14.12.2010

Şeirlə dolu zəhər


İbrahim Sel
Professional Oxucu Liqası



 Bizdən inciməyə haqqı olmayan şair Əlizadə Nuriyə


Dərdi-hicran belini qatdadı, ay Əlzada,
Doğmadı gün, bağırın çatdadı, ay Əlzada.
Girmiş idin bağa sübhdən, sulıyırdun baği,
Bir də gördün şlanq əlündə partdadı, ay Əlzada.


 Şanına həsr etdiyim son poemadan bir parçadı. Qəribəliyinə fikir vermə, əruz vəznindədi. Necədi? Redaktorun razılıq versə, gələn nömrələrdən birində bütöv verərdik gedərdi. Oxucularımız da oxuyub feyziyab olardı. Nə qədər camaatı ağlatmaq olar, bir az gülək də. Özümə ləzzət eləyir, sizi bilmirəm.
 Nə isə... Görürəm ki, mətləbə keçsəm daha yaxşı olar. Səninlə tanışlığımın çox az tarixi var. Tək əlin barmaqla sayılası illəri ola, ya olmaya. Tanışlığımızın ilk günlərindən hiss etmişəm ki, qadir Allah sənə qeyri-adi istedad verib. Bulaq kimi coşqun təbin, pafoslu danışığın adamı ilk baxışdan valeh edir. Ancaq…
 Onu da qeyd edim ki, arada əyalət qəzetlərində dərc etdirdiyin şeirlərindən bəzi parçaları da kolleksiya etməyə başlamışdım. Kolleksiyam dolu idi sənin plagiat üçlüklərinlə. Lakin son şeir kitabından sonra onları da arxivimdən rədd elədim getdi.
 Məndə olan məlumatlara görə şeir yazmağa məktəb illərindən girişmisən. İlk şeirlərin “Yeni gün” qəzetində Qasid Nağıoğlunun redaktəsi ilə dərc olunurmuş. Eşitdiyimə görə, rəhmətlik şair Abbasağa Azərtürk təkcə kitabına verdiyin uğursuz ada görə səni məclisdən də qovub: “Tanrı, gəl tanış olaq”. Bu nə addı seçmisən?! Abbasağa müəllim əsəbiləşib, deyib ki, sən kimsən Tanrı səninlə tanış olsun? Doğrudan da, sən bir ədaya bax! Gör hələ gənc yaşlarından nə qədər yüksək təkəbbürə, özün haqda yüksək fikrə malik imişsən ki, Tanrı ilə söhbət etmək iddasına da düşübmüşsən... Vay vay vay! Ötən yazılarımızda dediyimiz kimi, əsl psixologiya materialı!
 Bütün yazdıqlarımıza görə sənin bizdən inciməyə qətiyyən haqqın yoxdur. Əksinə haqlı tənqiddən nəticə çıxarmalı, öz yaradıcılığına fikir verməli və yeni ampluada çıxış etməyə çalışmalısan. İndi uğur qazanmış bir çox imzalar tənqidə qulaq verə-verə püxtələşməyə başlayıb. Gəl boynumuza alaq ki, yaradıcılığının ilk dövrlərindən beyninə gələn bütün qafiyəli fikirlərin şeir olduğuna inanaraq, müasir (eləcə də əsl) şeirin nə cür yazılmasını, xarakterini, texnikasını bilməmisən; nəinki mahiyyətinə varmısan, heç cəhd də göstərməmisən. Bulaq kimi qaynayan enerjin, yazıb-yaratmaq həvəsin səni irəliyə doğru itələsə də, sənin bir “tənbəllik” xəstəliyin var. Bu tənbəlliyin adı oxumamaqdır. Özü də folklor, yabanı ədəbiyyat yox, müasir mətnlər, doğlun, bitkin informasiya verəcək əsərlər oxumaq gərəkdir. Yaşadığın ərazidə, Allaha şükür, Qasid Nağıoğlu, Böyükxan Bağırlı, Ədalət Salman kimi respublika səviyyəsində tanınmış kifayət qədər sanballı ədəbiyyatşünaslar var. Bildiyimizə görə, nə səbəbəsə onlarla söhbətlərdən də qaçırsan, yoxsa heç olmasa onların ədəbi məclislərində iştirak edərək nəsə öyrənə bilərdin. Eqoizmin, özündən başqa şair tanımamağın bir psixologiya elementi kimi öz yerində, özünə qarşı biganəliyin bəlkə də yaradıcılığının irəli getməsinə mane olan birinci xüsusiyyətdir. Yaradıcılığının ilk dövründə yazdığın standart sevgi şeirlərinin təsirindən hələ də çıxa bilmirsən. Üstündən uzun illər keçməsinə baxmayaraq, indiki şeirlərini də ilk illərdə olduğu kimi, bəsit söz yığını şəklində yazırsan. Belə olmaz! Şeir kitabın ilə tanış olan oxucuda ilk növbədə belə təəssürat yaranır ki, sən nəinki müasir, ümumiyyətlə heç bir ədəbi məktəblə tanış deyilsən. Əlbəttə, bütün bunlar mütaliənin azlığının nəticəsidir.
 Tək sən deyilsən. Ədəbi aləm diletantlarla dolub. Son yazılarımda hamının vurhavur kitab çıxaran vaxtında oxuculara kömək üçün bir kompas-siyahı da düzəltmişdim. Dost-tanışdan geri qalmamaq, gündəmə gəlmək xatirinə sandıqçadakı köhnə şeir dəftərinin tozunu silərək qoltuğuna vurub mətbəəyə yollananlar var. Bu qəbildən olanlar oxucu üçün dəhşətli təhlükə daşımadığına görə keçək başqalarına. Əlinə düşən kitabların hərəsindən bir bənd oğurlayıb nə olursa-olsun, ildə bir kitab çıxarmağı həyat prinsipinə çevirənlər gördüm. Kitabı əlində hamıdan şirinlik gözləyən, verməyənləri ona qarşı düşmənçilikdə, ədəbiyyatı qanmamaqda günahlandıran, dərzidə belinin ölçüsünü ölçdürüb kitabı o qalınlıqda zakaz verən tiplər N qədərdir. Ən maraqlı tiplərdən biri də bilirsən hansıdır? Adam var 50 ildir evlidir, nəvə-nəticəsi var, hətta bu yaxınlarda kötükcəsi də əmələ gələcək, amma hələ də nakam şeirlər yazıb o sevgini unutmadığını aləmə bəyan etməklə məşğuldur. AYB-də 45-55 yaşlarında bir dəstə arvad var ki, özünü tərk edilmiş Merilin Monro kimi apararaq arada erotikası bol şeir kitabları çıxarırlar ortaya. Qohum-əqraba yanında hörmətli oğlan olmaq, hansısa idarədə sənədə pulsuz qol çəkdirib blat qazanmaq üçün vətən həsrəti, torpaq nisgili ilə dolu, içində Qarabağın şəkilləri bol şeir kitabının müəlliflərini hamı tanıyır. Ağır taxtalı, qalstuklu, toyun ən deyib-gülən yerində qaçqın həyatı ilə bağlı kədərli şeir deyən kolleqalarımız bəs qədərdir. Vəzifəlilərdən, deputatlardan, bir sözlə yaxşı pulu olanlardan portret kitab yazmağa meyilli olanlar hər zamanda olub. Belələri kitabları qoltuğunda qapı-qapı gəzməsə də, kitabını konkret yerə göndərib pulunu götürməklə ədəbiyyatı köşənə döndərirlər. Əynində İbrahim Tatlısəsin pencəyi olan, barmağının ucunu çənəsinə dirəyib Babaxanlıdakı dağlara baxan qıymaqaş kişi şəkilləri arxa və qabaq səhifələrinə həkk edilmiş kitablar qışda odun peçində yandırmaqdan başqa nəyə yarayır ki?! Oxucu sayı ilə deyil, kitabların sayı ilə fəxr edən, həmişə yanında imzalı kitab saxlayan, istəməsən də kitab hədiyyə edən yazıqlara gör cəmiyyət necə baxır? Belə bir xaosda mən necə susum, sən özün de! Mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa?!.. Səhv etmirəmsə, sənin sevimli şairin Nazim Hikmət deyib.
 Özümə ustad seçdiyim Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov... tənqidimizin azman dayaqları idilər. Məgər onların vaxtında indiki kimi zəif əsərlər, cızmaqaraçılar olmayıb? Ədəbi təfəkkürü nol, istedaddan, bədii düşüncədən məhrum insanlar öz mənəvi kasadlıqlarını dərk etmədikləri üçün, bəzi halda da (bəzən elə əsas şərt bu olur!) lazımi tənqidin azlığından əhlikefliyə qurşanırlar- ağıllarına nə gəlir yazırlar, ya da ordan-burdan kopyalayırlar. Ədəbiyyat nəhəng bir dəryadır. Dalğalar, ləpələr heç zaman o yad, yabançı çör-çöpləri öz bağrına çəkməz, mütləq sahilə atar. Özünü tanımayan özgənin iradından nə anlayacaq? Belələrinin qənimi zaman özüdür. Bir də adam öz abrına qısılır. Tutaq ki tək İbrahim Sel yazdı. O birilər, məsələn, Qasid Nağıoğlu əgər belə “əsərlər” haqqında susursa, nəsə demirsə, yazmırsa, deməli, bu, onun ən kəskin etirazıdır. Mənim yazı-pozu dünyamda isə belə “qələmçilər” üçün heç zaman qırmızı işıq yanmır. Halbuki ədəbiyyatda, mətbuatda diqqət çəkən ən kiçik hekayə və bir misralıq şeir belə mənim düşüncələrimdən izsiz keçmir. Mütləq ədəbi prosesin işıqlı cəhətlərini göstərməyi çalışıram. İşıq da ki qaranlığın qənimidir. Onun parlaqlığında bütün fəsadlar, qüsurlar aydın görünür. Mühüm şərt odur ki, insan birinci növbədə özünü görməyi bacarsın.
 Hökmən bilməlisən ki, şeir bəsit, hansısa sönüb gedəsi, sonu torpaq olası və bəlkə də bir müddət sonra iyrənc bir hala düşəsi məcazi eşqə ünvanlanmır, şeirin əsas qayəsi insanın içindəki Ruhani kodları oyandırmaqdır. Amma sən bu kodları oyandırarkən əllaməçilik də eləməməlisən. Eləsən, bir gün oyanıb görürsən ki, yaratdığın şeir öz başına corab hörüb. Bu hörgünün çertyojlarını çəkən başqası olsa da...
 Qaç, şair, qaç. “Dərdi gicgahına çaxıb qalma”, qaç. Qaç ki, özünə çatasan. “Qarış-qarış gəzmə bu qəmi”, “Özünü asmağa ip də arama”. “Ölüm dincəlmək də deyil ömürdən”. “Sinəmiz də heç dağlar ölkəsi-zad deyil”. “Hərə bir ölümə qoşulub” getsə, day məmləkətdə kim qalar, düşmənlə kim döyüşər? “Ən yaxşı ölüm də çəkmir adamın şəklini”, yalan deyirsən. “Dağ çayı yıxılıb dağdan ölmür”, əksinə daha gur yaşayır. Şairə də ki nəzir qutusu olmaq yaraşmaz, şair dilənçi-zad deyil ki! Ürəyini niyə quşa atırsan, sənin ürəyin nə boydadı ki? “Çəkdiyin ahları nəqarət eyləmə”, şair, qaç ki özünə çatasan, qaç. “Bənövşənin də yanında boynubükük qalma”, qaaaaç uzaq ol belə şeylərdən, boynubükük düşmənin olsun. “Ölümdən qonaq olmaz”, o dünyadan əl çək, çıx bu qaranlıq tuneldən. “Özgə bir qəmə də nişanlanma”, yaşın o yaş deyil sənin. “Göyə çöp daşıyan bir quş-zad da olma”, ədəbiyyat quşçuluq ferması-zad deyil sənə. Qaç belə-belə bezdarnı söhbətlərin əlindən, Əlzada. Bircə özündən qaçma, onsuz da insan öz mənindən heç yana qaça bilmir. Bu yazıları da elə-belə, bir oxucu kimi yazıram ki, bir bAlaca da düşünəsən. Sən böyük yolun yolçususan. Ədəbiyyat bizim ərazimizdir. Əgər bizim əraziyə giribsənsə, bir az sentimentallıqdan uzaqlaşmalısan. Bu dəfəki kitabında göz yaşı yağış kimi yağırdı, elə deyil? Gələn dəfəki kitabında yəqin ki gün çıxar. İnşallah, yağışdan sonra gül bitər. Bizim çöllərdə qanqal bitməz. Çünki biz Gülün gerçək aşiqləriyik. Danışdıq? Əlzada can, yəqin ki mütaliəni artıracaqsan. Söz? Bizi də başa düş, baxıb görürük ki, potensial məhv olub gedir- heyfslənirik. Sən öz istedadını boş-boşuna sərf edənlərdənsən. Nə bilim acı taleyim belə gəldi, göz yaşlarım elə getdi... Pulemyot kimi üyüdüb tökürsən. Qurtar bu ağlaşmanı. Sənətə gəl, sənətə! Sənin öz istedadının yolunu kəsməyə haqqın yoxdur. Bu çətin və şərəfli yolçuluqda sənə uğurlar və bol şanslar arzulayıram.
 Tanrı üzünü güldürsün!
 Fikirlərimi öz atəşin şeirləri ilə sənin kimilərə örnək ola biləcək gənc şair Raul Məsumun aşağıdakı misraları ilə bitirmək istəyirəm:



A dostlar, həsrəti qovun ürəkdən,
Kim deyir ki, aha gedən yoldayıq?
Siz dəstə bağlayın güldən-çiçəkdən,
Sevgi adlı şaha gedən yoldayıq.

Qalxaq arzuların zirvəsinə biz,
Ellərə səs salsın qoy sevincimiz.
Neçə cığırlara salmamışıq iz,
Bu gün xoş sabaha gedən yoldayıq.

Комментариев нет:

Отправить комментарий