AMEA-nın Fəlsəfə İnistitunun doktorantı,
ADMİU-nun redaktoru
Səfəviyyə təriqətinin yaradıcısı məşhur sufi Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili (1252-1334) eyni zamanda Səfəvilər sülaləsinin də banisi idi. Səfiyəddinin soyunun təxminən 25 nəsillik bir şəcərə ilə yeddinci İmam Musa Kazıma istinad etdiyi irəli sürülür. Araşdırmaçıların bəziləri bu şəcərənin XVI əsrdə ortaya çıxdığını uydurma olduğunu söyləyərlər. Lakin bu şəcərənin uydurma olması iddiası XVI əsrdə Osmanlılar zamanında ortaya atılmışdır. Ərdəbildə məskunlaşan bu ailə İsna əşəriyyə əqidəsinə malik idilər.
Səfiyəddin Ərdəbili 1252-ci ildə Ərdəbildə doğuldu. Firuz şahın nəvəsi olan Səfiyəddin Zahidiyyə təriqətinin mürşidi Şeyx Zahidi Geylanidən (1216-1301) dərs aldı və Şeyxin qızı Bibi Fatma ilə evləndi. Qısa bir müddət içində təsəvvüf sahəsində dərin biliyə malik olması ona şöhrət qazandırdı və Şeyx Zahidi Geylaninin ölümündən sonra şiəlik məzhəbi əsasında öz ideologiyası yaymağa başladı. İran Elxanilərinin vəziri olan Fəzlullah Rəşidəddin (1247-1317) ilə yaxın əlaqələr qurdu, Rəşidəddin Şeyx Səfiəddinə böyük hörmət göstərir və onu qoruyurdu.
Zaman keçdikcə Şeyx Səfiəddinin ətrafına toplananlar, ona bağlananlar çoxaldı. Şeyxin xalq arasında nüfuz qazanması monqol hökmdarı Əmir Çobanın (1262-1328) da marağına səbəb oldu və Əmir Çoban da Səfiyəddini ziyarət etdi. Bu ziyarət əsnasında Səfiyəddin monqolların İran xalqına etdikləri təzyiqi Əmirə izah edərək basqının ortadan qaldırılmasını təmin etdi. İslam dünyasının hər tərəfindən insanlar Şeyxi görməyə gəlirdilər. Bunların əhəmiyyətli bir hissəsi də Anadoludan gələn şiələr idi.
1334-cü ildə Şeyx Səfiyəddin vəfat etdikdən sonra oğulu Sədrəddin Musa onun yerinə keçdi və 1334-1392-ci illəri arasında Səfəviyyə təriqətinə rəhbərlik etdi. Artıq Səfəviyyə təriqətin tərəfdarlarının sayı minlərlə idi.
Xacə Əladdin Əli (şeyxliyi 1392-1428) atasından sonra təriqətin başına keçdi. İlk Osmanlı padşahları bu təriqətin şeyxlərinə hər il “Çıraq axçası” adıyla hədiyyə verirdilər. Xacə Əlinin Əmir Teymurun yanında böyük nüfuzu vardı. Əmir Teymur Xacə Əliyə Ərdəbili və Ərdəbilin kəndlərini hədiyyə etdi. Bu hadisədən sonra Anadoludakı şiə zümrələri də bu təriqətin tərəfdarı olmaq üçün meyl göstərməyə başladılar. Əmir Teymurun Anadoludan İrana apardığı türkmənlər Xacə Əlinin xahişiylə Ərdəbilə yerləşdilər və Xacə Əlinin müridləri oldular. Bunlardan bir qismi Anadoluya dönərək pirlərinin təbliğatını etməyə başladılar. Təriqət mərkəziylə uzaq yerlərdəki müridlər arasında vasitəçilər də vardı.
Xacə Əlinin oğlu Şeyx İbrahimin 1428-1447-ci illər arasında təriqətin piri oldu. Xacə Əli zamanında Anadolu şiə seqmenti arasında başlayan işlər Şah İbrahim zamanında qüvvətləndi. Anadolu şiələri bu ocağa axdı. Hacı Bektaş ocağının yanında Anadoluda ikinci və qüvvətli bir ocaq meydana gəldi.
Bu ocaq şiə düşüncəsini birbaşa iqtidara gətirməyə çalışırdı. Siyasi məzmunlu Səfəvi şiəliyi Osmanlı təzyiqi altındakı müsəlman əhalisi arasında sürətlə yayıldı. Şah İbrahimdən sonra təriqətin başına keçənlər şiəliyin dini istiqamətini ikinci plana endirib siyasi mübarizəyə giriş idilər.
Anadolu şiələri üçün iki vəli vardı, bunlardan biri Hacı Bektaş, digəri Şah İbrahim idi. Şah İbrahim Vəli Anadolu şiələrinin böyük hissəsi tərəfindən vəli kimi qəbul edilirdi. O, İmamların (12 İmam) yolunun davam etdiricisi kimi qəbul edilirdi.
Xacə Əli Qüdsdə yaşamağa qərar verdikdən sonra Ərdəbil təkkəsinin başına ölümündən sonra oğulu İbrahimin keçməsini müridlərinə vəsiyyət etdi. 1427-ci ilində Qüdsdə vəfatından sonra yerinə Şeyx İbrahim keçdi. Şeyx İbrahimin dövrü sakit bir dövr olaraq keçdi, amma Səfəviyyə təriqətinin tərəfdarları onun zamanında artdı. Bir müddət sonra da müridləri tərəfindən Şeyxlərin şahı olaraq xatırlanmağa başlandı. Dövrü haqqında çox az məlumat olan Şeyx İbrahim 1447-ci ildə vəfat etmədən əvvəl yerinə oğulu Cüneydin keçməsini istədi. Ölümündən sonra da Şeyx Cüneyd Ərdəbil təkkəsinin başına keçdi. Səfəvilər Cüneyddən başlayaraq siyasi işlərə qarışmağa başladılar.
Cüneyd 1447-ci ildə təkkə və təriqətin başına keçdiyində bundan əmisi Şeyx Cəfər məmnun olmadı. Çünki Cüneyd təriqət içində Xacə Əli zamanından etibarən böyüyərək inkişaf edən şiəliyin təsiri altında idi və bu vəziyyət əmisinin təmsil etdiyi təriqətin və təkkənin ənənəvi sünni İslamı ilə ziddiyyət təşkil edirdi.
Bu səbəbdən də Cüneydin təkkənin başına keçmə istəyi Şeyx Cəfəri çox narahat edirdi. Şeyx Cəfərə görə qardaşı oğlu Cüneyd qatı bir rafizi idi və bu azğın inancı ilə təkkənin başında dayana bilməzdi. Şeyx Cüneydin məqsədi təriqəti yalnız dini bir güc deyil, eyni zamanda hərbi və siyasi bir güc halına gətirərək Əhli-Beyt iddiası istiqamətində bir dövlət qurmaq idi. Bu baxımdan təriqətin ənənəvi sünni inancına və ənənəsinə qarşı çıxırdı.Cüneydin hədəfi yalnız bir şeyx olaraq xatırlanmaq deyil, həmçinin sultan olmaq idi. Əmisi Şeyx Cəfər ilə özünün bu radikal fərqləri Cüneydin Ərdəbildən sürgününə səbəb olldu.
Şeyx Cüneyd təriqət və təkkənin başına keçdikdən sonra şiə təbliğatına başlaması bu yol ilə minlərlə şiə tərəfdarı qazanması, bir şiə dövləti olan Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şahı narahat etmişdir. Bundan istifadə edən Şeyx Cəfər oğlu Seyid Qasımı Cahan şahın qızlarından biriylə evləndirmiş, bu evlilik yolu ilə ortaq düşmənləri Cüneyd olan, Şeyx Cəfər və şah Cahanın ittifaqı da qurulmuşdu. Bu ittifaq nəticəsində Cahan şah Ərdəbilə məktublar yazaraq Cüneydin şəhəri tərk etməsini tələb etdi və əks halda qətl ediləcəyini bildirdi. Cüneyd də əmisi Cəfər və Qaraqoyunlu şahı Cahanın təzyiqlərinə daha çox dözə bilməyərək irəlidə nəvəsi İsmailin quracağı Qızılbaş dövlətinin təməllərini atan 11 illik sürgün səfərinə çıxdı.
Qaraqoyunlu hökmdarı Cahan şahın qarşısında güclü və eyni inancdan gələn bir rəqib görmək istəməməsi üçün Şeyx Cüneydə sürgün yolları göründü. Cüneyd Ərdəbili tərk etdikdən sonra Rum ölkəsi olaraq şərqdə bilinən Osmanlı torpaqlarına getməl qərarına gəldi. Cüneyd Osmanlı torpaqlarında təriqətin yeni inancını yayacağını və orada məskən sala biləcəyini düşünürdü. Bu barədə Şeyx Cüneydin iddiaları haqsız da deyildi. Çünki babası Xacə Əlinin Əmir Teymur ilə görüşərək 1402-ci ildə Ankara döyüşündə Əmirə əsir düşümüş Osmanlı əsgərlərini sərbəst buraxması Osmanlı ölkəsində və sarayında Səfəvi şeyxlərinin məşhurluğunu artırmış, hətta Osmanlı sultanları minnət duyğusuyla Ərdəbil təkkəsinə hörmət göstərməyə başlamışdılar.
Şeyx Cüneyd Osmanlı torpaqlarına çatdığında bir müridini müxtəlif hədiyyələrlə birlikdə Osmanlı sultanı II Muradın hüzuruna gəlmiş və Osmanlı torpaqlarında yerləşmə icazəsini almışdı. Ancaq Osmanlı sarayının Cüneydin niyə Ərdəbildən sürgün edildiyindən xəbəri vardı. Bu baxımdan da Cüneyd gözlədiyi cavabı ala bilmədi. Osmanlı Sultanı II Murad Şeyx Cüneydə verdiyi cavabında 7 dərvişin bir xanədə otura bildikləri halda bir taxta iki padşahın sığmayacağını qeyd edərək, Cüneydin siyasi fəaliyyətlərindən xəbəri olduğunu və qarşısında onu bir rəqib kimi görmək istəmədiyini bildirdi.
Şeyx Cüneyd Osmanlı torpaqlarında qaldığı az müddət ərzində Səfəvilərin yeni məqsədini böyük kütləyə bildirmişdi. Osmanlı dövlətinin türkmənlərə qarşı apardığı ayrı-seçkilik siyasətdən narahat olan Anadoludakı türkmən tayfaları Cüneydin ətrafında toplanmağa başladılar. Digər tərəfdən də Xacə Bektaşın təsiri nəticəsində Anadoluda heteredoks, yəni qeyri-ortodoksal inanc geniş yayılmışdı. Bu baxımdan Osmanlı hakimiyyəti altındakı torpaqlarda olan türkmən tayfaların özünü Əhli-Beyt soyundan gəldiyini və onların iddiasında haqlı olduğunu söyləyən Cüneydə bağlanması elə də çətin olmadı.
Osmanlı sultanının Cüneydə torpaqlarında yaşamaq izni vermədiyi üçün Cüneyd də təsəvvüf şəhəri olaraq bilinən Qaraman bəyliyinin Konya şəhərinə gedir. Konyada olduğu zaman Şeyx Sədrəddin Konyəvi adıyla xatırlanan təkkəni ziyarət edir və Konyada Səfəvi təriqətinin İsna əşəriyyəyə, yəni On iki imam şiəliyinə əsaslanan ideologiyasının təbliğatına başlayır. Ancaq bu fəaliyyəti sünni üləması Şeyx Əbdüllətif əl-Qüdsi ilə olan müzakirəsi ilə sona çatır. Həmin dövrün qaynaqlarında bu müzakirəni belə qeyd edirlər: Şeyx Cüneyd Şeyx Əbdüllətif ilə söhbətində ona “Səhabələrə bağlılıq məkanladır, yoxsa övladladır?” deyə sual verir. Sünni din adamı bu suala “Səhabələrə bağlılıq məkanladır, çünki bu barədə ayə vardır” cavabını vermişdir. Cüneyd isə ona “O ayələr nazil olduğunda sən orada idin, onlarla birlikdə idin?” deyir. Şeyx Əbdüllətif əl-Qüdsi isə Cüneydə “bu sözlərlə kafir olduğunu, onun yolunda gedənlərində kafir olacağını bildirdi, Cüneydə Quran ayələrini inkar etdiyini” söylədi və müzakirə sona çatdı.
Bəzi tərəfdarlarının Seyid Cüneyd deyə müraciət etdiyi Şeyx Cüneyd Şeyx Əbdüllətif əl-Qüdsi tərəfindən kafirlikdə günahlandırılmasından sonra Konyada uzun müddət qala bilmədi və Tavr (Toros) dağlardakı Varsaq türkmənlərinin yanına getdi.
Şeyx Cüneyd kafirlikdə günahlandırıldığı Konyadan Tavr dağlarına gəldiyi zaman burada ona pərəstiş edən insanları tapmaqda çətinlik çəkmədi. Tavr dağlarında yaşayan əhali arasında əsas inanc Bektaşilik idi. Cüneydin ayaq basdığı bu Aralıq dənizi dağlarının sakinləri Abdal Musa təliminin daşıyıcısı idilər. Cüneyd Anadoluya ilk gəldiyi zaman Bektaşilərlə qarşılaşmışdısa da burada da o vəziyyətlə qarşılaşdı. Cüneyd Həzrəti Əli və Əhli-Beytə əsaslanan Səfəvi inancını yaymağa çalışır və qısa bir müddət ərzində Abdal Musa diyarında on minlərlə mürid bu təriqətə bağlanır.
Ancaq Cüneyd bu işlərlə məşğul olarkən onu kafirliklə ittiham edən Konyadakı Şeyx Əbdüllətif də boş dayanmır, Qaraman bəyi İbrahim bəyə Cüneydin məqsədinin kafirliyi yaymaq və səltənət üçün çalışdığını bildirir. Buna görə də Qaraman bəyi Cüneydə ulaqlar verərək bölgəni tərk etməyini, əks halda isə həyatını bağışlamayacağı barədə təhdidlərini ona çatdırır. Bir tərəfdən onun kafirlikdə günahlandırması, bir tərəfdən də Qaraman bəyinin siyasi və hərbi təzyiqi sayəsində Cüneyd Şimali Suriya torpaqlarına getməyə məcbur olur. Ancaq Cüneyd bölgəni tərk etdiyi zaman artıq tərk edəcəyi ərazidə onun təriqətinə və ocağına bağlı minlərlə tərəfdar var idi. Ona bağlı olan birliklər içində mühüm yer tutan Varsaqlılar sonralar qurulan Qızılbaş dövlətinin, Qızılbaş ordusunun əsas ünsürlərindən birini meydana gətirəcəkdilər.
Qaraman bəyinin təzyiqləri nəticəsi Şeyx Cüneyd ona bağlı bir qisim müridi ilə birlikdə Məmlük sultanlığının sərhədləri içərisində yerləşən Hələb ətrafında yerləşən Ərsuz dağındakı xristianlardan qalan bir qalanı Hələb əmrindən satın alaraq orada yerləşməyə başladı.
Cüneydin gəldiyi bu yeni torpaqlar onun İmaddədin Nəsiminin düşüncələri ilə yaxından tanış olmasına bir vəsilə olmuşdu. Cüneyd Suriya torpaqlarına ayaq basmasından bir neçə il əvvəl 1417-ci ildə Seyid İmadəddin Nəsimi Hələbdə qətlə yetirilmişdi. Şeyx Cüneydin yerləşdiyi bu torpaqlar da həmin hadisəyə şahidlik etmişdi. İndi də Cüneydin dini və siyasi fəaliyyətlərinə şahidlik edirdi. Şeyx Cüneyd Anadoludakı heteredoks inanclardan sonra hürufilik inancı ilə də tanış oldu. Təbliğatını bütün bu inanclarını özündə ehtiva edəcək bir şəkildə genişlədirdi. Bunun nəticəsində Suriyadakı hürufilər də Cüneydin tərəfdarları arasına girdilər. Ən əhəmiyyətlisi Şamlı olaraq xarakterizə edilən və gələcəyin Qızılbaş ordusunu meydana gətirən türkmən tayfaları da ona bağlılıqlarını bildirdilər. Osmanlı torpaqlarından gələn Şeyx Bədrəddin Simavinin oğulu və yanında gələn bir çox Bədrəddini də onun tərəflərinə qatıldılar. Bəzi müridlərinin Sultan Cüneyd və ya Seyid Cüneyd deyə müraciət etdiyi Şeyx Cüneyd tərəfdar sayının artdığını görərək yaşadığı qalanın ətrafında bir əmirlik qurmağa cəhd etdi. Cüneydin bu fəaliyyəti həm Suriyadakı sünni üləmanı, həm də Məmlük əmirlərini narahat edirdi və onlar Şeyx Cüneydi “yeni Nəsimi” kimi görməyə başladılar. Bölgədə yaranan bu vəziyyətdən xəbərdar olan Misirdəki Məmlük sultanı Cüneydin üzərinə Məmlük ordusu ilə hücum etdi. Şimali Suriya torpaqlarında böyük bir tərəfdar toplayan Cüneyd müridlərindən ibarət olan ordusuyla Məmlükləri qarşılamağa qərar verdi.
Hələb yaxınlarında baş tutan döyüşdə Cüneydin ordusu məğlubiyyətə uğradı və ordu çoxlu itki verdi. Bu məğlubiyyətdən sonra Şeyx Cüneyd öz şansını başqa torpaqlarda sınamaq fikrinə gəldi. Məmlüklərin əlinə keçməmək üçün Şeyx Qara dənizin sahillərində yerləşən Canik dağlarına getməyi qərara aldı və Şimali Suriyadan Qara dənizə doğru yol almağa başladı. Bu səfəri əsnasında türk və kürd tayfaların hücumuna da məruz qalan Şeyx Cüneyd canını çətinliklə qurtardı və Qaradəniz sahillərindəki Osmanlıların nəzarət etdiyi Canik bölgəsinə çatmağı bacardı.
Döyüşkən Çəpni tayfalarının Şeyx Cüneydə dəstək olması ona Hələbdə uğradığı məğlubiyyətin acı təsirini unutdurmağa başladı. Şeyx Cüneyd Osmanlılar ilə yaxşı münasibətdə olmayan bu Çəpni tayfaları arasında Səfəvi ocağının Bektaşilikdən, Hurufilikdən təsirlənmiş 12 imam şiə inancını yaymağı bacardı. Bir müddət sonra da ikinci ordusunu bu Çəpni tayfalarından meydana gətirərək yenə bir yurd əldə etmək üçün Trabzon Rum dövlətinə qarşı döyüşə başladı. Şeyx Cüneydin bu qərarı müridləri arasında cihad hesab edildiyindən boyük coşğu yaratmışdı. Onsuz da Cüneydin istədiyi də elə bu idi.
Müsəlman olan Məmlüklərə qarşı qazana bilmədiyi hərbi mübarizəni, xristian olan Rum dövlətinə qarşı qazanmaq istəyirdi. Hələbdə ikən istifadə etdiyi Sultan ünvanına artıq yenidən qovuşa bilərdi. Sultan Cüneyd meydana gətirdiyi ordusu ilə Rumların üzərinə hücum etdi və Trabzon Rum kralının şəxsən qatıldığı Ağcaqala döyüşündə qələbə qazandı. Trabzon Rum kralı bu məğlubiyyətdən sonra döyüş meydanından qaçaraq Trabzon şəhərini müdafiə etmək qərarını verdi.
Cüneydin ordusu da Trabzonu mühasirəyə almaqda gecikmədi. Amma Cüneydin planlarını pozan yeni bir hadisə oldu. Osmanlı hökmdarı Fateh Sultan Məhəmməd ordusu və donanması ilə Trabzon üzərinə səfərə çıxmışdı.
Çox saylı Osmanlı ordusu ilə qarşı-qarşıya gəlməkdən çəkinən Şeyx Cüneyd çarəni Uzun Həsənin hakimiyyəti altındakı Ağqoyunlu ölkəsinə getməkdə tapdı və Çəpnidə özünə çoxlu sayda tərəfdar toplaya bildi. Əvvəl Həsənkeyf tərəflərinə yerləşən Cüneyd daha sonra Uzun Həsənin dəvətindən sonra Amid şəhərinə yerləşdi. Bir sünni hökmdar olan Uzun Həsənin məqsədi Səfəvi şeyxinin dəstəyini də alaraq ondan şiə olan Qaraqoyunlu hökmdarı Cahan şaha qarşı istifadə etmək idi. Bu isə Cüneydin siyasi mənafeyinə uyğun gəlirdi. Çünki bu sayədə təriqətinin düşüncələrini daha yaxşı yaya biləcək və osmanlı, Məmlük, Qaraman bəyliyi, Qaraqoyunlu kimi dövlətlərin təzyiqindən də qorunmuş olacaqdı.
Uzun Həsən bacısı Xədicə Bəyimi Şeyx Cüneyd ilə evləndirdi. Beləcə Uzun Həsən ilə Şeyx Cüneyd arasındakı ittifaq daha da möhkəmləşdi. Şeyx Cüneyd 3 il Ağqoyunlu dövlətinin paytaxtı Amiddə qaldı. Burada qaldığı müddətcə ona bağlı olan müridlər Anadolu, İran, Suriya və Kürdistanın dörd bir tərəfini gəzərək Səfəvilərin inancının təbliğ edə bilirdilər. Bu dövrdə Şeyx Cüneyd Amid və Amidin şimalındakı Deyləm mənşəli Dımıli tayfaları ilə Kurmanc tayfaları arasında 12 İmam inancını da yaydı. Dərsim başda olmaqla bölgədəki Əhli-Beyt soyundan gələn Qureyşan, Baba Mənsur və digər bir çox qeyri-ortodoksal ocaqlar ilə də əlaqə qurdu. Yəni artıq Ərdəbil təkkəsinin Səfəvi təriqətinin nüfuzu Dərsim torpaqları başda olmaqla bir çox Dımıli və Kurmanc tayfaları arasında yayıldı. Beləcə Şeyx Cüneyd Ərdəbildən çox uzaqda həm özünə bağlı Türkmən birliklərindən, həm də Dımıli və Kurmanclardan ibarət olan çoxsaylı müridlər ordusu yaratmağı bacardı.
Şeyx Cüneyd 1448-ci ildə tərk etmək məcburiyyətində qaldığı Ərdəbilə 11 illik bir sürgün həyatından sonra 1459-cu ildə geri döndü. Cüneyd bu 11 illik sürgün həyatı boyunca Rum diyarında Xacə Bektaş, Aralıq dənizi sahillərində Abdal Musa, Suriyada Seyid Nəsimi, Qara dəniz də Güvənç Abdal, Amiddə ikən də Qureyşan başda olmaq üzrə bölgədəki bir çox ocaqlarının inanclarından təsirlənərək başında hələ Sünni olan əmisi Şeyx Cəfərin olduğu Ərdəbil təkkəsinə geri döndü. Cüneydin bu geri dönüşünə əmisi Şeyx Cəfər ilə Qaraqoyunlu Cahan şah heç də məmnun olmadılar. Şeyx Cəfərə görə qardaşı oğlu tam bir rafizi olmuşdu və ortadan qaldırılmalı idi. Şeyx Cüneyd barədə Qaraqoyunlu hökmdarı da narahat idi. Ona görə də Cüneydin Qaraqoyunlu torpaqlarında olması onun səltənətini sona çatdıra bilərdi. Elə buna görə Qaraqoyunlu hökmdarı Cahan şah, Cüneydə təhdid dolu məktublar göndərərək Ərdəbili tərk etməsini istədi.
Bir tərəfdən əmisi Cəfərin təzyiqi, digər tərəfdən Cahan şahın təhdidləri sayəsində Cüneyd yeni bir səfərə çıxmağa məcbur oldu. Cüneydin hədəfi özünə bağlı müridlərdən ibarət qurduğu 10.000 nəfərlik ordusu ilə Ərdəbildən uzaqlaşmaq və çərkəzlər üzərinə axınlar edərək qazanacağı müvəffəqiyyətlərlə Ərdəbilə daha güclü bir şəkildə dönmək idi. Bu düşüncə ilə öz ordusunu hazırlayaraq Şimali Qafqaza doğru irəlilədi. Amma qarşısında çox keçmədən əmisi Şeyx Cəfər, Qaraqoyunlu Cahan şahın ittifaq bağladığı Şirvanşah Xəlili çıxdı. Şirvanşah hakimi Xəlil Cahan şahın ordusunun da dəstəyini alaraq Cüneydi torpaqlarından keçirməyəcəyinə və onunla döyü¬şəcəyinə qərar verdi, elə bu məqsədlə də Cüneydin ordusunun yolunu kəsdi.
Azərbaycanda Samur çayının sol sahilindəki Qıpçaq kəndi yaxınında baş verən döyüşdə Şeyx Cüneyd bədəninə batan bir oxla həyatını itirdi. Şeyxlərinin öldüyünü görən Səfəvilər onun cənazəsini götürərək geri çəkildilər. Və onu Samurun sağ sahilinə keçirərək Gülxan kəndi (indiki Qusar rayonunun Həzrə kəndi) deyilən bir yerdə dəfn etdilər. Beləcə Cüneydin mübarizə dolu həyatı öz əmisinin də içində olduğu bir ittifaq tərəfindən döyüş meydanında sona çatdı.
Şeyx Cüneydlə həyat yoldaşı Xədicə Bəyimin uşağı Heydər 9 yaşına gəlincə atasının yerinə xəlifə olmaq üçün Ərdəbilə getdi. Sonralar Şeyx Heydər Uzun Həsənin yoldaşı Despina Xatunun qızı Marta ilə evləndi. Bu evlilikdən doğan üç uşaqdan kiçiyi Səfəvi dövlətinin qurucusu olan Şah İsmayil idi.
Şeyx Heydər dərviş xirqəsi geyər, başına sufi təkkəsi taxardı. Müridləri də dərviş libası geyər, başlarına dolça şəklində Heydəri (“tərəke-Heydəri”) deyilən bir papaq geyinərdilər. Qırmızı rəngli bu papaq 12 dilimli idi. 12 dilim 12 İmamı, qırmızı isə Əhli-beyt ilə qan qohumluğu mənasını verirdi. Bu qırmızı rəng eyni zamanda Həzrəti Əliyə bağlılığın da simvolu idi. Bu qırmızı papaqlı Heydəri dərvişləri görən sünnilər bunlara qızılbaş deyirdilər. Bu təbiri daha sonra bütün şiələr üçün istifadə etdilər.
Bu qırmızı Heydəri papağından Şah İsmayıl da istifadə etdi. Bu papaq bir təriqət tacından başqa siyasi bir təriqətin hərbi sərpuşunu da ifadə edirdi. Anadolu şiələrində ayrıca şamanlıqdan gələn qırmızı keçə papaq geymək vərdişi də var idi.
Şeyx Heydər 1488-ci ildə Şirvana üçüncü dəfə (birinci səfər -1483-cü il, ikinci səfər -1487-ci il) səfər etdi. Şirvanşah Fərrux Yasar çox yaxşı hazırlanmış olduğu halda Heydər ilə mübarizə edə bilməyəcəyini anladı və qalaya çəkildi. Bir tərəfdən Heydərin başını qatan Şirvanşah Fərrux Yasar digər tərəfdən də qohumu Ağqoyunlu hökmdarı Yaqub bəydən kömək istədi. Şeyx Heydər və adamları bütün gücləriylə döyüşdülər. Lakin, 1488-ci ilin avqustunda Şeyx Heydər aldığı ox yarasından həlak olandan sonra ordu geri çəkildi.
Şeyx Heydər öldürülüncə, müridlər bu dəfə onun böyük oğulu Əlinin ətrafında toplandılar. Atalarını da öldürən Yaqub bəy üç bacısı oğlunu (Əli, İbrahim, İsmayıl) anaları ilə birlikdə qalaya həbs etdi. Onlar burada dörd il yarım həbsdə qaldı.
Şeyx Heydərın böyük oğulu Əli düşmənləriylə döyüşərkən bir tələyə salınıb öldürüldü. İsmayılı anası Aləmşah bəyimin (Marta xatun) Ərdəbil təkkəsində gizləndiyi deyilir. Əba ya da Mama adlı bir qadının İsmayılı Ərdəbildə Anadolulular (Rum) məhəlləsindəki evində saxladığı rəvayət edilər. İsmayıl bir müddət sonra Rəşdə, oradan da Lahistana getdi. On üç yaşındaykən Ərdəbilə döndü. Qısa bir müddət ərzində Şirvanşah Fərux Yasarı və Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlub edən İsmayıl Səfəvi 1501-ci ilin payızında Təbrizdə şah adı altında taxta çıxdı və beləcə tarixdə yeni bir dövlət Səfəviyyə və yaxud Qızılbaş dövləti bərqərar oldu.
Səfəviyyə təriqətinin şəcərəsi:
1. Həzrəti Məhəmməd peyğəmbər;
2. Həzrəti Əli ibn Əbu Talib;
3. Həsən Bəsri;
4. Havip Əcəmi;
5. Davud ül-Tai;
6. Marüf ül-Kerhi;
7. Sərri ül-Səqəti;
8. Cüneyd Bağdadi;
9. Mimşad Dinəvəri;
10. Məhəmməd Dinəvəri;
11. Məhəmməd əl-Bəri;
12. Vahyuddin Kadi;
13. Ömər əl-Bəkri;
14. Əbunəcib Sührəverdi;
15. Kutbəddin Əbhəri;
16. Rüknəddin Mahmud Səcasi;
17. Şihabəddin Mahmud ət-Təbrizi;
18. Seyid Cəmaləddin ət-Təbrizi;
19. İbrahim Zahid Gilani;
20. Səfiyəddin Ərdəbili;
21. Şeyx Sədrəddin Ərdəbili;
22. Xoca Əlaəddin Əli;
23. Şeyx İbrahim;
24. Şeyx Cüneyd;
25. Şeyx Heydər;
26. Sultan Əli Mirzə Səfəvi;
27. Şah İsmail Səfəvi.
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1. Abbasov N., Həsənov R. Təsəvvüf fəlsəfəsi, Bakı, 2012.
2. Bünyadov Z. Azərbaycan tarixi. Bakı, 1994.
3. Məhəmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994.
4. Məhəmmədov Z. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978.
5. Məhəmmədov Z. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986.
6. Adıvar A.A. Tarih boyunca ilim ve din. İstanbul, Yükselen matbaa, 1969.
7. Eraydın S. Tasavvüf ve tarikatlar. İstanbul, 1994.
8. Yılmaz H. K. Anahtarları ile tasavvüf ve tarikatlar. İstanbul, 2002.
Комментариев нет:
Отправить комментарий