11.11.2010

“ŞEİRLƏ DOLU ŞƏHƏR”- PSİXOLOGİYA MATERİALI

İbrahim Sel
Professional Oxucu Liqası

Kitab boyu belə görünür ki, Əlizadənin qəhrəmanı hirsli, qəmli, həyatda üzü gülməmiş, bəxti gətirməmiş bir insandır; şairin ümidlərinin simvolu göz yaşı və yalvarışlardır

Bir çox şeirlərini oxuyarkən Əlizadəni ikrahla “XVI əsr şairi” adlandıran bəzi həmkarlarının nə qədər haqlı olduğunu düşünməli olursan
                 
 Əlizadə Nuri ümidverən şairdir. Səliqəli yazır, şeir dilində pəltəklik hiss olunmur. Son zamanlar qəzetlərdə yapon hoykularına bənzər “modnu” şeirlərinə da rast gəlib sevinirdik. Sevinirdik ki, şair tamam yeni yol tutub, özünə, sözünə fikir verməyə başlayıb, “vot-vot”dadır, ortaya nəsə yeni bir şey qoyub sənətdə öz sözünü deyəcək. Onu da deyək ki, həmin hoykular göz quruluşu ilə monqoloid irqinə çəkən Əlizadə Nuriyə çox yaraşırdı, “çem” hindkinoizm-motalizm janrında olan heca şeiri. Yaxınlarda çapdan çıxan “Şeirlə dolu şəhər” adlı kitabındakı qəribə ədanı görəndə isə olan-qalan ümidlərimiz də puç oldu. Yeni kitabdakı “köhnə hamam köhnə tas” ovqatımızı tamam təlx etdi. 

Mən bir nəzir qutusuyam
Qəpik-quruşdan doymuşam.
Mənə böyük qəm göndərin,
Xırda-xuruşdan doymuşam.

 Hər bir şair özünəməxsusluğu ilə seçilməlidir və əgər bu özünəməxsusluq nəzərə çarpmırsa, onda həmin şairin poetik inkişafından və səviyyəsindən söz açmaq mümkün deyil. Rəhmətlik Belinski deyirdi ki, rəvan və ahəngdar şeir ancaq poetik formaya olan qabiliyyəti üzə çıxarır, həqiqi natiqliyin yanında ritorika nədirsə, belə şeir də həqiqi poeziyanın yanında eyni şeydir. Şeirin poetik olması üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət etməz, burada fikir də lazımdır. Fikir lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu təşkil edən budur. Əlizadənin şeirlərində isə AYB-nin qadın şairələrinin şeirlərinə xas kədər və küskünlük motivləri üstünlük təşkil edir, ağlaşma çalarları diqqətdən yayınmır və bu şeirlərdə poetik fikir hisslər burulğanı içində görünməz olur, ya da elə əvvəldən şeirdə gözə dəymir. Onu da deyim ki, bu təkcə Əlizadənin deyil, əksər cavan şairlərimizin şeirlərinə xas olan qüsur sayıla bilər.

Bax bu mənəm, öz haqqını
Haqsızdan ala bilməyən.
Ümidin qırıq boynuna
Qolunu sala bilməyən…

Kül altda közü ağlayan,
Gözündə yüzü (?) ağlayan.
Divarda sazı ağlayan,
Götürüb çala bilməyən.

 Pis çalırsansa, heç çalmasan yaxşıdır, elə deyil?! Bu bəndlər qalan iki bəndin yanında çox solğun görünür və əslində, elə onlar da heç nəyə xidmət eləmir.

Dörd tərəfəm- üçüm (?) sudu…
Çölüm sudu, içim sudu.
Bu yağış bir içim sudu,-
Ya dəndi (?), tanrı göndərib?!

 Bərəkallah! Belə şairlərləmi biz Qarabağı alacağıq? Şeirlərin çoxunda bütün poetexniki elementlərə riayət edilib, amma nooolsun?! Poetik fikir ki yoxdur! Demək istəyirəm ki, Əlizadə bu kitabı ilə də ədəbiyyatımızı başına götürmüş, tez-tez rast gəlinən «Nanay-nanay» motivasiyasından uzağa getməyib, ortaya təzə heç nə qoya bilməyib. Bir çox şeirlərini oxuyarkən Əlizadəni ikrahla “XVI əsr şairi” adlandıran bəzi həmkarlarının nə qədər haqlı olduğunu da düşünməli olursan. Fikir verin:

Mən aşiq odda yana,
Mən yanam, od dayana…
Mən yanmaqdan qorxmuram,
Qorxuram od da yana!

 Heç bayatı yeridimi, yoldaşlar? Şairin müşahidə və təsvir obyekti müasir insan deyil, sanki XVI əsr yaşayan hansısa bir molla fərzulladır. Müəllif kitab boyu əsrlərin o üzündə dayanmış bu adamın yaşantılarını, ümidlərini, öz mühiti ilə münasibətlərini xüsusi izləyir, bu qapalı çevrədən kənara çıxmır ki çıxmır (Bəlkə məhz elə bu səbəbə Əlizadə Nurini ədəbu kluarlarda XVI əsr şairi adlandırırlar?!). Bu isə psixologiyada yaxşı hal sayılmır. İnsan öz daxili aləmini təbiət və cəmiyyətlə vəhdətdə görməlidir. Əlizadə Nurinin isə «şeir ərazisi» yüngül formada desək, çox dar və məhduddur.

Bu güllər himə bənddi,
Töküb qan-yaş ağlasın.
O yağışa deyin ki,
Bir az yavaş ağlasın.

 Başdan ayağa yas! Əgər o, ağaca baxırsa, onun gövdəsindəki qırışı sizin kimi adi qırış kimi görmür. Bu qırışa istədiyi, ancaq getmədiyi yol kimi baxır. Belə lap dəhşətdir! Əsl psixologiya materialı. Tutaq ki yağış. Yağış ki adi təbiət hadisəsidir. Amma Əlizadə yağış görən kimi yenə göz yaşları işə düşür.
 Kitab boyu belə görünür ki, Əlizadənin qəhrəmanı hirsli, qəmli, həyatda üzü gülməmiş, bəxti gətirməmiş bir insandır. Həsrət, ayrılıq, iztirab yaşantıları onun poeziyasının özəyini təşkil edir. Şairin ümidlərinin simvolu göz yaşı və yalvarışlardır. Boş kütlə kimi onu atıb getmiş həmin o qızın bir zaman qayıdacağı həsrətini çəkir. Keçmişə aparan gəmisinin olmasını arzulayır. Amma bunlar xəyaldan başqa bir şey deyil. Özünə qapılan şair sosial problemləri, dünyanı narahat edən qlobal çaxnaşmaları sanki görmür, onlara əhəmiyyət vermir. Niyə?
 Bütün sabahlar gözəldir. Çünki bütün sabahlar qaranlığı əridir, zülmətin bağrını sökür. Hər açılan sabah dan üzüdür. Hər açılan sabah işıq deməkdir. Və nəhayət hər açılan sabahda insan səsi var. Hər açılan sabahda üzümüzə gün doğur. Fərqi yoxdur, ya dünəndə qalan sabah olsun, ya da bu gündən sonrakı sabah. Sabahın mahiyyətində gələcək var. Hətta dünənki sabahlar da gələcəyin məzmununu ifadə edir. Ancaq dünəndə qalan sabah xatirədir, yaşananlardır. Keçmişi unudun, Əlizada müəllim, depressiyadan çıxın və sabahla yaşayın.
 Deyilənlərə görə bu, sizin məlum janrda buraxdırdığınız 14-cü kitabdır. Sizə elə gəlmirmi ki, valı dəyişmək vaxtı gəlib çatıb?! Çalışın gələn dəfəki kitabınızın başı və SONU (burda başqa söz yazmaq istədim, amma redaktor qayçısından keçməz!) ayrılıq olmasın, həsrətdən, hicrandan yaxa qurtarsın. Mümkünmü? Əgər mümkün deyilsə, onda əliniz çənənizdə göy qurşağına az baxın. Yayın cırhacırında belə boynunuza qalstuk taxıb gəzirsiniz. Xarici ölkələrdə camaat heç qoluna saat taxmır. Dünyagörüşünüz olsun, heç olmasa mobil telefondan internetə girin, noutbukdan, netbukdan, iPaddan istifadə edin.
 Bəzən isə Əlizadə:

Bir qızın qaşına çəkilən qələm,
Bir qızın gözündə azan qələməm (?).
Qəmimi kökləyib çalıram (?) hər gün,
Mən qələm ozanam, ozan qələməm (?).

kimi şeirə uyuşmayan yaman-yaxşı misralara üz tutur, istərdim bunların da sayı az olsun... Özü də həmin şeiri tanınmış ziyalılardan olan bir dostuna həsr edib. Mənə elə gəlir ki, dostu ona həsr olunmuş bu şeirdən heç də mütəəssir olmayıb. Əlizadəyə gələcəkdə dostlarına daha ləyaqətli şeirlər yazmağı arzulamaqdan başqa çarəmiz qalmır.

Bir səhrada suya döndüm
İçmədi yoçular məni.
Ac eldə ruzuya döndüm,
Biçmədi yolçular məni.

 Haqqında söz açdığım bu cavan ikən ağsaqqallıq missiyasını öz üzərinə götürmüş şairimizin istedadlı olduğuna və müasir Azərbaycan şeirinə yeniliklər gətirəcəyinə möhkəm bir inamla yazımın poeziya hissəsinə nöqtə qoymaq istərdim. Amma onun şeirlərində nəzərə çarpan, adamı həm təəccübləndirən, həm də təəssüfləndirən məqamları da yekunlaşdıraraq nəzərinizə çatdırmaq zorundayam.

1.Əlizadənin “Şeirlə dolu şəhər” kitabına nəzər yetirdikdə bəzi məqamlarda müxtəlif SƏSlərin deyil, bir SƏSin, yəni ağlaşma səsinin hakim olduğunu görürsən. Fikirləşirsən ki, necə ola bilər, bütün şeirlər yazı tərzləri, maneraları ilə bir-birinə bu dərəcədə «qohum» olsunlar? Doğrudur, onların hər biri düşüncə tərzi etibarilə bir-birindən fərqlənə, seçilə bilirlər, amma qafiyəli şeirləri hamısı hönkürtü motivi üstündə qurulduğundan necə də ağıya oxşayır! Təkcə şeirlərin adına fikir versəniz, mənimlə razılaşarsınız: “Qarış-qarış gəz bu qəmi”, “Özünü asmağa ip tapa bilməz”, “Ölüm dincəlməkdi ömürdən”, “Dağlar ölkəsidi sinəmiz bizim”, “Hərə bir ölümə qoşulub”, “Ən yaxşı ölüm çəkir adamın şəklini” (Pikasso, əsl şedevrdi, təəssüf ki qarantiyası üç ildən artıq deyil!), “Dağ çayı yıxılıb dağdan ölərdi”, “Dərdi gicgahına çaxıb qalırsan” (Xarakirinin Əlizada növü), “Mən bir nəzir qutusuyam” (Allah dolu eləsin!), “Mən öz ürəyimi quşa atmışam” (!), “Çəkdiyim ahları nəqarət eylə” (Pantomima teatrı!), “Bənövşənin yanında boynubükük qalmışam” (Boynubükük düşmənin olsun), “Ölümdən qonaq olmaz”, “Tanrı nəfəs kimi üzümə dəysin ölüm” (Əşşi, Allah eləməsin! Sən canın ölmə! Bağır, özü sənə kömək olsun), “Mən özgə bir qəmə nişanlanmışam” (Toy olacaq?), “Bu ömür yolunda ağır qəzalar” (Dövlət Yol Polisi köməyinə gəlsin), “Göyə çöp daşıyan bir quşam, ana” (Ah, sən həm də quş imişsən?!), “Alın bu dünyanın əlindən məni” (Polisə müraciət edəcəksənmi?), “Bir şirin günaha batıb gedərdim” (Qayıdacaqsanmı? Bəs poeziyanı kimə tapşırıb gedirsən?), “İlahi, o quş da müsəlmandımı?” (Bəlkə tutub baxasan?), “Solarmış gülləri qoxlamayanda” (Qoxlayanda solmur ki?), “Yapış qürurundan, çəliksiz yaşa” (Ortopedik-geodezik təlimat), “Mənim pəncərəmdə ağlayan yağış”, “Dayan, qoy bu qəmdən doyum, göndərim” (mail.ru-ya göndər, box.az-dakı nokdauta düşüb) və sair və ilaxir. Seymur Baycan demiş, hazır ət məhsulları.
 Göründüyü kimi, təkcə adlar oxucuya çox söz deyir. Başa düşüldüyü kimi bu şeirlər reqress ədəbiyyatından başqa bir şey deyil və öz oxucusunu baş ağrısına salmaqdan başqa heç bir funksiya daşımır.

2.Sərbəst şeir o demək deyil ki, necə gəldi üyüdüb tökəsən. Sərbəst şeiri daxili musiqisiz, ahəngsiz, melodiyasız təsəvvür etmək olmaz. Əgər belə olarsa, onda şeirin şeirliyindən danışmağa dəyərmi? Bu, poeziyanın ən qoca qanunlarından biridir. Çox təəssüf ki Əlizadə Nuri sərbəst şeir yazarkən bunu unudur. Onun kitabındakı sərbəst şeirlər hamısı danışıq ritmi üzərində qurulan şeirlərdir. Çox təəssüf!..

3.Əlizadə qaranlıqla çox əlləşir. Ömür heç də oksigensiz tunellərdə keçmir və ömür dedikləri heç də ölümə qədərki tunel deyil və insanın ən yaxşı şəklini də ölüm çəkmir. Qaranlığı yox, işığı göstərin, Əlizada müəllim! Dünya işıqsız deyil.

 Dediyimiz kimi, təəssüf ki sizin dünyanız çox məhduddur. Öz daxili-rühi həyəcanlarınızla çox əlləşirsiniz, sizin dərdiniz mənim, onun, sizi oxuyanların və sizi sevənlərin dərdinə çevrilmir. İşıqdan qorxmayın. Mütaliənin dozasını çox eləyin, yazmaqdan çox oxuyun.
 Beləliklə, istərdik ki Əlizadə Nurinin hissləri, duyğuları məhdudluqdan xilas olsun, nədən yazırsa-yazsın, o yazacağı şeir təkcə bir kitabın deyil, poeziyanın faktına çevrilsin. Ona uğurlu yol arzulayaq.

P.S.: Deyilənlərə görə “Sıçra” adlı daha bir şeir kitabınız çapa hazırlanır. Ümidvarıq ki, həmin kitabı məmurlara yox, bu dəfə biz professional oxuculara paylayacaqsınız...

Комментариев нет:

Отправить комментарий