09.07.2017

Küləkli bir gündə, buludlu bir havada gəl

Ümid Nəccari

Səni yaşamaq lazım, bir ağac kimi bahar günündə,
Bir qaya kimi üzü dənizə, bir ümid kimi sevə-sevə!
Səni yaşamaq lazım, yaşıl-yaşıl yarpaqları tökmədən,
Bir Mövlanə, Şəmsə olan kimi,
Sənə Kərəm kimi yanmaq lazım, səni yaşamaq lazım...
***
Hər şey o masadan başladı.
Gözlərinin günahsızlığından,
Fəsillərin yarpaq alıb, tökməsindən.
Qatarların dolub boşalmasından başlandı bizimkisi...
Sənsiz buludların altında çətirlərlə savaşdım.
Səni unutmaq üçün üzümü divarlara öyrətdim!
Sənsiz buluda çevrilib, pambıqlar təki sovruldum!
Dodaqlarımdan təbəssümü salıb itirdim.
Sənsiz bahar gəlməsin deyə bütün ağacları qırdım,
Gecələrə quyuladım kölgəmi,
Quyuladım adımı Bakı küçələrində,
Bu şəhəri kağız kimi bürüşdürüb atdım qırağa.
Çəkildi gözlərimdəki, teatrın pərdəsi.
Bir sən qaldın, bir də mən!
Bir də divardan asılan ümidsiz şəkillər.
Hər şey o masadan başladı.
Qarşımdakı günahsız mələkdən!
Qarşımdakı bir ovuc Tanrıdan!
Məni özünə sevdirmədən, öldürmədin deyə,
Ölür baxışlarım sənsiz!
Qar yağır günlərimə bahar çağında
Hər şey səndən başladı,
Amma…
Səndən sonra bitmədi hekayəmiz!
***
Toxunmayın əllərimə!
Bulud olmağa bir addım qalır!
Bir addım göy üzünə…
Adımı öldürmədən,
Küləkli bir gündə, buludlu bir havada gəl!
Yeriyə bilmirəm daha, ayaqqabılarım darıxır ayağımda.
Darıxmaqdan sıxılır buludlar,
Çay darıxır stəkanımda,
Bilirəm, buludların sonu yağışdır,
Yağışlar söndürəcək bizi!
Ağacların gələcəyi kibritdir,
Sonunda yandıracaq bizi!
Sən çalış saçlarındakı sünbül düzlərinə kimsə girməsin.
Çalış barmaqlarının arasında kimsə ölməsin.
Sən çalış ki, bu hava bizdən əl çəkməsin.
Ölümsüz bir payızda,
Buludlu bir havada gəl!
Gəlməyi necə öyrədim ki, sənə,
Öyrən uçmağı gözlərində,
Qaçmaqdan yorulursan,
Dincəlməyi öyrən dizlərimdə.
Qoy yanqların yastıq olsun əllərimə,
Kimlər var səndən başqa bizlərə?
Daha hamı billir bu şəhərdə,
Küçədə o oğlanın əlindəki akkordeonun nəğməsi idik biz.
Gəəəəl desəm,
Gəl…
Güzgülərindən bunu sındır!
Bir Tanrı tap, gözə görünsün!
Bir göy ver sonu bilinsin!
Məni tap ki, çox itmişəm mən
Birdəfəlik məzarda quyulanacaq qədər
Buradan Allaha qədər baxışlarınla
Məni həsrətdir doğrayır, bıçaq altında
Mənim boş qucağımı doldurmağa gəl,
Bu gözlərimi yollardan ayırmaq həvəsilə
Boşluqların sınıq qəfəsilə
Bütün divarları uçurtmağınla
Uçurumları doldurmaqla
Əlimdəki boş qədəhi doldurmağa gəl.
Gəl şərab rəngində,
Göy üzü güzgüdür,dənizin rəngində!
Gözlərin gömgöy yaralarımın rəngində
Gəlməyi necə öyrədim ki, sənə?
Ürəyimi alovlardan ayırıb,
Küləkli bir gündə,
Buludlu bir havada gəl.

Комментариев нет:

Отправить комментарий