15.11.2010

HƏYAT, OYUN VƏ İZTİRAB ŞAİRİ

İbrahim Sel

 Şair Sayman Aruzun yeni kitabı çapdan çıxıb: “Bahar gəlmədi”. Bu kitabda müəllifin bizə təqdim etdiyi forma- şeirlə şəklin sintezi çağdaş ədəbi məkanımızda yeni hadisədir. Onun şeirlərində zaman, vaxt, insan ömrünün müxtəlif məqamları fəlsəfi kodlar halındadır. Bu şeirlər böyük poetik enerji daşıyıcılarıdır. İndiki boz ədəbi mühitdə Sayman Aruz poeziyası öz legitimliyi ilə seçilir. O, istənilən mövzuya özünəməxsus intellekt, modern düşüncə məharəti ilə yanaşır və bu zaman poetik səmimiyyətini qoruya bilir.
 Saytlardan oxuduğum bir çox şeirlərindən aldığım təəssürat məni bu qənaətə gətirib: Sayman Aruz poetik təfəkkürün bənzərsizliyi ilə seçilən tək-tük çağdaş Azərbaycan şairlərindəndir. Hal-hazırda Cənubi Azərbaycanda bu kalibrdə şair yoxdur. Onun “Bahar gəlmədi” kitabı ədəbi-bədii fakt kimi fikrimi bir daha təsdiqləyir. Burada bədii təfəkkür üfüqlərinin genişliyi, misraların bətnindəki mənaların həyatiliyi, həm də çoxqatlılığı heyranlıq doğrurur. Sayman yazdığı hər şeiri bütün çalarları ilə o taylı bu taylı Azərbaycanımız üçün poetik hadisəyə çevirir.
 “Qarapapaq elindənəm,/ Bir türk döyüşçüsünün belindən/ Ay Günəş kafesi!” hayqıran şairin yaradıcılığı sıradan bir azəri türkünün ömür süjetidir, bəlkə də bütün azəri türklərinin yaşamından xırda bir element də olsa, tapmaq olar o şeirlərdə... Onun poeziyasının özəlliyi damlada ümmanı ehtiva etmək bacarığıdır. Belə səmimiyyətlə, həmçinin yüksək poetik bacarıqla ifadə olunmuş poeziya nümunələri bütövlükdə əbədiyyatımızın uğurudur.

Nə biz dönəcəyik uşaqlıqlara,
Nə şəhər qayıdıb kənd olacaqdır.
Gəl yapış əlimdən gedək, sevgilim,
Bu şəhər biz deyən olmayacaqdır...

 Əsl vətən rəsmləridir bunlar, amma duyğulardan boylanan rəsmlərdir. Saymanda belə “rəsmlər” çoxdur. 
 Aruz poeziyasında diqqəti ilk cəlb edən amillərdən biri intellektuallıqdır. Bəziləri intellektuallığı şeirdə fikrin aparıcı rol oynamasında, bəziləri fikrin fəlsəfi axarında, bəziləri isə dövrün, zamanın bütün texniki nailiyyətlərinin şeirdə ifadəsində görürlər. Amma Sayman sübut etdi ki, əsl intellektuallıq şeirin, poeziyanın kənarında, xaricində deyil, içindədir- gözlənilməz və heç kimin ağlına gəlməyən gedişlər, bənzətmələr, assosiativ təfəkkürdən doğan məcazlardadır. Bu cəhətdən “Beynimlə ürəyim” şeiri sanki Saymanın avtoportretidir.
 Bir çox şeirləri qədim şərq fəlsəfəsindəki sufizmin qərb modernizmi ilə uğurlu sintezidir. Həmin uğura görə əlbəttə ki İran təhsilinə bir afərin düşür. Bu mənada Sayman müasir poeziyamızda sivilizasiyaların qovuşmasının bədii faktoruna ilk imza atanlardan olmuşdur. Onun poetik novatorluğu əbədiyyatımızın inkişafında geniş üfüqlər açır.
 Sayman yaradıcılığında elə qısa şeir parçalarına rast gəlirsən ki roman qədər düşündürücü təəssürat yaradır adamda. Məsələn: “Ölüm üzümə gülür,/ sən/ ağlayırsan!”. Birinə də fikir verin: “Qorxmuram! Get,/ dişlərimin çarpışmağı/ soyuqdandır!”.
 “Azadlıq boyunbağısı” şeiri də azadlıq haqqında ümidli notlarla yazılmış fəlsəfi məzmunlu bir roman səciyyəlidir. Mənə elə gəlir ki bu cür poetik, yığcam romanların dövrü uzaqda deyil. Və bu şeir onun ilk qaranquşudur. Həyatın, dünyanın, azadlığın, ağrı-acının, masonizmin və bir çox mətləblərin poetik mahiyyəti açıqlanır “Azadlıq boyunbağısı”nda. 
 Minillik tarixə malik Şərq poetikasına, fəlsəfi fikir dünyasına məxsus “qurbanın cəllada dediklərini” Sayman çox orijinal indekslə, özünəməxsusluqla modern düşüncə orbitində canlandırır. Deyərdim ki həmin şeirdə Saymanın hər bir yanaşması misralardakı poetik hərəkətin simfoniyasıdır... 

Bir payız sabahı, azan çağında
Qoşa gedirdilər iki vətəndaş.
Biri ölən idi, biri öldürən,
Biri qaşqabaqlı, biri qələmqaş.

Qoşa aparırdı çiyinbəçiyin
Kələfçə onları sevgidən betər,
Öləndən soruşdu birdən öldürən
Azadlıq nədir ki ölməyə dəyər?

Dedi bu suala cavab versəm də,
Onu zaman sənin fikrindən silər,
Azadlıq anlamın yalnız mənim tək,
Cəlladın əlindən yapışan bilər.

 İçi məna ilə dolu, assosiativ təfəkkürlə cizgilənən ayrı-ayrı misralara Saymanın bir çox şeirlərində rast gəlmək olur. Bəzi misralar mənə akvarellə çəkilmiş cizgiləri xatırlatdı. 
 
Cəllad üzüyünü alıb adətən,
Taxdı boynundakı boyun bağına
Üzüklər səslənib yeni üzüyə
Xoş gəldin dedilər üzük bagına…

 “Azadlıq boyunbağısı” şeirini insanı riqqətə gətirir. Şair mövzunu uğurla seçib. Onluğa vurub. Şair hadisəni təsvir etmir, həmin hadisə ilə dialoqa girir. Gündoğandan günbatanatək şeirin içindəki adama düşünmək şansı verir. Gündoğanla günbatan arası isə şeirdə bir insan ömrüdür.
 “Azadlıq boyunbağısı”- şairin qlobal, bəşəri düşüncələrinin inikasıdır. 
 Sayman Aruzun hər bir bütöv şeiri yenilik hissini, düyğusunu elə ifadə edir ki, gərək nümunə çəkəndə şeiri bütöv göstərəsən. Daha onun bir misrasını və yaxud bir bəndini misal çəkəndə istədiyimiz təəssüratı almaq çətinliyi yaranır. Onu şair kimi səciyələndirən əsas bu amillərdən biri də budur.

Bilmirəm bu gecə haçan qurtarar?
Bilmirəm ayrılıq haçan bitəcək?
Bilmirəm son qatar haçan son dönə?
Gəlib gözlərindən keçib gedəcək?

Bilmirəm dənizlər haçan dolacaq?
Haçan gedən sular qayıdacaqdır?
Bilmirəm haçansa ayın əkizi
Dönüb özlüyünə qayıdacaqdır?

Ancaq dayanmışam stansiyada,
Arxanca əlimi titrədirəm mən.
Duymayasan deyə, getmə, səsimi
Qatarın səsində gizlədirəm mən.

Dəmirlər sürtülür biri-birinə,
Qatar yavaş-yavaş gözümdən itir.
Gözlərin bir qoşa dəmir yoludur,
İçindən ayrılıq qatarı keçir...

 “Bizim ölkəmizdə hər şey ikidir” şeirində söz poetikası fikir poetikası ilə iç-içədir. Belə çox mənalılıq Saymanın poetik novatorluğunun ən önəmli atributudur. Həmin şeir bir daha sübut edir ki, Sayman həm də bütövlükdə mövzunu metafora kimi təqdim etməyin ustasıdır. 

Bizim ölkəmizdə, bizim şəhərdə 
İki ay hər gecə üz-üzə gələr, 
Biri işıq saçar görəndə bizi, 
Biri də görəndə üzün döndərər. 

 “Vətən” şeiri məktəb dərsliklərinə salınmalı olan bir şeirdir. Müstəqillik illərindən sonra bizim xəstə təfəkkürlü, qocaman müəlliflər tərəfindən dərsliklərə salınmış şeirlərə fikir verin. Poeziya yox dərəcəsindədir, axıcılıq noldur. Uşaq bu şeirləri əzbərlədikcə yarımcan olur. Çünki pedaqogikadan anlayış yoxdur. Ruslar onu necə gətirmişdilərsə, eləcə də qoltuqlarına vurub apardılar. Saymanın şeirlərini isə əzbərləmək lazım deyil, bir dəfə oxudunsa yadda qalır. Nəql də etmək olar. Şeirin səmimiliyi göz önündədir. Bəlkə elə həmin səmimiliyin yekun halıdır ki, cənubi azərbaycanlılar uşağın belinə qumbara bağlayıb tankın altına atırdılar... 
 Sayman tək-tük şairlərdəndir ki, mütaliə edərkən onun şeirlərini ucadan oxuyuram, həmin oxuma zamanı yaranan intonasiyadan həzz alıram. Səsə müxtəlif ton vermək də lazım deyil- həmin tonu müəllif şeiri yazarkən kökə otuzdurub. Bu mənada Sayman Aruz böyük bir ümman, böyük bir kəhkəşan şairdir. Hər dünyaca ünlü şairin poetikasından nəsə tapmaq olar onda. Məsələn, “Qala bilmirəm” şeiri Əli Kərimin məşhur şeirini xatırlatdı mənə: “Kafesiz şəhərdə qala bilmirəm”. “Sevgilərin boyası” Vısotski şansonları stilindədir, musiqisi də içindədir. “Xatirə”ni isə oxuyanda sadəcə uçursan. Bu şeirin mütaliəsi çox sevdiyim Şəhriyarımızın işıqlı çöhrəsini gözlərim önünə gətirdi:

Qatlayıbdır ömür dizin, Xatirə,
Biləmmədik ömür gizin, Xatirə.
Ayrılığın o pinti fəlsəfəsi
Qoydu getdi qara izin, Xatirə.
 
 Onun şeirlərinin bir üstünlyü də obrazlı ifadələrin, metaforaların, təşbehlərin təzəliyidir. Bəzən ənənəvi obrazlar onun şeirlərində yeni biçimdə üzə çıxır. Səttarxana həsr etdiyi şeirdə də məğlubiyyətin ağırlığını başqa bir istiqamətdən, yeni bir rakursdan qiymətləndirməyi bacarır.
 Sayman az-az şairlərindədir ki, onun anlamı poetik misralarda deyil, şeirinin sujetli, bəzən isə nağılvarı, ən başlıcası isə canlı bir orqanizm şəklində olmasındadır. Lirik ovqatdan bir az daha çox epik ruha yaxın olan Sayman fikir və düyğularında çox səsli, çeşidli, orkestrin ifadə etdiyi musiqi tempinə çox yaxındır. Bu poeziya sanki bir simfoniyadır, bəzən gur, çeşidli, bəzən sakit, səlis, endirimli, qaldırımlı... Bir şair kimi mən də özümü misraların obrazlığında və poetikliyində axtarsam belə, həqiqətən də Sayman poeziyasına həsəd aparıram. Onun ifadə etdiyi bədii nitq, dil və süjetin ədəbiyyatımızda analoqu yoxdur və həmin xüsusiyyəti müasir şeirimiz üçün əsas, həm də ciddi xətt hesab edirəm.

Ərköyün sevgilim, payızda köçüb
Bir daha baharda qayıtma yenə.
Şairlər sevgisi fəsillik deyil,
Yalandan deyiblər deyənlər sənə.

 Sayman nədən yazırsa- yazsın, poetik həqiqət önə çıxır. Ümumi bir şeirin mənası və yaxud bir misranın ifadə etdiyi həqiqət zamanla səsləşir, zaman və məkan anlayışlarını büruzə verir. Bu şeirlərin içindəki qəhrəman yenidir, müasir şeirimiz üçün olduqca maraqlıdır.
 Hər bir müasir insanımızı əbədi düşündürən axtarışlar və sorğular aləminə rəğbətləndirən bir dəvət- budur Sayman Aruz yaradıcılığının əsas qayəsi! Qəti əminəm ki, Saymanın poeziya yolu gələcəyin poetik məktəbinə çevriləcəkdir. Onu bəri başdan təbrik edirəm.

Комментариев нет:

Отправить комментарий