcamal kimi qadın surətləri Azərbaycan xanımının sadiqliyinin simvollarıdır. Şükufə xanımın dar məqamlarda Cavad xana ağıllı məsləhətlər verməsi, Mələknisənin, Afaqın, Gülcamalın çətin anlarda döyüşə atılmaları və şəhid olmaları müəllifi riqqətə gətirdiyi üçün, müəllif çəkinmədən onları “Gəncə amazonkaları” adlandırır.
 Şükufə xanım sadə bir kəndçi qızı olsa da evin birinci xanımıdır. Dövlət işlərində xanın məsləhətçisi, xanın ev təsərrüfatın idarəedicisidir. Mələknisə xanım xan nəslindən olmasına baxmayaraq, Şükufə xanımı bacı kimi qəbul edir və onun məsləhətlərini qəbul edir. Qalada döyüşlər gedəndə də Şükufə xanımdan icazə alıb döyüşlərə atılır.
 Xalçaçı Gülcamal sadə bir çoban qızıdır. Cavad xanı sevsə də bu sevgisi ugursuz sonuclanır. Başqası tərəfindən qaçırılsa da, Cavad xanı sevməkdə davam edir. Xanın sarayını əvəzsiz əl işləri ilə bəzəyir. Qadınların da şəhərin müdafiəsinə qalxmasını məhz o təşkil edir. Cavad xanla mükalimələrində hələ də onu sevdiyini bildirir. Məhz Gülcamal surəti Azərbaycan qadının təmənnasız da sevə bildiyini, vətən üçün də sevməyin şirinliyini oxucuya anladır.

 Sabir Rüstəmxanlının əsərdə yaratdığı qadın obrazları canlı və həyatidir. Düşünürəm ki, Azərbaycan xanımının parlaq obrazları, fahişə qadın obrazı yaradan yazarlarımıza da örnək olacaq.

 Azərbaycan xanları , Ugurlu aga və Hüseyinqulu aga məqamı

Dövrün qarmaqarışıqlığı və xanların bir-birini didməsi əsərin ruhuna necə lazımdırsa hopub. İbrahimxəlil xandan qaçıb Cavad xana sığınan ermənilərin yer-yurd alması, İbrahimxəlil xanın Gəncəyə hücum çəkməsi, xanlarin görüşü bu problemlərin kökünün çox dərində olmasını göstərir. Xanların qılınc savaşı, çağımızdakı partiya liderlərinin söz savaşını xatırladır. Yenə də xarici təsirlər bir-biriylə qohum olan xanları birləşməyə qoymur. Ümumimilli məsələlərdə birləşə bilməmək dərdi yüz illərdir evimizi yıxır. Xanların mənəmliyi partiya liderlərinin mənəmliyinin eynisidir. O zaman Gəncə əldən getmişdi, indi də Qarabağ gedir. Yenə də mənəmlik. O vaxt xristian təsirləri evimizi yıxıb, indi də. Cavad xanın barışdırıcılıq ideyaları iflasa uğrayır. Son anda erməni məkri öz işini görür. Bu yerdə Sabir bəyin öz baxışı çox maraqlıdır. Əsərin son bölümü “Həmin gün”ü oxuyarkən içimə axan göz yaşını hiss etdim:
 “Həmin gün Qubada Şıxəli xan Şamaxılı Mustafa xanı yıxıb yerinə Qasım xanı qoymaq üçün tədarük görürdü.... Bakıda Hüseyinqulu xan kasibliqdan can qurtarmaq üçün Şamaxılı Mustafa xandan daha çox pul qoparmağın yollarını düşünürdü. ... ona kömək edəcəyini vəd edirdi. Lənkəranda Mir Mustafa xan qardaşını rusların yanına göndərməyə çalışırdı. Şəkidə Səlim xan Kor qardaşı Məhəmmədhəsəni bir də kor etmək istəyidi. Şuşada İbrahimxəlil xan xanəndələrə qulaq asa-asa: “Ah, ötən günlər!”deyib cavanlığın həsrətini çəkirdi. İrəvanda Məhəmməd xan naxıçıvanlı dostu Kəlbəli xanla qəlyan çəkə-çəkə fikirləşirdilər ki, ermənilərin pasxası yaxınlaşır. Eçmiədzinə elə bir hədiyyə alaq ki, keşişlərin könlü xoş olsun. ... ”
 Məncə xanlar barədə daha danışmasaq da olar. Sonucda əzilən kişilərimiz idi. Bakılı Hüseyinqulu xan gec də olsa Cavad xanın qisasını ala bilir. Sisianovu Bakıda öldürür.
 Sabir bəyin əsərdə tarixi məqamları qabartması onun müraciət etdiyi mənbələrin çoxluğunu və zənginliyini göstərir.
 Əziz oxucu! Yaradıcı ehtirasla, tarixə xidmət amacıyla yazılan “Ölüm zirvəsi” romanı haqqında son söz yenə də sənindir. Mən sadəcə bir qələm adamı kimi sizlərlə fikrimi bölüşdüm.
 Tanrı Türkü Qorusun!

15.11.2010

HƏYAT, OYUN VƏ İZTİRAB ŞAİRİ

İbrahim Sel

 Şair Sayman Aruzun yeni kitabı çapdan çıxıb: “Bahar gəlmədi”. Bu kitabda müəllifin bizə təqdim etdiyi forma- şeirlə şəklin sintezi çağdaş ədəbi məkanımızda yeni hadisədir. Onun şeirlərində zaman, vaxt, insan ömrünün müxtəlif məqamları fəlsəfi kodlar halındadır. Bu şeirlər böyük poetik enerji daşıyıcılarıdır. İndiki boz ədəbi mühitdə Sayman Aruz poeziyası öz legitimliyi ilə seçilir. O, istənilən mövzuya özünəməxsus intellekt, modern düşüncə məharəti ilə yanaşır və bu zaman poetik səmimiyyətini qoruya bilir.
 Saytlardan oxuduğum bir çox şeirlərindən aldığım təəssürat məni bu qənaətə gətirib: Sayman Aruz poetik təfəkkürün bənzərsizliyi ilə seçilən tək-tük çağdaş Azərbaycan şairlərindəndir. Hal-hazırda Cənubi Azərbaycanda bu kalibrdə şair yoxdur. Onun “Bahar gəlmədi” kitabı ədəbi-bədii fakt kimi fikrimi bir daha təsdiqləyir. Burada bədii təfəkkür üfüqlərinin genişliyi, misraların bətnindəki mənaların həyatiliyi, həm də çoxqatlılığı heyranlıq doğrurur. Sayman yazdığı hər şeiri bütün çalarları ilə o taylı bu taylı Azərbaycanımız üçün poetik hadisəyə çevirir.
 “Qarapapaq elindənəm,/ Bir türk döyüşçüsünün belindən/ Ay Günəş kafesi!” hayqıran şairin yaradıcılığı sıradan bir azəri türkünün ömür süjetidir, bəlkə də bütün azəri türklərinin yaşamından xırda bir element də olsa, tapmaq olar o şeirlərdə... Onun poeziyasının özəlliyi damlada ümmanı ehtiva etmək bacarığıdır. Belə səmimiyyətlə, həmçinin yüksək poetik bacarıqla ifadə olunmuş poeziya nümunələri bütövlükdə əbədiyyatımızın uğurudur.

Nə biz dönəcəyik uşaqlıqlara,
Nə şəhər qayıdıb kənd olacaqdır.
Gəl yapış əlimdən gedək, sevgilim,
Bu şəhər biz deyən olmayacaqdır...

 Əsl vətən rəsmləridir bunlar, amma duyğulardan boylanan rəsmlərdir. Saymanda belə “rəsmlər” çoxdur. 
 Aruz poeziyasında diqqəti ilk cəlb edən amillərdən biri intellektuallıqdır. Bəziləri intellektuallığı şeirdə fikrin aparıcı rol oynamasında, bəziləri fikrin fəlsəfi axarında, bəziləri isə dövrün, zamanın bütün texniki nailiyyətlərinin şeirdə ifadəsində görürlər. Amma Sayman sübut etdi ki, əsl intellektuallıq şeirin, poeziyanın kənarında, xaricində deyil, içindədir- gözlənilməz və heç kimin ağlına gəlməyən gedişlər, bənzətmələr, assosiativ təfəkkürdən doğan məcazlardadır. Bu cəhətdən “Beynimlə ürəyim” şeiri sanki Saymanın avtoportretidir.
 Bir çox şeirləri qədim şərq fəlsəfəsindəki sufizmin qərb modernizmi ilə uğurlu sintezidir. Həmin uğura görə əlbəttə ki İran təhsilinə bir afərin düşür. Bu mənada Sayman müasir poeziyamızda sivilizasiyaların qovuşmasının bədii faktoruna ilk imza atanlardan olmuşdur. Onun poetik novatorluğu əbədiyyatımızın inkişafında geniş üfüqlər açır.
 Sayman yaradıcılığında elə qısa şeir parçalarına rast gəlirsən ki roman qədər düşündürücü təəssürat yaradır adamda. Məsələn: “Ölüm üzümə gülür,/ sən/ ağlayırsan!”. Birinə də fikir verin: “Qorxmuram! Get,/ dişlərimin çarpışmağı/ soyuqdandır!”.
 “Azadlıq boyunbağısı” şeiri də azadlıq haqqında ümidli notlarla yazılmış fəlsəfi məzmunlu bir roman səciyyəlidir. Mənə elə gəlir ki bu cür poetik, yığcam romanların dövrü uzaqda deyil. Və bu şeir onun ilk qaranquşudur. Həyatın, dünyanın, azadlığın, ağrı-acının, masonizmin və bir çox mətləblərin poetik mahiyyəti açıqlanır “Azadlıq boyunbağısı”nda. 
 Minillik tarixə malik Şərq poetikasına, fəlsəfi fikir dünyasına məxsus “qurbanın cəllada dediklərini” Sayman çox orijinal indekslə, özünəməxsusluqla modern düşüncə orbitində canlandırır. Deyərdim ki həmin şeirdə Saymanın hər bir yanaşması misralardakı poetik hərəkətin simfoniyasıdır... 

Bir payız sabahı, azan çağında
Qoşa gedirdilər iki vətəndaş.
Biri ölən idi, biri öldürən,
Biri qaşqabaqlı, biri qələmqaş.

Qoşa aparırdı çiyinbəçiyin
Kələfçə onları sevgidən betər,
Öləndən soruşdu birdən öldürən
Azadlıq nədir ki ölməyə dəyər?

Dedi bu suala cavab versəm də,
Onu zaman sənin fikrindən silər,
Azadlıq anlamın yalnız mənim tək,
Cəlladın əlindən yapışan bilər.

 İçi məna ilə dolu, assosiativ təfəkkürlə cizgilənən ayrı-ayrı misralara Saymanın bir çox şeirlərində rast gəlmək olur. Bəzi misralar mənə akvarellə çəkilmiş cizgiləri xatırlatdı. 
 
Cəllad üzüyünü alıb adətən,
Taxdı boynundakı boyun bağına
Üzüklər səslənib yeni üzüyə
Xoş gəldin dedilər üzük bagına…

 “Azadlıq boyunbağısı” şeirini insanı riqqətə gətirir. Şair mövzunu uğurla seçib. Onluğa vurub. Şair hadisəni təsvir etmir, həmin hadisə ilə dialoqa girir. Gündoğandan günbatanatək şeirin içindəki adama düşünmək şansı verir. Gündoğanla günbatan arası isə şeirdə bir insan ömrüdür.
 “Azadlıq boyunbağısı”- şairin qlobal, bəşəri düşüncələrinin inikasıdır. 
 Sayman Aruzun hər bir bütöv şeiri yenilik hissini, düyğusunu elə ifadə edir ki, gərək nümunə çəkəndə şeiri bütöv göstərəsən. Daha onun bir misrasını və yaxud bir bəndini misal çəkəndə istədiyimiz təəssüratı almaq çətinliyi yaranır. Onu şair kimi səciyələndirən əsas bu amillərdən biri də budur.

Bilmirəm bu gecə haçan qurtarar?
Bilmirəm ayrılıq haçan bitəcək?
Bilmirəm son qatar haçan son dönə?
Gəlib gözlərindən keçib gedəcək?

Bilmirəm dənizlər haçan dolacaq?
Haçan gedən sular qayıdacaqdır?
Bilmirəm haçansa ayın əkizi
Dönüb özlüyünə qayıdacaqdır?

Ancaq dayanmışam stansiyada,
Arxanca əlimi titrədirəm mən.
Duymayasan deyə, getmə, səsimi
Qatarın səsində gizlədirəm mən.

Dəmirlər sürtülür biri-birinə,
Qatar yavaş-yavaş gözümdən itir.
Gözlərin bir qoşa dəmir yoludur,
İçindən ayrılıq qatarı keçir...

 “Bizim ölkəmizdə hər şey ikidir” şeirində söz poetikası fikir poetikası ilə iç-içədir. Belə çox mənalılıq Saymanın poetik novatorluğunun ən önəmli atributudur. Həmin şeir bir daha sübut edir ki, Sayman həm də bütövlükdə mövzunu metafora kimi təqdim etməyin ustasıdır. 

Bizim ölkəmizdə, bizim şəhərdə 
İki ay hər gecə üz-üzə gələr, 
Biri işıq saçar görəndə bizi, 
Biri də görəndə üzün döndərər. 

 “Vətən” şeiri məktəb dərsliklərinə salınmalı olan bir şeirdir. Müstəqillik illərindən sonra bizim xəstə təfəkkürlü, qocaman müəlliflər tərəfindən dərsliklərə salınmış şeirlərə fikir verin. Poeziya yox dərəcəsindədir, axıcılıq noldur. Uşaq bu şeirləri əzbərlədikcə yarımcan olur. Çünki pedaqogikadan anlayış yoxdur. Ruslar onu necə gətirmişdilərsə, eləcə də qoltuqlarına vurub apardılar. Saymanın şeirlərini isə əzbərləmək lazım deyil, bir dəfə oxudunsa yadda qalır. Nəql də etmək olar. Şeirin səmimiliyi göz önündədir. Bəlkə elə həmin səmimiliyin yekun halıdır ki, cənubi azərbaycanlılar uşağın belinə qumbara bağlayıb tankın altına atırdılar... 
 Sayman tək-tük şairlərdəndir ki, mütaliə edərkən onun şeirlərini ucadan oxuyuram, həmin oxuma zamanı yaranan intonasiyadan həzz alıram. Səsə müxtəlif ton vermək də lazım deyil- həmin tonu müəllif şeiri yazarkən kökə otuzdurub. Bu mənada Sayman Aruz böyük bir ümman, böyük bir kəhkəşan şairdir. Hər dünyaca ünlü şairin poetikasından nəsə tapmaq olar onda. Məsələn, “Qala bilmirəm” şeiri Əli Kərimin məşhur şeirini xatırlatdı mənə: “Kafesiz şəhərdə qala bilmirəm”. “Sevgilərin boyası” Vısotski şansonları stilindədir, musiqisi də içindədir. “Xatirə”ni isə oxuyanda sadəcə uçursan. Bu şeirin mütaliəsi çox sevdiyim Şəhriyarımızın işıqlı çöhrəsini gözlərim önünə gətirdi:

Qatlayıbdır ömür dizin, Xatirə,
Biləmmədik ömür gizin, Xatirə.
Ayrılığın o pinti fəlsəfəsi
Qoydu getdi qara izin, Xatirə.
 
 Onun şeirlərinin bir üstünlyü də obrazlı ifadələrin, metaforaların, təşbehlərin təzəliyidir. Bəzən ənənəvi obrazlar onun şeirlərində yeni biçimdə üzə çıxır. Səttarxana həsr etdiyi şeirdə də məğlubiyyətin ağırlığını başqa bir istiqamətdən, yeni bir rakursdan qiymətləndirməyi bacarır.
 Sayman az-az şairlərindədir ki, onun anlamı poetik misralarda deyil, şeirinin sujetli, bəzən isə nağılvarı, ən başlıcası isə canlı bir orqanizm şəklində olmasındadır. Lirik ovqatdan bir az daha çox epik ruha yaxın olan Sayman fikir və düyğularında çox səsli, çeşidli, orkestrin ifadə etdiyi musiqi tempinə çox yaxındır. Bu poeziya sanki bir simfoniyadır, bəzən gur, çeşidli, bəzən sakit, səlis, endirimli, qaldırımlı... Bir şair kimi mən də özümü misraların obrazlığında və poetikliyində axtarsam belə, həqiqətən də Sayman poeziyasına həsəd aparıram. Onun ifadə etdiyi bədii nitq, dil və süjetin ədəbiyyatımızda analoqu yoxdur və həmin xüsusiyyəti müasir şeirimiz üçün əsas, həm də ciddi xətt hesab edirəm.

Ərköyün sevgilim, payızda köçüb
Bir daha baharda qayıtma yenə.
Şairlər sevgisi fəsillik deyil,
Yalandan deyiblər deyənlər sənə.

 Sayman nədən yazırsa- yazsın, poetik həqiqət önə çıxır. Ümumi bir şeirin mənası və yaxud bir misranın ifadə etdiyi həqiqət zamanla səsləşir, zaman və məkan anlayışlarını büruzə verir. Bu şeirlərin içindəki qəhrəman yenidir, müasir şeirimiz üçün olduqca maraqlıdır.
 Hər bir müasir insanımızı əbədi düşündürən axtarışlar və sorğular aləminə rəğbətləndirən bir dəvət- budur Sayman Aruz yaradıcılığının əsas qayəsi! Qəti əminəm ki, Saymanın poeziya yolu gələcəyin poetik məktəbinə çevriləcəkdir. Onu bəri başdan təbrik edirəm.

11.11.2010

“ŞEİRLƏ DOLU ŞƏHƏR”- PSİXOLOGİYA MATERİALI

İbrahim Sel
Professional Oxucu Liqası

Kitab boyu belə görünür ki, Əlizadənin qəhrəmanı hirsli, qəmli, həyatda üzü gülməmiş, bəxti gətirməmiş bir insandır; şairin ümidlərinin simvolu göz yaşı və yalvarışlardır

Bir çox şeirlərini oxuyarkən Əlizadəni ikrahla “XVI əsr şairi” adlandıran bəzi həmkarlarının nə qədər haqlı olduğunu düşünməli olursan
                 
 Əlizadə Nuri ümidverən şairdir. Səliqəli yazır, şeir dilində pəltəklik hiss olunmur. Son zamanlar qəzetlərdə yapon hoykularına bənzər “modnu” şeirlərinə da rast gəlib sevinirdik. Sevinirdik ki, şair tamam yeni yol tutub, özünə, sözünə fikir verməyə başlayıb, “vot-vot”dadır, ortaya nəsə yeni bir şey qoyub sənətdə öz sözünü deyəcək. Onu da deyək ki, həmin hoykular göz quruluşu ilə monqoloid irqinə çəkən Əlizadə Nuriyə çox yaraşırdı, “çem” hindkinoizm-motalizm janrında olan heca şeiri. Yaxınlarda çapdan çıxan “Şeirlə dolu şəhər” adlı kitabındakı qəribə ədanı görəndə isə olan-qalan ümidlərimiz də puç oldu. Yeni kitabdakı “köhnə hamam köhnə tas” ovqatımızı tamam təlx etdi. 

Mən bir nəzir qutusuyam
Qəpik-quruşdan doymuşam.
Mənə böyük qəm göndərin,
Xırda-xuruşdan doymuşam.

 Hər bir şair özünəməxsusluğu ilə seçilməlidir və əgər bu özünəməxsusluq nəzərə çarpmırsa, onda həmin şairin poetik inkişafından və səviyyəsindən söz açmaq mümkün deyil. Rəhmətlik Belinski deyirdi ki, rəvan və ahəngdar şeir ancaq poetik formaya olan qabiliyyəti üzə çıxarır, həqiqi natiqliyin yanında ritorika nədirsə, belə şeir də həqiqi poeziyanın yanında eyni şeydir. Şeirin poetik olması üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət etməz, burada fikir də lazımdır. Fikir lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu təşkil edən budur. Əlizadənin şeirlərində isə AYB-nin qadın şairələrinin şeirlərinə xas kədər və küskünlük motivləri üstünlük təşkil edir, ağlaşma çalarları diqqətdən yayınmır və bu şeirlərdə poetik fikir hisslər burulğanı içində görünməz olur, ya da elə əvvəldən şeirdə gözə dəymir. Onu da deyim ki, bu təkcə Əlizadənin deyil, əksər cavan şairlərimizin şeirlərinə xas olan qüsur sayıla bilər.

Bax bu mənəm, öz haqqını
Haqsızdan ala bilməyən.
Ümidin qırıq boynuna
Qolunu sala bilməyən…

Kül altda közü ağlayan,
Gözündə yüzü (?) ağlayan.
Divarda sazı ağlayan,
Götürüb çala bilməyən.

 Pis çalırsansa, heç çalmasan yaxşıdır, elə deyil?! Bu bəndlər qalan iki bəndin yanında çox solğun görünür və əslində, elə onlar da heç nəyə xidmət eləmir.

Dörd tərəfəm- üçüm (?) sudu…
Çölüm sudu, içim sudu.
Bu yağış bir içim sudu,-
Ya dəndi (?), tanrı göndərib?!

 Bərəkallah! Belə şairlərləmi biz Qarabağı alacağıq? Şeirlərin çoxunda bütün poetexniki elementlərə riayət edilib, amma nooolsun?! Poetik fikir ki yoxdur! Demək istəyirəm ki, Əlizadə bu kitabı ilə də ədəbiyyatımızı başına götürmüş, tez-tez rast gəlinən «Nanay-nanay» motivasiyasından uzağa getməyib, ortaya təzə heç nə qoya bilməyib. Bir çox şeirlərini oxuyarkən Əlizadəni ikrahla “XVI əsr şairi” adlandıran bəzi həmkarlarının nə qədər haqlı olduğunu da düşünməli olursan. Fikir verin:

Mən aşiq odda yana,
Mən yanam, od dayana…
Mən yanmaqdan qorxmuram,
Qorxuram od da yana!

 Heç bayatı yeridimi, yoldaşlar? Şairin müşahidə və təsvir obyekti müasir insan deyil, sanki XVI əsrdə yaşayan hansısa bir molla fərzulladır. Müəllif kitab boyu əsrlərin o üzündə dayanmış bu adamın yaşantılarını, ümidlərini, öz mühiti ilə münasibətlərini xüsusi izləyir, bu qapalı çevrədən kənara çıxmır ki çıxmır (Bəlkə məhz elə bu səbəbə Əlizadə Nurini ədəbu kluarlarda XVI əsr şairi adlandırırlar?!). Bu isə psixologiyada yaxşı hal sayılmır. İnsan öz daxili aləmini təbiət və cəmiyyətlə vəhdətdə görməlidir. Əlizadə Nurinin isə «şeir ərazisi» yüngül formada desək, çox dar və məhduddur.

Bu güllər himə bənddi,
Töküb qan-yaş ağlasın.
O yağışa deyin ki,
Bir az yavaş ağlasın.

 Başdan ayağa yas! Əgər o, ağaca baxırsa, onun gövdəsindəki qırışı sizin kimi adi qırış kimi görmür. Bu qırışa istədiyi, ancaq getmədiyi yol kimi baxır. Belə lap dəhşətdir! Əsl psixologiya materialı. Tutaq ki yağış. Yağış ki adi təbiət hadisəsidir. Amma Əlizadə yağış görən kimi yenə göz yaşları işə düşür.
 Kitab boyu belə görünür ki, Əlizadənin qəhrəmanı hirsli, qəmli, həyatda üzü gülməmiş, bəxti gətirməmiş bir insandır. Həsrət, ayrılıq, iztirab yaşantıları onun poeziyasının özəyini təşkil edir. Şairin ümidlərinin simvolu göz yaşı və yalvarışlardır. Boş kütlə kimi onu atıb getmiş həmin o qızın bir zaman qayıdacağı həsrətini çəkir. Keçmişə aparan gəmisinin olmasını arzulayır. Amma bunlar xəyaldan başqa bir şey deyil. Özünə qapılan şair sosial problemləri, dünyanı narahat edən qlobal çaxnaşmaları sanki görmür, onlara əhəmiyyət vermir. Niyə?
 Bütün sabahlar gözəldir. Çünki bütün sabahlar qaranlığı əridir, zülmətin bağrını sökür. Hər açılan sabah dan üzüdür. Hər açılan sabah işıq deməkdir. Və nəhayət hər açılan sabahda insan səsi var. Hər açılan sabahda üzümüzə gün doğur. Fərqi yoxdur, ya dünəndə qalan sabah olsun, ya da bu gündən sonrakı sabah. Sabahın mahiyyətində gələcək var. Hətta dünənki sabahlar da gələcəyin məzmununu ifadə edir. Ancaq dünəndə qalan sabah xatirədir, yaşananlardır. Keçmişi unudun, Əlizada müəllim, depressiyadan çıxın və sabahla yaşayın.
 Deyilənlərə görə bu, sizin məlum janrda buraxdırdığınız 14-cü kitabdır. Sizə elə gəlmirmi ki, valı dəyişmək vaxtı gəlib çatıb?! Çalışın gələn dəfəki kitabınızın başı və SONU (burda başqa söz yazmaq istədim, amma redaktor qayçısından keçməz!) ayrılıq olmasın, həsrətdən, hicrandan yaxa qurtarsın. Mümkünmü? Əgər mümkün deyilsə, onda əliniz çənənizdə göy qurşağına az baxın. Yayın cırhacırında belə boynunuza qalstuk taxıb gəzirsiniz. Xarici ölkələrdə camaat heç qoluna saat taxmır. Dünyagörüşünüz olsun, heç olmasa mobil telefondan internetə girin, noutbukdan, netbukdan, iPaddan istifadə edin.
 Bəzən isə Əlizadə:

Bir qızın qaşına çəkilən qələm,
Bir qızın gözündə azan qələməm (?).
Qəmimi kökləyib çalıram (?) hər gün,
Mən qələm ozanam, ozan qələməm (?).

kimi şeirə uyuşmayan yaman-yaxşı misralara üz tutur, istərdim bunların da sayı az olsun... Özü də həmin şeiri tanınmış ziyalılardan olan bir dostuna həsr edib. Mənə elə gəlir ki, dostu ona həsr olunmuş bu şeirdən heç də mütəəssir olmayıb. Əlizadəyə gələcəkdə dostlarına daha ləyaqətli şeirlər yazmağı arzulamaqdan başqa çarəmiz qalmır.

Bir səhrada suya döndüm
İçmədi yoçular məni.
Ac eldə ruzuya döndüm,
Biçmədi yolçular məni.

 Haqqında söz açdığım bu cavan ikən ağsaqqallıq missiyasını öz üzərinə götürmüş şairimizin istedadlı olduğuna və müasir Azərbaycan şeirinə yeniliklər gətirəcəyinə möhkəm bir inamla yazımın poeziya hissəsinə nöqtə qoymaq istərdim. Amma onun şeirlərində nəzərə çarpan, adamı həm təəccübləndirən, həm də təəssüfləndirən məqamları da yekunlaşdıraraq nəzərinizə çatdırmaq zorundayam.

1.Əlizadənin “Şeirlə dolu şəhər” kitabına nəzər yetirdikdə bəzi məqamlarda müxtəlif SƏSlərin deyil, bir SƏSin, yəni ağlaşma səsinin hakim olduğunu görürsən. Fikirləşirsən ki, necə ola bilər, bütün şeirlər yazı tərzləri, maneraları ilə bir-birinə bu dərəcədə «qohum» olsunlar? Doğrudur, onların hər biri düşüncə tərzi etibarilə bir-birindən fərqlənə, seçilə bilirlər, amma qafiyəli şeirləri hamısı hönkürtü motivi üstündə qurulduğundan necə də ağıya oxşayır! Təkcə şeirlərin adına fikir versəniz, mənimlə razılaşarsınız: “Qarış-qarış gəz bu qəmi”, “Özünü asmağa ip tapa bilməz”, “Ölüm dincəlməkdi ömürdən”, “Dağlar ölkəsidi sinəmiz bizim”, “Hərə bir ölümə qoşulub”, “Ən yaxşı ölüm çəkir adamın şəklini” (Pikasso, əsl şedevrdi, təəssüf ki qarantiyası üç ildən artıq deyil!), “Dağ çayı yıxılıb dağdan ölərdi”, “Dərdi gicgahına çaxıb qalırsan” (Xarakirinin Əlizada növü), “Mən bir nəzir qutusuyam” (Allah dolu eləsin!), “Mən öz ürəyimi quşa atmışam” (!), “Çəkdiyim ahları nəqarət eylə” (Pantomima teatrı!), “Bənövşənin yanında boynubükük qalmışam” (Boynubükük düşmənin olsun), “Ölümdən qonaq olmaz”, “Tanrı nəfəs kimi üzümə dəysin ölüm” (Əşşi, Allah eləməsin! Sən canın ölmə! Bağır, özü sənə kömək olsun), “Mən özgə bir qəmə nişanlanmışam” (Toy olacaq?), “Bu ömür yolunda ağır qəzalar” (Dövlət Yol Polisi köməyinə gəlsin), “Göyə çöp daşıyan bir quşam, ana” (Ah, sən həm də quş imişsən?!), “Alın bu dünyanın əlindən məni” (Polisə müraciət edəcəksənmi?), “Bir şirin günaha batıb gedərdim” (Qayıdacaqsanmı? Bəs poeziyanı kimə tapşırıb gedirsən?), “İlahi, o quş da müsəlmandımı?” (Bəlkə tutub baxasan?), “Solarmış gülləri qoxlamayanda” (Qoxlayanda solmur ki?), “Yapış qürurundan, çəliksiz yaşa” (Ortopedik-geodezik təlimat), “Mənim pəncərəmdə ağlayan yağış”, “Dayan, qoy bu qəmdən doyum, göndərim” (mail.ru-ya göndər, box.az-dakı nokdauta düşüb) və sair və ilaxir. Seymur Baycan demiş, hazır ət məhsulları.
 Göründüyü kimi, təkcə adlar oxucuya çox söz deyir. Başa düşüldüyü kimi bu şeirlər reqress ədəbiyyatından başqa bir şey deyil və öz oxucusunu baş ağrısına salmaqdan başqa heç bir funksiya daşımır.

2.Sərbəst şeir o demək deyil ki, necə gəldi üyüdüb tökəsən. Sərbəst şeiri daxili musiqisiz, ahəngsiz, melodiyasız təsəvvür etmək olmaz. Əgər belə olarsa, onda şeirin şeirliyindən danışmağa dəyərmi? Bu, poeziyanın ən qoca qanunlarından biridir. Çox təəssüf ki Əlizadə Nuri sərbəst şeir yazarkən bunu unudur. Onun kitabındakı sərbəst şeirlər hamısı danışıq ritmi üzərində qurulan şeirlərdir. Çox təəssüf!..

3.Əlizadə qaranlıqla çox əlləşir. Ömür heç də oksigensiz tunellərdə keçmir və ömür dedikləri heç də ölümə qədərki tunel deyil və insanın ən yaxşı şəklini də ölüm çəkmir. Qaranlığı yox, işığı göstərin, Əlizada müəllim! Dünya işıqsız deyil.

 Dediyimiz kimi, təəssüf ki sizin dünyanız çox məhduddur. Öz daxili-rühi həyəcanlarınızla çox əlləşirsiniz, sizin dərdiniz mənim, onun, sizi oxuyanların və sizi sevənlərin dərdinə çevrilmir. İşıqdan qorxmayın. Mütaliənin dozasını çox eləyin, yazmaqdan çox oxuyun.
 Beləliklə, istərdik ki Əlizadə Nurinin hissləri, duyğuları məhdudluqdan xilas olsun, nədən yazırsa-yazsın, o yazacağı şeir təkcə bir kitabın deyil, poeziyanın faktına çevrilsin. Ona uğurlu yol arzulayaq.

P.S.: Deyilənlərə görə “Sıçra” adlı daha bir şeir kitabınız çapa hazırlanır. Ümidvarıq ki, həmin kitabı məmurlara yox, bu dəfə biz professional oxuculara paylayacaqsınız...

05.11.2010

Əqidə bütövlüyü

Musa BABAYEV
Lənkəran rayonu Liman şəhər məktəbinin müəllimi
                       
Türkün savaş-barış cəngavərləri, söz-sənət mücahidləri zaman-zaman dünya tarixinə pozulmaz-sarsılmaz qəhrəmanlıq səhifələri yazmış, türkün azadlıq və müstəqillik yanğısını, yurd və torpaq vurğunluğunu, haqq və ədalət yolçuluğunu, birlik və bütövlük sədaqətini əbədi olaraq bəşəriyyətin yaddaş kitabına həkk etdirmişlər.
Belə cahanşümul, sayılıb-seçilən oğullardan biri, heç şübhəsiz, Ziyadxanoğlu Cavad xandır. Adı bütövlük, müstəqillik və suverenlik simvoluna çevrilən bu böyük şəxsiyyətin Vətən, xalq uğrunda fədakarlığı, yurda, məmləkətə sonsuz məhəbbəti, yadelli işğalçılara və daxili satqınlara tükənməz nifrəti uzun müddət kölgədə saxlanmış və xalqdan gizlədilmişdir. Lakin ədalətli hakim olan zaman həm xalqın Cavad xana gizli sevgisini, həm də Cavad xanın əməllərini, xalqa xidmətini müqəddəs mənəvi sərvət kimi özünün yaddaşında daşlaşdırılmış və nəhayət, bütün əzəmətiylə xalqa çatdırdı. Nəticədə söz-sənət sahibləri bu böyük dövlət xadiminin, döyüşçü və sərkərdənin, əvəzsiz vətənpərvərin obrazına müraciəti özlərinə borc bildilər. Bu sahədə ilk uğurlu addımı Sabir Rüstəmxanlı atdı - 1985-ci ildə yazdığı "Sönmüş ocağın ağısı" poemasıyla.
"Hər sətrindən qan daman" (Mirəli Seyidov) bu poema nəşr olunduğu günlərdə əldən-ələ gəzsə də, evdən-evə adlasa da, minlərin, milyonların sevimli əsəri olsa da, milli şüurun oyanmasında müstəsna rol oynasa da, müəllifin özünü tam mənada qane etməmişdi. Çünki poemada Cavad xanın monumental, fəci obrazını, ömür və döyüş yolunu bütün parlaqlığı ilə yaratmaq imkanı olmamışdı. Müəllif məhz bu boşluğu doldurmaq məqsədilə "Ölüm zirvəsi" (2007) romanını yazdı.
"Ölüm zirvəsi" bir-biriylə bağlı 44 müstəqil fəsildən, "Burada dayanmaq olardı", "Burada da nöqtə qoymaq olardı" və "Zamanın gecikmiş ədaləti" adlı epiloqəvəzi 3 sonluqdan ibarətdir. Romanı oxuduqca hiss olunur ki, müəllif əsərlə bağlı çoxlu elmi-tarixi materiallara müraciət etmiş, Azərbaycan xanlarının tarixini əks etdirən qaynaqlardan faydalanmış, 200 il öncə baş verən hadisələrin mənbələrdəki izlərini yenidən gözdən keçirmişdir. Lakin müəllif bu qiymətli mənbə və qaynaqların girovuna çevrilməmiş, orijinal bir əsər yazmış, onu müxtəlif dünyagörüşlü və əqidəli surətlərlə, təbii dialoqlar və təfərrüatlarla zənginləşdirmişdir. Romanda yaradılan surətlərin əksəriyyəti tarixi şəxsiyyətlərdir ki, müəllif onların hamısını eyni məhəbbət və rəğbətlə rəsm etməmiş, hər birini əsərdəki yerinə və mövqeyinə, hadisələrə və əhvalatlara təsir gücünə, şəxsi-fərdi, ictimai-siyasi baxışlarına və bu baxışların sanbal və çəkisinə görə təsvir və təhkiyəyə cəlb etmişdir. Şübhəsiz, romanda Cavad xana daha geniş yer ayrılmış, o, daha əhatəli, daha miqyaslı şəkildə canlandırmışdır. Çünki romandakı digər obrazlardan daha çox Cavad xan müəllif ideyasının və məfkurəsinin daşıyıcısıdır, müəllifin fikir və düşüncələrinin ötürücüsüdür.
S.Rüstəmxanlı bütün əsər boyu Cavad xanı rus soyğunçuluğu, erməni satqınlığı, xan-bəy biganəliyi ilə üz-üzə qoyur, onu bu mənhus üçbucağın məkr-xəyanət dolu çevrəsindən, həmlə və hədələrindən, təqib və təxribatlarından keçirə-keçirə vətən-xalq, yurd-ocaq keşikçisi səviyyəsinə qaldırır. Bu üçlüyün xəyanətindən Cavad xan hiddətlənir, qəzəb-nifrət atına minir, əsəbləri tarıma çəkilir, amma sarsılmaz hökmdar, sərkərdə, kişi müvazinətini itirmir, qardaş qardaşa güllə atmasın, yurdun əmin-amanlığı pozulmasın deyə bu üçlüyün hər biri ilə çox ehtiyatla davranır, düşünülmüş taktiki addımlar atır. Belə ki, Rusiyanın Qafqazdakı canişini Knorrinqin şahzadə Aleksandr Mirzənin geri qaytarılması tələbi ilə yazılmış məktubuna Cavad xan çox məntiqi, həm də həmrəylik, barışıq təlqin edən cavab yazır: "Bir halda ki, sizin dövlətiniz bizə də xoş münasibət bəsləyir, onda adamınızın orda, ya burda olmağının nə fərqi? Sizin adam özünü Gəncədə də yaxşı hiss edirsə, qayıtmaq niyyəti yoxdursa, bu, sizi niyə narahat etməlidir?"
S.Rüstəmxanlı Cavad xanı I Pyotrdan başlanan rus imperiyasının mürtəce siyasətini, bu imperiyanın Qafqaza gəlişinin gizli niyyətlərini və habelə, bu imperiyanın aparıcı generallarının, xüsusən, gürcü əsilli Sisianovun hansı əxlaq-mənəviyyat, hansı düşüncə-ağıl sahibi olduğunu, hansı xalqa-millətə xidmət etdiyini anlayan uzaqgörən dövlət xadimi kimi səciyyələndirir və əsərin müxtəlif fəsillərində xanın bu faktları cəsarətlə imperiya nökərlərinin üzünə çırpdığını ustalıqla qələmə alır: "Yad ordusunun başında öz Vətəninə - Gürcüstana hücum edən, öz xalqını alçaldan generalınız (Sisianov nəzərdə tutulur - M.B.) Gəncə müsəlmanlarına rəhm eləməz. İndiyədək Rusiyanın öz ərazilərindəki müsəlmanlara nə divan tutduğunu bilirsinizmi?"
Elə buna görə Rusiya Cavad xan üçün istilaçı-işğalçı, qarətçi-soyğunçu, özgə torpaqlar hesabına genişlənən, mürtəceləşən, qəddar-zülmkar dövlətdir; türk-müsəlman xalqlarını üz-üzə qoyan, sünni-şiə ixtilaflarını qızışdıran, xaçpərəstlərin birliyini yaradıb müsəlmanlar arasında düşmənçilik toxumu səpən təxribatçı-terrorçu imperiyadır. Cavad xan rusların Qafqaz xalqlarına, bu ərazinin türk-müsəlman əhalisinə tarixi münasibətlərini, məqsəd və məramlarını özünəməxsus şəkildə açıqlayır, xanları bu böyük yırtıcıya qarşı birləşməyə, mübarizəyə çağırır: "Bizim torpaqlara yiyələnmək rusların çoxdankı arzusudur. Bundan ötrü xaçpərəstlərin birliyini yaradıb müsəlmanlar arasında düşmənçilik toxumu səpirlər".
Xanların məşvərət məclisində Cavad xanın mövqeyində dayanan, Cavad xanı dəstəkləyən, rusların Azərbaycana gizli niyyətlərini öz həyatında şəxsən yaşayan, sonralar bu yaşantılar üçün peşmançılıq çəkən talış hakimi Mir Mustafa xan olur, o da rus hökumətinin işğalçılıq siyasətini dövrün tələblərinə və özünün dünyagörüşünə uyğun ifadə edir və xanların birgə mübarizəsini, birgə ittifaqını üstün tutur: "Mən də ruslara çox bel bağladım. Sara adasında yer verdim onlara. Ancaq sonra gördüm ki, bunların dərdi din dərdidir. Beş barmağını bal eləsən də, erməninin, gürcünün namını sənə vermir. Yer üzünün adamlarını iki yerə bölüblər - xaçpərəstlər, qeyri-xaçpərəstlər. Xaçpərəst olmayanlara aşağı növ adam kimi baxırlar. Peşman oldum bunlara inandığıma görə. Ruslar gəlsə, din də əldən gedəcək, iman da".
Elə bu əsnada Cavad xanın səsi daha da qətiləşir; bu səs Cavad xanın gələcək planlarının təsdiqi kimi xanlar məclisində əks-səda doğurur və bu səs Cavad xanın döyüş əzminin, mübarizə gücünün son akkordları kimi səslənir: "Mən də buna görə dəvət etdim sizləri. Tək qalsam da, vuruşacağam!".
Cavad xan nə qədər çalışsa da, nə qədər səy göstərsə də, nə rusların məkrli siyasətinin mahiyyətini xanlara anlada bilir, nə də xanları birləşdirməyi bacarır. Çünki xanlar əvvəllər olduğu kimi, yenə də çeşidli güclər arasında çaşqın vəziyyətdədirlər. Bununla belə, ölərlər, amma ağıllanmazlar; düşmənə əl uzadarlar, amma bir-birinin uzanan əlini tutmazlar. Uçuruma yuvarlandıqlarını görə-görə yenə də dayanıb düşünmək, bir yerdə razılığa gəlmək istəməzlər, çünki xanların hamısı boğaza kimi günahın və qanın içindədir, çünki Azərbaycanın bir bayrağı yox idi ki, bütün xanlar bu bayraq altında birləşib dirilsinlər.
S.Rüstəmxanlı romanın müxtəlif epizodlarında rus generallarının Cavad xanla yazışma və məktublaşmalarına geniş yer ayırır. Bu məktublaşmalar, şübhəsiz, diplomatik səciyyəli, diplomatik xarakterlidir və siyasi-hərbi məqsədlər daşıyır. Məktubların bəzilərində hədə-təhdid notları güclüdürsə, bəzilərində xahişetmə, dilətutma, məkr-hiylə ampulası yüksəkdir. Amma bu məktublar hansı məqsədlə yazılırsa-yazılsın, fərqi yoxdur, mahiyyətcə birdir. Əsərin bir yerində Cavad xan məktubların məğzini belə ümumiləşdirir: "Tiflisdən gələn məktubların və elçilərin arası kəsilmir. Gah Aleksandr Mirzəni, gah həştərxanlı uşağı, gah fərari əsgərləri, gah da onların zülmündən qaçıb mənə sığınan adamları bəhanə edirlər. Məqsəd birdir: Dava! Gəncəni işğal! Sonra məni də İraklinin nəsli kimi ya Sibirə, ya da Peterburqa göndərmək! Mən şərəflə, vuruşa-vuruşa ölməyi bundan üstün tuturam".
Sabir Rüstəmxanlı bütün roman boyu Cavad xanı şərəf-ləyaqət, namus-qeyrət, mərdlik-mərdanəlik kürsüsündən bir qarış belə yerə endirmir, yurd-yuvanın, od-ocağın, Azərbaycan məmləkətinin azadlıq mücahidi, müstəqillik duyğusu ilə alışıb-yanan və bu yolda nəinki öz canından keçən, hətta balasını da qurban verən bir hökmdar, bir sərkərdə kimi bütün əzəmətiylə, bütün ucalığıyla poetikləşdirir, simvollaşdırır. S.Rüstəmxanlı təsvirində Cavad xan əsarətə, köləliyə, mütiliyə, rus ağalığında yaşamağa sonsuz nifrət edən tükənməz üsyankardır, müstəqillik, suverenlik, azadlıq aşiqidir: "Mənim üçün hürriyyətdən və öz böyüyü olmaqdan əziz şey yoxdur"; "Vətən yolunda ölməyi bacarmasan, Vətən öləcək! Babalarımız qan töküb qurublar, biz də gələcək nəsillər üçün qorumalıyıq"; "Cavad xan geri çəkilməyəcək! Cavanlara göstərəcək ki, Vətən yolunda necə vuruşarlar. Əli silah tutan, bizə qoşulmaq istəyən varsa, gəlsin!"; "Mənə nə rus sərdarları, nə də İrakli böyüklük edə bilər!".
Sabir Rüstəmxanlı erməni satqınlığını, erməni xəyanətini tarixi faktlara söykənərək roman boyu qabardır və bu qabartmalarla erməni xislətinin anatomiyasını tarixi gerçəklik prizmasından şərh edib bədiiləşdirir. Romanın "Məlik Apo", "Keşişlərin qurğuları", "Qəsd", "Xəyanət" və digər fəsillərində müəllif erməni satqınlığını ən çeşidli, ən klassik epizodlarda elə böyük məharətlə əyaniləşdirir ki, oxucularda bu tipli satqınlıq və xəyanətlərin məhz ermənilərə məxsusluğuna zərrə qədər şübhə qalmır. Məsələn, Gəncənin su yolunun ruslara nişan verilməsi; ermənilərin Tiflis qapısında dayanıb savaş vaxtı rusların tərəfinə keçməsi; gəncəlilərin hücum tarixinin dəqiqliklə ruslara ötürülməsi; gecələrin birində Şeyx Yusifdən ayrılan Cavad xana sui-qəsd cəhdi; Şeyx ocağının, bu ocaqdakı əlyazmaların yandırılması və Şeyxin öldürülməsi; Cavad xanın digər xanlarla birgə məsləhətləşmələri haqda rusların məlumatlandırılması və s. Əlbəttə, ən qısa siyahısını verdiyimiz bu satqınlıq və xəyanətlərin kökü, rişəsi bir tərəfdən ermənilərin xisləti, mahiyyətindən irəli gəlirsə, o biri tərəfdən rus şovinizmindən, bu şovinizmin "Parçala, hökm sür!" siyasətindən qaynaqlanır ki, bu mürtəce, antihumanist, antimilli siyasət bu gün belə özünün fəaliyyət dairəsini genişləndirməkdədir.
Sabir Rüstəmxanlı Cavad xan və xalq münasibətlərini, bu iki qütbün bir-birinə etibarını, sevgi və sayqılarını şairanə və unudulmaz vasitələrlə canlandırır. Gəncənin mühafizəsində, gavurlara meydanoxumada Cavad xan xalqa, xalq da Cavad xana arxa, dayaqdır; Gəncə camaatının gözü Cavad xanda olduğu kimi, Cavad xan Ziyadxanoğlunun da gözü xalqdadır. Cavad xan və xalq birliyi romanın "Cümə məscidində", "Dəyirmanda", "Toy", "Gülcamal" və s. fəsillərində daha qabarıq görünür. Müəllif bu birliyi, vəhdəti bədii sözün imkanlarından istifadə etməklə elə təsvir edir ki, oxucuda hökmdar və xalq arasındakı bu birliyin saxta, qurama, süni və uydurma yox, tarixin uzaq-uzaq dərinliklərindən, yurd-vətən sevgisindən, gen və qan təmizliyindən güc aldığına şübhə yeri qalmır. Cavad xan Gəncə camaatı qarşısında düşmənin məkrli siyasətindən danışır, xalqı el-oba uğrunda birliyə çağırır, Vətən yolunda ölməyi şərəf, qürur və başucalığı kimi dəyərləndirir: "Mən sağ olduqca, başımda papaq gəzdirdikcə, gavurların ayağı müqəddəs şəhərimizə dəyə bilməz. Öz əlimlə öz şəhərimin açarlarını təhvil verə bilmərəm. Oğlumu amanat istəyib (Sisianovu nəzərdə tutur - M.B.). Üç oğlumun üçü də, mən də Gəncənin amanatıyıq! Dünyada ən şərəfli ölüm Vətən və din yolunda, Allah yolunda şəhid olmaqdır. Mən bu ölümü xoşbəxtlik kimi qəbul edirəm. Ya azad Gəncə, ya ölüm!
Camaat ona səs verdi: "Ya azad Gəncə, ya ölüm!"
Bu və buna bənzər epizodları oxuyan oxucu hökmdar və xalq birliyinə heyran qalmaya bilmir, Gəncə uğrunda Cavad xanın şəhid olması isə bu sözlərin gəlişigözəl bir deyim olmadığına sübut, fakt kimi ortaya qoyulur.
S.Rüstəmxanlı Cavad xanın ruslarla sonuncu - 1804-cü ilin ilk yanvar günlərindəki döyüşünü və bu döyüşdə Cavad xanın ağlasığmaz şücaətini incə detallarına qədər qələmə almışdır. Döyüş səhnələri o qədər real təsvirlərlə verilib ki, oxucu toqquşan qılıncların, sağdan-soldan şığıyan oxların səsini, topların ölümsaçan gurultusunu eşidir, Cavad xanın sinəsindən qopan "Hardasan, oğul? Hüsenqulu, hardasan?" harayının və bu harayın əks-sədası kimi ucalan "Burdayam, Lələ!" müraciətinin üstündən soyuqqanlılıqla keçə bilmir, özünü savaş meydanında hiss edir.
"Ölüm zirvəsi" romanının savaş epizodlarında Cavad xanın qılıncişlətmə və döyüş məharətinə rus polkovnikləri, xüsusən, Lisaneviç də həsəd aparır: "Lisaneviç çox döyüşlər, çox muşketyorlar, qılıncçalanlar görmüşdü. Amma üzünü ilk dəfə gördüyü, yaşı əllini keçmiş bu ucaboylu kişinin qılıncişlətmə və döyüş məharətini hələ heç kəsdə görməmişdi".
Cavad xanın uca boyundan, döyüş məharətindən vahimələnən hiyləgər Lisaneviç əlinə güllə atmaq fürsəti düşən kimi Cavad xanı hədəf seçir. Amma "Cavad xan yıxılmadı. Qoluyla topun lüləsini qucaqlayıb, ayaq üstə çılpaq Gəncə çinarlarına, onların o üzündə çinar budaqları kimi ağaran boş yollara - qəmli Azərbaycan çöllərinə baxırdı".
"Ölüm zirvəsi" xalq qələbəsinin akkordları ilə bitir. Belə ki, Gəncə qırğını bitsə də, bütün bürclərdə Cavad xanın ay-ulduzlu yaşıl bayrağının dalğalanması, Cavad xanın arvadı Şükufə xanımın qanbahası əvəzinə verilən qızıl torbasını Sisianovun üzünə çırpması, baharısının altından xəncəri çıxarıb Sisianovu öldürməyə cəhd etməsi, Bakıda Sisianovun başının kəsilməsi və Hüseynqulu xanın Cavad xanın ruhu qarşısında "Köməyə gələ bilmədim, Cavad xan, məni bağışla. Amma intiqamını aldım" etirafı, 114 ildən sonra Cavad xanın Gəncəsində cəmi 2 il çəkən müstəqilliyin qurulması, 187 il sonra isə S.Rüstəmxanlının öz məsləkdaşları ilə Azərbaycanın müstəqillik aktını imzalaması və rus işğalına son qoyması epizod-faktları romanda xalq qələbəsinin təsdiqi kimi səslənir.
S.Rüstəmxanlının "Ölüm zirvəsi" əsəri bədii-publisistik dildə yazılmış ən dəyərli tarixi romanlardan biridir. Bu romanı oxuyub başa çatdıran oxucu belə bir qənaətə gəlir ki, hər bir Azərbaycan türkü canımız-qanımız bahasına qazandığımız müstəqillik və azadlığı göz-bəbəyi kimi qoruyub saxlamalı, müstəqillik və azadlıq yolunda ömrünü od-alovlarda əridən Vətən oğullarını unutmamalı, bu müstəqillik və azadlığa tuşlanan bütün çirkin, məkrli, xəyanətkar əlləri kəsib doğramalıdır.
Bu əsər dünənimizə, bugünümüzə və sabahımıza da güzgü tutur, xalqın qəhrəmanlıq salnaməsində heykəlləşən, əbədiləşən Cavad xanlara, onların məslək-əqidə bütövlüyünə sonsuz sədaqət, sarsılmaz inam aşılayır.

DAYAQ üzərindən düşüncələr

İbrahim Sel

 Azərbaycanın Güneyində gəlişməkdə olan yeni ədəbiyyatın daha geniş sayda oxuculara çatması və yayılması məqsədilə Dünya Azərbaycanlı Yazarlar Qurumu (DAYAQ) sıra kitablar yayınlamaqdadır. Müəlliflərin arasında Nigar Xiyavi, Məlihə Əzizpur və Kiyan Xiyav kimi dəyərli, Şimal oxucularımıza ədəbiyyat saytlarından və sosial şəbəkələrdən tanış olan sanballı imzalar vardır.
 Cənub poeziyasına həddən artıq böyük maraq yaranıb və elə mən də əlimə keçənləri xüsusi ləzzətlə oxumaqdayam. Siz körpə təbəssümünə (illah da yatmış halda), ağzından süd köpüyü axa-axa anasını əmən quzu marçıltısına, hər hansı heyvan otlayarkən “xırp... xırp...” nəğməsinə, barışmaq istəyi ilə dopdolu quzu küsümünə, dəvə və göyərçin gözlərinə və bu gözlərdəki izahedilməz duyğulara, büllur, şüşə, buz üzərində yazılan çat naxışlarına (bu misalların sayı hesablanmazdır, əziz oxucu) fikir vermisinizmi? Bax həmin təravətdir Cənub şeiri! Bunların hamısı ən böyük heyrətə- həqiqi, sünilikdən uzaq, səmimi sözə uzanan yollardır və bu yollar sözün heyrət apogeyinə- şeirə müqəddəslikdən başqa bir şey gətirmir.
 Həmişə qeyd etmişəm Cənub poeziyası ilə uzlaşanda rahatlıq tapıram, beyin-başım sakitləşir. Cənublu qardaş və bacılarımızın şeirlərini oxuyanda sanki İstisuda oturub qabağımda pürrəngi çay dincəlirəm. Tipik Şimal şeiri üçün səciyyəvi olan mənfi energetika burada yoxdur. Avesta mətnləri tək şəfəq saçır. Dünya mayası dərələrdən, dağlardan, yəni eniş-yoxuşlardan, cəngəlliklərdən, insanı həmişə dalayan tikanlardan, kol-koslardan, sıx meşəliklərdən, bir sözlə, “çətinlik” adlı əzabdan yoğrulmuş materiyadır. Nə yaxşı ki həmin əziyyətli yollardan keçəndə arabir açıq talaya- güllü-çiçəkli çəmənə də rast gəlirsən. Bu çəməndə göy qurşağını, kəpənəkləri, dağ çiçəklərini, dumandan çıxan qızıl yallı atları, Günəş damlası kimi qıpqırmızı gilası artıq ayrı tonda seyr edirsən. Bu fərqlilik isə Cənub şeirinin özəyini təşkil edən komponentlərdən təkcə biridi.
 DAYAQ seriyasından Sayman Aruzun böyük zəhməti hesabına çıxan çıxan kitablar önümə qəflətən sərilən belə bir bəzək süfrəsi tək oldu. İlk məst olduğum çiçək Məlihə Əzizpurun şeirlər kitabçası idi: “Su pıçıltısı”. Təkcə ad nəyə desən dəyər. Nə qədər heyrətli metaforadır!
 Əlbəttə, ənənəvi rakursdan baxanda münasibət tamamilə fərqlidir. Bu “gediş” xəyalda və təsəvvürdə müxtəlif qarmaqarışıq, xaotik mənzərələr yaradır. Çağımızın modern şeirlərinə bələd olmayan hər kəs üçün bu kitablarda rast gəlinən qatmaqarışıq fikirlər hətta əcaib təsir bağışlayacaq. Ancaq Sayman Aruzun bizə təqdim etdiyi bu qoçaqlar- Məlihə, Nigar və Kiyan bunun fərqində deyillər. Söz onların əlində sanki buqələmundur, istədikləri kimi onu əyir, sındırır, tumarlayır, əzizləyirlər.
 Dediyim kimi, layihəyə salınmış şairlərin hansını oxuyurdum, sevinirdim. Bilirsinizmi niyə? Bizim şimal şairlərinin həftə səkkis mən doqquz buraxdırdıqları şeir kitablarının sayını müəyyənləşdirmək heç elektron hesablama maşınlarının da işi deyil. Bu yaxınlarda biri ilə söhbətimdə də dedim: Necə olur ki, 17 kitabın çıxıb, amma səni Bəhrəmtəpə kruqundan o yana tanımırlar?! Çünki standart nomenklatura yığınından başqa bir şey ortaya qoya bilmirlər. Təfəkkür arealı dardır, respublikanın kağız ehtiyatını da zay edirlər. Bəzən bir “şeir” kitabını (hətta yüzlərlə səhifəlisi də olur!) oxuyub qurtarandan sonra məyus olursan ki, burada bircə yeni fikrə, özünəməxsus, təzə ifadə tərzinə rast gəlmədin. Dünya, həyat, ölüm, ana, məhəbbət, vətən, qürbət, ayrılıq, vüsal və sair və ilaxir- nəqqəədər olar?!! Bəsdirin də! Ancaq həmin qəbildən olan mövzular. Əgər sizin axıtdığınız bu qədər göz yaşını bir yerə yığan olsaydı, onda yer kürəsini su basardı. Nigar Xiyavinin sözü ilə desək: “Dünya dəng olub bunların intihar söhbətlərindən”.
 Sadaladığmız mövzular bəşəriyyətin bəlkə də ilk günündən bütün qələm sahiblərinin aparıcı ədəbi materialı olmuşdur. Lakin hamı bunların əsl bədii təsvir və tərənnümünə nail olmuşdurmu? Təzə söz demək, yeni fikir yürütmək və bununla da oxucunu möcüzə- heyrət burulğanına salıb onun cazibəsindən çıxmağa qoymamaq hər yoldan ötənin işi deyil. İlk növbədə yüksək intellektual səviyyə, dünyagörüş və çox zərif, çox incə, həssas bədii zövq tələb olunur.
 İndi bu yaşadığın gün bir azdan dünənə çevriləcək. Tarixin tozlu arxivinə atılacaqdır. Doğurdan da ağırdır. Ancaq neyləməli? Cənub poeziyası isə sizə deyir: Tut bu günün əlindən apar gələcəyə! Təkcə bu günümü? Gün burada şərtidir. Bu insana da, hətta bir uşağa da aid ola bilər, sevgiyə də, yaşanmış gözəl bir günə də. 
 Məlihə Əzizpur sizinlə eyni faciəni yaşamaq istəmir. Yeni orjinal bir yol seçir. 
 Məlihənin şeirlərində təzə biçilmiş yonca ətrini, Yardımlıdakı şəlalənin ruh sakitləşdirən şırıltısını, İran qumunun göz acışdıran narınlığını duya bilərsiniz. Onun səh. 22-dəki bir şeiri mənim “Melodiyalı şeirlər” kolleksiyamda yer alıb. Kitabının adından da göründüyü kimi, bu qız su ilə danışmaq istəyir, gizli sirlərdən, olmuş və olacaqlardan xəbər tutmaq fikrindədir. Sudan gələn cavablar əslində insanın içindədir. Şairə içindəklərin təsdiqini sudan istəyir. Bəyəndim. Eşitdim. Anladım. Həqiqi Su pıçıltısıdı. Mübaliğə yoxdu. 
 Məlihə hiss və duyğularını, şeirə ötürüləsi həyəcanlarını mikroşeirlər-fraqmentlər formasında da ifadə edir. Bunu çox təbii qəbul edirəm: o şeir ki bütünlükdə ənənəvi olaraq axırıncı iki misra, ya bənd üzərində qurulursa, bu pis mənada ənənədir, lazımdır o fikri qısa və lakonik şəkildə kiçik bir şeir-fraqmentdə ifadə edəsən. Məsələn, bu şəkildə:

Çil basmış günlərimə
Bayram gətirdi gözlərin
Saçlarımdakı qarları əritmək üçün
Bir baxışlıq
Günəş verərmisən mənə?!

 Məlihə Əzizpur sevinc və kədər hisslərini yeni bir biçimdə göstərməyə nail olub. “Su pıçıltısı” rəngarənglik baxımından misilsizdir. Hər şeir bitəndən sonra fikir də bitir, yeni şeir ilə yerinə başqası doğulur. Məhəbbət səpkili şeirlərinin misli yoxdur. Nə etməli, bu kövrək misralar qəmdən yoğrulsalar da, rahat, yerli-yerindədirlər. Onun şeirlərində sözün məna çalarlarından bacarıqla istifadə olunub. “Səni unutmaq zorundayam bilirmisən?!” şeiri bu qəbildən ən yaxşı şeiridir. Onu Seçilmiş şeirlər antologiyamıza əlavə etmişik. Axı bu xanımın şeirləri oxucunun əlindən tutub fərqli bir sevgi dünyasına çəkib aparmaqdadır:

Səni unutmaq zorundayam bilirmisən?!
Necə ki sevmək zorunda qalmışdım bir gün
və adını siqara dumanı ilə yazmışdım
çevrəmdə burulan havaya.
Oysa can dediyin nəfəslər
qat-qat yara buraxmışlardı ciyərlərimdə...

 Yenə zərif bir ürəyin zərif, açılmayan və sonsuz sirlərindən bir soraq! Varmı müasir Şimal şeirində belə notlar? Varsa buyursunlar! Ərincəklik etmədik, kompumuzda yığdıq, saytımızda da dərc etdik. Sosial şəbəkələrdə paylaşdıq da. Bəyəndilər də. Reaksiyalar gəldi.
 Əlbəttə, Məlihənin bir çox şeirlərini mükəmməl poeziya saymaq tezdir. Ancaq onun bədii tapıntılarının zərif bir qadın qəlbinin zərif sirləri olduğunu danmaq qeyri-mümkündür.
 Cənublular bizim yeni söz tribunalarımızdır. Onlar kövrək, yenicə ayaq tutun yeriyən balalarımızdır, ədəbi həyatımıza yenicə can atan rüşeymlərdir. Nigar Xiyavinin bir şeirində olduğu kimi: “Çənçiyəndə kürəyindən vurub, sovqat yeyəcəksən deyənin yox; asqıranda ya haq Allah deyənin yox”. Formalaşmamış dil amili də əsas stimullardandır. Körpə uşaqlarda olan şirinlik, genimizdən gələn doğmalıq və cənublulara məxsus səmimilik. Qəhrəmanlıq səhifələri ilə dolu keçmiş hər səhifədən od püskürür, həqiqi, Şimalda olan girdirmə patriotizmdən uzaq, saf mənəvi hisslər, ictimai duyğular hər vərəqin altında duyulur. “Əzizinəm bir də sən...” Sevək və qoruyaq. DAYAQ olaq!

Neçəminci ölünəm ki bunca
yorğun-yorğun sökə bilmirsən
Keçə bilmirsən canlı cənazəmi, kaftar bəy!

 Nigar Xiyavi. Ah gözəl xanım, necə də dəqiq tutursunuz notları. Sanki bizim Şimal yurdunda bizdən çox yaşamısınız, bizdən çox bələdsiniz həyatımıza. “Qarnımdakı uşaq dünyaya doğmağa səs vermir”. Vermir. Qarabağ haqqında ən cəsarətli şeiri də siz yazdınız. “Ən qurqur qağamız”ın iç üzünü açıb tökdünüz ortaya.

Bir çətvər araq 
yarım metrə dönər kabab
dönər məni döndərər məni.

 Bu misraları inqilablar, igidliklər yurdu Cənubi Azərbaycanımızın şirin balası Nigar Xiyavi yazır. O torpağın qızıdır ki, müharibələr, etirazlar başlayarkən uşaqdan böyüyə kimi şəhidliyə cumur. İran-İraq müharibəsi buna əyani sübutdur. Cənubi azərbaycanlılar əli yalın düşmənin üzərinə gedir, uşaqlarının qarnına qumbara bağlayıb vətən uğrunda tankın altına atırdılar. “Pişəvərinin nəbzi barmağımın altına”. Təəssüf ki həmin qəhrəmanlıqlar məlum müharibədə məlum bölgələrimizə örnək olmadı...

Pay varməyə aaa...y baaaaalam
Yenə də vətən yaxşı

 O gün eşitdim ki, Azərbaycanda Qarabağla bağlı 3000-ə yaxın əsər yazılıb... Kəmiyyət baxımından yaxşı göstərici kimi dəyərləndirilə bilər. Bəs keyfiyyət? Əminliklə deyə bilərəm ki, bu gün oxucuları şablonlaşmış “A dağlar!” qışqırtıları heeeeç maraqlandırmır, cənab qarabağçılar! Əksinə, belə “əsər”lər oxucuda həmin ədəbiyyata, mövzuya qarşı aqressiya yaradır ki, bu da normal ədəbiyyatın ərsəyə gəlməsinə əngəllər çıxarır. Əsas məsələ həqiqətlərinizi (əgər varsa!), vətəninizin ağrılarını necə çatdırmaqdaır. Cənubi azərbaycanlıların vətənpərvərlik şeirlərini oxuyun, ya da İranın müharibədən bəhs edən kinofilmlərinə baxın. Əgər təkcə döşünə yox, həm də hədəfə döyən yazarlarınız həqiqəti duyub, məğzi tutub yaradıcılıq prosesində çatdıra biləcəklərsə, onda nədənsə danışmağa haqları var.
 Nigarın şeirlərini oxuyanda ətin tökülmür, dodaq büzmürsən. Çünki bu şeirlər hay-küyçü “millətsevərlər”ə deyil, səngərdə düşmənlə göz-gözə dayanan əsgərlərə oxşayır.
 “Qarabağ qurbağası” şeiri ilə Nigar Xiyavi bütün nağılların, cəfəngiyyatların üstündən xətt çəkdi, kimə lazımdır yerini göstərdi. “Başımızı cəfəngiyyatla xarab eləməyin, sözünüz var söz danışın” dedi. 

əlini vurub belinə yavaş-yavaş çıxır səsim
çıxır sükutun sıldırım yamacına aman ac
məni şeirə döndərən şeirim olur
bir qaçıb qurtaran yerim olur
yanı şüurumu şeirtapı ilə mürəxəs elirəm
şəhərin xəstəxanasından
donumun ən qıp-qırmızısında 
gözəl rəqs edirəm. 

 Bu şairə xanımın yanğılı kitabının demək olar ki hər səhifəsində beləcə rəqsə rast gəlirik. “Əlimdə əlli barmaq” kitabında bir neçə belə nümunə gətiriləsi şeirlər var və bu şeirlərin ən xoşagəlimli cəhəti budur ki, onlarda yaşanılan real hisslər, duyğular öz poetik ifadəsini tapa bilir. Ola bilsin onun oxuduğunuz, mənim bəyəndiyim şeirlərinin içində zəif, biri o birindən məntiqi baxımdan aralı düşən, uyuşmayan misralar da var, amma yaxşı şeirlərinin hər birində poetik səmimiyyət var. Yaxşı bir şeir üçün səmimiyyət də azdır, ən əsası poetik fikirdir. Poetik fikir isə hər bir şeirin mahiyyətidir, həmin şeirin olumu, ya ölümü o fikrin nə dərəcədə poetik olmasından asılıdır. Nigar Xiyavinin “Əlimdə əlli barmaq” kitabındakı şeirləri də bu baxımdan təsnif eləsək, yaşamalı şeirlərinin sayı çox olacaq. Əsas görünən budur ki, həmin şeirlərdə müəllif özünütəsdiqə can atır.
 Nigar çox yığcam danışır, böyük mətləbləri sıxıb-sıxıb şeir qəlibinə sığışdırmağı bacarır. Ədəbiyyatçılar təsdiqləyərlər ki, sənət dilində bu, çox mühüm keyfiyyətdir.  
 Tanış notlar sizi dodaq qaçırmağa da məcbur edir: 

alma gül aşdı nənəlik
dilim dolaşdı nənəlik
ay bu evin kiçik qızı...” qoşulub qaçma

 “Əlimdə əlli barmaq”dakı ovqat bəzən ironik çalarlar üzərində qurulmuşdur və onun poetik təhkiyəsindəki bu ironiya qətiyyən səndə gülüş doğurmur, əksinə acılıqlar doğurur. Parodiya, ironiya güclü olsa da, daxili kədəri də sezməmək mümkin deyil. Necə deyərlər, bir üzüm gülür, bir üzüm ağlayır. Bir momentdə dediyi kimi: “Kükrəyişi oğurlanmış seliyimə boğuluram”. Nigar həyatın çox kədərli anlarını qələmə alır, o, köhnəlməyən ibarə ilə desək, çox realist şairədir. Onun şeirlərində  hər şey real görüntülərin eskizidir. Tutan tutur Nigar xanım nə demək istəyir. “Yoluxdurma bu yol qanmaz mesajları yollara…”
 Nigar Xiyavinin həmin kitabçasını əldə etsəniz; “Uçurumdan söz açıram/ doğrusu amma istəsəniz/ xirtdəyəcən bir kanapənin yumşaqlığına ləmlənməkdəyəm” -misraları ilə başlayan şeirini hökmən oxuyun. Hökmən. Bu məhəbbətin nişanəsi və iztirabın əbədi görüntüsüdür. Sevginin qazancıdır. Sevginin gizli ştrixləri var. Bunu sevənlər bilirlər və yaşadırlar. 
 Nigarın şeirlərində mətnin bir özü, üzdə görünən, misralarda ifadə olunan zahiri tərəfi var, bir də mətn başa çatdıqdan sonra səni düşünməyə vadar edən “gizli” tərəfi. Yəni şeir son nöqtəsi qoyulandan sonra başa çatmır, şeir o nöqtədə sona varırsa, səni düşündürməyə vadar etməklə davam edir. Bu da ondan irəli gəlir ki, çox ehtiraslı bir şairə ilə qarşı-qarşıyayıq. Temperamentin “Əlimdə əlli barmaq”da olduğu kimi izharına hələ rast gəlməmişdim. Bəli, Nigar xanımın şeirləri aydınlığı, sadəliyi ilə yanaşı həm də müəllifinin zərif xanımlığı, qadınlığını nümayiş etdirməsi ilə uğurludur. Görürük ki, bu dəyişən aləmdə zərif olduğu qədər də möhkəm və dəyişməz qalan bir qadının təbiəti nə qədər zərif sirlərlə dolu imiş. Bu da bir fenomendir və onu sözlə izah eləmək çox çətindir.
 “Dayaq” seriyasından təqdim olunan kitablardan biri də dayaq.org saytı və “Alatoran” jurnalı oxucularının sevə-sevə oxuduğu Kiyan Xiyavdır. Onun poeziyasında ana vətənimiz Azərbaycan göy çəmənli bir bağ rəsmidir sanki. Bakı gecələri də rəsm kimidi, Təbriz küçələri də rəsm kimi...

Dağ rəsmi.
Dağın zirvəsində bir kolaşnikof.
Kolaşnikof lüləsinin başında bir yumuruq.
Yumuruğun içindən ağaran günəş.
Və günəş töküntüləri,
sanki qızıl gül yağışı.
Var ol, rəssam xalaoğlu!

 Kiyan çox dəqiq bir müşahidə formulunu bizə təqdim edir. Onun şeirlərinin gözəlliyi də ifadə etdiyi ümumi mənadan özgə, daxili özəlliyə malik olmasıdır. Yüksək təfəkkürə və erudisiyaya malik olan bir şairdir. Hiss olunur ki, fəlsəfəni yaxşı bilir, bizim merkalarla desək, beşə oxuyub. Əlbəttə, şeir ağıllı, düşündürücü olmalıdır. Kiyan Xiyavın şeirlərini oxuduqca istər-istəməz bizim Şimalı Azərbaycanda ayaq tutub yeriyən və alaq otu kimi hər yanı basmış “nanay-nanay” ədəbiyyatına vız deməli olursan. 

Bir şairdən 
Şeir nədir?- sordum.
O “haq”dır
“yox”dur- dedi. 

 Bu elə Kiyan Xiyavın özüdür, tanış olun. Belə bir haqq şairi var. Onun hər bir şeiri hər dəfə bir maraqlı mövzunu əhatə edir. Çox şirin dili və manerası olur. Kiyan elə adamdır ki, “Şeir nədir?” sualını min bir dəfə də versəniz, min bir müxtəlif cavab alarsınız və hamısı da düz olar. Özünün bir sözü var: “Mən şeir tiryekisiyəm”.
 Kiyanın həm “Alatoran” jurnalında dərc olunan, həm də “Sarı saatlar dənizində” kitabına düşən şeirlərinin məziyyətləri barədə çox danışmaq olar. Ancaq onun şeirlərində qədim türk poeziyasından gələn və müasir şeirimizdə də məqamında işləndikdə şeirə yaraşıq gətirən alliterasiyalar göz oxşayır. Tanış səslərin, şirin sözlərin izharı, ayrı-ayrı ifadələrin təkrarı ilə yaranan düzümlər Kiyan şeirlərinə təravət gətirir.
 Ən gözəl şeiri:

Bir urmiyə üzümünü, bir şəki almasını
bir də məni unutmayın, dostlar!
Məni əsla unutmayın!

misraları ilə qurtaran şeiridir. Dostlarla məsləhətləşib həmin şeiri gələcəkdə kitab halında buraxacağımız “sborka”ya saldıq.
 “Tarixin ən acı çayının üstə/ həsrət körpüsünə baxdım” şeiri də təsirlidir. Əsl vətən şeiridir. Qoy iud işğalından ölkəmizi azad edək, orta məktəb dərsliklərimizdə ancaq belə şeirlər yer tapacaq.  
 Səh. 102-də olan 96 nömrəli şeir isə sübut edir ki, Kiyan Xiyavın siyasi dünyagörüşü yetkin olmasa da, o potensiallı şairdir.
 Kiyanın şeirlərində sözlər nəfəs alır, misraların nəbzinin necə vurduğunu da hiss etmək olur. Onun “Baxışlarında Bakı rəngi olsun”, “Güllərim yarpaq-yarpaq oyulmuş”, “Bir ucundan bir ucuna dolaşıram dünyanı” misraları ilə başlayan şeirlərindən hər birini öz poetik və fəlsəfi mahiyyətinə görə kitabına həm də epiloq kimi səciyyələndirmək olardı. Bu şeirlər müəllifin Şərq poetikasının incəliklərinə bələd olmasını sübut etdiyi kimi, həmçinin onun Qərb modern düşüncəsinə sahib olmasının da bədii təsdiqidir. Belə yüksək bədii nümunələr ədəbiyyatımızda azlıq təşkil edir. Çünki bu cür əsərlər yaratmaq istedaddan əlavə, geniş erudisiya da istəyir. 
 Məlihə Əzizpurda olduğu kimi, Kiyan Xiyavın da kitabı kiçicik şeirlərlə doludur. Bu şeir-fraqmentlər ilk baxışdan söz oyunu təsiri bağışlayır. Təbii ki, belə deyil. Kiyanın əksər şeirləri eyni mikrobiçimə uyğunlaşıb. Həmin şeirləri müəyyən mövzulara, motivlərə, şeir ölçülərinə ayırmaq qətiyyən mümkün deyil. Amma bu sərbəst şeirlərdə ümumən şeirə məxsus olan musiqi, ritm, misralar arasındakı kommunikasiya gözlənilir. Ola bilsin bu tip şeirləri qəbul etməyənlərin sayı qəbul edənlərin sayından çox olsun. Ya da Kiyanın bəzi şeirlərini bəyənib, çoxlarını heç bəyənməyənlər də olsun. Mənim özümü bu kitabdakı şeirlərin bir çoxu heç qane etmir də. O yerdə ki müəllifin şeiri müəyyən fikrin poetik konstruksiyasına aparıb çıxarır, o şeiri qəbul edirəm, amma hansı bir fikirsə şeirdə poetik libasa bürünmürsə, sadəcə adi fikir səviyyəsində donub qalırsa, o şeiri oxuyur və... unuduram.
 Hər üç sadaladığım şairin, ilk kitabları da olsa, artıq şair kimi formalaşdığını təsdiq edə biləcək amillər çoxdur. Birincisi: modern bədii təfəkkür istiqamətinə meyl edir, şeirlərində mümkün qədər sərbəst olmağa çalışır və bu sərbəstliyin əlamətləridir ki, görünən nəsnələrə tamam yeni baxış bucağından yanaşırlar. Bəzən bu sərbəstlik təkcə məzmunda deyil, şeirin formasında da özünü büruzə verir. İkincisi: bu şeirlər də başqalarımızda olduğu kimi, insan duyğuları üstündə köklənib, amma fərq orasındadır ki, “Dayaq”ın təqdim etdiyi şairlər bu duyğuları sırf hissiyyat selinə, axınına tapşırmır, ağılla onu idarə edir.
***
 Belə! Əlimə keçən və acgözlüklə oxuduğum kitablardan sizə söz açdım. Deyim ki vaxtilə bizdə belə kitablar əksər hallarda çətinliklə, cavan müəlliflərin səbr və intizarını qıra-qıra çap olunurdu. Ədəbiyyatda özünü təsdiq etmək üçün həmin cavan müəlliflər o ilk kitabı illər boyu gözləyirdilər. Əlbəttə, o cavan müəlliflərin bir çoxu məhz bu ilk kitabdan sonra böyük ədəbiyyat auditoriyasına yol tapırdılar. Amma indi vəziyyət tamamilə dəyişib. Kitab çap elətdirmək sən demə, onu yazmaqdan asan imiş... Ortada Sayman Aruz kimi sənət xəstəsi, Rasim Qaraca kimi ədəbiyyat fədaisi varsa, hər şey öz axarı ilə gedəcək. Yoluna düşəcək. Amma qəribə burasıdır ki, yağışdan sonra göbələk kimi artan bir çox kitab müəlliflərinin- cavan şairlərin ədəbiyyata gəlişi çox sakit və soyuqqanlıqla qarşılanır, tənqidçilər bu müəlliflər və onların ilk kitabları haqqında susurlar. Səbəbi onda deyil ki, belə müəlliflərin və ilk kitabların sayı çoxdur və onlar haqqında söz demək vaxt tələb edir. Yox, səbəb bu deyil. Əsas səbəb odur ki, həmin kitablarda şeir var, amma poeziya yoxdur. Amma mən bu yazımda sizə içində poeziya qığılcımları közərən kitablardan söz açdım. Gözlərinizi ağrıdaraq oxuduğunuz üçün təşəkkürlər.