15.07.2017

İŞİD-çilərin murdarlıqları üzə çıxır: "İntim-kölələrin alveri ilə məşğul idilər"

İŞİD əsarətindən xilas olmuş terrorçuların arvadları həyatları barədə danışıblar.
İŞİD terrorçuları Suriyadakı “paytaxtlarını”- Raqqa şəhərini müdafiə edərək özlərində saxlamağa çalışırlar. Son günlər isə adıçəkilən şəhər uğrunda şiddətli döyüşlər gedir. Terrorçular məhz burada öz qaydalarını yaradaraq “xilafətlərinin” yayılması üçün zəmin yaratmağa çalışırdılar. Son zamanlar mühasirə altında olan şəhərdən yüzlərlə insan xilas ola bilib. Onlar arasında məhv edilimiş və ya əsir düşmüş terrorçuların arvadları da var.
islamazeri.com xəbər verir ki,  “Russia Today” telekanalı həmin qadınlardan bir neçəsi ilə söhbət edə bilib. Qadınlar onlara qarşı zülm, təzyiq, əziyyət və zorakılığın olduğunu bildiriblər.
İŞİD terror təşkilatının paytaxtı olan Raqqa şəhərində terrorçular ilə müxalif “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında şiddətli döyüşlər gedir. Üstəlik İŞİD məhz bu burada öz idarə modelini yaratmağa cəhd edərək “şəriət” qanunlarının üstünlüyünü elan edib. Şəhərin alınması üzrə əməliyyatın başlaması ilə yerli sakinlər oradan qaçmaq imkanı əldə ediblər. Onlar arasında öldürülmüş və ya əsir düşmüş terrorçuların arvadları da var. Onların əksətiyyəti xarici ölkə vətəndaşlarıdır. Terrorçuların “caynağından” xilas ola bilmiş həmin qadınlar artıq öz vətənlərinə geri qayıtmağa çalışırlar. Onların sözlərinə görə, onlar terrorçuların qanuni yoldaşları olublar, “intim cariyyələri” yox.
“İntim cariyyəsi deyilik. Hər şey qanunidir: meriyaya gedərək ərə gedirdik. Əgər ərimiz ölürdüsə, sadəcə olaraq başqa kişiyə ərə verilirdik. Bütün bunlar qohumların razılığı və şahidlərin iştirakı ilə baş verirdi”- deyə Xədicə adlı bir qız bildirib.
“Əslən Tunisdənəm. Mənim ərim öldürüldükdən sonra, ana mənə əmr etdi ki, evə geri dönüm. Lakin yerli sakinlər mənə yenidən ərə getməyi təklif etdilər. Onlar dedilər ki, burada əlil bir insan özünə arvad axtarır. Soruşdular ki, "məgər sən ər istəmirsən?". Mən də razılaşdım”- deyə Xədicə əlavə edib. Qız əlavə edib ki, onun başqa çıxış yolu yox idi: “Tunisə geri dönməyə cəhd etsəydim, məni dərhal öldürərdilər”.
Digər bir qız- livanlı Nur əl-Xuda bildirib ki, Suriyaya ərinin ardınca gedib: “Ərim məni inandırmışdı ki, İŞİD elə də pis deyil”.
“Mənim 20 yaşım var. Mən ərimlə Tripoli şəhərində tanış olmuşam. Oradakı həyat tərzi çətin idi, elə buna görə də mən tez ərə getdim. İlk uşağımı 15 yaşında olarkən dünyaya gətirdim, bir il sonra isə 2-ci övladım doğuldu. Daha sonra isə mənim ərim sələfilərə qoşuldu. Onlar ərimə “cihad” haqda danışdılar və başa saldılar ki, o, İŞİD-ə qoşulmalıdır. Ərim məni də inandırdı ki, orada pis bir şey yoxdur. Mən onun arvadı idim, onun sözlərinə inandım”- deyə qız bildirib. Onun sözlərinə görə, əri ilə birgə İŞİD-ə qoşulmaq qərarı haqda qohumlarına məlumat verməmişdi. “Mən təyyarə ilə Türkiyəyə getdim. Oradan isə məni Suriyaya göndərdilər. İŞİD terrorçuları kişiləri öldürürdülər, qadınları ilə yaşayış yerlərinə görə yerbəyer edirdilər: qızları ərli qadınlardan və kölə qızlardan ayırırdılar. Əgər mən İŞİD-in nə olduğunu bilsəydim, ərimin ardınca getməzdim”- deyə Nur əl-Xuda əlavə edib.
Xədicə də Nur əl-Xuda ilə razıdır: “İŞİD çox pis idi: zülm və zorakılıq hökmranlıq edirdi. Qadınların qaldığı yerlərdə çoxlu pisliklər vardı. Uşaqlar qotur idi, onları bit-birə basmışdı. Uşaqlar xəstə olan zaman isə, onları poliklinikalarda müalicə etmirdilər”.
Xədicə Raqqa şəhərində Um Adam adlı mərakeşli qadının da olduğunu xatırlayır: “Um Adam qadınlar üçün nəzərdə tutulmuş İŞİD yataqxanalarını çox sərt şəkildə idarə edirdi. Əgər qızlardan biri yanlış bir iş görsə idi, onu qapısı və pəncərələri olmayan otaqlara kilidləyirdi. Həmin otaqların aşağısında balaca deşiklər olurdu, həmin deşiklərdən isə otaqlara yemək verildi. O otaqlar həbsxananı xatırladırdı”- deyə qız bildirib.
Xədicə həmçinin etiraf edib ki, terrorçuların qanuni arvadları ilə yanaşı intim münasibətlər üçün nəzərdə tutulmuş kölələri də var. Terrorçular həmin kölələri alırlar, bir-biriləri ilə dəyişirlər və hədiyyə edirlər. Bu işdə ən çox yezidi qadınlara tələbat var. “Terrorçunun arvadı və köləsi ayrı-ayrı yerlərdə yaşayırlar. Terrorçu isə sıra ilə onların yanında olur: bir gün biri ilə, bir gün digəri ilə”- deyə o bildirib.
Nur əl-Xuda da Xədicənin dediklərini təkrarlayıb. O qeyd edib ki, terrorçular kölələrə xüsusi diqqət yetirirdilər, onlar bu yolla kölələri daha baha qiymətə satmağa çalışırdılar: “Kölə edilmiş qızlara çox vaxt ayrılırdı: onları 15 min dollara sata bilmək üçün qızlara kosmetika alırdılar. Bakirələri isə 30 min dollara satırdılar. Azyaşlı qız uşaqlarını da satırdılar. Məsələn, 10 yaşlı bir qızı 10 min dollara satmaq istəyirdilər”.
Nur əl-Xuda xatırladıb ki, bəzi qızlar terrorçulardan qaça bilirdilər, lakin belə olan halda qaçmağa yardım edənlər qətlə yetirilirdi.
Xədicə də, Nur əl-Huda da sonda qeyd ediblər ki, həyatlarında “ağ səhifə açaraq” vətənlərinə geri dönmək istəyərdilər.
“Ərim və mən bura gəlməklə çox böyük bir səhvə yol verdik. İŞİD-in guya ki İslam dövləti olduğunu, İslama əməl etdiyini, Quran və peyğəmbərin qanunları ilə yaşadığını iddia edən heç kəsə inanmamağı məsləhət görürəm. Hər kim terrorçulara qarşı çıxırsa, onun başını kəsirlər”- deyə Xədicə əlavə edib.
Xədicə və Nur əl-Xuda kimi qızlardan fərqli olaraq, İŞİD-dəki halından razı olanlar da var. Bu cür təəssübkeş qadınlar terrorçu ərlərindən razı olsalar da bəzən onlarla kölələrinə qarşı olan həvəslərinə görə dalaşa da bilirdilər. Belə qadınlar ərlərinin kölələrə nə qədər diqqət ayırmasından danışıblar. “Qanuni arvadlarla intim-qullar arasında çoxlu münaqişələr var. Bəzi qadınlar hətta buna görə ərlərindən boşanırlar. Kişilər kölələrinə həddən çox pul xərcləyirlər, onlar üçün ən yaxşı kosmetikalar, əşyalar və bər-bəzəklər alırlar”- deyə terrorçulardan birinin arvadı deyib. Həmin qadının sözlərinə görə, onun ərinin telefonunda xüsusi proqram vardı. Həmin proqramda kölə qızların şəkilləri və qiymətləri yazılırdı. O qeyd edir ki, elə qadınlar var ki, özlərini ancaq və ancaq Əbu Bəkr əl-Bağdadiyə uyğun görürdülər: “Belə qızlardan biri bu bəhanə ilə öz kişisindən imtina etdi. Digər qadınlar isə ona tez məsləhət verdilər ki, özünü çox da yormasın, çünki Bağdadini artıq “məşğul” ediblər”.
Qeyd edək ki, terrorçuların liderinin “pərəstişkarlarının” arzusu ürəyində qalmalı olacaq, çünki o artıq məhv edilib. Artıq terrorçuların özləri də bildiriblər ki, liderləri sağ deyil.

islamazeri.com

Комментариев нет:

Отправить комментарий